Xəbərlər
ƏZİZƏ AĞAHÜSEYNQIZI : PAYIZIN YANINDA GÖZLƏMƏK OLMUR - FOTO
Bahar çiçəyini boyayıb sarı,
Payızın yanında gözləmək olmur.
Yaşanan ömürü edibdi yarı,
Payızın yanında gözləmək olmur.
Soyuq küləkləri vurub uçurur,
Durna qatarını eldən köçürür,
Qəmin şərbətini meytək içirir,
Payızın yanında gözləmək olmur.
Göydə buludları şimşək atlıdır,
Yerdə yarpaqları yel qanadlıdır,
Sirri, möcüzəsi yeddi qatlıdır,
Payızın yanında gözləmək olmur.
Ötüb keçirdiyi yaşa boylanır,
Xəyala boylanır, huşa boylanır,
Qarşıda buz donlu qışa boylanır,
Payızın yanında gözləmək olmur.
Əlindən gileyli neçə ası var,
Gözləri nəmlidi, üzdə yaşı var,
Onun üzüyünün sarı qaşı var,
Payızın yanında gözləmək olmur.
Hüzünlü, kədərli qərib boylanır,
Sarı yarpağını dərib boylanır,
Ahını torpağa sərib boylanır,
Payızın yanında gözləmək olmur.
O qəmli gəlindi, fağır gəlindi,
Qüssədən sinəsi yağır gəlindi,
Fəsillər içində ağır gəlindi,
Payızın yanında gözləmək olmur,
Payızın yanında gözləmək olmur.










