Xəbərlər
Sənin üçün darıxanda
Sənin üçün darıxanda
(HƏSRƏT HAQQINDA ELEGİYA)
Mən sənin üçün darıxanda
Heç kəsin bilmədiyi,
Dinləmədiyi
Bir musiqini dinləyirəm.
O səs yayılır otağın dörd küncünə,
Yastığımın üstünə,
Kədərimə, sevincimə.
Mənim sənsiz günlərimə ən gözəl dost olur,
Tutur əllərimi,
sənin əllərin olur.
Bu musiqi gözlərin kimi,
Baxışın kimi
Doğma və dərin olur.
Ayrılığın yolları tikanlı olsa da,
Mənə məlhəmdir bu musiqi.
Mənimlə təndir bu musiqi.
Özümü özümə gözəl göstərən güzgüdür,
Özümə qayıtmağa körpüdür.
Sənin üçün darıxanda
Mən bu əziz körpünü keçirəm.
Heç kimsənin bilmədiyi musiqi də,
Sözlərini də Tanrı yazıb.
Şəfa vardır,
Səfa vardır
Bu musiqidə.
Mənə dünyanı bəxş edən bu musiqi
Sənin səsindir,
Mənimsə nəfəsimdir.

Salyan 1.11.2026











