
Xəbərlər
25.02.2026, 13:25
“Şəkillərdəki ayaq səslərini sayıram...” - FOTOLAR
YADDAŞIN SÜRGÜNÜNDƏ YAŞAYAN ŞAİR.
“Səni unutmaq...” şeiri işığında ədəbi portret...
“Bəy, danış səni də tanıyaq...” — bu ifadəni müxtəlif mənbələrdə eşitsək də, onu daha çox mərhum prezident Əbülfəz Elçibəyin dilində xatırlayırıq. Bu sadə cümlənin arxasında böyük bir həqiqət dayanır: insanı tanımaq üçün bəzən onun haqqında deyilənlərə yox, onun öz sözünə qulaq asmaq kifayətdir. Çünki insan ən çox danışanda görünür.
Yaradıcı insan üçün isə bu həqiqət daha dərindir. Şairi tanımaq üçün çox zaman tərcümeyi-halına ehtiyac olmur. Bəzən, bir çox şairlərimiz var ki, onları tanımaq üçün bir misrası da kifayət edir. Çünki həqiqi şair özünü faktlarda deyil, sözünün alt qatında gizlədir.
Məhz bu mənada “Səni unutmaq...” şeirinin müəllifi Sevil İsayeva (Azadqızı) sözün içində yaşayan şairlərdəndir. O, hisslərini sadəcə sətirlərə sığışdırmır — sətirlərin içində nəfəs alır.
Unutmağın mümkünsüzlüyünü şair Sevil Azadqızı - “Səni unutmaq...”- şeiri ilə belə çatdırır. O, bu şeiri ilə yoxluğun psixoloji ağırlığını xatirənin davamlılığı üzərində quraraq, lirik bir etiraf edir. Şeirdə ayrılıq təsvir olunmur ; - burada unutmağın mümkünsüzlüyü poetik təcrübəyə çevrir. Şair yazır:
“Səni unutmaq...
dili öyrənilməmiş əlifba kimidir,
Nə hərfləri yerinə qoya bilirəm, nə də cümlələri tamamlamağa gücüm çatır.”
“Dili öyrənilməmiş əlifba” — bu, təsadüfi metafora deyil. Sevgi burada bir dil kimi təqdim olunur. Lakin məsələ o dili bilməməkdə deyil. Əksinə o dili, həddindən artıq yaxşı bilməkdədir. Unutmaq iradı, ağırda olsa bir qərar deyil. Çünki, şair istifadə etdiyi poetik çalarlarla çox gözəl anladır ki, sevgi insanın yaddaşına və varlığına hopduqda onu silmək mümkün olmur. Deməli, ruh razı olmadıqca zaman heç nəyi dəyişmir.
Şair burada yoxluğu maddiləşdirib xatirələrini poetik aləmin mexanizmi üzərində qurur. Onun dünyasında yoxluq abstrakt anlayış deyil — maddiləşir, kölgəyə çevrilir:
“Hər sabah otağıma dolan işıq deyil, sənin yoxluğunun soyuq kölgəsidir.”
Burada işıq artıq işıq deyil. O, yoxluğun temperaturudur. Ayrılıq fiziki məsafə kimi yox, ruhun iqlim dəyişikliyi kimi təqdim olunur.
“Şəkillərdəki ayaq səslərini sayıram...”
Səslərin şəkillərdə eşidilməsi — bu artıq reallığın psixoloji sərhədlərinin aşılmasıdır. Xatirə o qədər güclüdür ki, cansız predmetlərə can verir.
Darıxmaq, daxili sürgün şeirin ən kulminativ nöqtəsidir.
“Darıxmaq — insanın öz içində sürgünə getməsidir.”
Bu fikir artıq fərdi hiss çərçivəsini aşır. Darıxmaq sadəcə emosional vəziyyət deyil; bu, daxili sürgün — insanın öz ruhundan uzaq düşməsidir. Şair hər gün o sürgündə yaşayır və unutmamaq üçün bəhanələr axtarır.
Burada yaddaş yük deyil, yaşama formasıdır. O, sürgündədir, lakin bu sürgün könüllüdür. Çünki unutmaq xəyanət kimidir.
Şairin poetik məkanında əşyalar da danışır ;
“Hər baxdığım güzgüdə səndən qalan bir xatirə boylanır.”
“Hər dinlədiyim mahnıda sənin yarımçıq buraxdığın bir not titrəyir.”
“İndi şəhərin bütün yolları sənə çıxır...”
Burada güzgü yaddaşı boylandırır, mahnı yarımçıq not kimi titrəyir, yollar ünvan bilir. Dünya artıq neytral məkan deyil — lirik qəhrəmanın ruhunun davamıdır. Xarici mühit daxili aləmin əks-sədasına çevrilir.
Şair öz daxili dünyasında, ağrının sakit poetikasını yaradır. Şair Sevil Azadqızı yaradıcılıqının dili çox sadədir. Lakin bu sadəlik primitivlik deyil. Əksinə, müəllif artıq sözə ehtiyac duymur. Onun gücü emosiyanı şişirtməməkdədir. Burada pafos yoxdur, fəryad yoxdur — sakit, lakin davamlı bir ağrı var. Bu sakitlik daxili mətanətin göstəricisidir. Şair ağrını mifləşdirmir, onu sıralamırda. O, ağrını qəbul edir və poetik məkana çevirir. Bu isə artıq formalaşmış yaradıcılıq təfəkkürünün əlamətidir.
Yaddaşın sürgünündə yaşayan şair
“Səni unutmaq...” şeirində sevgini yox, yaddaşı yazır. Yaddaş onun üçün daşınan yük deyil — yaşama formasıdır. O, zamanın silmək istədiyini şeirlə qoruyur. Burada gizli bir müqavimət var: unutmağa qarşı estetik dirəniş.
Bu misralar müəllifin poetik kimliyini açır — o, yoxluğun içində varlıq axtaran, darıxmağın fəlsəfəsini quran, yaddaşı estetik hadisəyə çevirən şairdir.
Və bəlkə də ən önəmlisi budur:
o, unutmağa çalışmır — o, unuda bilməməyin poetikasını yaradır.
Böyük səmimiyyətlə gözəl şairimiz Sevil Azadqızına yaradıcılıq uğurları diləyirəm.
Hörmətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
"Vətən Övladı" və "Dəyənək" ictimai-siyasi və satirik qəzetin təsisçisi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















