Turaztv.az » Xəbərlər » Elxas Comərd : DANIŞIR - FOTO
Xəbərlər

Elxas Comərd : DANIŞIR - FOTO

15.09.2026, 00:32 4
Həqiqətin baxan yoxdu üzünə,
Yerindən hər duran yalan danışır.
Alimi, məmuru, çox ziyalısı
Qorxur, danışmayır, qalan danışır.

Meydanı boş görüb gözə girənlər,
Yalaqlar, yaltaqlar, o iş verənlər,
Ətə diş qıcayıb yala hürənlər,
Yalan danışsa da, kalan danışır.

Mollası, axundu, mömin dindarı,
Təriqət fədası, möcüz cindarı,
Hacı, məşədisi - danışma barı,
Namazı qibləsiz qılan danışır.

Üçündən boşanıb, ikisini saxlayan,
Evdə ailəsinə düzgün baxmayan,
Vicdan, əqidəsin satıb toxtayan,
Namusdan, dəyərdən, filan danışır.

Dağıdılıb-daşınır ölkə sərvəti,
Bundan xalqa çatır cüzi “sünnəti”,
Başına qaxırlar, qoyub minnəti,
Faktla üz-göz olub, talan danışır.

Günahsız zindanda, günahkar çöldə,
Qanunda oxunur həm güclü dildə.
Sənə qalır təkcə: “Get, yıxıl, öl!” də,
Arvad-uşaq baxır, balan danışır.

Aylığa işləyən siyasilərdən
Hamsının, elə bil, mayası şərdən.
Allah, xalqı qoru bu asilərdən —
İndi fitnə-fəsad salan danışır.

Bizim TV-lərin olmub əzəli,
Turşuyub ləzzəti, itib özəli.
Heyvanat aləmi bundan məzəli —
Dayça, madyan qaçır, qulan danışır.

Ara qarışıbdı, məzhəb itibdir,
Nə vaxtdır mahnıda sona yetibdir.
Şıdırğı oyundan əl-qol “itibdir”,
Hamı oyundadır, çalan danışır.

Oxşar xəbərlər