Xəbərlər
14.09.2026, 13:27
ÖMRÜN İŞIQLI TƏRƏFİ
Pərixanım Muradova mənim qəlbimdə, xatirimdə işıqlı insan kimi qalıb
Bəzən insanın ad gününü təbrik etmək üçün uzun-uzadı sözlər axtarırsan. Sonra anlayırsan ki, ürəkdən gələn bir neçə cümlə bəzən neçə səhifə sözdən daha qiymətlidir. Çünki insan haqqında yazmaq başqa şeydir, insanın özünə yazmaq tamam başqa...
İstedadlı alim, qələm və ürək sahibi, yazıçı-publisist, dəyərli elqızımız Pərixanım Muradova haqqında düşünəndə mənim yadıma, ilk növbədə, onun tutduğu vəzifələr, aldığı titullar gəlmir. Əvvəlcə bir insan gəlir gözümün qabağına. Səmimiyyəti ilə adamın ürəyinə yaxınlaşan, sözü ilə könül alan, münasibəti ilə dostluğun qiymətini yaşadan İNSAN... Sonra düşünürəm: bu insanın ömründə nə qədər yol varmış...
Alimlik yolu...
Jurnalistika yolu...
“Elm və təhsil” qəzetinin məsuliyyətli baş redaktorluq yolu...
Elm polkovniki kimi şərəfli yol...
Və bütün bunların içində bir qadın ömrü...
İnsan illər keçdikcə bir həqiqəti daha yaxşı anlayır: həyatda vəzifələr dəyişir, titullar dəyişir, iş yerləri dəyişir, zaman dəyişir. Dəyişməyən isə insanın özüdür. Əgər insanın daxilində mərhəmət, dostluq, sədaqət, vicdan və insan sevgisi varsa, illər onu daha da zənginləşdirir.
Pərixanım xanımda mən həmişə bu zənginliyi görmüşəm. O, elə insanlardandır ki, yanında özünü yad hiss etmirsən. Bəzən uzun söhbətə ehtiyac qalmır. Bir baxış, bir kəlmə, bir gülüş kifayət edir ki, qarşındakı insanın sənin üçün yad olmadığını anlayasan.
Dostluq da elə budur. Dostluq hər gün danışmaq deyil. Hər gün görüşmək də deyil. Dostluq insanın yoxluğunda da onun haqqında yaxşı düşünməkdir. Çətin günündə yanında olmasa belə, ürəyində onun üçün bir yer saxlamaqdır. İllər keçsə də, münasibətin soyumamasıdır.
Pərixanım xanımla bağlı mənim ürəyimdə məhz belə bir duyğu var. Bəzən adam həyatın qaçaqaçında dostlarının qədrini vaxtında bilə bilmir. Hər kəs öz işinin, öz qayğısının ardınca düşür. Günlər ayları, aylar illəri qovur. Sonra bir gün dayanıb geriyə baxırsan və görürsən ki, həyat yolunda çox adam gəlib keçib, amma bəzilərinin izi qalıb. Pərixanım Muradovanın izi də qalanlardandır.
Elə insanlar var ki, həyatımıza səs-küylə daxil olurlar, sonra səssizcə çıxıb gedirlər. Elə insanlar da var ki, sakit gəlirlər, amma ömrümüzün yaddaşında uzun müddət qalırlar. Onları xatırlayanda üzümüzə təbəssüm qonur, ürəyimizdə qəribə bir istilik yaranır. P. Muradova mənim üçün belə insanlardan biridir.
Onun haqqında alimdir demək olar. Jurnalistdir demək olar. Baş redaktordur demək olar. Elm polkovnikidir demək olar. Amma bunların hamısından üstün bir söz var: İNSANdır.
Həm də öz dəyərini başqasını kiçiltməklə göstərməyən, öz böyüklüyünü nümayiş etdirməyə ehtiyac duymayan İNSAN.
Mən həmişə belə adamlara hörmət etmişəç. Çünki həqiqi ziyalılıq diplomda yazılan bir söz deyil. Ziyalılıq insanın danışığında, davranışında, başqasına münasibətində görünür. Alim olmaq elmi bilməkdirsə, ziyalı olmaq həm də insanı bilməkdir.
Pərixanım xanımın ömründə bu iki məqamın — ELM və İNSANlığın — biri-birindən ayrılmadığını düşünürəm.
“Elm və təhsil” qəzetinin baş redaktoru olmaq da təsadüfi məsuliyyət deyil. Adında iki böyük söz var: elm və təhsil.
Elm gələcəyə açılan qapıdır.
Təhsil həmin qapıya aparan yoldur. Jurnalist isə o yolu insanlara göstərən bələdçidir.
Pərixanım xanım illərdir bu məsuliyyətin içindədir. Qələm adamının işi kənardan asan görünür. Bir yazı yazılır, bir qəzet hazırlanır, bir səhifə açılır, bir başlıq qoyulur. Amma həmin səhifənin arxasında neçə insanın zəhməti, neçə saatın narahatlığı, neçə dəfə düşünülüb-daşınılması dayanır — bunu yalnız həmin insanlar bilirlər. Ona görə Pərixanım kimi cəfakeş, fədakar elm adamlarının, qələm sahiblərinin həm qədrini bilmək, həm də alqışlamaq mütləq vacibdir!
P. Muradova haqqında çox yazmaq olar, amma qalanları sonraya saxlayıram.
Ad gününüz mübarək!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



