
Xəbərlər
6.08.2026, 12:33
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi - FOTOLAR
5 avqust tarixində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə şair Lalə İsmayılın ilk şeirlər kitabı – “Bəyaz durnalar”ın təqdimatı və Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun doğum gününə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, şair və yazıçılar, ədəbiyyatsevərlər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, “Bəyaz durnalar” təkcə bir şeir kitabı deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsinə ucaldılmış mənəvi abidədir. O, müəllif Lalə İsmayılı ilk kitabının nəşri münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzuladı.
Tədbirdə çıxış edən müəllif Lalə İsmayıl qeyd etdi ki, “Bəyaz durnalar” onun ilk fərdi şeir kitabıdır. Kitab Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası, Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın dəstəyi ilə ərsəyə gəlib və Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş yeddi polis əməkdaşının əziz xatirəsinə ithaf olunub. Həmin qəhrəmanlardan biri də müəllifin qardaşı, itkin şəhid İsmayıl Barat oğlu İsmayılovdur.
Müəllif çıxışında bildirib ki, kitab nəşr etdirmək əvvəlcədən planında olmayıb. Dostlarının və yaxınlarının təkidi ilə illər ərzində qələmə aldığı şeirlər toplanaraq kitab halında oxuculara təqdim olunub. O, bundan əvvəl türkiyəli şair Celalettin Kurtla birgə müəllifi olduğu “İki səs, bir nəfəs” kitabının işıq üzü gördüyünü, hazırda isə yeni kitab üzərində çalışdığını və yaxın vaxtlarda onu da oxucuların ixtiyarına verməyi planlaşdırdığını vurğuladı.
Tədbirdə çıxış edənlər “Bəyaz durnalar” kitabını yüksək qiymətləndirərək müəllifə yaradıcılıq uğurları arzuladılar, şəhidlərimizin xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd etdilər.
Tədbirin yaddaqalan məqamlarından biri də rəssam Humay Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun xatirəsinə həsr etdiyi rəsm əsərini müəllif Lalə İsmayıla təqdim etməsi oldu. Şəhidin əziz xatirəsini yaşadan bu mənalı hədiyyə iştirakçılar tərəfindən böyük ehtiram və duyğusallıqla qarşılandı.
Sonda müəllif oxucular üçün kitablarını imzaladı və xatirə şəkilləri çəkdirildi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

















