Xəbərlər
27.10.2026, 22:35
Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən M.Ə. Sabirin Şamaxıdakı Ev-Muzeyinin əməkdaşları tərəfindən Şamaxı rayon Mirikənd tam orta məktəbində ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işçisi N. Cabarova, ölkə rəhbərinin müvafiq sərəncamı ilə respublikamızın mədəni həyatında dərin iz qoyan, bəşəri ideyaları ilə doqquz əsrdir ki, zamanı qabaqlayan böyük şairin ədəbi irsinə müraciət edib.
N. Cabarova çıxışında vurğulayıb ki, XII əsr Azərbaycan ədəbiyyatı İntibahının zirvəsi sayılan Xaqani Şirvani, dərin fəlsəfi qəsidələri, zərif hissləri tərənnüm edən qəzəlləri və Şərq ədəbiyyatında ilk epik-avtobioqrafik səyahətnamə sayılan məşhur "Töhfətül-İraqeyn" poeması ilə ümumdünya söz sənətinə silinməz və təkrarolunmaz izlər qoyub. Onun bədii fəlsəfəsi təkcə poetik gözəlliyi ilə deyil, həm də dövrünün elmi, ictimai və humanist ideyalarını özündə birləşdirməsi ilə seçilir. Zəmanəsinin elmlərini dərindən bilən və poetik fəlsəfənin zirvəsinə ucalan Xaqani, öz ölməz misraları ilə bu gün də insanlığa humanizm və ədalət aşılayır.
Qeyd olunub ki, şairin qədim Şirvan torpağında, Şamaxıda başlayan və bəşəri ideallarla yoğrulan yaradıcılıq yolu coğrafi sərhədləri sürətlə aşaraq, bütün Yaxın və Orta Şərqdə böyük şöhrət qazanıb. Xaqani poeziyasının fəlsəfi dərinliyi, dilinin zənginliyi və bədii təsvir vasitələrinin əzəməti əsrlər boyu bir çox Şərq şairləri üçün əsl sənətkarlıq məktəbinə çevrilmişdir.
Daha sonra şagirdlərin ifasında şairin fəlsəfi və lirik şeirlərindən nümunələr səsləndirilib.
Məqsəd : gənc nəslə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini tanıtmaq, onların zəngin irsini təbliğ etmək və şagirdlərdə milli-mənəvi dəyərlərə, klassik poeziyaya sevgi aşılamaqdır.
Tədbirin təşkilinə yaradılan şəraitə görə məktəb rəhbərliyinə və fəal şagirdlərə təşəkkür edilib.
RƏQSANƏ XƏLİLOVA
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









