Xəbərlər
SÖZÜN DƏYİŞMƏZ ÜZÜ...
Əliyar Mərdiyevin əziz xatirəsinə
Bəzən insan bir xəbəri oxuyur, amma inanmaq istəmir. Sanki xəbər gözlərinin önündən keçir, ağlın onu qəbul etsə də, ürəyin bu həqiqətlə barışmağa tələsmir. Bir neçə ay bundan əvvəl haqqında xoş sözlər düşündüyün, yaradıcılığına nəzər saldığın, ömrünə, sənətinə ehtiram göstərdiyin bir insanın artıq bu dünyada olmadığını dərk etmək doğurdan da nə çətinmiş...? Xüsusilə də söhbət sözlə yaşayan, sözə ömrünü verən, könüllərdə özünə yer edən bir şairdən gedirsə...
Son görüşümüz yadıma düşdü... Haqqında yazdığım yazı, müəllifi olduğum kitabda getmişdi. Tədbirdə fürsət tapıb kitab vermişdim. Amma...
Müəyyən səbəblər üzündən tədbiri icazəli tərk etmək məcburiyyətində idim. Üzrxahlıq edib, məclisdən çıxanda, arxadan, "Elxas müəllim gözlə"-deməsi məni diruxdurdu. Kitabı verdiniz, ancaq sizə təşəkkürmü etməmiş sizi buraxmaq istəmədim... Nə qədər böyüklük... Nələr yox idi bu səmimiyyətin içində...?
Bu gün dəyərli şairimiz, gözəl qəzəlxan Əliyar Mərdiyevin dünyasını dəyişməsi xəbərini eşidəndə içimdən keçən duyğuları sözə çevirməkdə çətinlik çəkdim. Nə yazacağımı deyil, haradan başlayacağımı düşünürdüm. O qədər də çox olmayan, amma yadda qalan bir neçə görüşümüz var idi. Haradan, nədən başlayım...? Axı insan bəzən ən çox danışmaq istədiyi məqamda söz qarşısında aciz qalır. Elə bil sözün özü də itirdiyi şairin yoxluğuna yas tutur...
Doğrusu onun neçə yaşı olduğunda bilmirdim. Dəyərli şair dostumuz Mədaxil Cavadlı, Əliyar müəllim "mənim dayımdır" demişdi. O doğmalıq bir azda artmışdı...
Sosial şəbəkələrdə öyrəndim ki, bir neçə ay əvvəl Əliyar müəllimin 75 illik yubileyi keçirilib. Geciksəm də bu münasibətilə onun yaradıcılığına yenidən nəzər saldım, qəzəllərinin işığında poetik portretini yaratmağa çalışdım. Həmin yazını xoş duyğularla, söz sənətinə olan ehtiramımla qələmə almışdım. O vaxt düşünməzdim ki, günlərin birində həmin sətirlərə qayıdıb onları ayrılıq duyğusu ilə oxuyacağam. Dünən yubiley münasibətilə xoş arzular ünvanladığım şair haqqında bu gün vida yazısı yazacağam.
Həyatın qəribəliyinə baxın: dünən şairə uzun ömür arzulayırdıq, bu gün isə onun ömür yolundan, bizə yadigar qoyub getdiyi söz dünyasından danışırıq...
Əliyar Mərdiyevlə bağlı xatirələrim, onunla müxtəlif ədəbi məclislərdə görüşlərimiz, saatlarla davam edən söhbətlərimiz bu gün yaddaşımda bir-bir canlanır. İllərin sınağından çıxmış münasibətlər, söz adamlarına xas olan mənəvi yaxınlıq, poeziyaya bəslənən ortaq sevgi insanı düşündürür. Bəzən bir insanın yoxluğunu onunla yaşadığın xatirələrdən daha çox, geridə qoyduğu sözlər hiss etdirir. Çünki insan gedir, amma sözü qalır. Əgər o sözün içində həqiqət, duyğu və mənəvi dəyər varsa, zaman onu unutdura bilmir.
"YENƏ ƏVVƏLKİ KİMİ" — şairin könül etirafı
Əliyar müəllimin 75illik yubileyinin işığında yaradıcılığına nəzər salarkən, Facebooko səhifəsində ilk diqqətimi çəkən qəzəllərindən biri "Yenə əvvəlki kimi" olmuşdu. Həmin vaxt bu qəzəldə zamanın dəyişdirə bilmədiyi mənəvi dəyərlərdən, eşqə sədaqətdən, könlün yaşından danışmışdım.
Şair yazırdı:
"Keçə cananla ömür-gün yenə əvvəlki kimi,
Ola hər bir işi mümkün yenə əvvəlki kimi."
Ola hər bir işi mümkün yenə əvvəlki kimi."
Bu misralar indi mənə daha fərqli təsir bağışlayır. İnsanın könlündən keçən nə qədər arzu, nə qədər istək var! Həyatın əvvəlki gözəlliyinə, doğmaların səsinə, dostların görüşünə, sevdiklərinin yanında olmağa necə də qayıtmaq istəyir insan...
Amma zaman geri dönmür. Ömür öz axarı ilə gedir. Bəzən bircə xəbər bütün xatirələri oyadır, dünənlə bu gün arasındakı məsafəni göz önündə canlandırır. Şairin "yenə əvvəlki kimi" deyə dilə gətirdiyi arzu indi bizdə başqa bir nisgil oyadır: kaş, Əliyar müəllimin səsini yenə eşidəydik, onunla yenə görüşəydik, söz-söhbətimiz yenə əvvəlki kimi davam edəydi...
Təəssüf ki, həyatın hər arzusunu gerçəkləşdirmək olmur.
Əliyar müəllim qəzəllərində klassik poeziyamızın ənənələrinə söykənir, eşqi, gözəlliyi, sədaqəti və insan mənəviyyatını özünəməxsus poetik duyumla ifadə edirdi. Onun yaradıcılığında Məcnun yalnız bir əfsanə qəhrəmanı, bülbül yalnız gülə vurğun bir quş deyildi. Bunlar insanın içində yaşayan duyğuların, eşqə bağlılığın, gözəllik qarşısında heyrətin poetik ifadəsi idi.
Şairin:
"Yaşa dolmaq qocalıq əsla sayılmır, gözəlim,
Verə öz əmrini könlün yenə əvvəlki kimi."
Verə öz əmrini könlün yenə əvvəlki kimi."
- misralarında ifadə olunan fikir də elə bu mənəvi dünyadan xəbər verirdi.
Əliyar müəllim yaşın artmasını könlün qocalması ilə eyniləşdirmirdi. Onun poeziyasında insanın daxili aləmi, duyğularının təravəti, həyata və sevgiyə münasibəti mühüm yer tuturdu.
İndi isə düşünürəm: insanın ömrü sona çatsa da, könlündən doğan sözlər başqa könüllərdə yaşamağa davam edir. Şairin fiziki yoxluğu onun poetik varlığını silmir. Əksinə, bəzən ayrılıqdan sonra misraların mənası daha dərindən duyulur.
Gözəllik qarşısında sözün acizliyi
Əliyar Mərdiyevin qəzəllərində gözəlliyə münasibət də xüsusi yer tuturdu. Onun bir qəzəlində oxuyuruq:
"Sübhi-tezdən açılan qönçə qızılgül al olar,
Görərək böylə gözəllikləri bülbül lal olar."
Görərək böylə gözəllikləri bülbül lal olar."
Bu misralarda incə bir həqiqət var: elə gözəlliklər mövcuddur ki, onları sözlə ifadə etmək çətindir. Bəzən insanın duyduğu hiss danışmağa imkan vermir, heyrət sözləri susdurur.
Bu gün mən də həmin hissi yaşayıram. Haqqında yazmaq istədiyim şairin yoxluğunu ifadə etməyə söz axtarıram. Fikirlər yaddaşımda bir-birinə qarışır, xatirələr məni uzaqlara aparır. Sanki onun öz misralarındakı bülbül kimi, mən də bu ayrılıq qarşısında sözümü tamamlamaqda çətinlik çəkirəm.
Əliyar müəllimin yaradıcılığı yalnız məhəbbət duyğularından ibarət deyildi. Onun qəzəllərində həyatın sınaqları, insan münasibətləri, valideynə ehtiram, sözün məsuliyyəti və ömrün faniliyi haqqında düşüncələr də öz əksini tapırdı.
Şair yazırdı:
"Düz söylə sözün kəlməsi qiymətlidi zərdən,
Yanlış deyilən söz sonu qəzzavü-qədərdi."
Yanlış deyilən söz sonu qəzzavü-qədərdi."
Sözün qiymətini bilmək, onun məsuliyyətini dərk etmək hər qələm sahibinə nəsib olmur. Əliyar müəllimin bu misraları da sözə verilən dəyərin, insanın danışdığı hər kəlməyə görə mənəvi məsuliyyət daşımasının ifadəsi idi.
İndi onun öz sözləri haqqında düşünərkən bir daha anlayıram ki, qələm adamının ömrü təkcə yaşadığı illərlə ölçülmür. Onun sözə gətirdiyi duyğular, oxucunun yaddaşında oyatdığı düşüncələr, insanlara ötürdüyü mənəvi dəyərlər də həmin ömrün davamıdır.
ŞAİR GEDİR, SÖZÜ QALIR...
Əliyar Mərdiyevin qəzəllərinin işığında yaratmağa çalışdığım poetik portret bu gün mənim üçün həm xatirə, həm də ehtiram ünvanıdır.
Mən onu klassik poeziyanın ruhuna bağlı, eşqin və gözəlliyin dilini duyan, həyatın həqiqətlərini öz poetik düşüncəsindən keçirərək oxucuya çatdırmağa çalışan bir söz adamı kimi xatırlayıram.
Hər şairin öz səs tonu, öz ifadə tərzi, öz söz dünyası var. Əliyar müəllimin də poeziyamızda özünəməxsus yeri, öz oxucusu və öz poetik nəfəsi vardı. Onun qəzəlləri sevənlərin, klassik şeirə könül verənlərin yaddaşında yaşayacaq.
Bu gün onun haqqında yazarkən yubiley münasibətilə qələmə aldığım yazının sonundakı arzularımı xatırlayıram. O vaxt Uca Yaradandan ona uzun ömür, möhkəm cansağlığı, yaradıcılıq uğurları diləmişdim. İndi isə həmin arzuların yerini dua və hüzn alıb.
Allah rəhmət eləsin, Əliyar müəllim!
Sizə bu dünyada qismət olan ömür yolu başa çatdı. Amma sözünüzün yolu davam edir. Qəzəlləriniz oxunduqca, misralarınız könüllərə toxunduqca, adınız poeziyamızın yaddaşında anıldıqca siz də xatırlanacaqsınız.
Bəlkə də, şair üçün bundan böyük təsəlli yoxdur: özündən sonra söz qoyub getmək, könüllərdə yaşamaq...
Ruhunuz şad, məkanınız cənnət olsun, dəyərli şairimiz!
Böyük ehtiramla,

AYB-nin üzvü,
Şair-publisist.











