Xəlil MİRZƏ
(Müqəddəs Zəfər: 9-cu hekayə)
Günəşin şüaları hələ görünməsə də, artıq hava işıqlaşmağa başlamışdı. Bomboz buludlar səmada hökmranlıq edir, günəşlə yer arasında soyuq sədd yaratmağa çalışırdı. Meşə qalın, duman qatı, hava çiskin idi. Görmə məsafəsi 4-5 metrdən artıq olmazdı. Bu, gizli hərəkət etmək üçün əlverişli olsa da, düşmənin hərəkətini izləməyə çətinlik törədirdi. Çevik və düzgün qərar qəbul etmək, tapşırığı yerinə yetirmək lazım idi. Belə məqamda onun səhv etməyi böyük faciə ilə nəticələnər, düşmən üçün itirilmiş mövqeləri geri qaytarmaq imkanı yarada bilərdi. O, nəyin bahasına olursa-olsun, düşmən tərəfdə çaşqınlıq yaratmalı, əks-hücum cəhdinin qarşısını almalı idi. Cəmisi bir saat vaxtı vardı. Bircə saat dözməli, düşmənin hərəkətinə mane olmalı idi. Bir saat ərzində ölmək belə olmazdı… Köməyə gəlməkdə olan döyüşçülərimizi elə burada qarşılamalı idi…
Dumanın istiqamətini müəyyənləşdirməyə çalışdı. Bu çox vacib idi. Adətən duman dağlardan dərələr istiqamətində hərəkət edir. Belə olduqda dumanın hərəkət istiqamətinin əksinə getməklə yüksəkliyə qalxacaqdı. Kol-kos o qədər çox idi ki, sanki duman onlara hopub hərəkət etmirdi. Bu zaman kompasın köməyindən istifadə etmək qərarına gəldi. Çıxarıb baxdı, işləmirdi. Bir qədər əvvəl uçuruma yuvarlanarkən yoğun bir ağaca çırpılmışdı, kompası sınmışdı. İndi o, lazımsız dəmir parçasından başqa bir şey deyildi. Kompası ehmalca kolluğa atdı. Gecə olsaydı ulduzların düzülüşündən istifadə edib ona lazım olan cənub-qərb istiqamətini müəyyənləşdirərdi. O, gecələr daha yaxşı hərəkət edə bilirdi. Ağlına bir fikir gəldi- ağaca dırmanmaq. Lap çılğın uşaq çağlarında olduğu kimi, oğlanlara qoşulub meşəyə getdiyi vaxtlar höcətləşib ən hündür ağaca dırmandığı kimi. Əslində bu çox təhlükəli idi. Ancaq indi bunu yeganə çıxış yolu kimi dəyərləndirdi. Ətrafa göz gəzdirib daha yoğun və hündür hesab elədiyi ağaca yaxınlaşdı, başını qaldırıb yuxarı baxdı. Ağac o qədər də hündür deyildi. Neyləmək olar, bu meşədəki ağaclar bir-birinə çox sıx şəkildə bitsələr də, kol-kosla əhatə olunsalar da, hündür deyildilər. Bəlkə belə olmağı daha yaxşı idi. “Hə, Cüllüt, göstər hünərini!”- öz-özünə pıçıldadı. 16 kiloluq “Mübariz” snayper tüfəngini çiyninə aşırıb dırmanmağa başladı. Ağacın ən uca budağının nazik gövdəsi yellənib cırıldayanda dayandı, əyilib aşağıya boylandı. 5-6 metr hündürlükdə olardı. Daha yuxarı qalxmaq olmazdı, budaq sına bilərdi. Diqqətlə ətrafa boylandı. Bu hündürlükdə sanki duman bir qədər seyrək idi. Dağlıq əraziləri, dərələrdən, yamaclardan keçib ilan kimi qıvrılan əyri-dolam torpaq yolları gördü. Tüfəngin optik cihazını çıxarıb onunla da baxdı. Sonra mobil telefonunu video rejiminə qoydu və həmin ərazilərin video-çəkilişini edib cəld yerə endi. Çəkdiyi kadra diqqətlə baxıb ayağa qalxdı. Tələsmək lazım idi.
30 dəqiqədən sonra o, artıq hündür bir təpənin üstündə, kolların arasında mövqelənmişdi. Uzaqdan, cənub tərəfdən 3 ədəd PDM əyri-dolam yollarda toz qopara-qopara ona tərəf gəlirdi. Rabitə cihazını çantadan çıxarıb “əlaqə” düyməsini basdı:
-Mən “Cüllüt”əm, məni eşidirsiz? “Romeo”, mən “Cüllüt”əm. Məni eşidirsiz?
Xışıltı çox idi, səslər bir-birinə qarışımışdı. Başqa dalğa tezliyinə keçdi. Üçüncü cəhddən sonra Kapitan Binnətlinin tanış səsini eşitdi:
-Salam, “Cüllüt”, mən “Romeo”yam, səni eşidirəm.
-Salam. Tülkülər tələyə doğru gəlirlər, 3-ü birdən. Xoruz paylarını hazırlamışam, yola xalça da sərmişəm.
-Çox gözəl. Layiq olduqları təmtəraqla qarşıla, uğurlar.
-Baş üstə.
Araya bir neçə saniyəlik sükut çökdü. Sonra yenə komandirin səsi eşidildi:
-Gözəlim… ehtiyatlı ol,- komandirin səsində həyəcan hiss olundu,- özünü qoru, bacım…
-Narahat olmayın, mənim Romeom. Mənə də Cüllüt deyərlər.
-Yaxşı… yaxşı… sənin eyvanına musiqiçilərlə gəlirəm, şən konsert olacaq. Gözlə. Rabitəyə son.
-Görüşənədək, mənim Romeom.
Bir dəqiqədən də az müddət ərzində davam edən bu dialoqdan hər şey bəlli oldu. Cəmisi 15-20 dəqiqədən sonra bu yerlərin sakitliyi pozulacaqdı.
Başını qaldırıb səmaya baxdı. Bir neçə saniyə, cəmisi 5-6 saniyə beləcə hərəkətsiz dayandı. Həmişə mühüm tapşırığın icrasına başlamazdan bir az əvvəl belə edirdi. Bu, artıq vərdişə çevrilmişdi. Bunu komandirləri də, döyüşçü yoldaşları da yaxşı bilirdilər. Hətta bu vərdişinə görə tənbeh də almışdı. Yüngülcə, sözarası danlamışdı onu tağım komandiri. Onunla heç kim kəskin danışmırdı, heç kim xətrinə dəymirdi. O, hərbi hissənin sevimli Cüllütü idi… “Cüllüt” kod adını o özü seçmişdi. Daha doğrusu, uşaq vaxtlarından kənddə onu bu adla çağırırdılar. Niyəsini özü də dəqiq bilmirdi. Bəlkə, həmişə saçını arxadan yox, başının tən ortasından hörərək sarı bant bağladığına görə, ya da çəlimsiz və çılğın olduğuna görə?! Bəlkə, öz adına uyğun, yəni, Cülyettaya uyğun səsləndiyinə görə?! Bilmirdi. Ancaq ilk dəfə döyüş tapşırığına yollananda bölük komandiri Roman Binnətli ona kod adı seçmək istəyəndə özü təklif vermişdi: “Cənab kapitan, mənə uşaq vaxtı Cüllüt deyirdilər”.
-Cüllüt? Olsun. Onda rabitə əlaqəsinə girəndə məni Romeo deyə çağır. Mən yalnız Cülyetta üçün, daha doğrusu Cüllüt üçün Romeo olacam. Cüllüt və Romeo- necə səslənir? Qoy bu bizim cəbhəsayağı versiyamız olsun.
Hər ikisi qəhqəhə ilə gülmüşdülər.
Cülyetta əslən Qusar şəhərinin 12 kilometrliyində yerləşən dağ kəndindən idi. Kənd üç tərəfdən meşə massivi ilə əhatə olunmuşdu. Uşaqlıq həyatı şən, qayğısız keçirdi. Çəlimsiz, sarışın və dəcəl bir qız idi. Hərçənd, yaşına görə boyu balaca deyildi. Ailədə isə dörd qız uşağı böyüyürdü. Cülyetta ailənin üçüncü qızı idi. Atası sürücü, anası isə evdar qadın idi. Onun 9 yaşı olanda Qusara, Olimpiya İdman Kompleksinin yaxınlığında yerləşən balaca bir həyət evinə köçdülər. Kənddəki evlərinə yay aylarında gedirdilər. Atası Heybət kişi isə kəndlə əlaqəsini heç vaxt kəsmirdi. Qaraqabaq adam idi. Anası Nariya İdman kompleksində işə düzəlmişdi, xadimə işləyirdi. Bunun üçün Heybəti günlərlə dilə tutmalı olmuşdu. Çünki güzaranları ürəkaçan deyildi, Nariyanın işləməyinə ehtiyac var idi. Anasının işə düzəlməsindən ən çox faydalanan Cülyetta idi. O, hər gün dərsdən sonra anasına kömək etmək adı ilə Kompleksə gedir, üzgüçülüklə, atıcılıqla, güləşlə məşğul olurdu… Cülyettanın böyük bacısı atasının təkidi ilə onun qohumuna ərə getmiş, iki ildən sonra boşanaraq bir oğlan uşağı ilə ata evinə qayıtmışdı. İkinci bacısı Nəzrin orta məktəbi qurtarıb, atasının qadağasına baxmayaraq, Bakı Hərbi Kollecinə daxil olmuşdu. Cülyetta da bacısı Nəzrinin yolu ilə getmək istəyirdi. Ancaq 15 yaşı tamam olar-olmaz atası onu məcburən bacısı oğluna nişanladı. Toy günü o, Bakıya, Nəzrinin yanına qaçdı. Atası elə həmin gün ailəsini tərk edib kəndə qayıtdı və üç aydan sonra başqa qadınla evləndi.
Cülyetta Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu, snayper kurslarına yazıldı. Onun cəbhəyə gedən yolu belə başladı. Arıq, çəlimsiz qızcığaz tezliklə snayper atıcılığı üzrə peşəkar mütəxəssisə çevrildi.
…Qabaqda gələn PDM-nın Cüllütün basdırdığı minaya düşməsi nəticəsində yaranan səs qayalara çırpılaraq vahiməli əks-səda yaratdı. Arxadan gələn texnikalar dərhal geri dönməyə cəhd göstərdilər. Yolun darlığı buna ciddi əngəl törədirdi. Düşmən əsgərləri yerə tökülüşərək qayalıqlarda mövqelənməyə başladılar. Yanı üstə çevrilərək alovlanan birinci maşından düşən yaralı əsgərlər dəli kimi o tərəf-bu tərəfə qaçırdılar. Kimisi yana-yana özünü qayadan aşağı tullayır, kimisi torpağa sürtünərək paltarını söndürməyə cəhd edir, kimisi də taqətsiz halda zarıldayırdı. Maşının içərisində ard-arda partlayışlar baş verirdi. Maşın parça-parça olub ətrafa səpələnirdi. Qəlpələr hər tərəfə yayılırdı, bu da əlavə əsgər itkisinə səbəb olurdu. Bu partlayışlar ikinci maşını da zədələdi. Cüllüt qayalara dırmanmaq istəyənləri bir-bir məhv edirdi. Ən sonda gələn maşın arxaya doğru hərəkət edərək döngədə gözdən itdi. 5-6 dəqiqədən sonra qayalıqlarda kölgələr görünməyə başladı. Düşmən əsgərləri Cüllütü mühasirəyə almağa cəhd edirdilər. Əgər onlar daha yüksək yerdə mövqelənə bilsəydilər, Cüllüt açıq hədəfə çevriləcəkdi. Buna imkan vermək olmazdı. O, gizləndiyi yerdən çıxıb cəld qayaların arası ilə yüksəkliyə doğru dırmanmağa başladı. Güllələr vıyıltı ilə başının üstündən, yanlarından ötüb keçirdi. Nəhayət, əlverişli bir yer tapıb gizlənə bildi. Səmada 2 ədəd “İtiqovan” PUA göründü. Düşmən mövqelərinə ard-arda bir neçə raket zərbəsi endirildi. Üçüncü maşın da, düşmənin xeyli sayda canlı qüvvəsi də məhv edildi. PUA-lar dövrə vurub gözdən itdilər. Bir neçə dəqiqəlik sükutdan sonra yenə aramsız güllə yağışı başladı. Düşmən əsgərləri lap yaxınlıqda idilər. Cüllütün güllələri tükənmək üzrə idi, tək-tək rejimdə atəş açırdı. O, axırıncı darağı silaha quraşdırıb aşağıya baxdı. Sıldırım qayalar və 10-12 metr aşağıda böyürtkən kolları görünürdü. Rabitə cihazından çağırış səsi eşidildi:
-Cülyetta, mən Romeoyam. Məni eşidirsən? Cavab ver, Cülyetta!- Poman indi açıq mətnlə danışırdı.
“İndi yox, danışmağa vaxt yoxdur”,- Cülyetta sanki öz-özünə, astadan pıçıldadı.
-Cülyetta, biz yaxındayıq. Geri çəkil, özünü qoru. Eşidirsən? Cülyetta, xahiş edirəm, cavab ver…
Atışma davam edirdi, cəmisi üç gülləsi qalmışdı. Roman çağırmaqda davam edirdi. Qarşı tərəfdəki qayanın arxasından iki nəfər çıxdı. Biri zabit idi. Aralarında 25 metr məsafə olardı. Zabit silahını ona tuşlayıb dişlərini ağartdı və:
-Silaxı at yera, allarini qaldır,- deyə komanda verdi.
Roman dayanmadan çağırırdı:
-Gözəl bacım, qurban olum, geri çəkil. Eşidirsən? Dərhal geri çəkil, biz artıq yaxındayıq. Cülyetta!..
-Bağışla məni, Romeo! Səni sevdiyimi deməyə vaxtım qalmadı…
Tətiyi çəkdi, zabit qıvrılaraq eybəcər səs çıxardı, yerə sərildi. Hələ iki gülləsi qalırdı. Ancaq… sinəsi alışıb yandı, gözlərinə qaranlıq çökməyə başladı. Başını qaldırıb səmaya boylandı, döyüş əvvəlində olduğu kimi, həmişəki adəti üzrə. Amansız boz dumanın köynəyini cırmağa imkan tapmış günəş şüaları onun al rəngli sinəsini, çıyınlərindəki qoşa ulduzları yalayıb par-par parıldadırdı. Tüfəngini bərk-bərk sinəsinə sıxmışdı, arxası üstə uçurdu, bayaq gördüyü kolluğa sari. Səma sürətlə qaralırdı. Yumulmaqda olan gözləri son dəfə səmada nəyi isə axtarırdı, kimi isə görməyə çalışırdı. Gördü… Bütün gücünü toplayıb yenidən pıçıldadı:
-Bağışla məni, Romeo… əzizim…
03.08.26.

Son xəbərlər

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Etibarın siması

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - FOTO

Məşhur film adaya 850 milyon qazandıra bilər

Cəmil Zəbhulla Dadasov - 65

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Süni intellektdən istifadə ona heç nə qazandırmadı...

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31