Nəriman Ələkbər oğlu Səfərlər-100
Nəriman Ələkbər oğlu Səfərlər-100
DƏDƏ SÖZÜ – SÖZÜN DÜZÜ

Ataya oğul sevgisi sərin, anaya məhəbbəti nədən dərindir?!
(Atam Nəriman Ələkbər oğlunun əziz xatirəsinə)
ATA! - Hər ailənin göz dikdiyi böyük!

Atalaraımız necə də müdriklik edib bir-birindən ibrətli kəlamları bizə mənəvi sərvət yatağı qoyublar. Onlardan bəhrələnməklə biz də zənginləşməliyik ki, özümüzdən sonrakı nəsilləri tərbiyələndirməklə, el-obaya, yurda, ana təbiətə, ən əsas da doğulduğumuz torpağa sədaqətli övladlar yetişdirək.
Belə müdrik kəlamlarımızdan biri də budur: “Allahsız yerdə otur, böyüksüz yerdə yox!” Sözün, fikrin qüdrətinə, və dərinliyinə baxın! Allahsız yermi olur?! Amma müdriklıərimiz böyüksüz yeri Allahsız hesab ediblər bunu söyləməklə…
Biz də çalışdıq ki, böyüksüz yerdə oturmayaq. Böyüklərdən görüb-götürdüklərimizi balalarımıza öyrədək ki, onlar xalqımıza yamaq yox, onun işinə yarayan olsunlar.

…ATA hər övlad üçün böyük anlamda Allah deməkdir! Bir məsəl də yadıma düşdü: “Atanın qarğışı övladı tutur, ananınkı yox…” Ona görə də övlad gərək elə yol seçsin ki, ata qarğışına tuş gəlməsin.
Biz ailədə 4 bacı, iki qardaş böyüdük. Böyüklərimizi böyük yerində gördük. Varlı-hallı ailədə doğulmadığımız üçün kasıbçılığın nə demək olduğunu bizə nağıl kimi danışmadılar, özümüz bu həyatı yaşadıq. Atamı sovetlər dövründə kolxozun mal-qarasını otaran naxırçı etmişdilər. Ona görə yox ki, o, oxuyub ali təhsil almamışdı, xeyr. Atam ibtidai sinifdə anama dərs deyib və elə oradan da “qonşu qızına gözü düşüb”. Anam səkkizillik məktəbi bitirəndə atam öz “dünənki şagirdi”nin necə bir əxlaq, tərbiyə sahibi olduğunu anasına deməklə, onu istəyib və alıb. Yəni, atam müəllimlik peşəsindən uzaqlaşdırılaraq, Kalinin adına kolxozun naxırçısı olandan həmin quruluşun ədalətsizliyinin qurbanına çevrilmişdi. Bu da ona görə edilirdi ki, o, sovetlərə qədər mülkədar ailəsində dümnyaya göz açmışdı. Sovetləri istəməyən, partiya bileti olmayan, kənddə məscid tikdirən el ağsaqqalı Məşədi Atakişinin nəvə-nəticəsindən biri idi.
Otaqlı məscidinin sahibi olmuş Məşədi Atakişinin yadigar evdamı Alban dövlətinin və xristianlığın yadigarı - tarixi abidə kəndin ən qədim məbədi kimi tanınırdı. Ümumiyyətlə, keçmiş sovetlər dönəmində Azərbaycan xalqının tarixini silmək üçün bütün imkanlardan istifadə edilib. Buna görə də kəndlərimiz, ən qədim yaşayış məntəqələrimiz haqqında son dövrün məlumatsız nəsilləri bəzən səhvlərə yol verirlər. Bütün bunları nəzərə alaraq, çalışdıq ki, beş-para kəndimizin tarixi və nəsilləri haqqında bizdən sonrakılar üçün tutarlı, əsaslı faktlara söykənən məlumatları toplayıb qələmə alaq. Kəndin adının Otaqlı olması da məhz bu abidə-evdamı ilə bağlıdır. Abidə-evdamının vaxtilə şəkli çəkilərək Kəlbəcər rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanırdı.
Açığını deyək ki, Kəlbəcərdə, xüsusən də onun Göyçə səmtində vaxtilə məşhur olan beş-para kənddə (Dalqılınclı, əslində isə Bozkənd), Otaqlı, Dərəqışlaq, Barmaqbinə və Əmrallar (Otqışlaq) kəndlərində atamızın babası Səfər, onun oğlu Sadıq, onun da oğlu Məşədi Atakişi, oğlanları Ələkbərlə Məhəmməd adlı-sanlı kişilərdən sayılıblar. Atamızın böyük qardaşı Ramazan da savadlı, elmli, dili Quran kəlməli olub, 1941-45-ci illıər müharibəsində “qara kağızı” gələnlərdən biri kimi yazıəlıb yaddaşımıza.
Bəylik-xanlıq dövrünün bu başıpapaqlılarının necə insanpərvər olmaları barədə ürəkaçan söz-söhbətləri az eşitməmişik. Qulaqardına vurmasqm da, bu barədə ürəklə nəsə yaza bilməmişik. Əslində, yazılası, təbliğ ediləsi çoxlu xidmətləri olmuş ulu babalarımız haqqında geniş söz aça bilməməyimizin də bəhanəsi əlahəzrət vaxt olub. Daha ictimai əhəmiyyət daşıyan mövzular imkan verməyib ki, özümüzünkülərin də kim olduğunu yaza bilək, qələmə alaq, axı, bu, övladlıq, oğulluq borcudur, həm də əlində qələmi olan biri kimi.
...Atamın uşaqlıq illəri əzablı keçib. Kəlbəcərin Otaqlı kəndində vaxtilə varlı-hallı bir nəsil kimi tanınmış Səfərlərdə dünyaya gəlib. Mənim kimi, onun da doğulduğu evdamı Qafqaz Albaniyasının tarixi, dini, bəlkə də mədəni abidələrindən biri idi. Kəndin Otaqlı adlandırılması da məhz bu abidə-evlə bağlı olub. Dörd divardan ibarət olan “ev” o zamanlar üçün otaq adlanıb.
Qafqaz Albaniyası dövətinin yadigarlarından olan bu abidə-ev sonradan Moskvadan göndərilmiş ekspedisiyanın gəldiyi qərara əsasən, tarixi-mədəniyyət abidələrdən biri kimi, dövlət mühafizəsinə daxil edilməli idi. Evdamı adlanan otağın qapı-pəncərələrinin yan çərçivələri “xas daş”dan (qara daşdan yonulma) idi. Avallı pəncərəsi balaca (sanki güllə atmaq üçün, nişangah) idi. Tağbənd qapısı isə palıd ağacından olsa da, sanki qaya parçası idi. Dəmirdən həngaməsi yox idi (davana deyilən oturacağı üstündə açılıb-örtülürdü).
Bir sözlə, bu qaim-qədim bina tarixin yaddaşı idi və möcüzələri adamı heyran edirdi. Üstünün ağac milləri o qədər yoğun və nəhəng idi ki. Novruz bayramı (ilin təhvil verildiyi gün bu evdamında (sanki rəsədxana idi) evin üstünü çiyinlərində saxlayan nəhəng dirəklərin birinə gün düşməsilə təyin edilirmiş.
Bu evdamı kəndin mərkəzi sayılırdı. Burada doğulub dünyaya göz açanların neçənci nəsil olduğu isə bilinmirdi. Sadəcə, Səfərlərin evdamı deyilirdi. Səfərlər kəndin həm də ilk sakinlərindən sayılırdı. Nəslin şəcərəsi gedib Cənubi Azərbaycanın Xoy, Ərdəbil və Təbriz şəhərlərinə çıxırdı...
Qayıdaq dünənə, hələ atamın uşaqlıq illərinə...
... 1924-cü ilin yaz aylarında, təxmninən elə mayın sonları, iyunun əvvəlləri imiş – Kəlbəcərdə el yaylağa köçürmüş atam Otaqlı kəndində dünyaya göz açıb. Anası Xədicəxanım nənəm, yuxarıda qeyd etdiyim kimi, təbrizli qızı olub. Şahlıq rejiminin Cənubi Azərbaycanda “at oynatdığı”, türklərin dogma yurd-yuvasından didərgin salındığı illərdə baş götürüb qardaşları ilə birlikdə Arazın bu tayına pənah gətirənlərdən olub (hazırda atamın dayısı oğlanları və onların da nəvə-nəticələri Tehranda, Ərdəbildə, Təbrizdə, Urmiyada yaşayırlar). Atamın ata tərəfi də cənublu olub.
Kəlbəcərdə son məskunlaşma dövründə Səfərlər tayfası Yuxarı Qılınclı inzibati kənd ərazi dairəsinə daxil olan beş-para kənddə (Otaqlı, Yuxarı Qılınclı, Dərəqışlaq, Barmaqbinə və Otqışlaq, yaxud Əmrallar) sayılıb-seçilənlərdən imiş. Hər kənddə mal tövləsi, örüş-otlaq sahəsi olan Səfər oğlanları mülkədar kimi tanınmayıb. Təsərrüfatına baxan qohum-qonşuları öz balası kimi böyüdüb, evləndirib və ata kimi də onlara övlad payı ayırıb. Bütün bunları atam yox, kəndimizin 20-ci yüzilliyinin şahidləri danışardılar. Molla Ramazan, Əli Alı oğlu, Məmmədxan baba, Əmiraslan, Şirin, İsmayıl, Həsən baba kimi dünya yola salmışlar mənim ulu babalarımı mənə daha yaxından təqdim edirdilər.
Biz iki qardaş atamızın da “vəzifəsini” yerinə yetirməyə məhkum idik
Atam biz iki qardaşı, dörd qız balasını sonralar fəhləliklə böyütdü. Əslində, onun qabar əllərinin halal çörəyi bizi tez-tələsik böyüdürmüş sən demə. Kəlbəcərdəki təmir-tikinti idarəsində mühafizəçi işlədiyi illərdə biz iki qardaş onun da “vəzifəsini” yerinə yetirməyə məhkum idik: orta məktəbdən (Kəlbəcər şəhər 1 və 2 nömrəli orta məktəblərində oxuyurduq) dərsdən çıxıb Otaqlıya, kəndə, evimizə yox, atamın iş yerinə - idarəyə gedirdik. Ardışdı güneyində, təmir-tikinti idarəsinin həndəvərində olan tay-tuşlarımızın doğmasına çevrilənədək nələr çəkdik, biz bilirik. Dostlar, doğmalar qazandıqdan sonra olduq “Dərə məhləsinin uşaqları”ndan biri.
İllər qovhaqovdaydı. Mən artıq illəri yelə verib Kəlbəcərə qayıtmış, bir müddət rayon mədəniyyət evində “artistlik” etdikdən sonra “Yenilik” qəzetinə işə dəvət almış, orada cızma-qaramla başımı qatırdım. Maaş az, tələbat çox…
Bunlar da arxada qalırdı. Atam gecə qaldığı iş yerindən səhər evə gedəndə redaksiyaya baş çəkməmiş olmaz, yeni məqalələrimin olub-olmaması ilə maraqlanar, sanki bununla “oğul, sənə güvənirəm”,-demək istəyirdi. Amma heç nə deməzdi, bircə bundan başqa: “Məni yaşatsan sən yaşadacaqsan, adımı adına qoşub qəzetdə yazdırırsan, bundan da artıq ata üçün xoşbəxtlik olarmı?!”
…Xoş günlərimiz gözə gəldi. Kəlbəcər yerindən dərbədər oldu. Ata ocağı söndü, ana qucağı buza döndü. 1993-cü ilin apreli kəlbəcərlilərə yuird-yuvasızlıq, dərd-vərəm gətiurdi.
Qaçqınlıq, didərginlik hamımızı yaraladı... Yaralarımızdan qan axmadı, sanki qurumuşdu damarlarımız. Amma göz yaşımız qurumaq bilmirdi. 30 il idi ki, kimi dindirirdin, qan ağlayır, ağı deyirdi...
…Kəlbəcərsiz günlərimiz başlamışdı. Aranda qohum evində gecələyirdik. Atamın heç nə yadına düşmür, o zülmət gecədən «salamat çıxmış» balalarına şükür edirdi.
İllər boyu əl qabarıyla düzəltdiyi ev-eşik sanki yağıya qalmamışdı. Üzdə özünü şax tutan atam içindən qırılır, üzülür, bizə təsəlli verirdi.
İki günlük «qonaqlığımız» ikiillik ömrümüzü, (atamın ömrünü isə əbədi) aldı əlimizdən. «Kişi başqasının qoltuğuna sığınmaz, məni niyə gətirdiniz?!» - deyirdi. Kişi kimi ömür sürənlərimizin hamısı da belə düşünürdü…
Apreldən iyunacan dözə bildi atam. Buna dözmək yox, günlərini saymaq deyərdim. Atalı günlərimdə atasızların dərdini çəkərdim, indi atasızlıq dərdini yüklədiyim qəmli könlümü ovundurmağa bir atalı axtarıram. 1993-cü il iyunun 16-da dünyasını qəfildən dəyişən atamın Göygöl rayonunun Aşıqlı kənd məzarıstanındakı qərib qəbri indi ürəyimdə mənə doğma yurd, ata ocağıdır. Tez-tez görüşünə gedə bilmədiyim atam «yuxularımda» ilk kitaba görə məni təbrik edib. «Dağlarin sinə daği» kitabının işıq üzü görməsi arzusu çin olsa da o, bunu görmədi. Amma ruhu bildi, duydu və «neynim, bala, öz evimiz, öz həyətimiz, dam-daşımız olsaydı, ilk kitabının qurbanını kəsərdim», - dedi və küskün baxışlarla məndən uzaqlaşdı.
Çağırdım, səsimə özüm oyandım, atam yuxumda qaldı.
…Hacıkənddə müvəqqəti sığınacaqda məskunlaşan anam, bacım, qardaşım kitabın görüşünə çıxanda ürəyimdən qara qanlar axdı. Hər dəfə kəndə ata ocağına gedəndə birinci qarşıma çıxan atam indi gözə dəymirdi.
Anam göz yaşlarını saxlaya bilməyib, onda belə bayatı çəkdi:
Corabın ağına bax,
Dəstələ, bağına bax.
Kəlbəcərsiz sinəmin
Çal-çarpaz dağına bax.
Ağacın başı mənim,
Dağların daşı mənim.
Yurduma kim ağlarsa
Gözünün yaşı mənim.
Axşamlar,
Şamlar yanmır axşamlar,
Yurdu yağıya qalan
Qaçqın harda axşamlar?
Əzizim binə qaldı,
Kənd qaldı, binə qaldı.
Allah, Kəlbəcər eli
Nə yaman günə qaldı…

…O gecə anam Kəlbəcərli günlərimizin son dəqiqələrini yanıqlı səslə sinəmizə yazdı:
- «Qara qaya»dan atılan top kəndi alışdırdı. Kənddən çıxan olmamışdı. Yığışıb Ağaməmməddəki kahaya doluşmuşduq. Elə bilirdik ki, kömək gələcək. Axşam Bakıdan gələn uşaqlardan bir-ikisi də bizdə qalası oldu. İbrahim hinduşkanı kəsib kabab elədi. Qəzənfər bizə ürək-dirək verirdi: “…Görün sabah ermənilərin başına nə oyun açacağıq? Düz İrəvana kimi onları qovub aparacağıq...”
Gecənin bir aləminə kimi topun, qradın gurultusu, nəriltisi kəndi dağıdırdı, amma hələ bizim evlərə dəymirdi.
Səhərin ala-toranında uşaqlar Çanaqdaşa qalxdılar. Axşamdan boşaltdıqları silah-sursat eləcə Ağaməmməddə – İmrangilin evinin yanında qalmışdı. Aradan bir az keçmişdi ki, yer-göy tutuldu. Kənd dik alışıb yandı. Alov, tüstü hər yanı bürüdü. İbrahim məni qoyub evdən aralanmırdı. Kənddə qalan əlsiz-ayaqsız, kimsəsizlər də ayaqyalın-başıaçıq üzüaşağı qaçmağa başladılar.
Məhləmizin o tay qabağına düşən top mərmisi evi silkələdi. Gözlərim qaraldı, elə bildim ki, evə dəydi. Qışqırdım ki, ay İbrahim, gəl qaçaq. Elə bil qədəmlərim tutulmuşdu. Stolun üstü yemək-içməklə dolu qaldı. Atı yəhərləmək də düşmədi yada.
Dedim ki, get dama bax, heyvanın qabağına ot tök, gəl. İbrahim gec gəldi, baxdım ki, gözləri yaşlıdı. Soruşdum, cavab verə bilmədi. Özüm getdim tövləyə. Gördüm gəlinin (Gülbənizin) inəyi tövlənin o başından açılıb qapının dalına gəlib, burda doğub. Balasını yalayan inək məni görcək mələdi. Elə bil qarşıdakı qəzavü-qədəri duymuşdu. Vallah inək də ağlayırdı. İbrahim nə illah elədisə məni yerimdən qaldıra bilmədi.
«Bu balanı verən Tanrı ya bizi qurtaracaq, ya bu bala bizə bəla gəlib, getmərəm», - dedim…
Anamın halı pozulur, yaş boğur, huşunu itirir, hamı qarışır bir-birinə…
Yaddaşımda 1993-cü ilin 2 aprel günü baş qaldırır. Üç gün idi ki, Murovun başında qan ağlayır, ana, qardaş haraylayıram.
Toğanaya qədər kürəkənimiz Həmidin «UAZ»-ı ilə gəldik. Buradan yuxarı maşın gedəsi deyil. Yollar donub buza dönmüş insan cəsədi ilə doludur. Qohum-əqrəbasını haraylayanlar, tufan, boran… Gələnlərdən soraqlayıram, axtardıqlarımdan xəbər çıxmır. Daş körpüdən xeyli qalxmışam. Tufan aman vermir ki, göz açım. Qabaqdan gələn qaraltını zorla seçirəm. Yaxınlaşanda nə görsəm yaxşıdır: bacım Pəri, iki qızı, iki oğlu, bir də kürəkənimiz Zeynal. Dodaqlarım təpiyir, buzdan heykəlləşən bacımı tanımıram:
- Kimsən, ay bacı?! Otaqlıdan Güllərlə İbrahimi görmədiniz?
Səsim ona tanış gəlir. Fəryad qoparır:
- Məəhəəmməədd!?
- Pəərii, İsmətt, Zeynaal?! Hanı anam? İbrahim qaldımı?! Can, ay qardaş! Uyy, ay ana, sənə nə deyim, İbrahimi girovmu qoydun?
- Qorxma, vallah gəlirlər. Yorulublar… Qorxma…
- Yalan deyirsiz, bəs niyə onlardan aralanmısınız?
- Yol evində isinməyə döndülər, qorxma, - bacım dedi.
…Dizlərim tutmasa da sürünə-sürünə üzü Murova qalxıram. Boran aman vermir. Gəlib-keçənlərin üzündə qalır gözüm. Elə bilirəm ki, gələn hər qaraltı onlardır.
Bu da «Beşdöngələr». Daha gedə bilmirəm. Əlacım Murova yalvarmağa qalır:
Əzizim qoşa dağlar,
Veribsiz baş-başa dağlar.
Qardaşımı tapmasam,
Dönəsiz daşa, dağlar.
Murov, kəsmə yolumu,
Sağımı, həm solumu.
Anam qırıb dizimi,
Qardaşım sağ qolumu.
Murovun yastı yolu,
Qar gəldi basdı yolu.
Mən haraya yetməmiş,
Tar tutdu, kəsdi yolu…

…Murovun aşırımına çatmamış taqətdən kəsilib yıxıldım. Heydən düşsəm də Murovun tufanı lə əlbəyaxa olmuşdum. Təkləndiyimi görüb qardaşım özünü yetirdi harayıma. Haraya getdiyim yerdə mənim hayıma çatdı qardaşım. Fəryadım Murovun qulaqlarını batırdı. Bəlkə də elə o vaxtdan Murov anaların harayını eşitmir.
Əzizim arxa haray,
Su gəlmir arxa, haray.
Neçə gündü, ay qardaş,
Çağırram arxa, haray.

Anam boynuma sarıldı. Qardaşımın qıyyası dərələri titrətdi:
Əzizinəm qar daşı,
Tutub dağda qar daşı.
Gözün aydın, ay ana,
Tapdı qardaş qardaşı…

…Qəriblik dilsiz-ağızsız anamı dilləndirib. Gumuldana-gumuldana dediklərinin bir-ikisini dilə gətirirəm:
…Əzizim oyan, dağlar,
Qəlbimi oyan dağlar,
Buy an sizsiz qan ağlar,
Necədir o yan, dağlar?
Dar ağacı quruldu,
Dibində qan duruldu.
Analara deməyin,
İgid oğlu vuruldu.
Göydə uçan quşa bax,
Yurddakı bayquşa bax.
Kəlbəcərə dönməmiş,
Ömrə gələn qışa bax…
"Qara bayram"

Maraqlıdır, qara da bayram olar?! Bayrmada insanlar deyər-gülər, şənlərər,- qohumlar, doğmalar… bir-biri ilə bayramlaşar: pay aparar, payla qayıdarlar.
Lakin, bununla yanaşı,Vətənimizin hər yerində Novruz bayramından əvvəlki cümə axşamını hər kəs belə keçirir - qəbir üstünə gedir, doğmaları, cəmi "qəbirstanlıq əhli"ni ziyarət edir, məzaları üstünə səməni, tər gül dəstələri və bulaq suyu kimi dumduru göz yaşları damcıladırlar. Qadınlar-qızlar belə... Kişilər isə susur və göz yaşları qəlblərinə axır...
Son qəmimiz olmur ki. Bu da bir adət-ənənədir, yalnız millətimizə xasdır! Unutmaq olmaz. Mən məsafəcən uzaq olduğum üçün ata-anamın və digər doğmaların məzarını ziyarət edə bilmədiyimdən onların ruhları qarşısında baş əyirəm.
1993-cü ildə Kəlbəcərdən perik düşən atam Nəriman bir aydan sonra infarktla dünyasını dəyişdi. Bilmədi ki, illərdir kəlbəcərsizik...
2013-cü ilin mayında atam Nəriman Ələkbər oğlu ilə şairə anam Güllər Məmmədqızının Göygöl rayonunun Aşıqlı kənd qəbristanlığındakı məzarları yanında, başdaşlarına üzümü tutub demişdim:
Sizsiz bahar, bizə nə də yazdı ki,
Sızlayan ürəyin başıdır, ata!
Fikir-xəyal bu bahar da azdı ki,
Düşündüm ömrümün qışıdır, ata!
Kəlbəcərsiz ömür sürdük, uzatdıq,
El qaçan yolları dizin-dizin qısaltdıq.
Dolan gözlərimizi yazda boşaltdıq,
Tərtər kəlbəcərlilərin yaşıdır, ata!
Dözümündə sən dağ idin, qayaydın,
Anam, həsrətimi yenə duyaydın!
Fələk, Kəlbəcərdə bizə qıyaydın,
Demə Məhəmmədin naşıdır, ata!

Qardaşım İbrahim də bundan sonra atamın ruhuna bir şeir həsr eləmişdi.
Otuz ildi qan ağladı,
Sənsiz keçən günüm, ata!
Tənha çəkdim, elə qalxdı,
Yerdən-göyə ünüm, ata,
Ay imanım-dinim ata!
Qara gəlmiş "qara günlər",
Dərd əlindən sızlar, inlər.
Sinəmdədi dağ-düyünlər,
Fəna olmuş sinim, ata,
Ay imanım-dinim ata!
30 ildir gecə-gündüz,
Aşıb-daşır dərd-sərimiz.
Viran qalıb yurd yerimiz,
Çətin düşə yönüm, ata
Ay imanım-dinim ata!
Bircə anlıq gəl yuxuma,
Baxma dərdin az-çoxuna.
Yazıq-yazıq elə baxma,
Mən başına dönüm, ata,
Ay imanım-dinim ata!
"Qara yazı" yazımızda,
Nə bəd gəlir sonumuz da.
Bir yer elə yanınızda,
Qoy daşına dönüm, ata.
Ay imanım-dinim ata!
İbrahimin çoxdu dərdi,-
Əzəl gündən dərd becərdi.
Bu qürbətdə nələr gördü,
Tutdum sənə yönüm, ata,
Ay imanım-dinim ata!”

Sonra mən İbrahimin həmin şeirinə cavab olaraq belə bir beşlik yazdım:
Köçürüb könlünə ana laylasın,
Yaz, ay qardaş, o yazıya anamı yaz.
Elə yaz ki, sözlərin ruh oxşasın,
Kövrəlt duyğumuzu sözünlə bir az,
Yaz, ay qardaş, o yazıya anamı yaz.
Yandırma gəl, imanı sən, dini sən,
Qaldırarsan asimana ünü sən.
Ana dağın yaşamısan, görmüsən,
Çala bilməz bu havanı telli saz,
Yaz, ay qardaş, o yazıya anamı yaz.
Dərdimizi səhifələ, sən varaqla,
Köçkünləri mahal-mahal soraqla.
Öyrənmisən ya şam ilə, çıraqla,
Payız olsun, ya qarlı qış, ya da yaz,
Yaz, ay qardaş, o yazıya anamı yaz.
Gəlni olub Güllər ulu ocağın,
Bərəkətli, həm də dolu bucağın.
Çox çəkərik ağrısını bu dağın,
Döyər bizi çovğun, sazaq, ya ayaz,
Yaz, ay qardaş, o yazıya anamı yaz.
Anaların dərdini qoşa yaz orda,
Məhəmməd, dərdlərdən başa yaz orda.
Başdaşı deyilən daşa yaz orda,
Axsa da gözündən Kür ilə Araz,
Yaz, ay qardaş, o yazıya anamı yaz.

Ürəyim soyumamış, elə həmin qoşmanın ardınca da bu şeirlər yaranmışdı o vaxt:
Barmaqları zərgər idi anamın,
Şirin dili pərgar idi anamın.
Otaqlısı səngər idi anamın,
Dadı-tamı çörəyində qalıbmış.
Yazılmışdı ömrün qara səhifəsi,
Qartalların qayalarda qıy səsi.
Bulaqların zümzüməli nəğməsi,
Dərd şələsi kürəyində qalıbmış!
Xalça-kilim var-dövləti, yatarı,
Bir cüt oğlu iki gözü – tutarı.
Durnasının dağılmışdı qatarı,
Açılmayan ürəyində qalıbmış.
Güllər anam anaların başıydı,
Tək həmdəmi gözlərinin yaşıydı.
Yaşadığı kür taleyin qışıydı,
Ağrıları vərəqində qalıbmış.
Gül açmışdı öləndə də üzləri,
Dikilmişdi yollara hey gözləri.
Qardaşların qatlanmayan dizləri
Kəlbəcərli təpərində qalıbmış.

Anam haqqında nə qədər yazsam da, sanki bu gün də heç nə deməmiş kimiyəm. Bir xəzinə yatağı idi sinəsi, heyf ki, uzun illər onu hər kəsdən gizli saxlamışdı, elə biz balalarından da. Xüsusən də atamın onun şeir yazmasını necə qarşılayacağından ehtiyat edib, üzə çıxarmağa çalışmamışdı. Amma, bir qadın ki, Əziz xanım Cəfərzadədən dərs alsın. Kitabxanaçılıqda oxuyanda
Əzizə Cəfərzadə müəllimi və həm çox yaxın rəfiqə olmuşdular. O, sözün keşiyində əsgər kimi dayanıb, şam kimi əriyirdi. Anam həm də gözəl xalı-xalça toxuyardı.
Həsrətindən, hicranından toxunub,
Xalçası-kilimi sözdü anamın!
"Kərəmi" üstündə ağı oxuyub,
Kəlməsi alovdu, közdü anamın.
"Qəriblər ağısın oxuyan dürna"
Qızınır dərdinin sönməz oduna.
Gecələr şərikdi ahu-zarına,
Silsilə dərdləri yüzdü anamın.
Xəyalı dağlarda, çatmayır əli,
Qaçqın-köçkün olub didərgin eli.
Tərtərdi göz yaşı, daşqındı seli,
Cənnəti dərədi, düzdü anamın.

Anasızlıqdan ötən yeddi ilin ağrılarını da 12 mart 2013-cü il tarixdə
belə ifadə eləmişdim:

Yeddi ildi yuxun qaçıb gözündən,
Yeddi ildi taqət düşüb dizindən,
Yeddi ildi yağış süzür üzündən,
Gözlərimdən axan yaşa dönmüsən,
Ay ana, yatmısan, daşa dönmüsən?!
İllər ötür, yaxamı dərd tanıyır,
Sağalarmı, yaralarım qanıyır?!
Balaların günlərini sanıyır,
Pərvazlanıb yoxsa quşa dönmüsən?!
Ay ana, yatmısan, daşa dönmüsən?!
Daşlaşıbdı baxışınız bu daşda,
Gərəksiniz elə vallah bu yaşda.
Dözəmmirik, qalx ayağa, yığış da,
Atam ilə yurda qoşa dönmüsən,
Ay ana, yatmısan, daşa dönmüsən?!
Gəldim ki, könlünüzü alım da gedim…

Qardaşım İbrahim yazır: “…Anam Güllərin növbəti ildönümündən əvvəl qəbristanlığı tək ziyarətə getdim. Orada anamla dərdləşdik. O, dillənmirdi, susmuşdu, əbədi yuxuya getmişdi, oyanmadı, elə bil Murovdakl kimi donmuşdu…
Gəlmişəm, ay ana, qurbanın olum,
Bu gecə yanında qalım da, gedim!
Bura bir şennikdi - kəndimiz burda,
Kəndimin qonağı olum da, gedim!
Bahar deyil, hər yan mənə qışdı ki,
Tənha çəkdim, dərd həddini aşdı ki.
Ürək deyil, sinəmdəki daşdı ki,
Dəyişib ovqatım, halım da, gedim?!
Niyə susdun, bir pıçılda, gileylən,
Gələ bilmir oğlun-qızın ha söylən.
Məni tutsa bu xəstəlik deyilən,
Gəldim könlünüzü alım da gedim.
Bilirəm nigaran yatırsız burda,
Ruhunuz dolanır, viranə yurdda.
Bilmirəm ruhumun məkanı harda,
Acı xəyallara dalım da gedim.
Ay ana, son gəliş, son gediş olsa,
Mənə halallıq ver, son görüş olsa,
Allahın izniylə bir dönüş olsa,
Qalxıb buludlara dolum da gedim... “[/color
]
Bu da mayın 3-ü!
Bu gecəni də mən Bakıda, qardaşım İbrahim Gəncədə 2005-ci ildən bu günə qara gələn 3 mayını dirigözlü açdıq, həm də oruc ağızlı, ağzı dualı!
Qardaşıma belə bir cavab məktubu yazdım onun həmin şeirindən sonra: “…İbrahim, canımın ağrıyan yeri, gözümün görən bəbəyi! Sən yalnız qardaş deyilsən! Ürəyimə ən yaxın dost-sirdaşsan! Bu şeirini indi oxudum. Nə yaxşı ki, elə indi oxuyuram, göz yaşlarımla islada-islada!!! Anamıza Allah rəhmət eləsin! Atamızın yeri behişt deyil! Kəlbəcərsizliyə dözməyən ata-anamızın ruhları qarşısında günahkar-günahkar nəsə yaza bilsək də, onlara borcumuzu ödəyə bilmərik!
Sənin hər misran canıma-qanıma hopur. Mənim bir çiyindaş borcum da qalıb - ürəyinin sızıltılarını toplayıb tərtib etdiyim "Murovda qalan haray" kitabını oxuculara təqdim etməyə, həm də tezliklə, Tanrıdam aman və imkan istəyirəm. Sənin istedadın mənim quru pafoslu adımın kölgəsində qalsa da, dəyərini heç vaxt itirməyəcək. Bu dəfə də ata-ana görüşünə mənsiz getmisən!
Ziyarətin qəbul olsun, ay qardaş,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Göz yaşınla islandımı qara daş,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
İlmə-ilmə ürəyini didirsən,
Ziyarəti yenə təkcə edirsən.
İlin bütün dörd fəslini gedirsən,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Dərd daşıyan ürəyinə qurbanam,
Sən o Allah ağlıyırmı, de, anam?!
Bu gün yenə sızıldayan kamanam,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Susma, nolar, yazdıqların de gəlsin,
Ah-amanın qoy üstümə ələnsin!
Məzar daşı göz yaşıma bələnsin,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Çoxalıbmı atam kimi yatanlar,
Bizim kimi dərdə-qəmə batanlar?!
Kəlbəcərsiz son mənzilə çatanlar
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Yüz yaşlı ataya nə giley-güzar?!

...Dədə ocağından perik düşdükdən sonra “Dədə ocağı” kitabını yazanda Dədə Şəmşirin Ağdabanda faciələrə yaşayan nəslinin ağrı-acılarından söz açmışdım. Bir gecə dədəm yuxuma girdi. Gileylənmədi, amma eləcə baxışları ilə mənə “özünün dədə ocağını da unutma, oğul, sonra sənə nankor deyərlər”,-deyib “qeyb oldu”.
Yuxudan dik atıldım. Atam məni niyə danlamadı? Axı, ata ocağımızdan yox, Dədə Şəmşir ocağının faciələrindən yazmışdım. Giley olmasa da, qınaq idi. Bundan sonra beş para kəndimizin, o cümlədən də nəslimizin əlçatmaz tarixini vərəqləməyə başladım. Haqlı idi atam. Elə bu yaşda da ataya ata lazım olurmuş. Ölməz şairimiz Bəhmən Vətənoğlu yazırdı:
Könlüm ata nəsihəti istəyir,
Dillərinə qurban olum, ay dədə.
İstəyirəm səhvim üstə döy məni,
Əllərinə qurban olum, ay dədə…
Murovdağdan gələn haray!

…İş yerindən məzuniyyət alıb Gəncəyə, balaların, doğmaların yanına gəlmişdim. Kəlbəcər iki il idi ki, düşmən əsarətindən azad edilmişdi. Artıq Kəlbəcərə yollar çəkilir, tunellər açılır, bərpa və yenidənqurmaya başlanmışdı. Jurnalist həmkarlarımdan ikisi - Azərtacla Az.TV-nin əməkdaşı Kəlbəcərdən çəkilişə gedirdilər. Soraqlarını alıb mən də onlarla birlikdə dogma ata yurdunu ziyarət etmək istəyirdim. Sabah tezdən Murovdağın ətəyində, Toğana kəndində görüşməli və birlikdə getməli idik. Açığı, bunu bir mən bilirdim, bir də onlar. Gecə yuxuda atamı gördüm. Neçə il idi ki, yuxularıma gəlməyən atam mənə elə gəldi ki, Murovdağın zivəsindəydi. Duman-çiskin olduğuna görə heç yan görünmürdü. Amma atamın səsi gəlirdi:
-Ayə, qayıt geri! Qayıt! Gir o qayanın köksünə! Sənə deməmişdim ki, duman Murovdağın başını alanda yuxarı mal-heyvan çıxartma?! Qayıt, sənə deyirəm! Ermənilər Murovdağın başındadır! Qayıt, oğul, qayıt geri, səni vuracaq bu nankor dığalar!..
Yuxudan dik atıldım, atam yuxularımda qaldı…
Kəlbəcərə səfərə də gecikmişdim. Gedənlər getmişdi. Mən yuxudan gec oyanmışdım. Məni o dəhşətli ölümün pəncəsindən atam qurtarmışdı sanki. Yuxuda “başımı qatmasaydı”, oyansaydım, həmkarlarımla gedəcəkdim. Amma, atama agah imiş ki, bu, ağır səfərdir, gedənlər qayıtmaya bilər. Beləcə, atam bu yaşımda da mənə doğru yol göstərdi.
Yalnız atam deyil, çoxları mənə sözgəlişi deyirdi ki, “ anana yamanca bağlısan”. Anamdan daha çox yazdığıma, şeirlərini paylaşdığıma görə belə deyirdilər. Sən demə, atamın da ruhu buna etinasız deyilmiş. Bir gecə yenə də atam yuxularıma gəlmişdi. Dərdləşirdik. Birdən qayıtdı ki:
-Anana yamanca bağlısan haaa. Mən də elə sənin kimi idim, yəqin mənə oxşamısan!
Elə bildim ki, atam məndən incikdir. Fikrinin davamında duydum ki, doğru deyirmiş:
-İncimirəm, vallah, dilinin əzbəridir anan. Ana haqqını unutmursan! Anama bağlı olduğumu mən sənin kimi hiss elədə bilmirdim. Allah sənə bu fitrəti verib - ana südü ilə əlinə qələm, dilinə kəlam verib Yaradan!Ona görə də Anaya bağlılğını gizlədə bilməzsən, oğul! Mən ölməmişəm, sənin yazılarınla ömrüm uzanır…
Atama heç nə deyə bilmədim. Demək, ataya hər vaxt ehtiyacımız olur.
Bu da 2024-cü ilin may ayının əvvəli. Kəlbəcərə qardaşım İbrahimlə ilk ziyarətimizdir. Bu ziyarətimiz üçün öz kəndimizin yetirməsi olan Hacı Abbasa dərin minnətdarlığımızı həmişə bildirəcəyik. Murovdağdan aşanda İbrahimin düşdüyü haldan qorxdum. Anlatdım ki, biz ata-ana yurduna, od-ocağı olmayan xarabalığa getsək də, doğmalarımızın ruhu dolaşan məkan müqəddəsdir. Ziyarətə ağlaya-ağlaya getməzlər. Getdik və nə görsək yaxşıdır? Sözlə ifadə edə bilmədiyimiz mənzərə. Necə deyərlər, “lələ köçüb, yurd ağlayır”. Otaqlıdan da əsər-əlamət qalmayıb.
Xaraba yurduna ayaq basanda,
Qabarlı əl izin görük, ay ata!
Heç nə qalmayıbdı bağda-bostanda,
O yorğun dizini gördük, ay ata!
Qabarlı əl izin görük, ay ata!
Ağaclar su dərdi quruyub-gedib,
Dəmir də dözməyib, çürüyüb-gedib.
Anamsa ağlayıb kiriyib-gedib,
Yaş donan gözünü gördük, ay ata!
Qabarlı əl izin görük, ay ata!
Bir uçuq divardı, bir də ki, bizik.
İbrahimlə burda, vallah, kimsəzik.
Ata-ana, həm də dörd qız əvəzik,
Nə ocağın, közün gördük, ay ata!
Qabarlı əl izin görük, ay ata!

Atamızın bu il, elə bu ay anadan olduğunun 100 illiyidir. Yüz yaşlı atamızı itirdiyimiz yaşda təsəvvür edirik. Atamızın xarakterini yaza bilmirik. Sərtmi deyək?! Mülayimlərin də onun kimi, “üzünün döndüyü” anlar olur. Nə danaq: atamızı evimizdə, ailəmizdə anam bizə saydırıb. Anamızın gənclik illərindən şeir yazdğını atam bilməyib. Bilibsə də, onu yazıb-yaratmağa qoymayıb. Bəlkə də bilib, üstünü vurmayıb. Amma atamızın xasiyyəti əsl kişi xarakterli idi: dediyi kəlməni təkrar eləməzdi. Biz də buna yol verməzdik. Atamızın uşaqlıq illəri çox çətinliklə keçmişdi. Var-dövlətlərini sovetlər əllərindən aldığına görə, müflisləşmiş bir ailəyə çevrilmişdi. Bunu atamız yox, anamız danışardı bizə. Atamız Sumqayıt şəhərinin bünövrəsini qoyan “Bakı fəhləsi” də olmuşdu. Ailədəki qocaları, nənə-babaları damın altında qoyub, o, Sumqayıtda sona kimi qala bilməyərək geri qayıtmışdı. Bundan sonra sovet hakimiyyəti onu “qolçomaq nəvəsi” kimi “gözümçıxdıya salmışdı”. Hətta, dogma qohumu (“adını çəkməyə ehtiyac yoxdur, eldən ayıbdır”…) onu müəllimlikdən çıxardıb (öz vəzifəsindən qorxan maymaq), kolxozun qaramalına naxırçılıq eləməyə yollamışdı. Hətta, təhqir eləmək istəyəndə, atamız ona tərs baxışlarla sərt bir şillə də çəkibmiş.
Və atasızlığın 31 ili…
Atam, imkanlı, vəzifəli qohumlarından yarımayan yetim olmuşdu. Ona görə də sadəliyi, səmimiyyəti hər şeydən üstün bilirdi…
…Bu da 100 illik bir ömür sahibinin 70-ində bizdən ayrılalı haqqında qələmə aldığımız ilk yazı. Yox! Yox! Atamız heç vaxt unudulmayıb! Biz iki qardaş atamızın məzarı üstündə “şah sarayı” ucaltmasaq da, onun adını yaşatmaq üçün sədaqətli dosta, etibarlı qardaşa-sirdaşa çevrildik.
Hər ikimizin də qəlbindəki ATA SEVGİSİ əbədiyaşardı!
Kaş, atalar da analar qədər seviləydi! Bu, onların haqqıdır!
Kaş, atalara yaxşı övladlar qismət olaydı ki, yurdunda, evində, ailəsində çırağını yandıra, ocağını sönməyə qoymayaydı!
Biz buna çalışdıq, nə bacardıqsa, bilmirik!
Ata! Sənin 100 illiyin yubiley kimi təmtəraqlı, qonaq-qaralı keçirilməsə də, qəlbimizdə heykəlləşmisən və hər gün, hər saat bizə haqqın yolunu göstərirsən!
Dədə, sən 100 yaşlı müdrik ağsaqqal kimi elə bizə həmişə yol göstərəcəksən!
Dədə! 100 yaşın mübarək!
Dədə, gözlərin aydın, Kəlbəcərin azaddır!
Biz xaraba qalmış yurd yerimizi addım-addım dolaşdıq və hər qarışda sənin qabarlı əl izlərini gördük!
Biz elə o xaraba ocağında görüşdük! Sənin ruhun dolaşan o xarabalıq vallah cənnət-məkan idi, elə sənin özün kimi…
Nəriman Ələkbər oğlu Səfərlər-100
Məhəmməd Nərimanoğlu,
İbrahim Səfərlər,
Gəncə, 16 iyun 2024-cü il.

Son xəbərlər

Bakı “Dream Fest”ə hazırlaşır

“Uşaqpulu verilsə, ailələr 3-dən çox uşaq dünyaya gətirər” - FOTO

Məşhur cütlüyün serialında daha bir aktrisa - FOTO

Bakı Dünya Çempionatına ev sahibliyi edəcək

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

Prezidentin gəlini xeyriyyə tədbirində - Fotolar

Prezidentin qızları bayramı onlarla keçirdi - Fotolar

Yuxu saatı tez-tez dəyişənlər üçün pis xəbər - Tez qocalacaqlar

TƏBİB gücləndirilmiş iş rejimində keçir

Emmanuel Makron İlham Əliyevi təbrik edib

Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edib

MSK bu ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

TƏBİB tabeli iki tibb müəssisəsinə yeni direktor təyin olunub

İtkin düşən aktyor ölü tapıldı

Rusiyanın müdafiə naziri Azərbaycana səfər edə bilər

Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi

“Arka sokaklar”la bağlı qərar dəyişdi

Hakan Fidanı canlandıracaq

BELA ZƏNGİBASARLI : ŞƏFALI ƏLLƏRİNİZ VAR OLSUN, QURBAN HƏKİM! - FOTO

Sabah 30 dərəcə isti gözlənilir

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

Sahibə Qafarova: WUF13-ün uğurla keçirilməsi İlham Əliyevin siyasətinin müsbət nəticəsidir

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031