Turaztv.az » Xəbərlər » "İncə fikirlər" layihəsinin bu dəfəki qonağı , yazıçı - publisist, şair Arzu xanım Heydərovadır - FOTO
Xəbərlər

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı , yazıçı - publisist, şair Arzu xanım Heydərovadır - FOTO

29.10.2026, 21:46 32

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı dəyərlimiz, əzizimiz, Balsəs imzası ilə tanınıb sevilən, AJB (2019)- nin və AYB (2020)-nin üzvü, Prezident təqaüdçüsü (2026), yazıçı - publisist, şair Arzu xanım Heydərovadır.

Arzu xanım, Balsəs imzasını sizə kim verib?

Salam, hər vaxtınız xeyir olsun, "Ədəbi ahəng" vizual ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru, "İncə fikirlər" layihəsinin yaradıcısı və layihə rəhbəri, mənim üçün çox dəyərli olan Atlaz Rzayi, ilk öncə mənə, yaradıcılığıma göstərdiyiniz dəyərə görə sizə təşəkkürümü bildirirəm. Suallarınıza gəldikdə isə deyim ki, "Balsəs" ləqəbi ilə maraqlananlar çoxdur. Çoxları ləqəb və təxəllüsün fərqli mənalar daşıdığını bilmirlər. Amma ədəbi dilimizin qaydalarına əsasən deyim ki, ləqəb hər bir insana cəmiyyət, dostlar, ümumiyyətlə, ətrafdakılar tərəfindən verilir. Təxəllüsü isə insan özü seçir. Elə sizin daşıdığınız "Rzayi" təxəllüsü kimi.
"Balsəs" imzası mənə verilmiş ləqəbdir və bu ləqəb mənə ilk dəfə xaricdə yaşayan həmyerlimiz, muğamşünas Nazim Acalov tərəfindən verilib. Nazim müəllim mənə yazdığı bütün rəylərdə bu ləqəblə xitab edirdi. Sonralar ustad şairimiz Əhməd Haqsevər bu ləqəbin yayılması üçün çox çalışdı və buna nail oldu.

Arzu Heydərova kimi, yoxsa Arzu Balsəs kimi tanınmaq xoşunuza gəlir?

Düşünürəm ki, soyadın öz yeri, ləqəbin və ya təxəllüsün də öz yeri vardır.
Əslində sosial şəbəkələrdə tanınmaq, eyniadlı şəxslərdən seçilmək üçün bizim hər birimizə təxəllüs, yaxud ləqəb lazımdır. Mən dəyərli insanlar tərəfindən mənə verilmiş bu ləqəbi Facebook profilimə əlavə etmədim, çünki o şəbəkə istifadəçiləri illərdir ki, dostluğumdadırlar və məni yetərincə tanıyırlar. Amma Youtube kanalım üçün bu lazım idi. Ən yaxın qohumlar belə kanalıma abunə olmaq istəyərkən çətinliklərlə üzləşir, mənim kanalıma abunə olmaqdansa, videolarımı paylaşan digər insanların kanallarına abunə olurdular. Əhməd müəllim başda olmaqla bir çox dostların israrlı xahişindən sonra Youtube kanalıma bu ləqəbi əlavə etdim. Məni çox dəyərləndirən dostların bu istəyini yerinə yetirmək məndə könül rahatlığı yaratdı desəm, düz olar. İnşallah ki, nəticəsi pis olmaz.
Hal-hazırda sosial şəbəkələrin yaratdığı qadağaların çoxluğu səbəbindən problemlərimiz çox olsa belə davam etmək məcburiyyətindəyik ( söhbət musiqi və filmlərdən götürdüyümüz kadrlara görə qoyulmuş qadağalardan gedir ).

İmtina etdiyiniz şeirləri sonradan qiraət etmisiniz?

İmtina etdiyim şeirləri sonradan qiraət etməmişəm. Mənə göndərilən şeirlər zəif olarsa, redaktə və korrektə edib səsləndirirəm - etiraz etmədən. Könül qırmaq xarakterimə ziddir. Amma bəzən gözəl bir şeirdə bircə bayağı ifadə olur ki, məhz o ifadəyə görə səsləndirmədiyim şeirlər olub. O müəlliflər bu müsahibəni oxuyurlarsa, təsdiq edəcəklər ki, həmin şeirlər səsləndirilməyib.

Hansı mövzuda olan şeirləri ifa etmək istəməzsiniz?

Düzünü desəm, satirik şeirləri ifa etməyi özümə yaraşdırmıram, hətta dostluq etdiyim bir xanım şairimiz onun satirik şeirlərini səsləndirmədiyim üçün məndən çox inciyib. Bilirəm ki, belə şeirlərin ifası şöhrət gətirir. Amma şöhrət üçün hər yola əl atmaq nüfuzsuzluq gətirəcəksə, olmaz. Bu da bir növ nəfsə qalib gəlmək kimidir.
Başqa dillərdə yazılmış şeirləri də bu sıraya aid edə bilərəm. Türk və rus dillərində şeirini səsləndirmək istəyənlərdən çox sifarişlər almışam. Qətiyyətlə razılaşmamışam. Mən rus dilində, türk dilində danışa bilərəm, amma bu dillərdə şeirlər söyləməyim fərqli alına bilər. Çox qiraətçilərin bu mövzuda gülüş hədəfi olduğunun şahidiyəm. Etika xətirinə dostlar rəylərdə "gözəldir, əladır, möhtəşəmdir" yaza bilərlər, yaxud yan keçərlər. Amma etdiyimiz səhvləri, ilk növbədə biz özümüz görürük və dostları da belə çətinliklər qarşısında saxlamamaq üçün hər vasitəyə əl ata bilmərik.

Öz şeirlərinizi özünüz səsləndirdikdə xoşunuza gəlir yoxsa başqasının qiraətində?

Əgər desəm ki, şeirlərimi səsləndirən qiraətçilərin heç birisi fikirlərimi çatdıra bilməyiblər, inanın. Oxucuların bu fikrimi yanlış anlamasını, təkəbbürlülük, özündənrazılıq kimi qəbul etməsini istəmirəm. Amma həqiqət budur. Şeiri dinləyiciyə çatdırmaq üçün əvvəlcə diqqətlə oxumaq, tələffüz qaydalarını yaxşı bilmək lazımdır. Şeirlərimi səsləndirənlər o qədər səhvlərə yol veriblər ki, günlərlə özümə gələ bilməmişəm. Deməyə çəkinmişəm, qəlb qırmamaq xətrinə susmuşam. Qəribə görünə bilər, amma belədir. Təkcə qiraət səhvlərinə deyil, hərf səhvlərinə də yol verirlər. Belə qiraətçilik yolverilməzdir. Bu fikirlər mənə həsr olunmuş şeirləri səsləndirənlərə də aiddir. Təsəvvür edin, bir qiraətçi mənə həsr olunmuş ithaf şeirini səsləndirir, amma video elə musiqi ilə hazırlanıb ki, sanki Xocalı faciəsindən bəhs edilir. Üstəlik sözləri düzgün çatdıra bilməmək də şeiri və şairi yerə vurur.

Qiraət sahəsində peşəkar olmaq üçün nə etmək lazımdır?

Qiraət sahəsində peşəkarlıq üçün bir neçə vacib məqamlar var. Səs hər şeyi həll etmir, əsas olan düzgün tələffüz və səs texnikasıdır, diksiya və avazdır, səsin tonunu tənzimləmək, ovqata düşmək, oxunacaq şeirin məntiq və mənasını anlamaq, durğu işarələrinə riayət etmək, mətnə uyğun səs tonu seçmək... Bunlar yazılışda çox və çətin görünə bilər, amma asan olması üçün mətnə qabaqcadan hazırlaşmaq lazımdır.

Sizcə hər kəs şeir səsləndirə bilər?


Bu sualın cavabını sosial şəbəkələrdə gündən-günə sayı çoxalmaqda olan şeir səsləndirənlər cavablamış kimidirlər. Əlbəttə, qiraətçi başqadır, şeirsəsləndirən başqa. Hamı şeir səsləndirə bilər, amma hamı peşəkar qiraətçi ola bilməz. Təxminən 6-7 il öncə şəxsən Facebookda az sayda qiraətçi var idi. Səsləndirmələr ödənişli olduqdan sonra onların əksəriyyəti yoxa çıxdılar. Səbəbi hamımıza aydındır və təbii ki bu, çox geniş bir söhbətin mövzusudur. Yəqin siz də müşahidə etmisiniz, nitqində qüsur olanlar belə şeir səsləndirirlər. Nəzərə almaq lazımdır ki, şeir ruhun musiqisidir; lakin dilin ahəngi pozulanda, bəzən könüldən süzülən duyğular sözün qanadlarında istədiyi kimi uça bilmir.

Şeir səslənməsinə əhval - ruhiyyənin nə qədər təsiri var?


Yuxarıda da qeyd etdiyim kimi, şeirlərin səsləndirilməsi zamanı ovqata girmək vacibdir. O zaman səslənmə də gözəl alınacaq. Peşəkar qiraətçi şəxsi məsələlərlə bağlı gərginlik keçirsə belə, əhval-ruhiyyəsini dəyişməli, səsləndirəcəyi şeirə və mətnə köklənməlidir. Bir məqamı da qeyd edim, qiraət bacarığı yüksək olan şəxs istənilən bir mətni ilk oxunuşdan da qiraət səhvlərinə yol vermədən oxuya bilər. Şəxsən mənə aparıcı olduğum tədbirlərdə yaxınlaşıb təqdim etdiyi şeirin oxunmasını istəyən o qədər dinləyicilər olub ki...

Bu sahədə qəlbiniz qırılanda mənəvi cəhətdən daha çox güclənirsiniz yoxsa küsürsünüz?


Bir neçə il öncəyə qədər ətrafdakılardan gördüyüm ədalətsizliklər məni həqiqətən ruhdan salırdı. Zaman keçdikcə anladım ki, "Gözəl baxan gözəl görər" deyimi nahaqdan deyilməyibmiş. Bir məsələyə dörd müstəvidən baxmaq olar, bir hadisəyə dörd fərqli yanaşma ola bilər, birmənalı qarşılanması mümkün olan məsələlər var ki, onlara da dörd baxış bucağı var. Gözəl düşünən insanların sayı çox deyilmiş - bu acı həqiqəti virtual aləmə aid olan insanları tanıyandan sonra anladım. Anladım ki, pislərin sayı daha çox imiş, yaxşılıq etdiyin yüz insandan tək bircəsi vəfalı olur, əksəriyyəti ələnə-ələnə azalır. Bunu dərk etdiyim üçün artıq əvvəlki kimi depressiyaya düşmürəm. Əksinə, belə insanları vaxtında tanıyıb uzaqlaşdığım üçün sevinirəm. İllər öncə yazdığım bir aforizm var: Mən dost etdiyim insanlar birləşib mənə düşmən oldular. Belələrini də gördüm. Təvazökarlıqdan uzaq olsa da, deyim, mən itirmirəm, itirən onlar olur, belələrinə ikinci şansı vermək də səhv qərardır.
Belə qara qəlbli adamlarla qarşılaşmasaq daha gözəl olar. Amma həyat mübarizə meydanıdır və bu meydanda xarakterimizin əksinə olan tiplər yetərincədir.

Ailədə bu sahədə davamçınızın olmasını istərdinizmi?


Çox istərdim. Kiçik oğlum Fəhminin səsi qiraətə çox uyğundur, hətta tanınmış qiraətçilərdən birinin səsinin eynidir. Ədəbiyyatı da, şeirlər dinləməyi də çox sevir. Amma onun öz sənəti var, beynəlxalq sertifikatlı iqtisadçıdır, mənimlə həmkar olmağa zamanı azdır deyə, alınması mümkün deyil. Gözləntim nəvəm Arzumdandır - balaca adaşımdan.Hələ heç bir yaşı da yoxdur, cəmisi yeddi aydır dünyaya gəlib. Onun davamçım olmasını çox arzulayıram.
"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı , yazıçı - publisist, şair Arzu xanım Heydərovadır - FOTO
Atlaz Rzayi
Turan Yazarlar Birliyinin üzvü,
"Ədəbi ahəng" vizual ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru.

Oxşar xəbərlər