Xəbərlər
BƏDİİ QİRAƏTİN BƏHİYYƏ XANIM ZİRVƏSİ
BƏDİİ QİRAƏTİN BƏHİYYƏ XANIM ZİRVƏSİ
(Tanınmış bədii qiraətçi Bəhiyyə xanım Nağıyevanın təqdimatı)
Odlar Yurdu Azərbaycanın bədii qiraət sahəsində hər zaman xüsusi peşəkarlığa və xüsusilə də bənzərsiz səs tembrinə malik olan bəy və xanım nümayəndələri olmuş, bu gün də var. Heç şübhəsiz müasir dövrümüzdə onlardan xanımlar kateqoriyasına aid olan parlaq simalarından biri də Azərbaycan ədəbi mühitinə tanış, həm də əziz olan peşəkar və ilahi səs sahibi, bədii qiraətçi Bəhiyyə xanım Nağıyevadır. Bu təqdimat yazısında Bəhiyyə xanım haqqında danışacaq, onu əsasən tanımayanlara tanıtdırmağa çalışacam...
Bioqrafik məlumat:
Bəhiyyə Həsənbala qızı Nağıyeva: 1958-ci ilin iyul ayının 13-də Odlar Yurdu Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşən, özünəməxsus memarlığı, qədim tarixi, zəngin mətbəxi və yumoru ilə tanınan füsunkar bir dağ şəhəri olan Şəki şəhərində dünyaya göz açıb.
Bakı şəhərində fəaliyyət göstərən 15 saylı orta məktəbdə təhsil alıb, məktəb illərində istedadı və bacarığı ilə məktəbin nümunəvi şagirdi olmuşdur. Orta məktəbdən məzun olduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Universitetinin Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, ədəbiyyat və incəsənət sahələrinin vurğunu olduğundan Bakı Mədəni-Maarif Texnikumunun dram kollektivinə üz gətirmişdir.
Gənclik və tələbə illərindən etibarən yaradıcılığı və xüsusi istedadı ilə önə çıxmış, nümunə fəaliyyətlərinə görə təqdir edilmişdir.
Bir müddət İnşaatçılar Mədəniyyət Sarayında solist kimi fəaliyyət göstərmiş, daha sonralar xalq teatrı və müxtəlif mədəniyyət evlərinin kollektivlərinin ən fəal üzvü olmuş, dəfələrlə qiraətçi kimi müsabiqə qalibi seçilmişdir. Azərbaycan incəsənətinin Lütfi Məmmədbəyov və Həsən Əbluç kimi tanınmış simaları ilə birgə işləmişdir.
Bəhiyyə Nağıyevanın yaradıcılıq yolu radio və televiziya kanalları ilə də kəsişmiş, müxtəlif kanallarda uğurlu çıxışlar etmiş, bundan əlavə bir çox mədəni-kütləvi tədbirlərin ssenari müəllifi və aparıcısı olmuşdur. Onun ssenari müəllifi və aparıcısı olduğu tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.
1991-ci ilin mart ayının 1-də Adil İsgəndərov adına Mədəniyyət Sarayında Mədəni-kütləvi şöbənin müdiri vəzifəsində işə başlamış, daha sonra həmin Sarayda Uşaq şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
1999-cu ildə Qurban Abbasov adına Mədəniyyət Sarayına bədii rəhbər vəzifəsinə təyin edilmiş və bu günədək həmin vəzifəni uğurla davam etdirir.
Onun yaradıcılığında hər zaman vətən, dövlət, əsgər və insani duyğuların xüsusi yeri vardır. Tez-tez hərbi hissələrə yollanaraq vətənin və dövlətçiliyin keşiyində dayanmış əsgərlər qarşısında çıxışlar edir və əsgərlərdə ruh yüksəkliyi yaradaraq onlara mənəvi arxa olmuş və bu gün də öz müqəddəs işini uğurla davam etdirir.
Bədii qiraət sahəsinin peşəkarı olan Bəhiyyə xanım indiyədək ölkənin müxtəlif rayonlarında, o cümlədən işğaldan azad edilmiş Füzuli, Horadiz, Ağcakənd, Suqovuşan, Talış kəndi, Ağdam, Ağdərə, Tərtər, Laçın, Xankəndi və s. şəhər və kəndlərdə olmuş, öz füsünkar bədii qiraəti ilə çıxışlar etmişdir.
"Ağsu Yazarları" Ədəbi Birliyi (və ya Yazarlar Klubu)-nun üzvü, "Qoşma" Ədəbi Məclisinin və "Zərif kölgələr" Yaradıcılıq Klubunun, "Uğurlu xanımlar" platformasının, həmçinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvüdür.
Rəhbərl olduğu "Xəzər" bədii qiraət dərnəyi dəfələrlə respublika üzrə keçirilən müsabiqələrin qalibi olmuşdur. Onun bədii qiraət sahəsində bir çox istedadlı tələbələri də vardır. Yetirmələri respublika və beynəlxalq səviyyədə təşkil olunan müsabiqələrdə yüksək uğurlar qazanırlar. Ailəlidir, Ramin və Kənan adlı iki vətənpər oğlu və Təhminə adlı bir qızı var.
Məlumat üçün qeyd etmək laızmdır ki, Bəhiyyə xanım həm də şəhid bacısıdır. Doğma qardaşı Toğrul Nağıyev Vətən Müharibəsi şəhididir. O, 2020-ci il oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Suqovuşanın azad olmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.
Bəhiyyə Nağıyeva bərəkətli ömrünün 50 ilə yaxın müddətini Azərbaycan mədəniyyətinə sərf etmiş ləyaqətli mədəniyyət və incəsənət xadimi olaraq 2020-ci ildəki möhtəşəm Zəfərimizdən sonra Bakı, Şəki və digər bölgələrdə şəhid ailələrinin yanında olur, şəhidlərin anım və doğum günlərinə aid tədbirlərdə fəal çıxış edir.
Mükafatları və ödülləri:
Bəhiyyə xanım indiyədək uğurlu və nümunəvi ədəbi, mədəni-ictimai fəaliyyətinə görə, çoxsaylı fəxri diplom, mükafat və fəxri ödüllərə layiq görülmüşdür. O cümlədən:
1. Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının "Döş nişanı", 2007;
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı, 2011;
3. Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin I dərəcəli Diplomu;
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Sosial İnkişaf İdarəsi Mədəniyyət və İstirahət İşləri Departamentinin Fəxri fərmanı, 2012;
5. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı, 2017;
6. Laçın bölgəsində yerləşən N saylı hərbi hissənin Fəxri Fərmanı, 2023;
7. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı və "Böyük Zəfər" medalı, 2025;
8. Türkiyə Cümhuriyyəti Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin "Altın yıldız" madalyası", 2026;
9. Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisinin "Türk Dünyasının Fahri Kültür Adamı" Uluslararası Ödülü, 2026;
10. Turan Yazarlar Birliyinin xüsusi ödülü, 2026;
11. "Həməşəra" müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanın "Həməşəra" Fəxri Diplomu, 2026 və s...
Məlumat üçün qeyd etmək lazımdır ki, bu günlərdə Bəhiyyə xanım haqqında "Ruhun ecazkar səsi: Bəhiyyə Nağıyeva" adlı bibloqrafik kitab da işıq üzü görmüşdür. Həmin kitabda ölkənin tanınmış ziyalılar, yazıçı, şair və jurnalistlərinin Bəhiyyə xanım haqqında fikirləri, ona həsr edilmiş şeirlər və xatirələr yer almışdır...
Subyektiv baxış:
Peşəkar aparıcı və bədii qiraət sahəsinin ustadı, dəyərlimiz Bəhiyyə xanım Nağıyevanın ecazkar səsi ilə səsləndirdiyi klassik və müasir şairlərin şeirləri bir başqa aləmdir. Bu, onun məlahətli və ecazkar səsi ilə yanaşı, həm də bədii qiraət sahəsində malik olduğu xüsusi peşəkarlıqdan irəli gəlir. Öz ecazkar səsi ilə qiraət etdiyi şeirlərə yeni ruh və təravət bəxş etməyi bacarır. Deyərdim ki, Bəhiyyə xanım öz bədii qiraəti ilə kitablar və kağızlar üzərində səssiz qalmış şeirlərin misralarına yeni, həm də təravətli bir can gətirməyi xüsusi ustalıqla bacaran ustad bədii qiraətçidir.
"Bəhiyyə" adı ərəb sözü olub, xanımlara verilən bir addır. Bu ad lüğətdə aydın, parıltılı, gözəl, fəxarətli və əzəmətli (möhtəşəm) mənaları ilə izah edilir. Mənə görə, Bəhiyyə xanım Nağıyeva malik olduğu bütün dəyərləri və bədii qiraət sahəsindəki peşəkarlığı ilə Azərbaycan mədəniyyəti, incəsənəti və çağdaş Azərbaycan ədəbi mühitinə Tanrı tərəfindən bəxş edilmiş əvəzolunmaz, fəxarətli və möhtəşəm bir aydınlıq, həm də bir gözəllikdir.
Unutmayaq ki, bədii qiraət sadəcə şeiri ucadan oxumaq deyil; o, şairin misralara qoyduğu hissi, həyəcanı və ruhu dinləyiciyə ötürmək sənətidir. Bədii qiraətçinin insanı keyfiyyətləri bütün bunlarla birlikdə olanda tamamilə vəsolunmaz bir səhnə yaranır. Bəhiyyə xanım elit-ziyalı və kübar bir xanım-xatın olaraq bunu xüsusi məharət və ustalıqla həyata keçirməyi bacaran bir ustaddır. Onun bədii qiraətlərini dinlədikdə, sanki qiraət etdiklərini bütün hisləri və duyğuları ilə dərk edərək oxuduğunu təsdiq etmək mümkündür.
Bəhiyyə xanım Nağıyeva ruhun dərinliklərinə nüfuz edən ecazkar səs tembri və bənzərsiz bədii qiraət məharəti ilə müasir Azərbaycan mədəniyyətinin seçilən, həm də əvəzolunmaz simalarından biridır. Onun səsindəki ilahi məlahət, büllur və məxməri yumşaqlıq dinləyicini ilk saniyələrdən sehrli bir poeziya dünyasına qərq edir. Sənətkar səsləndirdiyi hər bir əsərin daxili ritmini və şairin keçirdiyi hissləri öz içində yaşayaraq tamaşaçıya böyük ustalıqla ötürür. Onun zərif ifasında klassik qəzəllər, fəlsəfi poeziya və zərif sevgi lirikası tamamilə yeni, canlı bir nəfəs qazanır. Məsuliyyətli yaradıcılıq yanaşması sayəsində onun dilindən səslənən misralar dinləyicilərin qəlbində və yaddaşında silinməz izlər qoyur. Televiziya ekranlarında, regional verilişlərdə və müxtəlif layihələrdəki heyranedici çıxışları geniş tamaşaçı kütləsi tərəfindən həmişə böyük rəğbətlə qarşılanır.
Bəhiyyə xanım həm də öz fəaliyyəti ilə ana dilimizin saflığını, gözəlliyini və zəngin ifadə imkanlarını nümayiş etdirən əsl nitq mədəniyyəti örnəyidir. O, zəngin yaradıcılıq yolu sayəsində milli ədəbiyyatımızın qorunub saxlanılmasına və gənc nəslə sevdirilməsinə əvəzsiz töhfələr verir.
Arzu və diləklər:
Təqdimat yazımın başlığında qeyd etdiyim kimi, Bəhiyyə xanım Nağıyeva müasir Odlar Yurdu Azərbaycanda bədii qiraətin zirvəsi sayılır. O, indiyədək gözəl və bərəkətli ömrünün təxminən 50 ilini Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinin inkişafına həsr etmiş bir fədakar, eyni halda ləyaqətli və peşəkar xanımdır. Bu baxımdan onun üçün ilk arzu və diləyim tezliklə haqq etdiyi dövlət mükafatları və fəxri adlara layiq görülməsidir. Heç şübhəsiz, bu, onun 50 illik yaradıcılığına veriləcək ən gözəl və mükəmməl qiymət olardı...
Sonda Ulu Tanrıdan əzizimiz və dəyərlimiz Bəhiyyə xanıma uzun, sağlam, mənalı və məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
İlqar İsmayılzadə
(Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
28.10.2026
















