Xəbərlər
15.09.2026, 11:22
“... DÜNYANIN YÜKÜNÜ ÇƏKƏNDİ ŞAİR”
Sizə təqdim etdiyimiz bu müsahibə 9 il bundan əvvəl qələmə alınıb. Biz onu təkrar dərc etməklə şairin duyğularını təzələyirik.
RAHİL MƏMMƏD:” Səyavuş Sərxanlı, Məmməd Aslan, Nəriman Həsənzadə, İlyas Tapdıq, Məmməd İsmayıl, o dövrün digər tanınmış yazıçı və şairləri tez-tez qonağımız olardılar...”
Rahil Məmməd (Rahil Gülağa oğlu Məmmədov) 1951-ci il oktyabrın 23-də Sabirabadın Cəngən kəndində anadan olub. Ali təhsillidir. Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib.. Dövri mətbuatda 1980-ci ildən şeir, hekayə, ədəbi-tənqidi və publisistik məqalələrlə çıxış edir. Beş kitab müəllifidir. “Azərbaycan”, “Ulduz”,”Qızıl pero” jurnallarında, “Aran” Ədəbi Toplusunda, “Suqovuşan” Ədəbi Məclisinin kitab-almanaxlarında, Türkiyənin “Zaman”, habelə “Sərbəst düşüncə”, “Suqovuşan”, “Muğan-Şirvan” qəzetlərində və başqa mətbu orqanlarda şeirləri, digər bədii yazıları çap edilib. Xarici ölkələrin mətbuatında şeirləri, haqqında yazılar dərc olunub. Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Rahil Məmməd həyati faktlara əsaslanan sənətkardır. Hətta onun ümumi ruhda yazdığı şeirlərində belə konkretlik, dürüst fikirlər özünü göstərir. Poeziyasında yığcamlıq, az sözlə çox fikir demək, uzunçuluqdan qaçmaq meyli çox güclüdür. Şeirlərinin dili qısa, aydın və təsirlidir. Lirikası tərbiyəvi-siyasi əhəmiyyətə malikdir. Öz fikirlərini geniş oxucu kütləsinə çatdırmaq üçün daim yeni bədii vasitələr tapır.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlının R.Məmmədin “Yarpaq sevgisi” adlı kitabına yazdığı ön sözdə oxuyuruq: “R.Məmməd sürətlə yazır. Yazdıqlarının da harmoniyası uğurludur. Şeirləri ahəngdardır, poetikdir, ruha yaxındır”.
Filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli R.Məmmədin “Qoruyaq dünyanı” kitabına ön sözdə yazır: “R.Məmməd sözlə, şeirlə nəfəs alır, özü kimi şeirləri də müdrikdir, mənalıdır”.
R.Məmməd haqqında deyilmiş fikirlərin hamısını qələmə alsaq, uzun bir siyahı alınar.
Zəngin söz ehtiyatına malik R.Məmmədin povestləri və hekayələri də təsirlidir, insanı düşünməyə vadar edir. Onun əsərlərinin qəhrəmanları nəzərimizdə hərtərəfli inkişaf etmiş həyati insan kimi canlanır.
Bu gün Rahil Məmməd Azportal.az-ın qonağıdır. Ona ilk sualımız belə oldu:
-Rahil müəllim, bu qədər uzaq zaman məsafəsindən dönüb geriyə, ömrün yaşanmış illərinə baxanda nələri görürsünüz, yaxud belə demək mümkündürsə, həyatın ötən illərini daha çox hansı lövhələri ilə xatırlayırsınız?
-Ən çox yadımda qalan uşaqlıq və yeniyetməlik dövrüdür. Kəndimizin kənarında sıx meşə vardı. Elə bil Kürün yaxasında yaşıl lövhə asılmışdı. Vaxtımızın çoxunu təbiətin qoynunda keçirər, Kürdə çimərdik. Həmin təbiət lövhəsinə şeir də həsr etmişdim. Ədəbi məclislərin birində şeiri İlyas Tapdığa oxudum. O, bundan çox təsirləndi və dedi ki, əslində bu meşə haqqında balladadır. Bakı Elektrik Maşınqayırma zavodunda işlədiyim illərdə poeziya gecələri təşkil edərdik. Səyavuş Sərxanlı, Məmməd Aslan, Nəriman Həsənzadə, İlyas Tapdıq, Məmməd İsmayıl, o dövrün digər tanınmış yazıçı və şairləri tez-tez qonağımız olardılar. Poetik tapıntılarımız çox olurdu.
-Şeir yazmağa nə vaxtdan başlamısınız?
-İlk şeirimi beşinci sinifdə oxuyanda yazmışam. Sonralar yerli “Muğan” (indiki “Suqovuşan”) qəzetində şeirlərim dərc edildi. Orta məktəbdə oxuduğum illərdə 400-dən çox kitab mütaliə etmişdim.
-Deyirlər, əsl şairlər kəndlərdən çıxırlar. Sizin bu fikrə münasibətiniz necədir?
-Əsl sənətkarın doğuluşu üçün məkan sindromunu qəbul etməsəm də, hər bir sənət əsərinin Allahın bəndəsinə pıçıltısı olduğunu dərk etsəm də, hərdən mənə elə gəlir ki, kənd elə təbiətin özüdür. Çəməni, çiçəyi, bulağı, şəlaləsi ilə...Salxım söyüdləri ilə. Bulaq əsl saflıq, təmizlik simvoludur. Dağ əzəməti, vüqarı ilə insana güc, qüvvət verir. Həmişə dağlara bənzəmək istəmişəm.Bizim tərəflər təbiətin bu nemətlərindən məhrumdur. Uşaqlıqdan dağın, şəlalənin, bulağın həsrətini çəksəm də yenə doğma kəndimi şəhərə nisbətən daha poetik görürəm. Kənd həmişə tərbiyəvi olub. Ümumiyyətlə, mən şair və yazıçılarımızın şəhərdə cəmləşməsinin əleyhinəyəm. Axı, bir zamanlar bizim ədəbiyyatın ünvanı Bakı deyil, Gəncə, Şirvan, Təbriz, Naxçıvan, Tiflis olmuşdu. Gəlin etiraf eləyək, bu gün Musa Yaqubun təbiət şeirlərini, Məmməd İsmayılın qürbət şeirlərini kimsə yaza bilirmi?
-Yəqin bütün bunlara görə şəhərə üz tutmadınız?
-Mən doğmalarımın, onların dərd-sərlərinin arasında qalmağa üstünlük verirəm. Yazıçını, şairi öz yurd-yuvasından, özəl dərdlərindən ayırmaq onu ölümə məhkum etməkdir. Oxuculardan üzr istəyirəm, mən dərdlərimlə qol-boyun qalmağı sevirəm.
-Söz sizin üçün nə deməkdir?
-Allah “ol” deməklə kainatı hərəkətə gətirib. Dili sözün xəzinəsi adlandırırlar. Bu xəzinə hər bir zatın əsl simasını açıb göstərməyə qabildir. Mən uzun illər yaradıcılıqla məşğul olandan sonra bir müddət fasilə verdim. Fikirləşdim ki, dahilər hər şey barədə öz sözlərini deyiblər. Həmin ərəfədə “Mənə şair demə” adlı şeirim yarandı:
...Şair söz sərrafı, sözü inci bil,
Şairlik Tanrıdan verilən paydı.
Şairlik adicə əyləncə deyil,
Dünyanı titrədən haraydı, haydı....
...Mənə şair demə, atam balası,
Dünyanın yükünü çəkəndi şair.
Hikmətdən doğulan duyğularını,
Sətirlər üstünə tökəndi şair.
-Yeri gəlmişkən, “Yolçu yolda gərək” şeirində deyirsiniz:
Şairlik havadan, sudan, sevgidən,
Qəzəbdən, nifrətdən, nə bilim nədən-
Min-min duyğulardan yoğrulmaq imiş.
Sən demə, şairlik ikinci kərə
Özü öz qəlbindən doğulmaq imiş.
Bu hiss ancaq şairlərdəmi olur?
-Ola bilsin bu hiss bütün insanlara verilir. Ancaq ikinci kərə özü öz qəlbindən doğulmaq şairlərə məxsusdur. Mən şairi dənizdə, okeanda, dəryada, ümmanda bir limana bənzədirəm. Bu limana müxtəlif duyğular yan alır. Bu duyğuların içində sevinc, kədər, nifrət, qəzəb...vardır. Əgər şair sözü dirildə bilirsə, Aşıq Ələsgərin dediyi kimi, “Məcazi danışıb, məcazi gül”ə bilirsə, bax, o, şairdir.
-Şeirdən nəsr sahəsinə üz tutmağınız nə ilə əlaqədardır?
-Bu sualı mənə yazıçı Elçin Hüseynbəyli də vermişdi. Elə hadisələr var ki, bunları şeirə sığışdırmaq mümkün deyildir. Şeirdə deyə bilmədiklərimi geniş həcmli əsərlər vasitəsilə oxuculara çatdırmağı lazım bildim. Buna görə də nəsr sahəsinə üz tutdum. Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun redaktoru olduğu 320 səhifəlik “Onun tanımadığı tanışlar” romanım da bu səbəbdən yarandı. Romandakı mövzunu uzun illər idi ki, xəyalımda canlandırırdım. Buna görə də əsəri üç aya yazdım. Yeri gəlmişkən, Babək Qurbanov “Rahil Məmmədin yazdıqları üzərində düşüncələr “adlı geniş həcmli əsərlə Türkiyə mətbuatında çıxış etdi.
-Bir az da pedaqoji fəaliyyətiniz barədə danışın.
-1975-ci ildən bu ilin sentyabrına kimi müəllim işləmişəm. Dedilər ki, yaşın çoxdur, buna görə də səninlə müqavilə bağlaya bilmərik. Məndən də yaşca böyük pedaqoqlar vardır ki, onların zəngin təcrübəsinə bu gün daim ehtiyac duyulur. Elə gənc ədəbiyyat müəllimləri var ki, əruzu bilmir, dilçilikdən başı çıxmır, bir sətir yazı yazmağa belə çətinlik çəkir, bağlayıcıları sözün kökünə bitişik yazır. Ədəbiyyatdan dərs deyən müəllim tanıyıram ki, “qrup” sözünü “qurup” kimi yazır. Bəs bunlardan şagirdlər nə öyrənəcəklər?
-Artıq ömrün kamillik zirvəsinə çatmısınız. Bundan belə hansı işləri görməyi düşünürsünüz?
--Altıncı kitabım çapa hazırdır. “Mənim analı dünyam” adlanan bu kitabı anama ithaf etmişəm.
- Sizə can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Şeir zəminiz həmişə bərəkətli, ruzulu olsun! Tanrı sizi hifz eləsin!
-Sağ olun!
Qələmə aldı:
Elçin Nəsib, Azportal. az saytı, 27sentyabr 2017
(Elçin Nəsibin “Müsahibə” adlı kitabından)

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay