Xəbərlər
20.09.2026, 01:46
YAXŞI Kİ VARSAN...
Əziz həmkarım, yaxın dostum Zəminə Fərrux qızı Ələkbərova!
Bəzi insanlar var ki, onları yalnız həmkar adlandırmaq azdır. Onlar həyatın müəyyən mərhələsində qarşına çıxır, zaman keçdikcə iş münasibəti dostluğa, dostluq isə mənəvi doğmalığı, sirdaşlığa çevrilir. Sən də mənim üçün məhz belə insanlardansan.
Səni tanıdığım gündən səmimiyyətin, insanlara münasibətin, işinə məsuliyyətin və ən çətin məqamda belə özünü itirməyən təmkinin həmişə diqqətimi çəkib. Sənin xarakterində elə bir xüsusiyyət var ki, yanında olan insan özünü rahat və güvəncli hiss edir. Bu, hər kəsə nəsib olmayan böyük mənəvi keyfiyyətdir.
Həmkar kimi zəhmətinə, dost kimi ürəyinin genişliyinə, insan kimi sadəliyinə və xeyirxahlığın, qadın kimi incəliyinə, zərifliyinə həmişə hörmət etmişəm. Səninlə bölüşdüyümüz söhbətlər, iş günlərinin qayğıları, sevinc və kədərli anlar zaman keçdikcə adi xatirələrdən daha qiymətli bir yaddaşa çevrilib.
Əziz Zəminə xanım, arzu edirəm ki, həyatının bundan sonrakı səhifələri könül rahatlığı, sağlamlıq, sevinc və gözəl insanlarla dolu olsun. Ürəyindən keçən bütün arzular gerçəkləşsin, üzündən təbəssüm, evindən bərəkət, həyatından doğma insanların sevgisi əskik olmasın.
İnsan üçün ən böyük sərvətlərdən biri yaxşı ad, digəri isə səmimi dostlardır. Sənə hər ikisini ürəkdən arzulayıram. Qoy illər keçdikcə yaşın deyil, gözəl xatirələrin, qazandığın insanların və gördüyün yaxşılıqların çoxalsın.
Səni ürəkdən təbrik edirəm, əziz dostum və həmkarım Zəminə xanım! Yeni yaşın sənə yeni ümidlər, yeni uğurlar, könlünə yaraşan gözəl günlər gətirsin. Həyat yolun həmişə işıqlı, qəlbin rahat, ömrün uzun və mənalı olsun! Allah bu gözəlliyi əlindən almasın.
Ad günün mübarək!

Hörmət və sevgilərlə:
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




