Şair Akif Hocanı seçən şeirləri haqqında dost düşüncələrim...


Son vaxtlar yazdıqlarımla bağlı tam səmimi deyə bilərəm ki, mən heç vaxt müəllif seçməmişəm. Əksinə, oxuduğum hər bir yaradıcılıq nümunəsi, xüsusən də məni duyğulandıran bir şeir, məni müəllifə doğru aparıb.
Orta məktəb illərindən sonra ali təhsil almaq arzusu ilə şəhər həyatına düşdüm. Yaradıcılığa bütün varlığımla meyilli bir gənc kimi həyatımın qaynar çağlarında çoxlu insanlarla tanış oldum, dostlar qazandım. Onların arasında elələri oldu ki, həyatımın müəyyən mərhələlərində sözləri, hərəkətləri, davranışları ilə mənə mənəvi dayaq oldular. Bu insanların bəzilərini bu gün də minnətdarlıqla xatırlayıram.
İstər Ağsu rayonunun rayon qəzetində, istərsə də sonradan gəlib məskunlaşdığım Abşeron rayonunun qəzetində elə gözəl mənəvi keyfiyyətlərə, davranışlara malik insanlarla qarşılaşdım ki, bu gün də onları xatırlayanda haqqında düşüncələrimi qələmə almaq istəyirəm. Amma buna tələsmirəm. Bəlkə də bu, bir az qəribə səslənəcək, amma bilmirəm ömür vəfa edəcəkmi, yoxsa yox. Bu da həyatın dəyişməz həqiqətlərindən biridir.
Bir dəfə Elmlər Akademiyasının bağından keçib Azərbaycan Nəşriyyatına gedirdim. Xeyli aralıda qarşıdan, o vaxtlar “Abşeron” qəzetində çalışan Ədalət Abdinovun gəldiyin gördüm. Yaxınlaşanda, şən və şaqraq səslə ona dedim:
— Ədalət müəllim, əgər siz, Tahir müəllim, Sabir müəllim, Məmmədəğa müəllim, Cəfər müəllim və digər adın çəkə bilmədiyim əməkdaşlar məni işlədiyiniz qəzetin redaksiyasına gələndə xoş üzlə, mehriban qarşılamasaydınız, yəqin ki, mən indi mətbuatda yox, başqa bir sahədə fəaliyyət göstərəcəkdim. Nə yaxşı ki, sizlər varmışsınız...
Bu sözlərdən sonra Ədalət müəllimlə səmimi görüşdük. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib, həmin dövrdə “Abşeron” qəzetində çalışan Elmxan Mehrəliyevi, Sabir Nuru Türkeli, Süleyman Cəfərovu, Tahir Abdulovu, Bəhlul Seyfəddinovu, Mahmud Vəliini, Vaqif Alkərəmovu və digər həmkarları yada saldıq. Unudulmaz xatirələrdən, insan münasibətlərindən danışdıq. O söhbətin özündə belə keçmişin bir parçası, insanların bir-birinin həyatında buraxdığı izlər vardı.
Bunları xatırlamağımın səbəbi əslində yazıya girişdə söyləmək istədiyim fikrə bir qədər aydınlıq gətirməkdir.
Mən istər redaksiyada çalışdığım illərdə, istər 8 il komsomol təşkilatının katibi olduğum zavodda, istərsə də iyirmi beş illik fəaliyyətim ərzində Ədliyyə Nazirliyində təsisçi kimi qeydiyyatdan keçirdiyim “Vətən Övladı” və “Dəyənək” qəzetlərinin redaksiyalarında onlarla şair, yazıçı və yaradıcı insanla tanış olmuşam. Onların arasında istedadına, şəxsiyyətinə, mənə göstərdiyi münasibətə görə haqqında yazmağa layiq bildiyim çoxlu insanlar var.
Amma mən heç vaxt tanışlığımızdan, dostluğumuzdan və ya münasibətlərimizdən çıxış edərək kiminsə haqqında yazmağa çalışmamışam. Çünki hesab edirəm ki, yazı müəllifə olan şəxsi münasibətin deyil, əsərin doğurduğu təəssüratın nəticəsi olmalıdır.
İnsan haqqında yazmaq üçün onu tanımaq kifayət etmir. Bəzən insanı onun bir cümləsi, bir misrası, bir şeiri tanıdır. Elə olur ki, illərlə tanıdığınız bir insanın yaradıcılığına başqa gözlə baxmağa başlayırsınız. Elə də olur ki, heç tanımadığınız bir şairin bir şeiri qarşınıza çıxır və həmin şeir sizi müəllifin özünə aparır.
Mənim üçün əsas məsələ də elə budur.
Mən müəllifi seçmirəm.
Oxuduğum şeir məni müəllifə doğru aparır.
Əgər bir şeir məni oxuduğun an düşündürürsə, duyğulandırırsa, sözün daxili mənasına yenidən baxmağa vadar edirsə, deməli, həmin şeir mənim üçün artıq müəllifin qapısını açıb.
Mən də o qapıdan içəri daxil oluram...
Bu dəfə işlərimin çoxluğuna baxmayaraq AKİF HOCANIN “GƏLMƏDİN” şeiri şairin yaradıcılıq qapısın üzümə taybatay açdı. Bütün narahatçılığıma baxmayaraq "içəri keçib" şeiri oxudum.
İlk baxışda “Gəlmədin” şeiri klassik həsrət və intizar mövzusunda yazılmış sevgi şeiri təsiri bağışlasa da, misraların alt qatında gözləməyin insanı necə tükəndirməsi, verilmiş vədin yerinə yetirilməməsi, sevginin zamanla dərd və tənhalığa çevrilməsi dayandığın görüb şeiri birdə oxudum.
“Gəlmədin” sözünü sadəcə bir giley kimi yox, hər bəndin sonunda təkrarlanan emosional hökm kimi işlədildiyin gördüm.
Şairin qəlbində tutduğu lirik qəhrəmanı sevdiyi insanı gözləyir. Lakin bu gözlənti adi gözləmə deyil. Zaman keçir, fəsillər dəyişir, bağ-bağça solur, saçlar yolunur, eşqin atəşi külə dönür, nəhayət, insanın öz ömrü belə gözləmənin içində tükənir.
Ən maraqlı cəhət odur ki, şair “gəlmədin” sözünü altı bəndin hamısında son misranın sonuna gətirir. Beləliklə, hər bənd əvvəlki bəndin yaratdığı ağrını davam etdirir və sanki şeir boyu eyni qapının döyüntüsü eşidilir. "... Gəlmədin"

"Təqvimə baxmaqdan usandı gözlər,
Qınaq, tənə üçün, tükəndi sözlər.
Sevən öz sevdiyin, nə qədər gözlər?
Yazımız son bahar, oldu- gəlmədin."


Şair burada çox gözəl bir psixoloji detal verir. Bilirik ki, gözləyən adamın ilk düşməni zamandır. Təqvimə baxmaq artıq sadəcə tarixə baxmaq deyil, “nə vaxt gələcək?” sualına cavab axtarmaqdır.
Şair burada “Usandı gözlər” ifadəsini işlətməklən fiziki yorğunluqdan daha çox ruhi yorğunluğu göstərməyə çalışır.
Və ardınca,-“Sevən öz sevdiyin, nə qədər gözlər?”-deyərək, artıq səbrin sərhədini sorğulayır. Yəni sevən insan nə qədər gözləyə bilər?
Beləcə də, “Yazımız son bahar, oldu — gəlmədin” deyərək, yazın başlanğıc, son bahar isə bitməkdə olan ömür və münasibət hissinin göstəricisidir.

"Hicran məskən etdi dərdli sinəmi,
Daşıya bilmirəm kədəri, qəmi.
Mənalı baxışlar, hey üzür məni,
Bağımız, bagçamız, soldu- gəlmədin."


Burada şair təbiəti qəhrəmanın ruhuna çevrir. Həmdə, deyərdim ki, “Hicran məskən etdi” ifadəsi uğurlu bənzətmədir. Hicran artıq keçici vəziyyət deyil, sinədə məskunlaşmış dərddir.
Şair daha sonra, “Bağımız, bağçamız, soldu — gəlmədin.”-deyir.
Bu da təbiəti insanın daxili vəziyyətinin güzgüsünə çevriməkd deməkdir. Bağın-bağçanın solması əslində sevginin də solmasının simvoludur. Həmdə bu, klassik Azərbaycan poeziyasındakı təbiət-insan paralelliyinin müasir ifadəsinə yaxındır.

"Könüldə həsrətin, dilimdə adın,
Rişxəndi olmuşam qohumun, yadın.
Unutdum ey zalım, sevdanın dadın,
Söyüdlər saçını, yoldu- gəlmədin."


Şair bu bənddə lirik qəhrəmanının vəziyyətini daha da ağırlaşdırır. Çünki, sevdiyi insanın adı dilindədir, həsrəti qəlbindədir, amma özü artıq başqalarının nəzərində rişxənd obyektinə çevrilib.
Elə ona görə də, şair daha sonra deyir;-“Unutdum, ey zalım, sevdanın dadın...” Bu misrada ziddiyyət var. Axı, insan sevgini unutmur, amma sevginin əvvəlki şirinliyini unudur. Çünki sevgi artıq həsrətlə qarışıb.
“Söyüdlər saçını yoldu — gəlmədin.” - misrası poetik baxımdan maraqlıdır. Söyüdün sallanan budaqları saç obrazına çevrilir. Sanki təbiət də gözləyir, kədərlənir və saçını yolur.

"Axı sən deyildin, sevgidə naşı,
Yanaqda buz tutub gözümün yaşı.
Külə dönməkdədir eşqin atəşi,
Könlüm həsrətindən, dondu- gəlmədin."


Burada şair qəhrəmanın mövqeyin gücləndirir. Demək istəyir ki;- “Sən sevgidə təcrübəsiz deyildin, bəs niyə belə etdin?” - mənasını yaradır və ardınca, “Yanaqda buz tutub gözümün yaşı.”-deyərək, aydın bir görüntü, obraz yaradır. Yəni, göz yaşı əvvəlcə axır, sonra buz tutur. Bu, həm fiziki, həm də mənəvi donmanı ifadə edir.
“Külə dönməkdədir eşqin atəşi,
Könlüm həsrətindən dondu — gəlmədin.” Klassik poeziyada bilirik ki, eşq atəşdir, amma həsrət o atəşi söndürür. Beləcə şeirdə atəşdən külə, istidən soyuğa keçid yaranır.

"Qalsamda sevdamdan bunca intizar,
Etmədim heç zaman giley, nə güzar.
Sirrimin ünvanı olacaq məzar,
Verdiyin vədəmiz, doldu - gəlmədin."


Şair sevgidə sədaqəti ön plana çıxır və gözləməyin, əzab çəkməyin, amma sevgisindən dönmədi yin tərənnüm edir.
Elə ən ağır misra da budur;-“Sirrimin ünvanı olacaq məzar...”
Burada şeir artıq sadə sevgidən çıxaraq faciəvi sonluq duyğusuna keçir. Yəni danışılmayan sözlər, deyilməyən etiraflar, ürəkdə saxlanılan sirrlər insanla birlikdə məzara gedəcək.
“Verdiyin vədəmiz doldu — gəlmədin.”- misrasında şair, deyilən zamanın bitməsinə, dolmasını işarə edərək göstərir ki, verilən sözün müddəti bitib, amma gözlənilən adam yenə gəlməyib.
Amma;

"Eşqin tərk etmədi qəlbi bircə an,
Ürək hey söylədi, səbr et,döz, dayan.
Vəfalı, cəfakeş bu şair Hocan,
Qələmlə tək- tənha, qaldı- gəlmədin.


Şair sonda özü lirik qəhrəmanına çevrilir və deyir;-“Eşqin tərk etmədi qəlbi bircə an, Ürək hey söylədi, səbr et, döz, dayan.”
Sanki ürək burada ayrıca bir obrazdı. O, lirik qəhrəmana səbr etməyi məsləhət görür.
“Vəfalı, cəfakeş bu şair Hoca,
Qələmlə tək-tənha qaldı — gəlmədin.”
Şeirin əvvəlində danışan aşiq idi, son bənddə isə onun kimliyi açıqlanır: “bu şair Hoca”.
Şair burada öz adını çəkməklə şeiri emosional şəkildə tamamlayır.
Mənim fikrimcə, şeirin ən böyük üstünlüyü emosional bütövlüyüdür. Şair mövzudan yayınmır. İlk misradan son misraya qədər bir xətt qorunur, “gəlmədin”.

Akif Hocanın yaradıcılıqından seçib götürdüyüm növbəti, “NECƏ DOYUM SƏNDƏN DÜNYA?” şeiri oldu. Bu şeir , əvvəlki “Gəlmədin” şeirindən mahiyyətcə fərqlidir. Orada şəxsi sevgi, həsrət və intizar vardısa, burada isə şair dünya, ömür, ölüm, şöhrət, arzular və insanın həyata bağlılığı barədə düşünür. Ona görə də bu şeiri daha çox fəlsəfi-lirik şeir kimi qiymətləndirmək olar.
Şeirin əsas sualı elə başlıqda verilir;
“Necə doyum səndən Dünya?”.
Bu, əslində sadəcə dünyadan doymamaq deyil. Burada insanın həyatdan ayrılmaq istəməməsi ilə həyatın faniliyini dərk etməsi arasında ziddiyyət var.
Şair bilir ki, dünya fanidir. Bilir ki, insan gəlir və gedir. Bilir ki, ata-ana belə bu cahandan köçüb. Amma buna baxmayaraq, həyat o qədər şirin, cazibəli və rəngarəngdir ki, insan ondan doya bilmir.
Şeirin ən maraqlı fəlsəfi tərəfi də məhz bu qəribə, gözlənilməzliyi üzərində qurulub.
Dünya fanidir, amma insan dünyadan doymur.

“Hər kəs bilir sən fanisən,
Yaşadansan, həm canisən.
Verən də sən, alan da sən,
Necə doyum, səndən Dünya?”


Şair elə ilk bənddəcə dünyanı üç xüsusiyyətdə təqdim edir. Fani, yaşadan və alan. Burada, “Verən də sən, alan da sən” misrası xüsusilə yığcam və fəlsəfidir.
Dünya insana həyat, sevinc, nemət, imkan verir. Sonra isə bütün bunları zaman gəldikcə geri alır. Şair bununla da anladır ki, insan dünyanın verdiklərini müvəqqəti olaraq daşıyır.
“Necə doyum?” sualı da burada artıq cavab gözləyən sual deyil, ritorik sualdır.
Növbəti bənddə şair dünyanın cazibəsini şirinlik üzərindən qurur;

“Sehrlisən, falı şirin,
Göz doymayan, malı şirin.
Bir pətəksən, balı şirin,
Necə doyum, səndən Dünya?”


Burada, “Fal”, “mal”, “bal” sözlərinin səsləşməsi bəndə xoş musiqililik verir. Xüsusilə, “Bir pətəksən, balı şirin”. Bu da həmdə çox gözəl bənzətmədi. Dünya pətəyə, onun nemətləri bala bənzədilir. İnsan baldan necə doymaq istəmirsə, həyatdan da doymaq istəmir.
Burada “şirin” sözünün təkrarı həm məna, həm də ahəng yaradır.

“Məskən etdim dağ-daşını,
Sevdim yayı, həm qışını.
Cənnət bildim ağuşunu,
Necə doyum, səndən Dünya?”


Bu bənddə şair dünyanı sadəcə maddi nemətlər məkanı kimi görmür. O, bununlada dünyanın dağını, daşını, yayını, qışını sevir və nəticədə gözəl dönüş edir;
“Cənnət bildim ağuşunu”
Bu misrada dünya artıq insan üçün ana qucağına bənzər doğma bir məkan olur.
Burada fikir artıq fəlsəfə hissiyyata keçir.
Şair növbəti bənddə insan ambisiyasın ortaya arzuları ilə qoyur;

“Arzu, dilək quca-quca,
Hey uğraşdım mən doyunca.
Şan-şöhrətim dağdan uca,
Necə doyum, səndən Dünya?”


Şair, arzu, dilək, uğur, şan-şöhrətlə insanın dünyada yalnız yaşamadığını, həm də iz qoymaq, yüksəlmək, tanınmaq, nələrəsə çatmaq istədiyini göstərir.
Növbəti misrada, “Şan-şöhrətim dağdan uca” deyib, şair özünü öyməkdən daha çox insanın uca arzularını ümumiləşdirir.
Akif Hocanın "Necə doyum, səndən Dünya?” şeirinin bu bəndi mənim üçün ən güclü bəndidir. Çünki, burada;

“Ömür adlı yel atını,
Çapdım, yığam sovqatını.
Yaşamadan həyatını,
Necə doyum, səndən Dünya?”


Doğurdanda şeirin bu bəndində “Ömür adlı yel atı” misrası çox uğurlu bənzətmədir. Ömür yel atıdır, sürətlə qaçır, onu saxlamaq mümkün deyil.
Şair isə bu atı çapır və :- “yığam sovqatını”-deyir.
Yəni ömür yolunda dünyadan özünə xatirələr, təcrübələr, sevgilər, uğurlar, duyğular toplamaq istəyir.
Amma üçüncü misra hər şeyi dəyişir;
“Yaşamadan həyatını...”
Burada çox dərin bir fikir var.
İnsan ömrünün sonuna yaxınlaşdıqca bəzən anlayır ki, yaşamaq üçün nəzərdə tutduğu çox şeyi hələ yaşamayıb.
Deməli, “dünyadan doya bilməmək” sadəcə dünyanın şirinliyindən deyil, həyatın yarımçıq qalması qorxusundandır.
Həmişə, istənilən şeirin son bənddi, həmin şeirin açarı olur ;

Və nəticəyə gəlib çatır, soruşur;
“Atam hanı, Anam hanı?
Tərk etdilər bu cahanı.”-deyir.
Burada şeirin istiqaməti dəyişir.


Əvvəl dünya şirin idi, bal idi, cənnət idi. İndi isə həmin dünyanın itkiləri xatırlanır. Ata və ana artıq yoxdur.
Bu iki misra şeirin bütün əvvəlki bəndlərinə yeni məna verir.
Və yenə sonda:

“Gəl başa sal, bu Hocanı,
Necə doyum, səndən Dünya?...”
Demək olar çox maraqlı final yaranır.
Burada şair təxəllüsünü çəkməklə , şair özünü kənardan seyr edən bir adama çevirir. Sanki öz-özünə deyir:
“Ata-anam getdi, dünya fanidir, ölüm qaçılmazdır. Bəs mən niyə hələ də bu dünyadan doya bilmirəm?”
Və cavab yoxdur.
Elə şeirin gücü də bundadır. Mən şair Akif Hocanın bu şeirinin daxili xəttini belə görürəm;
Dünya fanidir, insan bunu bilir, amma dünya şirindir, insan onu sevir arzuların ardınca qaçır ömrün sürətlə keçdiyini anlayır. Ata-anasını itirdiyini xatırlayır, ölümün qaçılmazlığını hiss edir və buna baxmayaraq, dünyadan doya bilmir.
Əslində həyata bağlılıq fəlsəfəsidir.
Şair ölümü qəbul edir, amma həyatdan əl çəkmək istəmir.
“Necə doyum, səndən Dünya?”
isə şeirin rədifi və əsas poetik dayağıdır.
Bədii baxımdan ən uğurlu ifadələr
Mən xüsusilə bunları seçərdim:
“Verən də sən, alan da sən”
— dünyanın həyat və ölüm arasındakı hakimliyini yığcam verir.
“Bir pətəksən, balı şirin”
— dünyanın cazibəsini obrazlaşdırır.
“Cənnət bildim ağuşunu”
— dünyaya münasibətdə sevgi və doğmalıq yaradır.
“Ömür adlı yel atını”
— məncə, şeirin ən orijinal metaforalarındandır.
“Yaşamadan həyatını”
— fəlsəfi baxımdan ən ağır misralardandır.
“Atam hanı, Anam hanı?”
— bütün fəlsəfi düşüncəni birdən şəxsi ağrıya çevirir.
Kiçik dil redaktəsi
Şeirin poetik ruhuna toxunmadan bir neçə texniki məsələni düzəltmək olar.
“Hey uğraşdım mən doyunca.”
ifadəsi məna baxımından bir qədər açıqdır. “Uğraşdım” burada “çalışdım, cəhd etdim” mənasındadırsa, işlənə bilər. Amma şeirin ümumi poetik dili baxımından həmin misranın daha təbii səslənən alternativi də düşünülə bilər.
“Gəlmədin”lə müqayisədə
Əvvəlki “Gəlmədin” şeirində əsas qüvvə həsrət və emosional ağrı idi.
Bu şeirdə isə əsas qüvvə düşüncə və fəlsəfi sualdır.
“Gəlmədin” oxucunun ürəyinə daha tez toxunur.
“Necə doyum səndən Dünya?” isə oxucunu düşündürür.
Bu baxımdan mən ikinci şeiri müəllifin yaradıcılığında düşüncə lirikasına daha yaxın və fəlsəfi yükü daha çox olan nümunə hesab edirəm.
Şeirin ən böyük uğuru məncə budur: şair dünyanı tərənnüm etməklə kifayətlənmir, dünyaya bağlılığının səbəbini özü də sorğulayır. Ata və ananın artıq həyatda olmaması bu sualı daha da ağırlaşdırır.
Və sonuncu sual əslində təkcə “Hocanın” sualı deyil:
“Necə doyum, səndən Dünya?”
Bu, həyatı sevən hər bir insanın içində bir gün yarana bilən sevgidi. Dəyərli şairimizə sağlam uzun ömür, sevincli günlər və gözəl yaradıcılıq uğurları arzulayıram.
Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin üzvü,
Şair-publisist.

Son xəbərlər

Azərbaycan vətəndaşı Batumidə itkin düşdü

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib

Tehran Məmmədov tələbələr arasında ilk dünya çempionu oldu - Fotolar

İran xəbərdarlıq etdi - Tankerlər vurulacaq

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüşdü - FOTOLAR

Jalə Ələkbərzadə: Dayanıqlı moda ətraf mühitə və təbiətə yeni baxışımızdır

ABŞ İranın neft tankerini vurdu

MÜƏLLİFİ MƏN SEÇMİRƏM, ŞEİR SEÇİR

Alimlərdən dəhşətli xəbərdarlıq - Bu xəstələrin sayı 67% artacaq

“Ay bizimdir” şərhinə BMT-dən cavab

Rusiya dollardan üz döndərir? - Kreml yeni ödəniş qaydasını açıqladı

Gəlinə tacından ayaqqabısına qədər qızıl taxmışdı - Saxlanıldı-Fotolar

Ərdoğan “Filenin sultanları” ilə görüşdü - Fotolar

Əziz Sənubər xanım!

Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama

Qəzənfər Məsimoğlu : Gəl öz adamına yiyə dur, Adam - FOTO

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

VƏTƏN ŞƏHİDİ İLƏ FƏXR EDİR BU GÜN - FOTOLAR

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Ömrün 65-ci zirvəsində dayanan söz ustadı — Hüseyn İsaoğlu

Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİNİN İLK TƏQDİMATI KEÇİRİLDİ - FOTOLAR

Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930