Turaztv.az » Xəbərlər » AİLƏNİN İŞIĞI SÖNMƏSİN...
Xəbərlər

AİLƏNİN İŞIĞI SÖNMƏSİN...

08.11.2026, 16:43 12

AİLƏNİN İŞIĞI SÖNMƏSİN...
(Bədii-publisistik esse)

Ev tanıyıram ki, qapısını açanda adamın üzünə isti bir nəfəs dəyir. O nəfəs nə sobanın istisidir, nə də günəşin. O, insan nəfəsidir - ana qayğısının, ata zəhmətinin, övlad məhəbbətinin biri-birinə qarışdığı, adı ailə olan o müqəddəs ocağın nəfəsi...
Elə ev də tanıyıram ki, pəncərələrindən işıq süzülür, içəridə televizor danışır, telefonlar cingildəyir, kompüter ekranları yanıb-sönür, amma evin içində qəribə səssizlik hökm sürür. Hamı bir damın altındadır, amma hər kəs öz dünyasında yaşayır. Ata öz telefonuna baxır, ana başqa bir ekranın qarşısındadır, uşaq da görünməz bir dünyanın içində itib. Biri-birinə yaxın oturublar, amma ürəkləri arasında məsafə var.
Görəsən, ailə dediyimiz yalnız bir evdə yaşamaqdırmı? Yoxsa ailə insanın özünü tək hiss etmədiyi, sevincini bölüşə bildiyi, dərdini çəkinmədən söylədiyi, səhv edəndə bağışlanılacağına inandığı bir mənəvi dünyadır? Bu sualların cavabı bu gün həmişəkindən daha vacibdir.


BİR SÜFRƏNİN ƏTRAFINDA...


Yadımdadır, yaşlı bir kişinin söhbətində belə bir fikir eşitmişdim: “Evin böyüklüyü otaqlarının sayı ilə yox, bir süfrənin ətrafında neçə ürəyin birləşməsi ilə ölçülür”. Nə qədər sadə, nə qədər dərin sözdür! Vaxtilə ailə süfrəsi yalnız yemək yeyilən yer olmayıb. Burada günün söhbətini aparmış, böyüklərin nəsihətini dinləmişik. Biz uşaq olanda kiçik sevinclərimizə şərik çıxılar, bəzən bir tikə çörək bölünər, bəzən də bir dərdin ağırlığı yüngülləşərdi. Ailəmizin üzvləri biri-birinin üzünə baxa-baxa danışardılar. Sözün səsindən əlavə, baxışın da dili vardı. Anamın bizə baxışı bəzən uzun bir nəsihətdən daha təsirliydi…
İndi zaman dəyişib. Həyat sürətlənib. İnsanların qayğıları artıb. İş, təhsil, şəhər, kənd həyatı, maddi çətinliklər ailə üzvlərinin vaxtını biri-birindən alır. Texnologiya uzaqdakı insanı yaxınlaşdırır, amma bəzən yanımızdakı insanı bizdən uzaqlaşdırır.
Halbuki ailə münasibətləri öz-özünə qorunmur. Onlara vaxt ayırmaq lazımdır. Biri-birimizi dinləməyi, biri-birimizin halını soruşmağı, bir süfrə arxasında telefonsuz oturmağı, uşağın danışdığı adi bir hadisəyə belə maraq göstərməyi bacarmalıyıq. Çünki uşağın yaddaşında həmişə böyük hədiyyələr qalmır. Bəzən illər sonra xatırladığı daha çox atasının onu diqqətlə dinləməsi, anasının başını sığallaması, babasının da aldığı hədiyyə, nənəsinin söylədiyi bir nağıl olur.
İnsan böyüyür, şəhərlər dəyişir, evlər sökülür, yeniləri tikilir. Amma uşaqlıqda aldığı mənəvi istilik çox vaxt onunla bir ömür yaşayır…

AİLƏ DƏYƏRLƏRİ KÖHNƏLİRMİ?


Bəzən müasirlikdən danışarkən cəmiyyətdə elə təsəvvür yaranır ki, keçmişdən qalan nə varsa, hamısı köhnəlib. Halbuki hər köhnə şey köhnəlmiş olmadığı kimi, hər yeni şey də mütləq yaxşı deyil.
Azərbaycanlılarda ailəyə sədaqət, valideynə hörmət, övlada qayğı, böyüyə ehtiram, kiçiyə mərhəmət, çətin gündə biri-birinin yanında olmaq - bunlar zamanın dəbdən sala bilmədiyi mənəvi dəyərlərdir. Ancaq ailə dəyərlərini qorumaq keçmişin bütün qaydalarını düşünmədən təkrarlamaq kimi başa düşməməliyik. Cəmiyyət də, insanların həyat şəraiti də, paralel olaraq ailə üzvlərinin hüquqları və gözləntiləri də dəyişir. Bu dəyişikliklərin içində qorunmalı olan əsas məsələ insan ləyaqəti, qarşılıqlı hörmət və məsuliyyətdir.
Valideynə hörmət övladın fikrini söyləmək hüququnu əlindən almamalıdır. Ailəyə sədaqət heç kəsin zorakılığa dözməsi kimi başa düşülməməlidir. Böyüyə ehtiram kiçiyin alçaldılması hesabına qurulmamalıdır.
Əsl ailə dəyəri insanı susdurmaqdan çox onun səsini eşitməkdədir. Əsl hörmət qorxudan yox, sevgidən doğmalıdır.
Ailə o zaman möhkəm olur ki, onun üzvləri biri-birinin yanında özlərini təhlükəsiz hiss edirlər. Ata ailənin dayağı olmaqla yanaşı, övladının dostu da ola bilir. Ana qayğı göstərməklə yanaşı, öz arzularını və ehtiyaclarını da unutmur. Övlad valideynini yalnız bir öhdəlik kimi deyil, sevə biləcəyi, söhbət edə biləcəyi bir insan kimi görür.
Belə ailədə ənənə də yaşayır, yenilik də özünə yer tapır.

ANA ÜRƏYİ, ATA ZƏHMƏTİ, ÖVLAD MƏSULİYYƏTİ


Atamızın ailəsinin sabahı naminə çəkdiyi zəhməti hansı tərəzi ilə ölçmək olar? Anamızın övladı üçün keçirdiyi yuxusuz gecələri kim saya bilər? Ancaq ailənin bütün yükünü yalnız ata ilə ananın çiyninə qoymaq da doğru deyil. Ailə birgə məsuliyyətdir. Onun qorunması hər bir üzvün davranışından asılıdır.
Valideyn övladına yalnız yemək, geyim və təhsil verməklə kifayətlənə bilməz. O, həm də davranışı ilə nümunə olmalıdır. Uşağa dürüstlükdən danışıb özü yalan danışmaq, hörmətdən danışıb başqasını təhqir etmək, mərhəmətdən söz açıb ehtiyacı olan insana laqeyd qalmaq tərbiyənin sözlə əməl arasında necə parçalandığını göstərir.
Uşaq böyüklərin dediklərini eşidir, amma onların etdiklərini daha dərindən mənimsəyir. Ailəmizdə belə görmüşük ki, rəhmətlik atamız anamıza hörmət edib, anamız atamızın zəhmətini qiymətləndirib, fikir ayrılığı təhqirsiz həll olunub, biz sevginin yalnız xoş sözlərdən ibarət olmadığını öyrənmişik. Sevginin səbir, güzəşt, məsuliyyət və bəzən öz haqlı olduğunu sübut etməkdən imtina etmək olduğunu anlamışır. Bəs bizim ailə qarşısında borcumuz nəydi? Yalnız valideynimizin sözünə baxmaqmı? Xeyr. Bizim borcumuz böyüdükcə ailədəki əməyin, qayğının və fədakarlığın qiymətini anlamaq olub. Ata-anamız qocalanda onların halını soruşmuş, xəstələnəndə yanlarında olmuş, məsləhətlərinə ehtiyac duyanda qapılarını döymüşük. Amma valideynlərimiz də biliblər ki, biz onların mülkiyyəti deyilik. Onlar da dərk ediblər ki, bizim öz düşüncəmiz, arzumuz və həyatımız var. Uşağı sevmək onu öz istəklərinə uyğun formaya salmaq deyil, onun sağlam şəxsiyyət kimi yetişməsinə kömək etməkdir.
Ailə məhəbbəti insanı qanadlandırmalıdır, qanadlarını kəsməməlidir.

EVİN QAPISINDAN İÇƏRİ GİRƏN DÜNYA


Bu gün ailənin qapısı yalnız küçəyə açılmır. O qapıdan internet, sosial şəbəkələr, müxtəlif ideyalar, yeni həyat tərzləri və saysız-hesabsız təsirlər də daxil olur. Bunların hamısını təhlükə hesab etmək olmaz. İnternet ailə üzvlərini uzaqda yaşayan doğmalarla birləşdirir, uşaqların bilik qazanmasına kömək edir, valideynlərə yeni imkanlar yaradır. Lakin texnologiyadan istifadə ilə texnologiyanın əsirinə çevrilmək arasında fərq var.
Əgər ailə üzvləri biri-birinə ayırmalı olduqları vaxtı daim ekranlara verirlərsə, əgər uşağın sevincini dinləməyə vaxt tapmayan valideyn onun telefonla keçirdiyi saatlara belə biganə qalırsa, orada düşünmək üçün səbəb var.
Uşağı qorumağın yolu yalnız qadağalardan keçmir. Onunla danışmaq, nəyə maraq göstərdiyini anlamaq, gördüyü məlumatlar barədə söhbət etmək, birlikdə kitab oxumaq, gəzintiyə çıxmaq, evdə ortaq fəaliyyətlər yaratmaq lazımdır. Çünki ailə ilə texnologiya arasında müharibə aparmağa ehtiyac yoxdur. Ailə elə bir münasibət mühiti qurmalıdır ki, uşaq canlı söhbətin, gerçək dostluğun, birgə əməyin və mənəvi yaxınlığın dəyərini özü hiss etsin.
Heç bir ekran bir ananın narahat baxışını, bir atanın çiyninə qoyulan əli, nənənin nəvəsinə danışdığı nağılı tam əvəz edə bilməz.

EVDƏKİ SÜKUT


Ailənin dağılması həmişə qapıların çırpılması, səs-küy və mübahisə ilə başlamır. Bəzən o, səssizcə başlayır. Biri-birinin halını soruşmamaqla. Kiçik inciklikləri yığıb saxlamaqla. “Onsuz da məni anlamayacaq” deyib danışmaqdan vaz keçməklə. Bir insanın dərdini eşitmək əvəzinə ona məsləhət verməyə tələsməklə.
Bir gün ailə üzvləri anlayırlar ki, eyni evdə yaşayırlar, amma bir-birlərinin həyatından xəbərsizdirlər. Belə anlarda ailəni qorumaq üçün böyük sözlərə ehtiyac yoxdur. Bəzən təkcə dinləmək lazımdır. Günahlandırmadan, sözünü kəsmədən, özünü haqlı çıxarmağa çalışmadan dinləmək. Qarşı tərəfin hisslərini anlamağa çalışmaq. Səhv edəndə üzr istəmək. Haqlı olanda belə mərhəmətli olmaq.
Ailənin əsl gücü heç vaxt mübahisənin olmamasından çox mübahisədən sonra biri-birinə qayıda bilməkdədir. Əlbəttə, hər problemi yalnız səbir və güzəştlə həll etmək mümkün deyil. Zorakılıq, təhqir və təhlükə olan münasibətlərdə insanın təhlükəsizliyi hər şeydən əvvəl gəlir. Ailə dəyərlərini qorumaq insanın ləyaqətini qurban vermək demək deyil. Məhəbbət insanı əzməməli, ona dayaq olmalıdır.

SABAHIN AİLƏSİ BU GÜN QURULUR


Sabahın ailəsi bu gün uşaqlarımızın qəlbində qurulur. Onlar bu gün ailədən nə görürlərsə, sabah öz ailələrində çox vaxt onu yaşadacaqlar. Əgər uşaq evdə mərhəmət görürsə, mərhəmətin nə olduğunu öyrənir. Əgər ailədə qadının və kişinin biri-birinə hörmət etdiyini görürsə, bərabərliyin və qarşılıqlı məsuliyyətin mahiyyətini anlayır. Əgər onun fikrinə qulaq asılırsa, başqasının fikrini dinləməyi bacarır. Əgər səhv etdikdə alçaldılmır, səhvini düzəltməyə yönəldilirsə, məsuliyyətdən qaçmaq əvəzinə onu qəbul etməyi öyrənir.
Beləliklə, ailə yalnız bir nəslin yaşadığı məkan deyil. O, mənəvi dəyərlərin bir nəsildən digərinə ötürüldüyü canlı məktəbdir. Bu məktəbin dərsliyi sevgi, müəllimi davranış, imtahanı isə həyatın özüdür.

VƏ NƏHAYƏT...


Bir gün insan ömrünün sonuna yaxın keçdiyi yola nəzər salanda bəlkə də qazandığı pulların, aldığı əşyaların, tikdirdiyi evlərin hamısını bir-bir xatırlamayacaq. Amma bir süfrə arxasında gülüşən ailəsini, çətin günündə yanında dayanan doğmasını, övladının boynuna sarıldığı anı xatırlayacaq. Çünki insanın ömründə elə sərvətlər var ki, onları pulla almaq olmur. Elə itkilər var ki, onları heç bir sərvətlə geri qaytarmaq mümkün deyil. Ailə həmin sərvətlərdən biridir.
Dünyanın dəyişməsindən qorxmaq lazım deyil. Yeni texnologiyalar gəlsə də, şəhərlər böyüsə də, həyat asanlaşacaq, insanlar daha çox bilik qazanacaqlar. Ancaq bu dəyişikliklərin içində bir şeyi itirməyək: birbirimizə insan kimi yanaşmaq qabiliyyətimizi.
Uşaqlarımız bahalı oyuncaqlardan əvvəl sevginin qiymətini öyrənməliidirlər. Qəlbimdən evlərimizdə yalnız işıq yanan lampalar yox, biri-birinin dərdinə yanan ürəklərin olmasını keçirirəm. Qoy ata evə gələndə övladının gözündə sevinc görsün, ana yorulanda onun qayğısını bölüşən bir əl tapsın, yaşlı insan öz evində artıq hesab edilməsin.
Və bir gün böyüyən uşaqlarımız öz evlərini quranda uşaqlıqlarından yadlarında qalan həmin istiliyi öz övladlarına da ötürə bilsinlər.
Ailəni qorumaq keçmişə qayıtmaq deyil. Gələcəyə insanlıq aparmaqdır. Evin divarları bir gün köhnələ bilər. Qapıları dəyişər, pəncərələri yenilənər, otaqları təmir olunar. Amma o evdə məhəbbət, hörmət və mərhəmət yaşayırsa, oranın işığı heç vaxt sönməz.





AİLƏNİN İŞIĞI SÖNMƏSİN...
Daşdəmir ƏJDƏROĞLU

Oxşar xəbərlər