Xəbərlər
Gəlin, bir az bu barədə düşünək!
İNSAN İNSANA HÖRMƏT ETMƏLİDİR
İnsan dünyaya gələndə özü ilə nə var-dövlət gətirir, nə də ad-san. O, bu dünyaya bir ömür yaşamaq, insanlarla ünsiyyətdə olmaq, sevmək, sevilmək, yaxşılıq etmək və özündən sonra xoş bir iz qoymaq üçün gəlir. Həyatın ona verdiyi ən böyük nemət insan olmaqdır. Bu nemətin qədrini bilmək isə hər kəsin öz mənəviyyatından, tərbiyəsindən, vicdanından asılıdır.
Bir insan olaraq biri-birimizə hörmət etməliyik. Bu, sadəcə, gözəl səslənən bir fikir deyil, insanlığın ən vacib qanunlarından biridir. Çünki hörmət olmayan yerdə səmimiyyət də olmur, etibar da, dostluq da. Bizim biri-birimizə münasibətimiz pozulanda cəmiyyətin mənəvi dayaqları da sarsılmağa başlayır.
Bəs hörmət nədir?
Hörmət yalnız böyüyün qarşısında ayağa qalxmaq, salam vermək, xoş söz söyləmək deyil. Bunlar, əlbəttə, lazımdır. Ancaq həqiqi hörmət insanın özündən zəif olana münasibətində, çətinliyə düşənə kömək əlini uzatmasında, başqasının haqqını tapdalamamasında, özgəsinin qəlbini qırmamaq üçün sözünü ölçüb-biçməsində üzə çıxır. Adamın əsl böyüklüyü onun özündən yuxarıdakılara necə davrandığı ilə deyil, özündən aşağıda hesab etdiklərinə necə münasibət göstərdiyi ilə ölçülür. Mənim uşaqlıdan indiyədək beynimə bir şüar əbədi olaraq həkk edilib: böyüyə böyük kimi, kiçiyə də kiçik kimi yanaşmaq, hərəni öz dilində danışdırmaq. Özümdən yaşca balacalar arasında da, böyüklər arasında da sanballı, sadiq dostlarım var. Qarşılıqlı hörmət əsasında münasibətlərimizi davam etdiririk.
Bəzən elə adamlara rast gəlirsən ki, vəzifəsi var, pulu var, ətrafında ona baş əyənlər çoxdur. Elə bilir ki, bunların hamısı onun böyüklüyünün əlamətidir. Danışanda başqalarının sözünü kəsir, öz fikrini hamıdan üstün tutur, qarşısındakının qəlbinə dəyib-dəymədiyini düşünmür. Belə adamlar unudurlar ki, vəzifə müvəqqətidir, sərvət əldən çıxa bilər, şöhrət bir gün öz yerini sükuta verər. Amma insanın başqasının qəlbində qoyduğu iz uzun müddət yaşayır. Belə hallarla da dəfələrlə rastlaşmışam. Etik qaydalara uyğun olaraq adlarını çəkmirəm. Amma bir fakt olaraq yaddaşıma həkk etmişəm.
Dostlarımın arasında sadə, sakit, təvazökar olanlar da var. Nə özünü gözə soxur, nə də gördüyü yaxşılığı dilə gətirir. Bir ehtiyacı olanın əlindən tutur, bir kimsəsizin halını soruşur, bir qocanın sözünü dinləyir. Bəlkə də bu adamın adı heç yerdə çəkilmir, haqqında məqalələr yazılmır. Belələrini bir neçə dəfə müstəlif yolla mətbuata gətirmək istəmişəm, amma arzı olmayıblar. Ancaq onların insanlıqları çoxunun şöhrətindən daha qiymətlidir. Özləri də bilirlər ki, insanın böyüklüyü tutduğu vəzifə ilə deyil, daşıdığı mənəviyyatla ölçülür.
HƏYATDA ƏN AĞIR YARALARDAN BİRİ İNSANIN QƏLBİNİN QIRILMASIDIR...
Bədənin yarası zamanla sağala bilər, amma bir acı sözün, bir alçaldıcı baxışın, bir haqsız münasibətin izi illərlə insanın içində qala bilər. Bəzən bir kəlmə adamı həyata qaytarır, bir kəlmə də onu insanlardan soyudur. Ona görə danışanda düşünmək, mühakimə edəndə anlamağa çalışmaq, hökm verməzdən əvvəl qarşı tərəfin vəziyyətini nəzərə almaq lazımdır. Axı biz heç kimin həyatını tam bilmirik. Gülən adamın daxilində hansı dərdin gizləndiyini, susan adamın hansı ağrını yaşadığını, sərt görünən insanın nələrdən keçdiyini haradan bilək? Bəlkə onun köməyə ehtiyacı var, bəlkə bir xoş sözə möhtacdır. İnsanlıq elə buradan başlayır: başqasının ağrısını hiss etməyə çalışmaqdan, onun dərdinə laqeyd qalmamaqdan.
HÖRMƏTİN BİR TƏRƏFİ DƏ İNSANIN HAQQINA HÖRMƏT ETMƏKDİR...
Başqasının əməyini mənimsəməmək, onun sözünü kəsməmək, uğuruna paxıllıq etməmək, haqqını öz mənafeyinə qurban verməmək... Bunlar insan münasibətlərinin görünməyən, amma möhkəm sütunlarıdır. Bu sütunlar sarsılanda nə dostluq uzunömürlü olur, nə ailədə mehribanlıq qalır, nə də cəmiyyətdə qarşılıqlı inam möhkəmlənir.
Ən acınacaqlısı budur ki, bəzən insan özünə göstərilən hörməti təbii haqqı sayır, amma başqasına hörmət göstərməyi özünə sığışdırmır. Hamıdan diqqət gözləyir, özü diqqətsiz davranır. Hamıdan səbir istəyir, özü bircə xoşagəlməz sözə dözmür. Hamının onu anlamasını istəyir, amma başqasını anlamaq üçün bir an belə dayanmır. Belə münasibətlə nə insanlıq qazanmaq olar, nə də həqiqi nüfuz.
Unutmayaq ki, hörmət qorxu deyil. İnsan səndən qorxa bilər, amma bu, sənə hörmət etdiyi demək deyil. Qorxu insanı susdurar, hörmət isə ona səmimi söz demək cəsarəti verər. Qorxu qarşısında baş əyən adam fürsət düşəndə üz döndərə bilər, amma hörmətlə bağlanan könül sədaqəti qoruyar. Buna görə də insanları özündən çəkindirməkdən çox onlarda etimad yaratmağa çalışmaq lazımdır.
Hörmət birtərəfli münasibət də deyil. İnsan başqasına hörmət göstərməyi bacarmalıdır ki, özü də hörmət görsün. Ancaq bu o demək deyil ki, bizə hörmətsizlik edən hər kəsə qarşı susmalı, haqsızlığa dözməliyik. Əsla! İnsan öz ləyaqətini də qorumalı, haqqını da müdafiə etməlidir. Başqasına hörmət etmək özünü alçaltmaq deyil; özünə hörmət etmək də başqasını alçaltmaq demək deyil. Əsl mədəniyyət bu iki həqiqəti eyni vaxtda dərk etməkdir.
İnsan ömrü çox qısadır. Bu qısa ömürdə bir-birimizin qəlbini qırmağa, kin saxlamağa, paxıllıq etməyə, xırda maraqlar uğrunda münasibətləri korlamağa dəyərmi? Sabah kimin harada olacağını, kimin hansı çətinliklə üzləşəcəyini heç kim bilmir. Bu gün köməyinə ehtiyac duymadığımız bir insanın sabah dəstəyinə möhtac qala bilərik. Ancaq yaxşılığı yalnız özümüzə lazım olanda xatırlayırıqsa, deməli, insanlığın mahiyyətini hələ dərk etməmişik.
İnsanın əsl sərvəti onun haqqında deyilən xoş sözlər, qazandığı etibar, başqalarının qəlbində yaratdığı inamdır. Həyatın sonunda heç kim insanın nə qədər adamı özündən asılı vəziyyətə saldığını, neçə nəfəri susdurduğunu, nə qədər insanı öz qarşısında baş əydirdiyini xatırlamaq istəməz. Əsas sual başqadır: bu dünyada kimə yaxşılıq etdin, kimin dərdinə şərik oldun, kimə dayaq oldun, kiminsə qəlbində necə bir xatirə qoyub getdin?
BİRİ-BİRİMİZƏ HÖRMƏT ETMƏYİ BACARMALIYIQ
Çünki hər insanın öz taleyi, öz ağrısı, öz ümidi və öz ləyaqəti var. Heç kəsin qəlbini qırmağa, zəhmətini kiçiltməyə, şəxsiyyətini alçaltmağa haqqımız yoxdur. İnsanları fərqləndirən onların imkanları deyil, bu imkanlardan necə istifadə etmələridir.
Gəlin bir-birimizə münasibətdə daha diqqətli, daha mərhəmətli, daha ədalətli olaq. Bir xoş sözü əsirgəməyək, bir ehtiyac sahibinin əlindən tutaq, bir haqsızlığın qarşısında susmayaq. Çünki hörmətlə böyüyən insanın ətrafında inam yaranır, mərhəmətlə yaşayan insanın ömrü mənəvi məna qazanır.
Biz özümüzə - biri-birimizə hörmət etməyi bacarmalıyıq, çünki insanın qiyməti onun kimə hökm etməsində deyil, kimə dəyər verməsindədir. İnsanlığın böyüklüyü də elə bundadır: başqasının ləyaqətini qorumaqla öz mənəviyyatını ucaltmaq.
Bir hadisəni xatırlayıram. Kiçik bir idarədə uzun illər çalışan yaşlı bir xadimə vardı. Səhər hamıdan tez işə gələr, otaqları təmizləyər, dəhlizləri səliqəyə salar, işçilərin rahatlığı üçün əlindən gələni edərdi. Çox danışmazdı. Heç kimin işinə qarışmaz, öz zəhməti ilə dolanardı. Bir gün idarəyə gələn vəzifəli şəxslərdən biri hamının gözü qarşısında ona sərt şəkildə irad tutdu. Sözün özü bəlkə də ağır deyildi, amma deyilişindəki təkəbbür, baxışındakı etinasızlıq yaşlı qadının qəlbinə toxundu. Qadın başını aşağı saldı, heç nə demədi. İşini bitirib sakitcə kənara çəkildi.
Həmin vaxt orada olan gənc bir əməkdaş bu mənzərəyə dözmədi. Vəzifəli şəxsə hörmətsizlik etmədən, sakit səslə dedi:
- O da bizim kimi insandır. Ömrünü zəhmətlə keçirib. Onunla bir az mehriban danışmaq olmazmı?
Otağa sükut çökdü. Vəzifəli şəxs cavab vermədi. Gənc əməkdaş isə yaşlı qadına yaxınlaşıb onunla hal-əhval tutdu, gördüyü işə görə təşəkkür etdi. Qadının üzündə zəif bir təbəssüm yarandı. Bəlkə də həmin an onun üçün təşəkkürdən daha qiymətli olan, bir insanın onun ləyaqətini müdafiə etməsi idi.
Bu hadisədə böyük bir qəhrəmanlıq yox idi. Heç kim mükafat almadı, heç bir yerdə bu barədə məlumat getmədi. Amma bir insanın qəlbi qırılmaqdan xilas oldu, başqa bir insan isə öz mənəvi böyüklüyünü göstərdi.
Həyatın həqiqəti də budur. Bəzən bir insanın illərlə gördüyü yaxşılığı bircə kobud sözlə kölgədə qoyuruq. Bəzən də bircə xoş münasibətlə onun yaddaşında ömürlük qalırıq. İnsan olmaq yalnız öz işini görmək deyil, başqasının insan olduğunu da unutmamaqdır. Axı təmiz işçisinin də, müəllimin də, fəhlənin də, alimin də, rəhbərin də ləyaqəti var. Peşələr fərqli ola bilər, vəzifələr dəyişə bilər, amma insanın insana göstərməli olduğu hörmət dəyişməməlidir. Əsl mədəniyyət insanın özündən asılı olmayan üstünlükləri ilə öyünməsində yox, heç bir üstünlüyü olmayan yerdə belə başqasına dəyər verməsində görünür.
Gəlin, bir az bu barədə düşünək!
Daşdəmir ƏJDƏROĞLU













