
Xəbərlər
27.03.2026, 00:48
TARİXİ YADDAŞIN POETİK SALNAMƏSİ... - FOTO
TARİXİ YADDAŞIN POETİK SALNAMƏSİ...
(“Dünya hara baxır görən?!” poeması haqqında yanaşmamda görünən ədəbi-tənqidi məqamlar.)
Bu gün müasir Azərbaycan ədəbiyyatında mövzu, janr seçimi ilə fərqlənən yetərincə şair və yazıçılarımız var. Onlardan biri, uzun müddət Facebook sosial şəbəkəsindən izlədiyim və bu yaxınlarda dostlarımızın biri vasitəsi ilə tanış olub xeyli söhbət etdiyim şair-publisist Xəlil Mirzədir. Xəlil Mirzənin bu yaxınlarda, daha doğrusu Xocalı faciəsin ildönümü ərəfəsində sosial şəbəkə üzərindən hissə-hissə paylaşdığı “Dünya hara baxır görən?!” poeması mənə bu cür düşünməyə əsas verdi. Çünki bilirik ki, mövzu, janr seçmi baxımından Xocalı soyqırımı kimi ağır, ağrılı tarixi faktlarla dolu faciəni poetik mətnə çevirmək, doğurdan da olduqca böyük məsuliyyət, cəsarət, həm də, böyük mənəvi yük tələb edir.
Şair Xəlil Mirzə isə yaşadığımız Xocalı faciəsini böyük məsuliyyət və vətənpərvərlik hissi ilə, ədəbi ənənələri sadiq qalaraq elə qələmə alıb ki, onu oxuduqca insan özünü hadisələrin içində hiss edir. Bu kimi ağır bir mövzuya müraciət edən Xəlil Mirzə ortaya çıxardığı hadisələrin təsvirində lirik lövhələrə geniş yer verməsi və baş verən əhvalatları təhkiyə üsulu ilə təsvir etməsi, yaradıcılıq üslubuna görə şəxsən məni sevindirmişdi. Poemanı oxuduqca başa düşdüm ki, şair Xəlil Mirzə yetərincə bütün yaradıcılıq üslubuna əməl edərək mükəmməl, epik-lirik janr üzərində tarixi bir poema yazıb.
Klassiklərimizin yaradıcılığından üzübəri çağdaş ədəbiyyatımıza qədər tarixi hadisələri özündə əks etdirən yetərincə poemalar yazılıb, bu gündə nəsillər arasında bir körpü rolunu oynayır. adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur. Yuxarıda söylədiyim kimi, ənənələrə sadiq qalaraq belə əsərlər ədəbiyyatımızda onlarcadı. Bu kimi poemalarda təsvir olunan hadisələrin gedişində lirik lövhələrə geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir süjet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir.
Onuda vurğulayım ki, Azərbaycan poeziyasında tarixi faciələrin poetik ifadəsi həmişə xüsusi yer tutmuşdur. Xalqın yaşadığı böyük sarsıntılar, milli yaddaşda silinməz iz qoyan hadisələr şairlərin qələmində bəzən ağıya, bəzən də epik-poetik salnaməyə çevrilmişdir. Bu baxımdan Xəlil Mirzənin “Dünya hara baxır görən?!” poeması yalnız bədii mətn deyil, həm də tarixi yaddaşın poetik ifadəsi kimi diqqəti cəlb edir.
Poemanın ideya mərkəzində XX əsrin sonlarında Azərbaycan xalqının yaşadığı ən böyük faciələrdən biri – Xocalı soyqırımı dayanır. Lakin müəllif bu mövzuya yalnız tarixi hadisə kimi yanaşmır. O, faciəni insan taleləri, yaddaş ağrısı və milli vicdan prizmasından təqdim edir.
Poemanın kompozisiyası epik və sənədli elementlərin sintezindən ibarətdir. Müəllif hadisələri təkcə emosional təsvirlə kifayətlənmədən, real faktlar və konkret insan taleləri ilə təqdim edir. Bu xüsusiyyət əsərə həm bədii, həm də sənədli dəyər qazandırır. Əsərdə real qəhrəmanların və şahidlərin taleləri xatırladılır ki, bu da poemanı sadə lirika çərçivəsindən çıxarıb tarixi-poetik salnamə səviyyəsinə yüksəldir. Bu qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı – Tofiq Hüseynov obrazıdır. Onun son döyüş səhnəsinin təsviri poemanın emosional və dramatik kulminasiya nöqtələrindən birini təşkil edir. Qəhrəmanın yaralı vəziyyətdə belə mübarizəni davam etdirməsi və son gücü ilə düşmənə qarşı hücuma keçməsi epik qəhrəmanlıq poetikasının klassik motivlərini xatırladır.
Poemada diqqət çəkən mühüm xüsusiyyətlərdən biri də yaddaş motividir. Müəllif hadisələri yalnız fakt kimi təqdim etmir, onları insanların yaddaşında yaşayan ağrı kimi göstərir. Xüsusilə Aslan kişi kimi obrazların vasitəsilə keçmişin travmatik xatirələri canlandırılır. Bu obrazlar vasitəsilə müəllif fərdi talelərlə ümummilli faciə arasında bədii körpü yaradır. Yaddaş burada sadəcə xatırlama deyil, həm də mənəvi məsuliyyət və tarix qarşısında borc anlamı daşıyır.
Poemanın dil və üslubu da diqqətəlayiqdir. Mətn üç əsas üslub qatının sintezindən ibarətdir: epik nəql, lirik emosional ifadə və publisistik çağırış. Döyüş səhnələrində epik dinamika, insan faciələrinin təsvirində lirik kədər, müəllif mövqeyinin ifadəsində isə publisistik ton üstünlük təşkil edir. Bu üslub müxtəlifliyi əsərin emosional təsirini gücləndirir və oxucunu hadisələrin içərisinə daxil edir.
Poemanın ideya zirvəsi isə müəllifin ritorik sualı ilə ifadə olunur: “Dünya hara baxır görən?”. Bu sual təkcə poetik ifadə deyil, həm də mənəvi ittihamdır. Xəlil Mirzə burada hadisələrə biganə qalan beynəlxalq ictimaiyyətə və insanlıq vicdanına müraciət edir. Beləliklə, poema yalnız keçmişin təsviri deyil, həm də ədalət və yaddaş çağırışıdır.
Ədəbi baxımdan əsər Azərbaycan vətəndaş poeziyası ənənələri ilə səsləşir. Bu ənənə XX əsr Azərbaycan poeziyasında xüsusilə Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk kimi şairlərin yaradıcılığında güclü şəkildə təzahür etmişdir. Xəlil Mirzənin poeması da bu xəttin davamı kimi xalqın taleyinə və tarixi yaddaşa vətəndaş mövqeyindən yanaşan poetik nümunələrdən biridir.
Bununla belə, əsərin bəzi hissələrində publisistik tonun güclənməsi poetik axının müəyyən qədər zəifləməsinə səbəb olur. Tarixi faktların ardıcıl şəkildə sadalanması bəzən şeir ritmini nəsr üslubuna yaxınlaşdırır. Lakin bu məqamlar əsərin ümumi emosional və ideya gücünü zəiflətmir, əksinə, onun sənədli xarakterini gücləndirir.
Nəticə etibarilə, “Dünya hara baxır görən?!” poeması Azərbaycan poeziyasında tarixi yaddaşın qorunmasına xidmət edən diqqətəlayiq əsərlərdən biri kimi qiymətləndirilə bilər. Bu poema yalnız bir faciənin poetik təsviri deyil; o, həm də xalqın yaddaşında yaşayan ağrının, müqavimətin və ədalət arzusunun bədii ifadəsidir. Belə əsərlər ədəbiyyatda təkcə estetik dəyər daşımır, həm də tarixin unudulmaması üçün, bir daha vurğulayıram ki, mənəvi körpü rolunu oynayır.
Elə bu ruhdan da tam səmimi demək lazımdır ki, Xocalı soyqırımı kimi ağır bir mövzunu poetik formada yaddaşda saxlamaq çox məsuliyyətli işdir. Belə əsərlər illər keçdikcə sadəcə şeir deyil, xalqın yaddaş salnaməsinə çevrilir. Elə buna görə də tam cəsarətlə demək olar ki, dəyərli şairimiz Xəlil Mirzənin qələmə aldığı poema sadə bir poema deyil. Bu poema sənədli-epik poema xarakteri daşıyır. Çünki burada müəllif həm tarix, həm şahid ifadəsi, həm də poetik emosiyanı birləşdirir. Bu tip əsərlər dünya ədəbiyyatında “sənədli poeziya” və ya “tarixi-epik poema” kimi qiymətləndirilir.
Poemanın janr və poetik strukturu, daha doğrusu əsas xüsusiyyəti mükəmməl epik-sənədli quruluşunda verilməsidi. Poemada mətn əsasən üç qat üzərində qurulub:
Tarixi fakt qatında, real şəxslər və hadisələr təsvir olunur. Burada, Tofiq Hüseynov, Çingiz Mustafayev və şahid ifadələri qatında isə Oqtay, Arif, Səttar kimi insanların taleləri təsvir edilir.
Lirik-publisistik qatında isə şairin öz səsi (“Dünya hara baxır görən?!”) ittihamı durur.
Bu struktur Xocalı mövzulu ədəbi mətnlər içində çox nadir quruluşdur. Çünki müəllif yalnız hadisəni təsvir etmir, həm də şahid yaddaşını poetik sənədə çevirir.
Poemanın süjet xətti klassik epik ardıcıllıqla verilib. Qəhrəmanlıq epizodunda, Tofiqin döyüşü və şəhid və əsir taleləri – Oqtay, Arif və Səttarın taleyi buna əyani misaldır. Burada xalq faciəsinin panoraması göstərilib.
Mətnindən görünür ki, şair bu ağrını səmimi şəkildə yaşadığı hiss olunur.
“Dünya hara baxır görən?!” poemasının əsas ideyası tarixi yaddaşın qorunması və vicdanın oyadılmasıdır. Əsərin ideya mərkəzində üç böyük xətt dayanır:
Şəxsi faciə (ana və şikəst uşaq obrazı), Milli faciə (Xocalı soyqırımı), Tarixi məsuliyyət və gələcək nəsillərin sualı.
Bu üç xətt bir-birini tamamlayaraq əsərin ideya fəlsəfəsini qürur. Faciə təkcə keçmiş deyil, həm də gələcəyin vicdan imtahanıdır.
Poema struktur baxımından klassik epik-poetik quruluşa yaxındır və beş əsas hissədən ibarətdir.
Birinci hissə proloqdur, yəni “Xocalı dərdi”. Elə ilk girişdə, proloqda faciəmizin obrazlaşdırılmasına görə poemanın ən təsirli hissələrindən biri sayılır.
Burada müəllif böyük tarixi faciəni bir ana obrazında cəmləşdirir. Bu üsul dünya ədəbiyyatında çox işlənən bir üsuldur. Böyük faciəni bir insanın taleyi, Ana obrazı ilə göstərmək, həm şəxsi dərdin daşıyıcısının xalqın simvolunun ana obrazına çevirməkdir.
Ana obrazı elə buna görə poemanın ən güclü obrazıdır. Çünki bu obrazda ananın, ana, vətən və xalqın taleyini özündə birləşdirən simvola çevrilməsidir.
Burada artıq ana konkret insan deyil, milli faciənin metaforasıdır.
“Ölürəm mən neçə kərə
Hər gün, hər gün
Xocalının əvəzinə”
bu misralar əsərin emosional zirvələrindən biridir.
Şair burada ana obrazında psixoloji monoloqu çox uğurla verə bilib.
İkinci əsas hissə isə “Xocalıdan gələn səslər”dir. Bu hissədə poema şəxsi ağrıdan kollektiv yaddaşa keçir.
Burada müəllif tarixi şəxsiyyətləri və qəhrəmanları poemaya daxil edir. Xüsusilə, Milli Qəhrəman Əlif Hacıyevin obrazının verilməsi burada çox mühümdür. Çünki bu hissə artıq lirizm ilə publisistikanın birləşdiyi hissədir. Burada müəllifin əsas məqsədi, faciəni sənədləşdirmək,
qəhrəmanları unutdurmamaq və tarixə şahidlik etmək.
Bu cür yanaşma həmdə vətəndaş poeziyası ənənəsinə yaxındır.
Üçüncü əsas hissə “Xocalıya gedən yollar”dır. Bu hissə daha çox simvolikdir.
“Xocalıya gedən yollar bağlanmışdı”
misrası ikiqat məna daşıyır:
Fiziki mühasirə, siyasi və mənəvi biganəlik.
Burada müəllif təkcə düşməni yox, həm də dövrün siyasi səriştəsizliyini tənqid edir.
Dördüncü hissə isə “Beş ay mühasirədə”dir. Bu hissə artıq poetik xronika xarakteri daşıyır. Müəllif faktları sadalayır:- burada, tarixlər, siyasi qərarlar və eləcədə əl qolumuzu bağlayan hərbi vəziyyət olduqca mükəmməl verilib. Elə buna görə də, bu hissə bədii əsərlə tarixi sənəd arasında körpü yaradır.
Beşinci hissə isə “Qanlı gecə” hissəsidir. Bu həmdə poemanın kulminasiya nöqtəsidir.
Burada ritm sürətlənir, cümlələr qısalır, emosional gərginlik artır.
Misraların ritmi hadisənin dəhşətini artırır:
“O gecə – qanlı gecə
Qarlı, dumanlı gecə”
Bu təkrarlar psixoloji effekt yaradır.
Poemada qəhrəmanlıq kulminasiyası çox güclü və sadə poetik dildə verilib. Məsələn ;
Qumbaranı möhkəm-möhkəm
sıxaraq ovcunda
Bu misra sadə görünsə də, çox güclü psixoloji və fiziki dinamika yaradır.
Burada üç poetik element birləşir.
Kinetik hərəkət (sıxaraq), gərginlik (möhkəm-möhkəm) və qərar ani.
Misra qəhrəmanın son qərarının başlanğıc nöqtəsidir. Bu texnika epik poeziyada “fədakarlıq anının hazırlanması” adlanır.
Bu epizod real qəhrəman –Tofiq Hüseynov obrazını poetik qəhrəman səviyyəsinə qaldırır. Qəhrəmanın son addımı poemada qorxmazlıq rəmzi kimi verilib
Süründü düşmən tərəfə son gücü ilə
Burada çox mühüm poetik kontrast birləşmə var. Qəhrəman yaralıdır, amma hərəkət edir. Bu kontrast epik qəhrəmanlıq poetikasının əsas üsullarından biridir. “Süründü” sözü qəhrəmanın fiziki vəziyyətini göstərir, lakin “son gücü ilə” ifadəsi mənəvi gücü vurğulayır.
Poemada yaddaş obrazında isə;
Qalxdı, getdi Aslan kişi
qan ağlayan yaddaşında
qanlı-qadalı keçmişi.
Bu parça poemanın ən güclü metaforik hissələrindən biridir.
“qan ağlayan yaddaş” ifadəsi çox güclü metaforadir. Burada yaddaş artıq sadə xatirə deyil. O travmatik milli yaddaşın obrazına çevrilir.
Bu üsul dünya poeziyasında tarixi travma poetikası adlanır.
Ağrının daşlaşması poemanın ən obrazlı ifadəsidir ;
Kiprikləri məzar daşı olurdu
Bu misra çox güclü metaforik transformasiya nümunəsidir.
Normalda kiprik, yumşaqlıq, zəriflik, həyat simvoludur. Amma burada kiprik məzar daşına çevrilir. Bu, insanın ağrıdan daşlaşmasını göstərir. Faciənin panoraması, mənzərəsi çox təbii verilib ;
Bu kənd indi nə idi?
Bu misra zahirən sadədir, amma çox güclü psixoloji boşluq effekti yaradır.
Sual formasında qurulması oxucunu məcbur edir ki, cavabı özü tapsın.
Əslində misra demək istəyir:
kənd artıq yoxdur.
Şəhid obrazı ;
Tərpənmədi yerindən o
Bu tip misralar sakit qəhrəmanlıq poetikası adlanır. Burada qəhrəmanlıq qışqırmır, nümayiş etdirilmir. Sadəcə sükutla göstərilir.
Bu üsul klassik epik poeziyada çox güclü təsir yaradır.
Faciənin ailə səviyyəsi ;
Zahidin meyitini gətirdilər
Bu misra böyük tarixi faciəni ailə səviyyəsinə endirir. Tarixi hadisələr oxucuya faciələrimiz dövründə yaşadığımız hall kimi görünə bilər.
Amma konkret bir insanın meyiti haqqında danışmaq faciəni şəxsi səviyyəyə gətirir. İttiham poetikası ünvanın doğru olaraq göstərir.
Dünya hara baxır görən?
Bu misra poemanın ideya mərkəzidir. Bu sual, təkcə oxucuya deyil, tarixə, siyasətə, beynəlxalq ictimaiyyətə ünvanlanır.
Bu texnika ədəbiyyatda ittiham ritorikası kimi tanınır. Poemada ədalət çağırışı xüsusilə görünür.
Vaxtında çəkilsin dara
Bu misra artıq mənəvi hökm səsləndirir. Burada müəllif şairdən çox xalqın vicdanı rolunda çıxış edir.
Poemanın final ideyası aşağıdakı misralarda daha güclü görünür.
Mən müttəhim kürsüsünə
qoyub vicdanıyla təkbətək
fırladıram onun çarxını tərsinə
Bu, poemanın ən güclü publisistik - poetik hissəsidir. Burada müəllif, hakim deyil, şahid deyil. O vicdan məhkəməsinin qurucusudur. Bu motiv dünya ədəbiyyatında mənəvi tribunal motivi kimi tanınır.
Poemadan seçilmiş misralar göstərir ki, poema: epik qəhrəmanlıq motivi, tarixi yaddaş poetikası, travma metaforaları, ittiham ritorikası
üzərində qurulub. Bu xüsusiyyətlər həmdə əsəri vətəndaş poeziyası və memorial poeziya xəttinə daxil edir.
Poemada xüsusilə iki güclü xətt var:
Qəhrəmanlıq epizodları, yaddaş və ağrı poetikası. Bu iki xətt əsəri emosional baxımdan çox güclü edir.
Ən güclü poetik hissələr var ki onlar çox güclüdür;
Tofiqin qumbara ilə hücumu, Aslan kişinin yaddaşı, Səttar kişinin faciəsi və final monoloqu. Bunlar poemanın emosional sütunudur. Səmimi deyim ki, bu poemada 3 hissə xüsusilə güclüdür.
Poemada bəzi misralar prozaikdir, yəni nəsrə aid, poetik ölçüsü, qafiyəsi və ritmi olmayan, gündəlik danışıq dilinə yaxın, məntiqi ardıcıllıqla yazılmış bədii və ya elmi nitq formasıdır.
Məsələn siyasi məlumat verilən yerlər şeir ritmini zəiflədir.
Bu baxımdan əsər tarixi yaddaş poemasıdır. Peşəkar Ədəbi baxımdan bir neçə məqamı da demək lazımdır. Bəzi yerlərdə publisistika poeziyanı sıxışdırır. Məsələn;
Erməni millətçiləri
Vaxtında çəkilsin dara
Bu tip yerlər şeirin emosional gücünü bir qədər manifest tonuna keçirir.
Bəzi epizodlar həddindən artıq uzun təsvir olunur. Məsələn ; işgəncə səhnələri, fakt siyahıları.
Bir qədər bunlar sıxışdırılsa poetik təsir daha güclü olar.
Bəzi misralar isə nəsrə yaxınlaşır.
Məsələn ;
Bu kənd indi nə idi?..
Bu cür yerlərdə ritim zəifləyir.
Düşünürəm ki, dəyərli şairimiz Xəlil Mirzə yetərincə tarixi yaddaşımızı özündə qoruyub saxlayacaq bir əsər ərsəyə gətirib. Bu gözəl işinə görə şair qardaşımıza sağlam can sağlığı arzulayıram və inanıram ki, bundan sonra da, müasir ədəbiyyatmıza gözəl tarixi əsərlər yazıb verəcək.
Hörmətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












