Turaztv.az » Xəbərlər » SƏMİMİ ETİRAF
Xəbərlər

SƏMİMİ ETİRAF

09.11.2026, 00:06 25

SƏMİMİ ETİRAF
“Azərbaycan” qəzeti mətbuatdakı fəaliyyətimin ana xəttini təşkil edir

Ömrümüzdə, yaşantılarımızda elə ünvanlar var ki, onlar təkcə işlədiyimiz yer, hər gün üz tutduğumuz məkan deyil. Zaman keçdikcə həmin ünvanlar taleyimizin bir parçasına, ömür kitabımızın ən əziz səhifələrinə çevrilir. Mənim də üz tutduğum belə ünvanlardan biri “Azərbaycan” qəzetidir.
İyirmi il... Bu rəqəmin arxasında nə qədər zəhmət, axtarış, yaradıcılıq sevinci, narahatlıq, görüş, ayrılıq, unudulmaz insan taleləri dayanır. Mən “Azərbaycan” qəzetində çalışdığım 20 ili təkcə jurnalistlik fəaliyyətimin müəyyən bir mərhələsi hesab etmirəm. Bu illər mənim mətbuat həyatımın ana xəttini, peşəkar kimliyimin formalaşdığı, sözə və qələmə münasibətimin daha da dərinləşdiyi ziqzaqlı dövrü əhatə edir.
Qəzetçilik qəribə sənətdir. Burada insan hər gün zamanla üz-üzə dayanır. Bu gün yazdığın yazı sabahın tarixidir. Səhifələrə köçürdüyün fikirlər, qələmə aldığın hadisələr, haqqında söz açdığın insanlar bir müddət sonra öz dövrünün canlı salnaməsinə çevrilir. “Azərbaycan” qəzetində çalışdığım illər ərzində mən bu həqiqəti dəfələrlə duymuşam.

Bu qəzet mənim üçün yalnız informasiya mənbəyi, redaksiya otaqları, qəzet səhifələri demək deyil, bura həm də bir məktəbdir – sözün məsuliyyətini öyrədən, hadisələrə ayıq nəzərlə baxmağa alışdıran, insanı daim düşünməyə vadar edən bir məktəb... Burada hər yazının arxasında bir mövqe, hər cümlənin arxasında bir məsuliyyət dayanır...
Mənim yaddaşımda “Azərbaycan” qəzetinin illəri təkcə görülmüş işlərdən daha çox insanlarla yaşam, xoş münasibətlər qalıb. Redaksiya mühiti, yaradıcı mübahisələr, materialların hazırlanması, qəzetin növbəti sayının həyəcanı, son anda edilən düzəlişlər... Bütün bunlar mənim jurnalist həyatımın zahirən adi görünən, əslində isə böyük mənəvi məna daşıyan anlarıdır.
Burada jurnalistikamızın mogikanları – saçlarını ağartmış adlı-sanlı qələm sahibləri çalışır, mətbu sözün keşiyini çəkirlər. Onların yaradıcılıq dünyaları haqqında düşünəndə bir məqam xüsusilə diqqətimi çəkir:

SÖZƏ SƏDAQƏT!..


20 il ərzində “Azərbaycan” qəzetində qazandığım ən böyük sərvətlərdən biri də məhz bu düşüncə olub. Mən burada yalnız peşə təcrübəsi toplamamışam, həm də zamanın nəbzini tutmağı, hadisələrin görünən tərəfi ilə yanaşı, görünməyən mahiyyətini də axtarmağı öyrənmişəm. Hər gün qəzet səhifələrinə baxanda bir daha anlayıram ki, jurnalistin işi yazmaqla yanaşı, həmçinin yaddaş yaratmaqdır.
Artıq geriyə boylananda həmin 20 ilin hər səhifəsində öz ömrümdən bir iz görürəm. Bəzən bir yazının hazırlanmasına sərf edilən saatlar, bəzən redaksiyada yaşanan gərgin anlar, bəzən də bir cümlənin üzərində aparılan uzun müzakirələr, bəzən də müəyyən vacib olaylarla bağlı xəbərlərin redaksiyamıza gəlişini gözlədiyimizə görə kompüter mərkəzində səhəri dirigözlü açmağımız gözlərimin önündə canlanır. Zaman ötür, insanlar dəyişir, redaksiyaların ünvanı, qəzetçiliyin texnologiyası yenilənir. Amma sözə ehtiyac, həqiqətə hörmət, oxucu qarşısında məsuliyyət dəyişmir.
Mənim üçün “Azərbaycan” qəzeti 20 illik əmək fəaliyyətimin adı olmaqdan daha artıq məna daşıyır. O, mətbuat taleyimin mühüm bir parçasıdır. “Azərbaycan”da keçən illər mənim yaddaşımda ömür məktəbi, peşəkar sədaqət və yaradıcılıq məsuliyyəti kimi yaşayır.
İnsan bəzən illərlə çalışdığı yerdən ayrılır, amma oradan qopa bilmir. Çünki bəzi məkanlar insanın həyatında fiziki ünvan olmaqdan çıxaraq mənəvi ünvana çevrilir. “Azərbaycan” qəzeti də mənim üçün belə bir ünvandır.
Bu gün qürurla deyə bilərəm: mətbuatdakı fəaliyyətimin 20 ili “Azərbaycan” qəzetinin səhifələrində, onun yaradıcı mühitində, sözə və oxucuya xidmət missiyasında formalaşıb. Həmin illər mənim üçün keçmişdən çox bu günümə işıq salan, gələcəyə baxışımı müəyyənləşdirən canlı xatirədir. Ömür yolumda elə qəzetlər olub ki, onların səhifələrində yalnız yazıları deyil, öz ömrümü də oxumuşam. 20 illik mətbuat ömrümün ən böyük səhifələrindən biri “Azərbaycan” qəzetidir.

AĞRILI GÜNLƏRİMDƏ YANIMDA OLAN KOLLEKTİV


İnsan işlədiyi kollektivin əsl qiymətini təkcə xoş günlərdə deyil, həyatın ağır sınaqları ilə üz-üzə qaldığı məqamlarda daha dərindən anlayır. Mən bunu öz həyatımda dəfələrlə yaşamışam.
2013-cü ildə yeznəmi itirəndə, 2014-cü ildə anam dünyasını dəyişəndə keçirdiyim sarsıntıların ağırlığını sözlə ifadə edə bilmirəm. Anamın itkisi ömrümdə elə bir boşluq yaratdı ki, zaman keçsə də, o boşluğu hələ də tam doldura bilməmişəm. Həmin ağır günlərdə “Azərbaycan” qəzetinin kollektivinin mənə göstərdiyi diqqət, qayğı və mənəvi dəstəyi, qarlı-boranlı günlərdə böyük heyətlə Bakıdan avtobusa əyləşib doğulub boya-başa çatdığım Basqal qəsəbəsinə gəlişini və rəhmətlik atamın onlara və mənə baxaraq fərəhləndiyini, onun sevinc göz yaşlarını isə heç vaxt unutmayacağam.
2019-cu il də həyatımın ən ağır sınaqlarından biri oldu. Qəfildən səhhətimin kritik vəziyyət alması nəticəsində xəstəxanaya düşdüm, reanimasiya şöbəsinə yerləşdirildim. Sonradan palataya keçirildim. Belə anlarda insan həyatın, sağlamlığın, yaxınlığın, dostluğun və həmkar münasibətlərinin əsl dəyərini daha dərindən anlayır. Mən də həmin günlərdə bir daha gördüm ki, “Azərbaycan” qəzetinin kollektivi mənim üçün birlikdə çalışdığım insanlar deyil. Onlar sevincimə şərik olan, kədərimə üzülən, dar günümdə yanımda dayanan doğma insanlardır.
Reanimasiya şöbəsində olduğum vaxtdan palataya köçürüldüyüm anlaradək kollektivin mənə göstərdiyi diqqət və qayğı mənəvi cəhətdən böyük dayağım oldu. Bəzən bir telefon zəngi, bir xoş söz, bir ziyarət insanın ruhuna dərman olur. Mən bu qayğını gördüm, yaşadım və heç vaxt unutmayacağıma qərar verdim.
O vaxt anladım ki, 20 il ərzində mən təkcə bir qəzetdə işləməmişəm, həm də böyük bir mənəvi ailənin üzvünə çevrilmişəm. İllərlə bir redaksiyanın çörəyini bölüşmək, eyni amal uğrunda çalışmaq, eyni qəzetin taleyinə məsuliyyət daşımaq insanları doğmalaşdırırmış.
Bu gün “Azərbaycan” qəzetindəki 20 illik fəaliyyətimdən söz açanda həmin kollektivə xüsusi minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Çünki mənim üçün kollektivin böyüklüyü təkcə ərsəyə gətirdiyi yazılarla, qəzet səhifələri ilə deyil, həm də insanın çətin günündə onun yanında olması ilə ölçülür.
“Azərbaycan” qəzetinin kollektivinə minnətdarlığımın ən böyük səbəblərindən biri də budur: mən həyatımın ən ağrılı və ən çətin anlarında özümü tək hiss etmədim...
Daşdəmir ƏJDƏROĞLU


Oxşar xəbərlər