Xəbərlər
28.10.2026, 08:28
Həsənxan ƏSƏDOV : Dünyandan sən köçüb gedəndən ATA! - FOTO

Allah sənə rəhmət eləsin Ata. 11 il keçdi, bu soyuq payız gecəsi atam dünyasını dəyişib,bu fani dünyaya əlvida deyib əbədi haqq dünyaya köç getdi.
ATA
Yuxuma gəlmişdin bir soyuq gecə,
Baxırdın üzümə susqun, sakitcə,
Əlimi uzatdım, getdin görüncə,
Məni məhkum etdin yalqız həyata.
Ayrılıb bizlərdən gedəndən ATA!
Etmişdin ömrünü pərvanə bizə,
Düşündüm bəlkə də gəlmişik gözə,
Qəlb bu ayrılığa ah... Necə dözə?
Sənsiz arzularım keçmir həyata,
Dünyandan sən köçüb gedəndən ATA!
Qisməti sazaqda bişən bir ömrə,
Ürəyi ağzında şişən bir ömrə,
Saralıb yarpaqtək düşən bir ömrə,
Allah da qıydı ki günəşi bata,
Dünyandan sən köçüb gedəndən ATA!
Kişilik məktəbin öyrəndim səndən,
Gedişin ömrümə saldı duman, çən,
ATA, ayrılığa dözməyirəm mən,
Yaşadım bir ömür baş qata-qata,
Dünyandan sən köçüb gedəndən ATA!
Dediyin hər sözü salıram yada,
Mənlə qoşa gəzir ruhun dünyada.
Nə edim?... Könlümü ovutmur oda,
İsinmir ürəyim elə, elata,
Dünyadan sən köçüb gedəndən ATA!
Sanırdım dözmərəm, yox, mən daşmışam,
Qarlı zirvələri, dağlar aşmışam,
Böyüyüb, yaşlanıb, uşaqlaşmışam,
Sənə tələsirəm yaş ata-ata,
Dünyandan sən köçüb gedəndən ATA!
Sən mənə öyrətdin qayğı, mərhəmət,
Əməldə düz olmaq, dosta dəyanət,
Vətənə, torpağa sevgi, sədaqət,
Həsənəm, sadiqəm bu vəsiyyətə,
Dünyandan sən köçüb gedəndən ATA!
27.10.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




