Xəbərlər
Sözün işığında yaşayan vətənpərvər qələm sahibi
Azərbaycan ədəbiyyatında və mətbuatında özünəməxsus dəst-xətti, səmimi duyğuları və vətəndaş yanğısı ilə seçilən qələm sahiblərindən biri də Zəhra Səfəralıqızıdır (Məmmədova). O, 1960-cı ildə füsunkar təbiəti və zəngin mədəni mühiti ilə tanınan Zəngilan rayonunda dünyaya göz açmışdır. 1980–1985-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaşünaslıq və biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1985-ci ildən etibarən doğma Zəngilanda Orta Texniki Peşə Məktəbində (OTPM) kitabxana müdiri və müəllim kimi əmək fəaliyyətinə başlayaraq gənc nəslin maariflənməsinə dəyərli töhfələr vermişdir.
1993-cü ildə erməni işğalı nəticəsində Zəngilanın süqutundan sonra Zəhra xanım da yüz minlərlə həmvətənimiz kimi məcburi köçkünlük həyatı yaşamaq məcburiyyətində qalmışdır. Lakin yurd həsrəti onun qələmini sındırmamış, əksinə, yaradıcılıq eşqini daha da alovlandırmışdır.
Zəhra Səfəralıqızının ədəbiyyata marağı hələ orta məktəb illərindən oyanmışdır. Həmin dövrdə Zəngilanda nəşr olunan “Kənd həyatı” qəzetində, tələbəlik illərində isə universitet qəzetində ilk hekayələri işıq üzü görmüşdür. Sonrakı illərdə də mətbuatla sıx əlaqə saxlayan müəllifin şeir və hekayələri “Sərhəd” qəzetində müntəzəm dərc edilmişdir. 2000-ci illərdə “Səmavi dünyamız” qəzetinin redaktoru vəzifəsində çalışmış, hazırda isə “Yurd” jurnalında redaktor kimi peşəkar fəaliyyətini uğurla davam etdirir.
Müəllif həm nəsr, həm poeziya, həm də tərtibçilik sahəsində məhsuldar fəaliyyət göstərərək oxuculara bir-birindən dəyərli kitablar bəxş etmişdir. Onun “Qoşa çinar” romanı, “Ramazan” povesti və “Qoca adam” hekayələr toplusu bədii nəsr sahəsindəki ustalığının bariz göstəricisidir. “Qəlbimin üşüyən tərəfi”, “Uzaqdan gətirdiklərim”, “Buluddan nəm çəkdi yolum” və “Bir qom bənövşə” şeir kitabları isə Zəhra xanımın incə ruhunun və zəngin daxili dünyasının poetik ifadəsidir. Bununla yanaşı, müəllifin doğma yurdunun ədəbi irsini və ziyalılarını yaşatmaq məqsədilə hazırladığı “Zəngilanlılar” antologiyası da mühüm mədəni əhəmiyyət daşıyır.
Zəhra Səfəralıqızı əsərlərini sadəcə ədəbiyyat naminə deyil, qəlbinin səsi və vətəndaşlıq borcu ilə qələmə alır. Onun “Ramazan” povesti və bir çox digər yazıları Birinci Qarabağ müharibəsi şəhidi Ramazan Cəbrayıl oğlu Məmmədovun şərəfli ömür və döyüş yoluna həsr olunmuşdur. Müəllif bu əsərlərlə şəhidimizin əziz xatirəsini böyük ehtiramla yad edir.
“Qoşa çinar” romanı isə Vətənə sədaqətin nəsildən-nəslə ötürülməsini əks etdirən qiymətli sənət nümunəsidir. Əsər qəhrəman qazimiz Ənvər Mikayıl oğlu Qarayev və onun oğlu — 44 günlük Vətən müharibəsinin iştirakçısı, Laçın–Şuşa istiqamətində gedən döyüşlərin qəhrəmanı, yüksək dövlət mükafatlarına layiq görülmüş və bu gün hərb sahəsində mühüm vəzifələrdən birini icra edən polkovnik-leytenant Asəf Ənvər oğlu Qarayevin igidlik yolundan bəhs edir.
Zəhra Səfəralıqızının bir-birindən maraqlı hekayələri də diqqəti cəlb edir. “İlan” hekayəsində müəllif meşədə baş verən dağıdıcı müharibə və bombardman hadisələrinin yalnız insanlara deyil, bütün canlı aləmə yaşatdığı faciəni ön plana çıxarır. Cəmiyyətdə qorxulu və soyuq varlıq kimi tanınan ilan burada balaları üçün ağlayan məsum ana obrazında təqdim olunur. Ali şüurlu sayılan insan isə həm öz həmcinsinə, həm də təbiətə ölüm gətirən dağıdıcı qüvvə kimi göstərilir. Hekayə ilanın dağılmış yuvasını tapması ilə başlayır. Onun insan kimi düşünməsi və göz yaşı tökməsi əsərə güclü psixoloji təsir bağışlayır. Günəşli hava ilə göydən daş və ət parçalarının yağması arasındakı təzad isə fəlakətin qeyri-təbii olduğuna işarə edir. Müəllif oxucunu hadisənin içinə çəkmək üçün qızmar daşların yandırması, yanıq ət qoxusu, silah səsləri və əzilmiş çiçəklər kimi fərqli duyğu orqanlarına xitab edən canlı təsvirlərdən məharətlə istifadə edir.
Boşluq” hekayəsində isə müəllif yaxın dostunu itirmiş bir insanın yas prosesinin ilk mərhələlərini və daxili tənhalığını əks etdirir. Hekayənin epiqrafı (“Dost itirənlərə”) mətnin emosional yükünü elə ilk sətirdən oxucuya ötürür. Əsərin başlığının “Boşluq” seçilməsi həm qəhrəmanın daxili dünyasındakı sarsıntını, həm də həyatında dostunun yerinin əbədi olaraq boş qalmasını simvolizə edir. Müəllif göstərir ki, qəhrəman dostu ilə həmişə oturduqları çayxanaya gedir. Qarşıdakı boş stulun ona “üzgün-üzgün baxması” reallığın ilk soyuq nəfəsi kimi onu diksindirir və oradan uzaqlaşmağa vadar edir. Dəniz kənarında üzünə çilənən soyuq su damcıları onu bu ağır psixoloji vəziyyətdən çıxarır. Dənizin fəryadı ilə qəhrəmanın içindəki hayqırtı birləşir və o, nəhayət, ağlayaraq itki ilə barışmağa başlayır.
“Payız nağılı” hekayəsində müəllif illərdir sevgisiz və duyğusuz bir həyat sürən qadının gözlənilməz bir məhəbbətlə qarşılaşmasını və bu hissin yaratdığı daxili təlatümü qələmə alır. Qadının cəmiyyətin qınağından və öz daxili qorxularından azad olaraq saf duyğularını qəbul etməsi ona mənəvi güc verir. Hekayədə qadının tələsik metroya daxil olması və ətrafdakıların ona baxdığını zənn etməsi onun yaşadığı güclü sarsıntını göstərir. Metronun alatoran işığı onun hisslərini başqalarından gizlədən bir pərdə rolunu oynayır. Platformada gözləyərkən yaşadığı peşmanlıq (“Bu, xəyanətmi?!”) ilə qəlbindəki ilıq hiss toqquşur. Soyuq sütuna söykənərək üşüməsi onun vicdan əzabı və mənəvi tənhalığı ilə üzləşməsindən xəbər verir. Metrodan çölə — yağışdan sonra təmizlənmiş, Günəş altında parlayan payız mənzərəsinə çıxması qəhrəmanın ruhən azadlığa qovuşmasını simvolizə edir. O, günahkarlıq hissini geridə qoyaraq yaşadığı sevgini özünün “payız nağılı” kimi qəbul edir.
Zəhra Səfəralıqızının poeziyası insan qəlbinin ən gizli qatlarına enən, həyat həqiqətləri ilə üz-üzə gələn səmimi etiraflar toplusudur. Onun şeirlərində həm ictimai-fəlsəfi tənqid, həm də yurd həsrətindən doğan dərin lirizm hakimdir. Müəllif “Yalan” şeirində cəmiyyətdəki saxtalığı kəskin ironiya və ürək ağrısı ilə ifşa edir. Yalanı “istəkli bir güc” adlandıran şairə insanların hamını, hətta Allahı belə aldatdığını zənn etdiyi anda dünyanın özünün də yalançı olduğunu dərk etməsini böyük sənətkarlıqla təsvir edir.
“Bilmirəm” şeirində isə şairə didərginlik ağrısının və mənəvi tənhalığın poetik tablosunu yaratmışdır. Baharın içində payız yaşamaq, ulduzlu səma altında yalnız bulud görmək, yanar ocağın istisində üşümək və çiçəklər arasından ovcuna məhz “yollara boylanan bənövşənin” düşməsi yurd həsrətinin ən təsirli bədii ifadəsidir.
“Deyir” şeiri isə təbiət obrazlarına yeni fəlsəfi məna yükləyən güclü alleqorik nümunədir. İşsiz qalan hörümçəyin “Dünyanın özü torda artıq”, xarabalıq axtarmayan bayquşun “Şeytan böyükdür”, göyün yeddi qatına çəkilən buludun isə “Yerdə ağlar gözlər çoxdur, torpağı suvarır” deməsi bəşəriyyətin mənəvi böhranını və insan göz yaşlarının ağırlığını sarsıdıcı misralarla ümumiləşdirir.
Məcbursan
Dünyanın Günəşə ehtiyacı var,
Sevgisi od alıb alışa bilsin.
Goyün buludu var, həm yağışı var,
Onların nəminə alışa bilsin.
Sən Allah, gəl alış bunun nazına,
Çünki ömür keçir onunla birgə.
Məcbursan, qulaq as sən avazına,
Addımla yolunla onunla birga.
Dünyanın Günəşə ehtiyacı var,
Sevgisi od alıb alışa bilsin.
Goyün buludu var, həm yağışı var,
Onların nəminə alışa bilsin.
Sən Allah, gəl alış bunun nazına,
Çünki ömür keçir onunla birgə.
Məcbursan, qulaq as sən avazına,
Addımla yolunla onunla birga.
“Məcbursan” şeirində şairə öz taleyi, həyatı və daxili dünyası ilə barışmaq zərurətindən bəhs edir. Müəllif təbiət hadisələri ilə insan ömrü arasında paralellər apararaq həyatın dəyişkənliyini göstərir. Şeirdə ziddiyyətlərin və ehtiyacların vəhdəti təsvir olunur. Günəşin istiliyi sevgiyə, bulud və yağışın nəmi isə həyatın çətinliklərinə və göz yaşlarına bənzədilir. Müəllif göstərir ki, kainat kimi insan da həm sevincə, həm də kədərə öyrəşməlidir. Onun gah coşub-daşması, gah da sakitcə ağladıb qəlbə dağ çəkməsi həyatdakı enişli-yoxuşlu anları təsvir edir. Şairə oxucuya və ya özünə səslənərək bu taleyin nazına dözməyi tövsiyə edir. Çünki ömür boyu bu hiss və tale ilə birgə addımlamaq qaçılmaz bir məcburiyyətdir.
“Verdin”
Bu atlı dünyada özüm özümdən
Yıxıldım, ağladım,sızladım, Allah.
Qəlbimin nəm çəkən dolmuş gözündən,
Yaşları boşluqlar sildi, ay Allah...
Dəstəyi olmayan bəxtin qapısı,
Üzümə bağlandı paslı qıfıltək.
Dağılmış gümanın tamı, parası,
Dizimi çökdurdü ac qılıncıtək...
Çox sükur, bu yolda yazdığın yazı,
Olimdan yapışıb apardı mani.
Yağmurlu, tikanı yollarından
Vəfalı dost oldu, atmadı mani...
Yıxıldım, ağladım,sızladım, Allah.
Qəlbimin nəm çəkən dolmuş gözündən,
Yaşları boşluqlar sildi, ay Allah...
Dəstəyi olmayan bəxtin qapısı,
Üzümə bağlandı paslı qıfıltək.
Dağılmış gümanın tamı, parası,
Dizimi çökdurdü ac qılıncıtək...
Çox sükur, bu yolda yazdığın yazı,
Olimdan yapışıb apardı mani.
Yağmurlu, tikanı yollarından
Vəfalı dost oldu, atmadı mani...
“Verdin” şeiri isə Allaha müraciət, çəkilən əzablar və sonda ilahi təqdirə (qismətə) şükür etmək üzərində qurulub. Burada həyatın sürətli axarında (“atlı dünyada”) insanın öz daxili ziddiyyətlərindən yorulması və sarsılması təsvir edilir. Bəxt qapısının dəstəksiz olması və paslı qıfıl kimi bağlanması çarəsizliyi ifadə edir. Allah bəndəsinə həm xəyallarının ən şirin və təmiz anlarını bəxş etmiş, həm də yoluna daşlar düzərək onu sınağa çəkmişdir. Bütün tikanlı və yağmurlu yollara baxmayaraq, lirik qəhrəman Allahın yazdığı taleyə (“yazıya”) şükür edir. O dərk edir ki, məhz bu tale ən çətin anlarda onun əlindən tutmuş və vəfalı dost kimi onu tək qoymamışdır.
“Başqa yerdədir”
Bağlandım dünyanın zərli üzünə,
Baxmadım hiyləgər, sönük gözünə.
Elə bildim yıxılsam da qalxaram,
Çatmaz gücü ruhumdakı dözümə
.Nə biləydim dünya bela dağlayar,
Dağı bilərziktak qoluma taxar.
Sonra da ağrısın sapa düzərək,
Bahalı muncuqtək boynuma asar.
Gəl, gör, bu dünyanın işinə bir bax,
Səni səndən alıb, aparıb gedər.
Yalnız qoyar dumanlı yollarında,
Arzuları kal-kal qoparıb gedər.
Mənəm bu dünyanın üzunə duran,
Sevmədim mən onu, günah kimdədir?
Bəlkə doğma olan, mənimki olan,
Başqa bir zamanda, başqa yerdədir?...
Baxmadım hiyləgər, sönük gözünə.
Elə bildim yıxılsam da qalxaram,
Çatmaz gücü ruhumdakı dözümə
.Nə biləydim dünya bela dağlayar,
Dağı bilərziktak qoluma taxar.
Sonra da ağrısın sapa düzərək,
Bahalı muncuqtək boynuma asar.
Gəl, gör, bu dünyanın işinə bir bax,
Səni səndən alıb, aparıb gedər.
Yalnız qoyar dumanlı yollarında,
Arzuları kal-kal qoparıb gedər.
Mənəm bu dünyanın üzunə duran,
Sevmədim mən onu, günah kimdədir?
Bəlkə doğma olan, mənimki olan,
Başqa bir zamanda, başqa yerdədir?...
“Başqa yerdədir” şeirində müəllif dünyanın faniliyini və ruhun ona yadlığını ön plana çıxarır. O, ruhundakı dözümə arxalanaraq hər yıxılanda yenidən ayağa qalxa biləcəyinə inanmışdır. Dərdlərin bilərzik kimi qola taxılması və ağrıların bahalı muncuq kimi boyundan asılması həmin əzabların insanın ayrılmaz bir hissəsinə çevrildiyini göstərir. Həyat insanı dumanlı yollarda tənha qoyur və onun arzularını yetişməmiş (“kal-kal”) qopararaq yarımçıq saxlayır. Sonda isə şairə öz ruhuna doğma olan gerçək həyatın başqa bir zamanda və başqa bir məkanda olması qənaətinə gəlir.
Zəhra Səfəralıqızı bu gün də həm mənalı nəsr əsərləri, həm də könülləri oxşayan gözəl şeirləri ilə Azərbaycan ədəbiyyatına və mətbuatına sədaqətlə xidmət etməkdə davam edir. Onun hər bir misrası Vətən sevgisinin, həqiqət axtarışının və sönməyən yaradıcılıq eşqinin parlaq nümunəsi.
Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü
















