Xəbərlər
14.12.2025, 00:02
“Yaddan çıxan” yaradıcılarımız - FOTO
SÖZÜN RƏSMİNİ ÇƏKƏN ŞAİR
İsmayıl İmanzadə poeziyasının al-əlvan rəngləri
Avazıdır ötüb keçən hər anın,
Heç vaxt gizli saxlamayıb ünvanın.
Qobustanda daş köynəkli dastanın,
Mürgüləyən yaddaşında sirdi söz.
İsmayıl İmanzadə
Söhbətə körpü salmaq üçün Azərbaycan ədəbi aləmində bədii sözü, müdrik deyimləri, bir sözlə, poeziyası ilə könülləri oxşayan, 30 il doğma yurd-yuvasından didərgin salınan, cənnət Qarabağından uzaq düşüb, Boz dağın ətəyinə sığınan, ömrünün səksəninci fəslini də elə bu “qürbətdə” yola salan şair İsmayıl İmanzadənin şeirlərindən bir bəndlə başlamaq istədim.
Söz İlahi səsin şəklidir. Bunu dahilərimiz, dühalarımız, Söz azmanları deyiblər. Maraqlı budur ki, sözün ölçü-biçisini, çəkisini bilənlər onun rənglərinə bir o qədər də əhəmiyyət verməyiblər. Sözün kəsərini qılıncla müqayisə edənlərimiz, onun İlahiliyini isə unutmayıblar: “söz ipək kələfidir”,-deyiblər.
Sözlərin rəngini çəkən şair haqqında söz demək, sizə heç də asan gəlməsin.
Söz haqqında ədiblərimizin fikirlərini təkrar yaddaşa gətirməkdə məqsədim o deyil ki, alternativ nəsə deyəcəm. Yox, əstəğfrullah! İlahi Sözün yaradıcısı Tanrımızdır, alim-filosiflar kimdir ki, onu “ələyib-ələkdən keçirsin”lər.
Açığı, əlimə qələm alandan Sözə İlahi varlıq kimi baxmışam. Bəlkə elə buna görə “çörəyim sözümdən çıxıb”?! Sözə ana südü kimi baxmışam. Anam da yazıdı-yaratdı, şeirləri ilə könlümdə qala yapdı. Elə bilmişəm ki, bütün sözlər süd rənglidir, həm də ana südüdür. Hələ də elə düşünürdüm ki, əyalətdə sözü-söhbəti ilə tanınan, Azərbaycan ədəbiyyatına töhfələr verən İsmayıl İmanzadənin sözlə bağlı bu şeiri qarşıma çıxdı. Nə gizlədim, İsmayıl müəllimi çoxlarımız sosial şəbəkədən tanımışıq. Bir daha yəqinləşdirmişəm ki, Azərbaycan ədəbiyyatına töhfə vermək üçün nə paytaxt Bakıda, mavi gözlü Xəzər gözlərinə köçürmək lazım deyil, nə də Xalq şairi titulu daşımaq.
Yeri gəlmişkən bir hadisəni xatırlatmaq istərdim.
2000-ci illərin əvvəlləri idi. Bəhmən Vətənoğlunun 70 illik yubileyi rəsmi şəkildə, dövlət və hökumət tərəfindən keçirilməməsi poeziyasevərləri, xüsusən də kəlbəcərli qələm adamlarını məyus etdiyi günlərin birində “Respublika” sarayında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə (o vaxtlar birliyin “Ozan” qəzetinin redaktoru olduğum üçün həmin tədbirin keçirilmə ideyası mənə məxsus idi) şairin ədəbi-bədii gecəsi keçirilirdi. Tədbirin aparıcısı Xalq şairi Zəlimxan Yaqub idi. O, Bəhmən Vətənoğlunu sevimli tamaşaçılara təqdim edəndə üzünü salona və əslində, şairin özünə də tutub dedi:
-Bəhmən, Tanrı məni bağışlasın ki, səni təqdim edəndə adının yanında “Xalq şairi” demədim. Amma, özünə dərd eləmə, Xalq şairi titullular tanıyıram ki, qalın-qalın kitabları kitabxanalarda kitab rəflərində toz basır, bircə oxucusu yoxdur. Amma Bəhmən xalıqın sevimli şairidir ki, şeirləri sazın sinəsinə, xalqın yaddaşına yazılıb. Ona görə də sən poeziyada əbədisən! Saz nə qədər yaşayacaqsa, Bəhmən də o qədər ömür sürəcək! Əbədiliyin mübarək!
Doğrudan da xalqın sevimli adamı olmaqdan böyük titul, hansısa mükafat ola bilməz. Ruhu şad olsun xalqımızın sevimli şairlərinin.
Azərbaycan tarixən şairlər, ədiblər, nasirlər, müdriklər diyarı olub. Bunu bizə “Kitabi-Dədə Qorqud” bildirib. Nizamidən, Füzulidən... bəri Söz xalqımızın ən əziz və əbədi xəzinəsi olub. Sözün dəyərini bilənlər onu ilahiləşdiriblər. Müdriklərimiz sözdən qala yapıblar. Sözün dəyəri isə onu az danışmaqdadır. Yəni sözü havaya üfürmür xalqımız. Sözün gözəlliyi də onu yerində, məqamında deyilməyindədir.
Haqqında söz açmaq istədiyim şəxsiyyət də söz adamıdır. Həm də İlahinin ona hədiyyə elədiyi xəzinədən “misqal-misqal” istifadə edib, qoruyub saxlayan bir söz sərrafıdır İsmayıl İmanzadə.
Açığı, publisist yazılarımın sosial şəbəkələrdə paylaşımlarına yazılan iki-üç kəlməlik rəylərdən tapmışam şairimizi. Yaradıcılığına nəzər yetirdikdə haqqında demək istədiklərimi məndən öncə yazdıqlarına görə qələm dostlarına, səmimi söz adamlarına təşəkkür edirəm.
Şair olmaq üçün məkan şərt deyil...
Mənim üçün İsmayıl İmanzadə Sözə iman gətirən, onu ana qədər, Vətən timsallı sevdirən bir qələm adamıdır.
Doğrusu, şair haqqında neçə il öncə yazmaq istəsəm də, deyəsən, özümdə bədii gücü yetərli hesab etməyib, yarımçıq qalan yazımı bir kənara qoymuşdum. Dünən həmin “yarımçıq yazı”ma yazığım gəldi: məndən sonra bu fikirlərimi kim sona çatdıracaq,-düşündüm.
Buna görə yenidən İsmayıl İmanzadənin bədii yaradıcılıq nümunələrini sosial mediadan axtarmaq qərarına gəldim. İlk qarşıma çıxan gözlədiyim bir yazı oldu: Vaqif Yusiflinin bölgə ədəbiiyyatı haqqında olan məqaləsi.
Yeri gəlmişkən, “Kredo” qəzetinin təsisiçisi və Baş redaktoru, qələmi ilə xalqımızın sevimlilərinə - ədəbi aləmdə külüng çalanlara qəzetində səxavətlə yer ayıran şair, jurnalist-publisist Əli Rza Xələfliyə İsmayıl İmanzadənin də yaradıcılığını unutmadığına görə təşəkkürümü bildirirəm.
Azərbaycan çağdaş ədəbi tənqidinin ən tanınmış simalarından biri olan, filologiya elmləri doktoru Vaqif Yusifli bölgədə inkişaf edən ədəbi həyat haqqında olan məqaləsində yazır: “Ədəbiyyat – söz sənəti zaman və məkan hüdudlarına sığmayan, əsrlər və nəsillər sınağından keçən, hər hansı xalqın mənəvi həyatının yol yoldaşı olan bir milli sərvətdir. Dünya xəritəsində bir bənövşə yarpağı qədər yeri olan Azərbaycan bəşər mədəniyyəti tarixinə elə sənətkarlar - söz ustaları bəxş etmişdir ki, onların yaratdıqları əsərlər bu gün də Şərqin və Qərbin bədii idrak sərhədlərini dolaşmaqdadır...”
Vaqif Yusiflinin həmin yazısında məni maraqlandıran, ilk növbədə bölgədə yaranan ədəbiyyat nümunələrinə ədəbi tənqidin münasibəti idi. Vaqif müəllim klassiklərin bölgə ədəbiyyatı haqqında olan fikirlərinə söykənərək, qələmə aldığı yazısında İsmayıl İmanzadənin də adını gördükdə çox sevindim. Axı, dahilərimiz də qeyd ediblər ki, şair olmaq üçün məkan şərt deyil. Əyalətdə yaranan ədəbi nümunələr daha orijinal, klassik, milli-mənəvi ənənələrə sadiqlik baxımdan çox dəyərlidir .
Vaqif müəllimin fikrincə, bölgələrdə müasir ədəbiyyatımızı layiqincə təmsil edən, artıq yaradıcılıqlarının kamillik mərhələsini yaşayan, ədəbi həyatın canlanmasında fəallığı ilə seçilən, necə deyərlər, ağsaqqallıq missiyasını yerinə yetirən yazarlarımızın fəaliyyətini unutmaq olmaz: ”... Gənc ədəbi qüvvələrin yetişməsində onların böyük rolu var. Gəncədə Qərib Mehdinin, Sumqayıtda Əşrəf Veysəllinin və Ofeliya Babayevanın, Qubada Ramiz Qusarçaylının, Lənkəranda İltifat Salehin, Qazaxda Barat Vüsalın, Mingəçevirdə İsmayıl İmanzadənin fəaliyyətini xüsusi qeyd etmək istərdim...”
Budur İsmayıl İmanzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfəyə ədəbi tənqidçi tərəfindən verilən qiymət.
Necə də yerində deyilmiş fikirdir: “...Ədəbiyyatda əsas məsələ yaradıcılıqdır, istər qaynar Bakı mühiti olsun, istərsə də bölgələrdə yaşanan ədəbi həyat, əsas odur ki, kim nə yazır, necə yazır...”
Şair-publisist İsmayıl İmanzadənin 80 yaşının işığında
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından, şair-publisist, böyük ziyalı, İsmayıl Səlim oğlu İmanzadənin 80 yaşı bu il dekabrın 10-da tamam olub.
Xatırladaq ki, İsmayıl İmanzadə 10 dekabr 1945-ci il tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Gəncə Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldıqdan sonra əmək fəaliyyətinə müəllim kimi başlayan gənc İsmayıl bir müddət dövlət qulluğu sahəsində də çalışıb. Harada çalışmasından asılı olmayaraq, sinəsindəki şair ürəyi həmişə könüllərə xoş duyğular bəxş edən qanadlı misralar pıçıldayıb.
Elə həmin pıçıltılarla da gənc İsmayılın ilk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında çap olunub. Ermənistanın Azərbaycana 1992-ci ildən başlayan təcavüzü nəticəsində məcburi köçkünlük taleyi yaşayan istedadlı şair 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşıb. Oradakı ədəbi mühitin formalaşmasında böyük əməyi olan İsmayıl İmanzadə uzun illər Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı “Səda” qəzetində baş redaktorun müavini, “İnam” qəzetinin təsisçisi və baş redakoru olub.
Sonralar “Mingəçevir” qəzetinin şöbə redaktoru və müxbiri kimi çalışan İsmayıl İmanzadə 1995-ci ildən Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, 1999-cu ilin oktyabr ayından isə Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri olub. Hazırda “Bənövşə” (“Mingəçevir leysanı”) ədəbi-bədii dərgisinin təsisçisi və baş redakorudur.
Yaradıcılığının əsasını yurd həsrəti, vətən sevisi, xalqımızın adət-ənənələrinə bağlılıq təşkil edə şairin bü günə qədər müxtəlif nəşriyyatlarda 30-dək bədii-publisistik kitabı işıq üzü görüb.
İstedadlı şairin əlliyə yaxın şeirinə tanınmış bəstəkarlar musiqi bəstələyiblər. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəb dərsliklərində, uşaq şeirləri antalogiyasında dərc olunub. Şeirlərindən bir qismi xarici dillərə (rus, moldavan, türk, ingilis, serb...) tərcmə edilib. Şair həmçinin xeyli sayda nəsr əsərlərinin də (povest, hekayə, novella) müəllifidir.
“20 Yanvar etüdləri” adlı poeması və 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulan “Xocalı notları” adlı pyesi Azərbaycan radiosunun və AzTV-nin qızıl fondunda saxlanılır.
Budur, dördbir yanım İsmayıl İmanzadənin bədii yaradıcılığına həsr edilən (qısa və lakonik olsalar da, hər bir fikir və rəy orijinal yanaşmadır. Buna görə də yeri gəldikcə həmin fikirlərə üz tutmalı olacağıq.
İsmayıl İmanzadənin imzası ötən əsrin 60-cı illərindən ədəbi ictimaiyyət arasında tanınır. O vaxtdan bəri şairin qələmindən çıxan kitablarda onun duyğularını ifadə edən qanadlı misralar oxucu ürəyinə yol tapıb. Dünyaya göz açdığı Cəbrayılına qırılmaz tellərlə bağlı olan şairin şeirlərində hər cığırı, izi, dolayısı, eniş-yoxuşu ona doğma olan yerlərin mənzərəsi, şəlalənin nəğməsi, çayların şırıltısı, bulaqların zümzüməsi, yarpaqları xəzələ çevrilən meşələrin payız pərişanlığı, torağaylı çöllərin yay duyğuları, gənclik illərinin sevdası ilə yanaşı, yurd sevgisi də öz əksini tapıb. Doğma torpağın işğalından sonra Mingəçevirə pənah apararaq “arzularından özünə olacaq tikən”, “ağrı-acısına bürünən”, “Kürü Araz, Bozdağı Diridağ bilən” şair məcburi köçkün taleyi yaşayıb. Nəhayət, 2020-ci ilin payızında xalqımızın qazandığı möhtəşəm Zəfərdən sonra şeirlərinə nikbin ruh, qürur dolu misralar, doğma yurda qayıtmaq sevinci də əlavə olunub, buna şükür. Bu sevinc dolu günlərdə də şairin qəlbi təlatümlü misralarla döyünür.
Öncə İsmayıl müəllimin şeirlərinə nəzər salırıq. Bir-birindən janr və mövzu baxımdan rəngarəng olan poeziya nümunələrində hadisəyə bədii təfəkkürlə yanaşmanın orijinallığı diqqəti cəlb edir. Şairi maraqlandıran mövzunu hansı juanrda qələmə alınması deyil, onun mahiyyətini poetik ifadə etmə bacarığıdır. Sanki İsmayıl İmanzadə hər şeirində dəyişilir. Mövzuya müxtəlif bucaqlardan baxır.
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!
Müqəddəs sayılan şəhidlik şairimizin də yaradıcılığında qırmızı xətlə keçir,-desək daha doğru olardı, məncə. “Ana Vətən sənindir” həcmli şeiri sanki bir poemadır:
Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!
Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...
Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən -
Azərbaycan sənindir!
Azərbaycanın son illər qardaş Türkiyə ilə qaynayıb-qarışması İsmayıl İmanzadənin də poeziyasında özünəməxsusluğu ilə ifadə edilir:
Bir-birinə bənzəyir
Əkiz qardaşlar kimi.
Tanınıblar ən əziz
Dostlar-sirdaşlar kimi.
Ləhcələri şipşirin,
Harda var belə sərvət?
Müdriklər yaxşı demiş,-
“Bir millət, iki dövlət”!
Sən bir möcüzəyə bax,
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!
İsmayıl İmanzadə bir çox söz adamları kimi, yeri gələndə özünə müraciətlə onu narahat edən mövzuya münasibət bildirir. Bu da şairlərin səmimiyyətinin ifadəsi sayılır. Şair sözlərin dirilən, ölən yerlərini elə incəliklə qələmə alır ki, sanki özü də oralardan gəlir. Özünə xitabən yazdığı “Gedək söz dirilən yerə” gəraylısı da bu qəbildən maraqlıdır:
Hardan gəldin bu qapısı-
Bacası hörülən yerə?
Bir də düşməz haqq işığı
Məhəbbəti uralanıb,
Sevgisi dərilən yerə…
…Yetişmədin diləklərə,
Səsin çatmır mələklərə.
Gəl, qoşulub küləklərə
Gedək söz dirilən yerə.
Xan Araz xalqımızın qanı qurumayan yarası kimi, illərdir, sızım-sızım sızıldayır. Nə “xəstələrini” öldürür, nə də sağaldır. Ayrılıq mövzusunda ilk yada düşən Araz şairimizin nəmli gözlərindən görək necə axırmış ki, şeirlərindən birini belə adlandırıb: “Araz nəmli gözlərimdən axırmış”:
Ürəyimdə sızıldayan dərd çayım,
Qismətindən hələ incik-pərt çayım.
Bakı-Təbriz qiyafəli mərd çayım,
Deyən varmı doluxsunub heç nədən,
Göz-göz olan yaraları qövr edən.
Qəm-qüssəsi gör necə də ağırmış -
Araz nəmli gözlərimdən axırmış!
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Ömür muncuq düzümüdür”, “Hər çəməndən bir çiçək”, eləcə də ədəbi yaradıcılığından bəhs edən məqalə və rəylərdən ibarət “Halal insanın söz halallığı” kitablarının təqdimat tədbirində yazıçı Elçin Hüseynbəyli, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı, şair Musa Ələkbərli, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli və başqaları şairin indiyədək işıq üzü görən 30-dan artıq kitabı barədə geniş söz açıblar. Xüsusi olaraq qeyd edilib ki, müəllifin uşaqlar üçün yazdığı şeirlərdə sadəlik, axıcılıq, dil rəvanlığı ilə yanaşı, etnoqrafik detallar xüsusilə diqqəti cəlb edir.
“Çiliklənib körpələrin yuxusu,–
Dünyam, səndən nigaranam, nigaran”
Çıxış edənlər Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri kimi fəaliyyət göstərən İsmayıl İmanzadənin rəhbərlik etdiyi yaradıcılıq qurumuna çoxlu istedadlı gənc cəlb etdiyini və onların yaradıcılıq məhsullarından ibarət bir neçə almanax və jurnalın çap edildiyini də vurğulayıblar.
Doğma yurdu tərk edəndən evinin açarları ilə çıxan və onu əziz bir xatirə kimi özündə saxlayan İsmayıl İmanzadə bu ata-babasının mənfur ermənilər tərəfindən söndürülmüş ocağına gün yenidən dönməyə, hər daşını, qayasını, kol-kosunu yaddaşına həkk etdiyi Mərcanlı kəndində çıraq yandırmağa tələsir. Şairin özünün də dediyi kimi, axı, “ömür muncuq düzümüdür, harada qırıla-qırıla...”
İsmayıl müəllimin bədii dünyası, deyəsən, çoxlarının yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasında da bir vəsilə olub. Çünki qələm adamları heç də həmişə bir-birinin yaradıcılığından bəhs edən məqalələr müəllifi olmağa can atmırlar. Bunu təəssüflə vurğulayıram: bu gün ədəbi irsin nümayəndələri haqqında ürəklə söz açmaq yalnız tənqidçilərin borcu olmamalıdır. Axı, onlardan da həmişə bunu ummaq günah olardı. Məslən, V. Yusifli, C. Yusifli nə qədər ədəbi tənqidin məsuliyyətli yükünü daşımalıdır? Ona görə də qələm-söz adamları (jurnalistdən tutmuş, şair-yazıçılarımızadək...) bir-birinin yaradıcılığına səmimi münasibət bildirməlidirlər. Mərkəzdə olanlar əyalətdə yaşayaıb, yazıb-yaradanların bədii nümunələrindən niyə xəbərsiz olmalıdırlar ki?! Vaxtilə, yazıçı-şairlərimizin, folklorşünaslarımızın, hətta bəstəkarlarımızın, rejissorlarımızın bölgələrə səfərlərində neçə-neçə dür-inci sahibi olan istedadlılarımız üzə çıxarılıb. Bu gün də həmin ədəbi ənənə davam etdirilməlidir.
Bu mənada Namiq Zamanın İsmayıl İmanzadə yaradıcılığı baqqında yazdıqları təqdir olunmalıdır. Həmin yazıdan kiçik bir parçaya nəzər salaq: “...Qəribədir, vaxtilə Ağdaşda işlədiyim məktəbdə həmkarım Zabil müəllim mənə söhbətimiz zamanı "insanı dinləməyi bacaran" bir insanın, söz-sənət adamının olduğunu dedi və əlavə etdi ki, çox istərdim sən də onunla ünsiyyət edəsən.
Söhbətimizdən bir müddət keçmiş, məktəbin kitabxanasında təsadüfən İsmayıl müəllimin 1983-cü ildə çap edilmiş kitabını gördüm. Elə ilk şeirdən kitab məni ofsunladı. O vaxt heç ağlıma da gəlməzdi ki, bu ecazkar sətirlərin müəllifini haçansa görə bilərəm. Amma şeirlər məni müəllifə qovuşdurdu. Və Zabil müəllimin sayəsində İsmayıl müəllimi tanıdım.
Deyərdim lüğətimizdə elə bir el sözü, elat ifadəsi, təsvir vasitəsi yoxdur ki, o, İsmayıl müəllimin şeirlərində, yazılarında olmasın. Hansı şeiri oxusan, orada yeni bir söz və ya ifadə kəşf edirsən. İsmayıl İmanzadə, həm də Azərbaycan dilinin keşiyində olan onu yaşadan nadir şəxslərdəndir. Bu gözəl insana bir daha uzun ömür və sağlam can arzulayıram...”
Belə dəyərli fikirlər müəllifi yetərincədir ki, İsmayıl İmanzadənin poeziya bulağından ovuc-ovuc içməsin və “oooxxaay!”,-deməsin. Belə söz adamlarından biri də əyalətdə (Yevlax şəhərində) yaşayan və elə orada yazıb-yaradan şairəmiz Minarə İsgəndərdir.
Düzü, Minarə xanım mənim çoxdankı bir arzu və istəyimə bu günlərdə sanki şam yandırıb yol göstərdi: “İsmayıl İmanzadənin 80 illik yubileyidir, sizin onun yaradıcılığı haqqında fikirləriniz varsa, sosial mediada paylaşın”,-deyə məni silkələdi: “Elə zəmanədə yaşayırıq ki, bəzən insanlığın yox olduğunu düşünürük. Bəzən də tale elə adamlarla rastlaşdırır ki, deyirsən: yox, yaşamağa dəyər, hələ dünya xali deyil. Belə bir insanla rastlaşdırdı məni də tale. Və yaxından tanıdıqca gördüm müqəddəs adamlar da varmış, sən demə, bu yer üzündə. İsmayıl İmanzadə məhz belə şəxsiyyətdir. Hərdən deyir ki, niyə səni gec tanıdım? Bu gün mən də deyirəm: niyə sizi gec tanıdım? Allah İsmayıl müəllimə o qədər ömür versin ki, illərlə çəkdiyi torpaq həsrətinin əvəzini çıxa bilsin. Bu yubiley ilində əziz və dəyərli şairimizə yalnız möhkəm can sağlığı və gözəl ömür arzulayıram...”
Gözəl qəlbli və istedadlı qələmli şairəmiz Minarə İsgəndər özü də İsmayıl müəllimin yaradıcılığına biganə, laqeyd qalmayıb. Söhbət arasında şairin “Nigaranam...” rədifli qoşmasını əzbərdən dedi:
Neçə gizli mərəz tapıb hava, su,
Azalıbdır çiçəklərin qoxusu.
Harda isə qəfil güllə atılıb,
Çiliklənib körpələrin yuxusu,–
Dünyam, səndən nigaranam, nigaran.
Pöhrə var ki, boy atmamış quruyub,
Qönçə var ki, açılmamış qarıyıb,
Bu hikməti necə tapım, arayım, –
Dünyam, səndən nigaranam, nigaran.
Bu gün hələ yaş qurumaz gözündə,
Yarpaq solar, ot bozarar yazında.
Sabahından nigaransan özün də,–
Dünyam, səndən nigaranam, nigaran.
Yaxşı, yaman bir-birinə qarışıb,
Neçə qayğın, neçə fikrin qarışıq.
Yenə artıb üz-gözünün qırışı –
Dünyam, səndən nigaranam, nigaran.
Nəhayəti, sonu yoxmu əzabın? –
Vulkan kimi hey püskürər əsəbin.
Neçə günah yüklənibdir boynuna,
Tutar səni yerin, göyün qəzəbi –
Dünyam, səndən nigaranam, nigaran.
Xalmı düşüb istəyinə, arzuna,
Duyğusuzlar zəhər qatıb ruzuna.
Qorxuram ki, nər dizlərin tay sına,–
Dünyam, səndən nigaranam, nigaran.
Elin olmayan şair xalıqnkı ola bilərmi?!
İsmayıl İmanzadə yaradıcılığında giley-güzarın da ünvanı və forması fərqlidir. Sevgi-məhəbbət dəlisi olan “aşiqlərin dili” onun şeirlərinin bütün janrlarında açılır. Klassik şeir növlərinə yaxından bələd olması şairin nəzmə çəkdiyi düşüncələrinin sanki yolgöstərəni, istiqamətverənidir. Hansı mövzu olursa-olsun, onun qoşmasının, gəraylısının sanki boyuna biçilib. Gəlin görək şair nədən, kimdən “Gileylidir”?
Ömrün yolu damar-damar,
Yarı yoxuş, yarı hamar.
Əllərindən sığal umar,
Telim səndən gileylidir.
Səhər-axşam dinmək istər,
Qağayıya dönmək istər.
Ovcunda isinmək istər,
Əlim səndən gileylidir.
Ayrılığın oddu, közdü,
Qəlbim sızlar gizli-gizli.
Yandırırsan dirigözlü –
Dilim səndən gileylidir.
Əyalətdə yaşayıb-yaratmaq İsmayıl İmanzadənin tale məsələsidir. Doğma Cəbrayılından uzaq düşüb Mingəçevirə - Nur şəhərinə pənah aparanda Bakıda çoxları onun yerinə özünü qələm adamı kimi gözə soxurdu. Çoxlarına elə gəlir ki, əyalətdəkilər “el şairi” titulundan o yana getmirlər. Elə vaxtilə Bəhmən Vətənoğlu da bu fikrə münasibətini zərgər dəqiqliyi ilə bildirmişdi. Bakıdan Kəlbəcərə qonaq gələn Xalq şairi onun el-obadakı hörmətinə baxıb, hətta, demişdi: “Sən mənim ürəyimin para şairisən”. Vaxt, zaman keçdikdən sonra sonra həmin “Xalq” şairi Bəhməni, hətta “ara şairi” adalandırıb. Bunu da Bəhmən müəllimə çatdırıblar. Şair Bakıda onun yerini “zəbt edən” o “xalq” şairinə müraciətlə yazmışdı:
“Bir vaxtlar olmuşdum ürəyinin para şairi,
Deyirdin sənsən ürəyimin yara şairi,
Bakıda yerimi vermişən sənə, İndi məni sayırsan “ara şairi”?!
“Mən şəhər adamı ola bilmədim...”
Bu mənada onu əyalətdə yaşayan el şairi sayanlara özünəməxsus formada münasibət bildirən İsmayıl müəllimin “Mən şəhər adamı ola bilmədim...” şeirindən də bir parçaya baxaq:
Arabir fikrimi cəzb eləsə də,
Mən şəhər adamı ola bilmədim...
Bircə yol ürəkdən gülə bilmədim.
Döşümə yatmadı tozlu küçələr,
İtirdim özümü səsdə-səmirdə,
Gəlib tapdı məni yuxularımda,
Həsrətin çəkdiyim aylı gecələr...
Əzilib-büzülüb xırdalanmadım,
Allahsız birini “tanrı” sanmadım!
Burda “akullalar”, “qurdlar” ayaqda,
Burda güclülərə girovdur Haqq da...
Yaxşı ki, uzunmuş dilim-dilçəyim,
Yaxşı ki, yalmana, yaltağa yadam!
Mən şəhər adamı ola bilmədim....
Yolların “qıfılın” açın, gedirəm,
Mən burda yaşaya bilmərəm, atam!
İsmayıl İmanzadənin uşaqlıq illərindən xəbərimiz olmasa da, onun azyaşlılara sevgisindən bəhs edən şeirləri göstərir ki, o, həmin dövrü insan ömrünün çiçəkli bahar fəsli hesab edir. “Uşaqdilli şair” deyərdim məndən olsa İsmayıl İmanzadəyə. Digər mövzularda olan şeirlərini oxuduqdan sonra onun uşaq dili ilə qələmə pıçıldadıqları adamı çaşdırır. İnana bilmirsən ki, bunu uşaq deyir, yoxsa şair yazır, “Mən atamın qızıyam” şeirində olduğu kimi:
Bibim deyir noğulam,
Xalam deyir qönçəyəm.
Nənəm deyir nağılam,
Anam deyir xonçayam.
Babam da hər vaxt mənə
“Ceyranım, quzum”,-deyir.
Təkcə atam adımı
Çəkəndə “qızım”,-deyir.
Nə noğulam, nə qönçə,
Nə də körpə quzuyam.
Atam məni çox sevir,-
Mən atamın qızıyam.
Şairin belə şeirləri bir deyil, beş deyil. Sən demə, İsmayıl müəllimin elə uşaq şairi kimi də tanıyırmışlar. Onun kitablarından biri də uşaq şeirlərindən ibarət imiş. “Hər çəməndən bir çiçək” kitabından daha bir uşaqdilli şeirə baxaq:
Pişik alıb gətirib
Atam mənə dükandan.
Uzağa qaça bilmir,
Yanımdadır o hər an.
Yadına düşmür onun
Nədənsə, heç çöl-bayır.
Belində düyməcik var,
Toxuncaq miyoldayır…
Budur uşaqdilli olmaq. Uşaqların sevimli şairinin belə şeirləri orta məktəb dərsliklərində də yer alıb ki, bu da ustadın Azərbaycan ədəbiyyatındakı xidmətlərinin bariz nümunələrindəndir…
İsmayıl İmanzadə Qarabağdan uzaq düşəndən qarabağsızlaşmadı. Doğma ata yurdunu, ana qucağını qəlbində, köksündə və poeziyasında yaşatdı ki, özü də onun balası kimi yaşadı. Lakin həsrət, hicran, ayrılıq onun da poeziyasının rəngini dəyişdi: gah bahar buluduna döndü misralar, gah da susuzluqdan çat vermis qaçqın-köçkün uşağının dodaqlarına. Qarabağın ikiaddımlığında olan Bozdağ ona Cəbrayılın müqəddəs ocaqlarını, pirlərini… unutdurmadı. İlanmələyən düzlərdə haqq axtarıb gəzəndə “düz olduğu üçün, düzlərdə qaldı”. Dağlar ona dağ çəkən obrazda göründü. Ona görə də yazdı ki, “Qoyun çıxıb gedim gəldiyim yerə”:
Mənim yurd həsrətim gözü yaşlıdır,
Daha səbr etməyə qalmayıb tabım.
Eşitdiyim vədlər “ikibaşlıdır”,
Hələ də bağlıdır pəncərəm-qapım.
Axı, qərib eldə nə ölümüm var,
Burda az görmədim boz sifətləri.
Dünyanı başıma elədilər dar,
Bu yolsuz məkanın quduz “itləri”,
Qoyun gedib çatım öz ocağıma,
Kül altında qalan izimi tapım.
Dərd-qəm dolaşmasın əl-ayağıma,
Açılsın taybatay pəncərəm, qapım.
Uzalı qalmasın bir də əllərim
İllərlə dərdindən öldüyüm yerə.
Qırın “tilsim”ini bağlı yolların,
Qoyun çıxıb gedim gəldiyim yerə...
İllər kimi, ömrün də fəsilləri var. Dör fəsilə bölünən ömrümüzün baharını demək olar ki, yaşamırıq - uşaqlıq çağına düşür. “Yay”ında iş-güc, sonrakı fəsillərə hazırlıq, yır-yığış dövrü olur. İnsan çalışır ki, ömrünü hədər vurmasın başa. Ona görə də ömrünün bu fəslindən də “xəbərsiz” olur, başını qayğılar qatdığına görə. Bir vaxt gözünü açır ki, bel bükülüb, gözlər tor gətirib, əkib-becərdiyi bağ-baxça barlanıb-bəhrələnib. Amma yaş o yaş deyil, həvəs, gənclik coşğusu, qurub-yaratmaq arzusu neçə köynək ondan uzaq düşüb. Dağlara boylananda əlini gözlərinin üstünə qoyub baxırsan. Elə bilirsən ki, dağlar qocalıb: zirvəsi dümağdır. Bu, sənə də bir siqnal: “qayıt geriyə bax, qoca”. Qoca nə etsin bundan sonra: “saç ağarıb, ancaq, nə qəm”,-ölməz şairimiz demişkən, “əlimdədir hələ qələm”.
İsmayıl İmanzadə də ömrünün payz fəslindədir. Səksənini yelə verməyən şairimiz ona görə deyir ki, “Könlümə bir payız havası düşüb”:
Bilmirəm hüsnünə heyranam niyə,
Hökmü yerə sığmır, hikkəsi göyə.
Bəlkə də ruhuma doğmadır deyə,-
Könlümə bir payız havası düşüb.
Qış tutqun çöhrəmdir, bahar sevincim,
Yay od-alov saçan bucağım-küncüm.
Son bahar misraya dönən söz incim,-
Könlümə bir payız havası düşüb.
Ömrüm qəriblikdə keçdi eləcə,
Qarışdım zülmətdə qərq olan köçə.
Özüm də bilmirəm niyə bu gecə
Könlümə bir payız havası düşüb?!
Gələndə çiskinlə, yağışla gəlsin,
Keçsin dolaylardan, yoxuşla gəlsin.
Ruhumu oxşayan naxışla gəsin,-
Könlümə bir payız havası düşüb.
Vətən sevgisiylə köklənmiş neyəm,
Nə umu-küsüyəm, nə də gileyəm.
Kaş, ata yurduma köç edib deyəm:
“Könlümə bir payız havası düşüb”.
...Ürəkdən gələn sözün özünəməxsus cazibəsi var. Qəlbdə elə ovqat yaradır ki, sözün ovsunu səni əməlli-başlı tərk-silah edir, imkan vermir ki, ondan ayrılasan. Söz həmişə sahibinin kimliyini bəyan edir.
Klassiklərimiz etiraf ediblər ki, Söz adamı barədə yazmaq həm çətindir, həm də asan. Onların adi həyatdan kənarda bir özgə dünyaları olur ki, qapılarını ancaq fitrətdən gələn ilahi təb aça bilir. Bu mənada hər kəs Söz adamı barədə nə isə deməyə bir çox hallarda cəsarət etmir…
Əslində, hər bir kitab söz yaddaşıdır. Amma kitabdakı baş söz olsun, ha, boş sözlər yaddaşa yazılmaz. Bəzən ədəbiyyat, incəsənət və tənqiddə yeni bir şeylə rastlaşanlar, bələdlik məqsədilə oxuduqlarının analoqunu axtarırlar. Yazılanları dərk etmək, müqayisə aparmaq, mənalandırmaq və dəyərləndirmək məqsədilə sanki hökmən nümunə lazımdır. Əsl sənət əsərləri isə qışqırıqla, gözə soxulmaqla və buna uyğun formalarda meydana çıxmır. Çox vaxt şairlər səssiz-küysüz, sezilmədən dünyaya gəlirlər. Bu fikir kiməsə mübahisəli, kiməsə mübaliğəli görünə bilər.
Söz adamlarının qəlbini çağlayan-qaynayan bulağa - çeşməyə bənzədənlər də səhv etməyiblər. Bulaq suyu yerin dərin qatlarından necə süzülüb saflaşıb çıxırsa, Söz də, əsil və kamil ifadə də beləcə doğulur: müəllifin ürəyinin cövhərindən, qəlbinin nurundan, duyğularının süzgəcindən qaynayıb-daşır.
Hər bir yaradıcı kəsin söz dünyasında xüsusi, onu riqqətə gətirən, düşündürən, incidən, əzən və sonda rahatlıq verən bir mövzu olur ki, onu oxucularına daha tez tanıdır və oxudur. İsmayıl İmanzadənin də yaradıcılığında bunun şahidi oluruq.
Müqəddəs kəlamlardan “qala yapan” bir söz adamı haqqında demək istədiklərim bir məqaləlik olmadığı üçün fikrimi sona çatdırmaq istərdim. Yxşı, bəs, şairimizə nə arzulayaq ki, ürəyimizcə-ürəyicə olsun? Üz tutdum İlahi sözə:
Bel bağlayan dinə, həm də imana,
İmanzadə, səksən yaşın mübarək!
Bu səs-səda qoy yayılsın hər yana,
Ruhoxşayan şeirlərdən yaz görək,
İmanzadə, səksən yaşın mübarək!
Cəbrayılın şirin dili, dür sözü,
Sönməz olsun ocağının qor, közü,
Yanar olsun, istisinə isinək,
İmanzadə, səksən yaşın mübarək!
Dostu, sirdaşısan sən düz ilqarın,
Saldığın baxçanın dərəsən barın!
Əldən-ələ gəzir sərvətin-varın,
Yaradanım olsun qoy sizə kömək,
İmanzadə, səksən yaşın mübarək!
Mərcanlının nisgili sən, dərdi sən,
Sınıq könüllərin dərdi-sərisən!
Cəbrayıl elinin bəxtəvərisən,
Kəsmisən elinlə halal duz-çörək,
İmanzadə, səksən yaşın mübarək!
Məhəmmədlər İmanlıdı bu yanda,
Buza dönür könlüm fəslin yayında.
Halallıq var kökündə, həm soyunda,
Yüzündə də səni belə saz görək,
İmanzadə, səksən yaşın mübarək!
Sözü sözə caladıq və gəldik şairin səksənillik yubiley günlərinin birinə. İsmayıl İmanzadənin ictimai fəaliyyəti barədə, bilərəkdən söz açmaqdan uzaq oldum. Ədəbi nümunələrindəki düşüncələri göstərir ki, o, Azərbaycanın dünəni ilə sabahı arasındakı bugünkü ömür körpüsündə dayanıb həm dünəninə, həm də işıqlı Qarabağının sabahına boylanır. Ömrün səksənini yola salan hər kəs onun kimi yaşaya bilməz. İsmayıl İmanzadənin ömrü bərəkətli Qarabağ torpaığının bir ovucu deməkdir. O bir ovuc torpaq görün nələr cücərtməyib, nələr yetişdirməyib?!
Bundan sonra da barlı-bərəkətli yüzillik ömür arzulayaq və ən əsası, cüzi düzəlişlə, ölməz Xalq şairi Osman Sarıvəllinin dili ilə deyək:
Heç əlinə alma əsa,
Doxsanında batma yasa.
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
Məhəmməd Nərimanoğlu,
“Yenilik-press” qəzetinin Baş redaktoru,
Ç.Aytmatov adın beynəlxalq “Altın kalem” mükafatının laureatı
Bakı, 10 dekabr 2025-ci il
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











