Sədaqət Kərimova
Yazıçı-jurnalist

Universitet illərimin ən gözəl və ən dəyərli xatirələrində daim yaşayan insanlardan biri professor Xalid Əlimirzəyevdir. Auditoriyaya daxil olan kimi hamının diqqətini çəkən əzəmətli görkəmi, gözəl nitqi, təmkinli davranışı, dərin biliyi və özünəməxsus müəllim üslubu vardı. O, yalnız mühazirə oxuyan müəllim deyildi. Hər çıxışı ilə düşünməyə vadar edən, elmə hörmət aşılayan, şəxsiyyəti ilə örnək olan ziyalı idi.
Bu günlərdə onun haqqında yazılmış “İdeal və həqiqət mücahidi” kitabını əlimə alanda qəribə hisslər keçirdim. Sanki uzun illərdən sonra əziz müəllimimlə yenidən görüşürdüm. Kitabın müəllifinin şəxsiyyətinə böyük hörmət bəslədiyim Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə olması sevincimi daha da artırdı. Nəşrin redaktorunun isə Xalid müəllimin qızı, filologiya üzrə fəlsəfə doktoru Rəfayət Əlimirzəyeva olması məndən ötrü əsl hədiyyə oldu.


Bəzən bir kitab yalnız haqqında yazılan insanı deyil, onu yazan müəllifi də tanıdır. Bu mənada “İdeal və həqiqət mücahidi” təkcə Xalid Əlimirzəyev haqqında kitab deyil. Bu əsər həm də müəllifinin mənəvi dünyasının, müəllimə sədaqətinin və qədirbilənliyinin ifadəsidir. Nizaməddin Şəmsizadə bu kitabı ömrünün son aylarında qələmə almış, sanki bu əsərlə öz müəlliminə son mənəvi borcunu ödəmək, ona olan ehtiramını gələcək nəsillərə çatdırmaq istəmişdir.
Kitabın vərəqlədikcə bir daha əmin olursan ki, söhbət sıradan bir alimdən getmir. Xalid Əlimirzəyev Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri olmuşdur. Qəbələnin qədim ləzgi kəndi Qəmərvanda dünyaya göz açan alim 1964-cü ildə filologiya üzrə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor kimi fəaliyyət göstərmişdir. O, 15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəllifi idi. Təhsil nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Yaradıcılıq Akademiyasının akademiki olmuş, milli azadlıq hərəkatında fəal iştirak etmiş, ölkənin ictimai-siyasi həyatında öz sözünü demiş ziyalılardan biri kimi tanınmışdır.
Bu faktların arxasında daha böyük bir həqiqət dayanır. İnsan ömrünün dəyəri yalnız tutduğu vəzifələrlə, qazandığı titullarla, yazdığı kitablarla ölçülmür. Onun əsl qiyməti yetişdirdiyi insanlarda, qoyduğu mənəvi izdədir. Xalid müəllimin ən böyük sərvəti də məhz bu idi.
Müəllif Xalid Əlimirzəyevlə bağlı xatirələrində yazır: “Xalid müəllimlə əvvəl istedadlı tələbə kimi, sonra da onun ömrünün axırına qədər dost kimi ünsiyyət saxladıq”. Doğrudan da, elə müəllimlər var ki, dərsi bitən kimi unudulur. Elələri də var ki, ömür boyu insanın qəlbində yaşayır. Xalid Əlimirzəyev ikinci qəbildən olan müəllimlərdən idi.
Kitabda alimin elmi yaradıcılığı geniş təhlil olunur. “Ədəbi-tənqidi məqalələr”, “Problemlər və xarakterlər dünyası”, “Bədii həqiqət uğrunda”, “Dramaturgiyada ideal və qəhrəman”, “Cəlil Məmmədquluzadənin ədəbi-tənqidi görüşləri” və digər əsərlərinin Azərbaycan ədəbiyyatşünaslığındakı yeri və əhəmiyyəti peşəkarlıqla araşdırılır. Müəllif Xalid Əlimirzəyevin təkcə alim deyil, həm də milli düşüncəyə, həqiqətə və mənəvi dəyərlərə xidmət edən ziyalı olduğunu əsaslandırır.
Diqqətimi cəlb edən məqamlardan biri də Rəfayət Əlimirzəyevanın kitaba yazdığı ön söz oldu. O yazır: “Həyatda nə qazanmışamsa, nələrə nail olmuşamsa, hamısını atama borcluyam”. Bu cümlədə bir övladın atasına olan sevgisi, ehtiramı və sonsuz minnətdarlığı yaşayır. Doğrudan da, atasından həm insan, həm də alim kimi qürurla danışa bilmək hər kəsə nəsib olmur.
Rəfayət xanım həm də atasının mənəvi irsinin layiqli davamçılarından biridir. Uzun illərdir pedaqoji fəaliyyət göstərən, filologiya üzrə fəlsəfə doktoru kimi elmi araşdırmalar aparan Rəfayət Əlimirzəyeva öz zəngin təcrübəsi ilə gənc nəslin maariflənməsinə xidmət edir. Bu kitabın redaktoru kimi onun gördüyü iş də təsadüfi deyil. Rəfayət xanım uzun illərdir ki, Azərbaycan elmi və ədəbi fikrinə xidmət edən bir sıra sanballı nəşrlərin, o cümlədən Xalid Əlimirzəyevin “Bələdçi” və “Qarabağ harayı və ya ruhların üsyanı” kitablarının ərsəyə gəlməsində fəal iştirak edib.
Nizaməddin Şəmsizadənin “İdeal və həqiqət mücahidi” kitabının redaktoru və ön söz müəllifi kimi bu nəşrə böyük zəhmət sərf etməsi onun bu sahədə ardıcıl fəaliyyətinin davamıdır. Elə buna görə “İdeal və həqiqət mücahidi” kitabında üç insanın mənəvi görüşünü görürük: ömrünün son aylarında müəlliminə ehtiram borcunu yerinə yetirən Nizaməddin Şəmsizadəni, elm və həqiqət yolunda silinməz iz qoymuş Xalid Əlimirzəyevi və bu irsin yaşamasına xidmət edən Rəfayət Əlimirzəyevanı.
Kitabı bitirəndə düşündüm: xoşbəxtdir o müəllim ki, dünyasını dəyişəndən sonra da tələbələrinin yaddaşında yaşayır, onların həyatına işıq saçmaqda davam edir. Xalid müəllim məhz belə müəllimlərdən idi. Onun ömrü yazdığı kitablarda, yetişdirdiyi tələbələrdə, haqqında yazılan bu kitabda və onu sevə-sevə xatırlayan insanların qəlbində yaşayır.
Hər iki görkəmli alimimizin əziz xatirəsi qarşısında ehtiramla baş əyir, Tanrıdan onlara rəhmət diləyirəm. Bu gün onların mənəvi irsini yaşadan insanlar olduqca, onların adı da yaşayacaq. Çünki insanın həqiqi ömrü yaşadığı illərlə deyil, qoyub getdiyi izlə ölçülür. Xalid Əlimirzəyev və Nizaməddin Şəmsizadə Azərbaycan elminin və milli düşüncəsinin yaddaşında silinməz iz qoyan şəxsiyyətlərdəndir.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 117 dolları keçib

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930