Turaztv.az » Xəbərlər » Bəhruz Məmmədov : NEFT DAŞLARI - 77
Xəbərlər

Bəhruz Məmmədov : NEFT DAŞLARI - 77

08.11.2026, 21:38 64
Bəhruz Məmmədov : NEFT DAŞLARI - 77

Bu gün Xəzərin qoynunda, dalğaların, küləklərin, fırtınaların sinəsində bir möcüzənin – Neft Daşlarının 77 yaşı tamam olur.

Bəzən insanın taleyinə elə bir məkan yazılır ki, illər keçdikcə orada sadəcə çalışmır, onunla yaşayır, onunla nəfəs alır, onun tarixinin bir parçasına çevrilir. Mənim üçün Neft Daşları məhz belə bir məkandır.Ömrümün 22 ilini bu əfsanəvi şəhərin səsinə, sözünə, taleyinə bağlamışam. Neft Daşları qəzetində keçən illər mənim üçün sadəcə əmək fəaliyyəti deyil, bir ömürlük məktəb, dostluq, xatirə və mənəvi zənginlikdir. Bu gün də həmin qəzetin redaktoru kimi taleyimin bu doğma ünvanına xidmət etməkdən qürur duyuram.
Redaktorluq estafetini müəllimim Xeyrulla Ağayevdən qəbul etmişəm. Ondan əvvəl bu qəzetə rəhbərlik etmiş Eynulla Umudov və Zahir Mehrəliyev bu gün də hörmət bəslədiyim, dostluq münasibətində olduğum insanlardır. İşə başladığım gündən idarəyə rəhbərlik etmiş Alçın Şirin-zadə, mərhum Məhəmməd Ağayev, Balamirzə Ağarəhimov, Sərxan Babaşov, Qoçalı Mahmudov, Balaəli Cəfərov və bu gün rəhbərliyimizdə olan Asim Bağırov qəzetin yaradıcı kollektivinə hörmət və ehtiramla yanaşıb. Bu münasibət mənim üçün həmişə qiymətli olub.
SOCAR rəhbərliyinin qəzetimizin 55 illik yubileyi münasibətilə yaradıcı kollektivimizi mükafatlandırması, baş ofisdə keçirilən görüş, müxtəlif ölkələrdən gələn qonaqlarla ünsiyyət, Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələrinin Neft Daşlarına səfərləri - bunların hər biri yaddaşımda silinməz izlər buraxıb.
Neft Daşlarının 55 və 60 illik yubileylərini ölkə Prezidenti İlham Əliyevlə birlikdə qeyd etmək, onun neftçilərlə səmimi söhbətlərinə şahid olmaq isə ömrümün unudulmaz anlarındandır.
Amma bütün bu möhtəşəm hadisələrin fövqündə bir həqiqət dayanır - Neft Daşlarının əsl möcüzəsi onun insanlarıdır!
Evdən, ailədən, doğmalarından uzaqda, bəzən günlərlə, həftələrlə fırtınaların qoynunda çalışan, Xəzərin qəzəbli dalğaları ilə üz-üzə dayanan bu insanlar əsl qəhrəmanlardır. Onların hər iş günü bir hünər, hər növbəsi bir fədakarlıq, hər zəhmət saatı bir tarixdir.
Onlarla bir günü, bir saatı, bir anı bölüşmək necə də gözəldir! Onların söhbətində dənizin duzunu, baxışlarında zəhmətin qürurunu, ürəklərində isə Vətən sevgisini görürsən...

...Qalxır "uçan xalça" üzü küləyə,
Fələk özü çatsın darda köməyə,
Alqış belə işə, belə əməyə.
Möcüzə sayılır bu Neft Daşları,
Gör nələr yaradıb Odlar diyarı.

Bu da Neft Daşları, möhtəşəm şəhər,
Xəzərin incisi, kəhkəşan şəhər,
Fırtına qoynunda çarpışan şəhər,
Sevir ərənləri, bahadırları,
Gör nələr yaradıb Odlar diyarı...


77 il əvvəl Xəzərin ortasında bir möcüzənin təməli qoyuldu. Bu gün o möcüzə təkcə Azərbaycanın deyil, dünyanın sənaye tarixinin də şərəfli səhifələrindən biridir.
Neft Daşları mənim üçün keçmişin xatirəsi deyil, bu günümüzün nəfəsi, sabahımızın ümididir. Burada keçən 22 ilimi heç nəyə dəyişmərəm. Çünki insan bəzən bir ömrə sığmayacaq qədər böyük sevgini bir məkana sığışdıra bilir.
77 yaşın mübarək, Neft Daşları!
Dalğaların qoynunda ucalan bu şəhərin işıqları heç vaxt sönməsin, neftçilərin ocağı daim yansın, qəhrəman insanlarının hünəri nəsillərdən-nəsillərə ötürülsün!
EŞQ OLSUN!

Oxşar xəbərlər