
Xəbərlər
5.06.2026, 22:27
QÜRBƏT AĞRISINI POEZİYAYA ÇEVİRƏN ŞAİR : Afiq Goycəli... - FOTOLAR
Mühacirətdə və qürbətdə yaşayıb-yaradan sənətkarlar Azərbaycan ədəbiyyatının mühüm və ayrılmaz bir qolunu təşkil edib, bu gün də etməkdədirlər. Azərbaycan ədəbiyyatının zəngin xəzinəsinə nəzər saldıqda bunu aydın şəkildə görmək mümkündür.
Tarixin müxtəlif dövrlərində siyasi təzyiqlər, ictimai-siyasi proseslər və digər səbəblər nəticəsində mühacirət həyatı yaşayan, eləcə də iş, təhsil və yaşam səbəbilə Vətəndən uzaqda ömür sürən yazarlarımız milli ədəbiyyatımıza qiymətli və zəngin bir irs bəxş ediblər. Onların yaradıcılığında Vətən həsrəti, qürbət ağrısı, doğma yurda bağlılıq və istiqlal arzuları həmişə aparıcı mövzulardan olub.
Həyatının böyük bir hissəsini Vətəndən kənarda – İraq və Suriyada keçirmiş İmadəddin Nəsimidən başlayaraq bu gün dünyanın müxtəlif ölkələrində yaşayan mühacir və qürbətçi şairlərimizə qədər, onların əsərlərində qürbətin nisgili, ayrılığın ağrısı və Vətən sevgisinin sarsılmaz gücü hiss olunur. Bu sənətkarların yaradıcılığının əsas qayəsini də məhz Vətən həsrəti, mühacirət ağrısı və milli kimliyə bağlılıq təşkil edir.
Bu gün qürbətdə yaşayıb-yaradan onlarla şair və yazıçımızın yaradıcılığı ilə tanışam, onların ədəbi fəaliyyətini maraqla izləyirəm. Həmin qələm adamlarından biri də şair Afiq Göyçəlidir.
Afiq bəylə sosial şəbəkə vasitəsilə tanış olmuşam. Onun səmimiyyəti, dostcanlılığı, vətənsevərliyi və yurd həsrətini ifadə edən şeirləri ilə tanış olduqca şəxsiyyətini də daha yaxından tanımağa başlamışam.
Düzünü desəm, bunun həqiqət, yoxsa bir arzu olduğunu əvvəlcə dəqiq bilmirdim. Lakin sonradan anladım ki, bu, gerçəkdir. Uzun illərin ayrılığından sonra doğma Vətənə qovuşan şairin, dahi söz ustadımız Səməd Vurğunun adını daşıyan bağda, onun abidəsi önündə qələmə aldığı “Ayrılıq çox çəkdi, Vətənə döndüm” şeiri məndə xüsusi duyğular oyatdı.
Bu şeir təkcə bir insanın Vətənə dönüş sevincini deyil, həm də qürbətdə yaşayan minlərlə soydaşımızın ürəyində yaşatdığı qovuşmaq arzusunu ifadə edir. Şairin misralarında illərin həsrəti, qürbətin ağrıları və nəhayət, doğma yurda qayıdışın sonsuz sevinci öz əksini tapır.
Afiq Göyçəlinin yaradıcılığı bir daha göstərir ki, insan harada yaşamasından asılı olmayaraq, Vətən sevgisini ürəyində yaşadır və bu sevgi onun qələminin ən güclü ilham mənbəyinə çevrilir.
Afiq Göyçəlinin bu şeiri vətən həsrətinin, qürbət ağrısının və mənəvi dönüşün poetik ifadəsidir. Şair burada sadəcə bir insanın Vətənə qayıdışını deyil, həm də ruhun öz kökünə, mənəvi dayaqlarına qayıtmasını təsvir edir.
"Ayrılıq çox çəkdi, Vətənə gəldim" misrası şeirin əsas ideyasını müəyyənləşdirir. Lirik qəhrəman uzun ayrılıqdan, qürbət həyatının ağrılarından sonra Vətənə dönür. Bu dönüş fiziki olduğu qədər də mənəvi xarakter daşıyır. Şeirin bütün bəndlərində qürbət ilə Vətən, yadlıq ilə doğmalıq qarşılaşdırılır.
"Pis-yaxşı daşıdım qərib könlümü,
Nisgilli illərə sərib könlümü.
Lüt-üryan qalmışdım dərib könlümü,
Vətən sevgisinə bürünüb gəldim."
Bununlada şair qürbətdə keçən illərin onun ruhunda yaratdığı yorğunluğu göstərir. "Lüt-üryan qalmışdım" - ifadəsi mənəvi çılpaqlığı, dayaqsızlığı simvolizə edir. Son misrada isə Vətən sevgisi bir paltar, bir örtük kimi təqdim olunur. Yəni insanı qoruyan, ona güc verən məhz Vətən sevgisidir.
"Orada səma boz gündüzlər acdı,
Ayrılıq içimdə min çiçək açdı.
O yerlər yaşatdı, bu yerim hacdı;
Ayaq gətirmədi, sürünüb gəldim."
Burada qürbətin boz və soyuq mənzərəsi yaradılır. Maraqlı paradoks var:
"Ayrılıq içimdə min çiçək açdı"
Ayrılıq insanı incitsə də, Vətənin dəyərini daha dərindən anlamağa səbəb olub. "Ayaq gətirmədi, sürünüb gəldim" misrası isə həsrətin nə qədər ağır olduğunu göstərən güclü mübaliğədir.
"Doğma guşələrdir insanın canı,
Gözəli kəndimdir — təndirin yanı.
Öpəcəm dağları, düzü, qayanı;
Yaddaş laylasına, sürtünüb gəldim."
Şair bu bənddə sadə kənd həyatını ideallaşdırır. "Təndirin yanı" obrazı isti ailə ocağını, uşaqlıq xatirələrini və milli-mənəvi dəyərləri simvolizə edir.
"Öpəcəm dağları, düzü, qayanı" - misrasıilə isə Vətən torpağını müqəddəs səviyyəyə qaldırır. Şair Vətənin hər qarışına sevgi ilə yanaşır.
"Torpağın qoxusu — ana ətri...
Hər daşı yazdırır şeiri,sətiri.
Varmadım bu yolu xala-xətiri,
Vicdana söz verib, görünüb gəldim."
Şeirin ən təsirli bənzətmələrindən biri - "Torpağın qoxusu — ana ətri..." - misrasıdır. Ana insan üçün ən müqəddəs varlıq olduğu kimi, torpaq da insanın mənəvi anasıdır.
"Hər daşı yazdırır şeiri, sətiri." - deməsi isə, şair burada Vətəni ilham mənbəyi kimi təqdim edir. Şair qardaşımız Afiq Goycəli bununla göstərir ki, torpağın özü şair üçün poeziyadır.
"Vicdana söz verib, görünüb gəldim." - misrası qayıdışın sırf nostalji deyil, həm də mənəvi məsuliyyət hissindən doğduğunu göstərir.
"Afiqəm, tutmadım ruhun milini,
Əydim həqiqətə seçib lilini.
Bir qələm danışır qəlbin dilini,
İntizar evindən kürünüb gəldim."
"Əydim həqiqətə seçib lilini."
"Lil" burada həyatın bulanıqlığını, yalanı, saxtalığı ifadə edir. Şair bununla hətta həqiqəti seçsədə, bütün ağrılara baxmayaraq vətən xatirinə ( lilini ) seçdim demək istəyir.
"Bir qələm danışır qəlbin dilini"
Bu misra şairin yaradıcılıq manifesti kimi səslənir. Əsl şeir qəlbdən gələn səsdir.
"İntizar evindən kürünüb gəldim."
Burada uzun gözlənti, həsrət və mənəvi sıxıntıdan qurtuluş hissi ifadə olunur.
Şeirdə güclü vətənpərvərlik motivi var;
Qürbət–Vətən qarşıdurması əsas xətt təşkil edir;
"Torpağın qoxusu — ana ətri" kimi uğurlu metaforalar işlədilib;
"Ayaq gətirmədi, sürünüb gəldim" misrasında mübaliğədən istifadə olunub;
"Təndirin yanı" milli-məişət simvolu kimi çıxış edir;
Səmimi etiraf və daxili monoloq üslubu üstünlük təşkil edir.
"Ayrılıq çox çəkdi, Vətənə gəldim" şeiri qürbətdən Vətənə dönüşün mənəvi salnaməsidir. Şair Vətəni sadəcə coğrafi məkan kimi deyil, ruhun sığınacağı, yaddaşın beşiyi və vicdanın ünvanı kimi təqdim edir. Əsərin ən böyük uğuru onun səmimiyyətindədir; oxucu hiss edir ki, burada deyilənlər yaşanmış duyğuların poeziyaya çevrilmiş formasıdır.
Ədəbiyyatşünaslıq baxımından şeirin əsas ideyası belə ümumiləşdirilə bilər: İnsan harada yaşamasından asılı olmayaraq, onun ruhu daim doğulduğu torpağa bağlı qalır və Vətən sevgisi bütün ayrılıqlardan daha güclüdür.
Bu şeirin ən diqqətçəkən cəhətlərindən biri ondadır ki, Vətən sevgisi burada şüar şəklində deyil, yaşanmış duyğuların içindən gələn səmimi bir hiss kimi təqdim olunur. Xüsusilə, "Torpağın qoxusu — ana ətri..."- misrası şeirin bütöv emosional yükünü daşıyan əsas poetik məqamlardan biridir. Bu misrada torpaqla ana arasında qurulan əlaqə həm milli düşüncəmizə, həm də insanın mənəvi yaddaşına söykənir.
Həmçinin,-"Ayaq gətirmədi, sürünüb gəldim"- misrası qürbət ağrısını və Vətən həsrətini çox təsirli şəkildə ifadə edir. Burada fiziki hərəkətdən çox, ruhun çəkdiyi əzab ön plana çıxır.
Afiq Göyçəlinin bu şeirində xalq şeirinə xas sadəliklə müasir lirikanın duyğu dərinliyi qovuşur. Məhz buna görə şeir oxucuya yaxın gəlir və süni təsir bağışlamır...
Şair, həmişə Vətəndə !!!
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













