Turaztv.az » Xəbərlər » BORÇALIDAN BAŞLANAN ELM YOLU
Xəbərlər

BORÇALIDAN BAŞLANAN ELM YOLU

01.11.2026, 10:56 23
BORÇALIDAN BAŞLANAN ELM YOLU
Professor Asif Abbas oğlu Hacılı

İnsanlar var ki, ömür yolu bir kəndin sakit küçələrindən, bir elin yaddaşından, ata ocağının mənəvi havasından başlanır. Zaman keçdikcə böyük bir elmi və ictimai missiyaya çevrilir. Elə insanlar da var ki, doğulduqları torpağın adını yalnız xatirələrində yaşatmır, onu ömürlərinin mənasına, yaradıcılıqlarının əsas qayəsinə çevirirlər. Professor Asif Abbas oğlu Hacılının həyat və fəaliyyətinə nəzər salarkən belə bir mənzərənin şahidi oluruq. Onun ömür yolu Borçalıdan başlayaraq Azərbaycan elminin auditoriyalarına, beynəlxalq elmi məclislərə, türk dünyasının tarixi və mənəvi coğrafiyasına qədər uzanır. Bu yolun başlıca məramında isə elmə, sözə, milli-mənəvi dəyərlərə və tarixi yaddaşa xidmət dayanır.
Asif Abbas oğlu Hacılı 1960-cı il aprelin 3-də Gürcüstanın Marneuli rayonunun Sarvan kəndində, qədim Borçalı mahalında dünyaya göz açıb. Borçalı təkcə coğrafi məkan deyil, əsrlərin sınağından keçmiş bir el yaddaşı, sazın-sözün, aşıq sənətinin, el müdrikliyinin yaşadığı mənəvi dünyadır. Bu torpağın havasında tarix, yaddaşında xalqın taleyi, sözündə isə nəsillərdən-nəsillərə ötürülən mənəvi sərvət yaşayır. Belə bir mühitdə dünyaya gələn Asif Hacılının sonralar elmi fəaliyyətinin mühüm istiqamətlərindən birini məhz Borçalı və Axısqa türklərinin folkloruna, etnik tarixinə və mədəni irsinə həsr etməsi təsadüfi sayıla bilməz. İnsan bəzən ömrü boyu öz başlanğıcına qayıdır. Asif Hacılının elmi yaradıcılığında da bu qayıdışın izlərini görmək mümkündür.
1977-ci ildə Bakı şəhərindəki 246 saylı orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan gənc Asif 1982-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurur. Ədəbiyyatın, sözün və elmi düşüncənin sehrinə düşən bu gəncin qarşısında geniş bir yaradıcılıq üfüqü açılır. Universitet illərində qazandığı biliklər onun gələcək elmi axtarışlarının təməlini qoyur. 1982–1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri vəzifəsində çalışması isə onun həyat təcrübəsini zənginləşdirir, təşkilatçılıq və pedaqoji bacarıqlarını formalaşdırır.
1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda elmi-pedaqoji fəaliyyətə başlayan Asif Hacılı üçün yeni bir mərhələ başlayır. O, burada müəllim kimi fəaliyyətə başlayaraq sonralar baş müəllim, dosent və professor vəzifələrinə qədər yüksəlir. Elmi maraqlarının genişliyi, mütaliə dairəsinin zənginliyi və tədqiqatçılıq həvəsi onu ədəbiyyatşünaslığın müxtəlif istiqamətlərinə yönəldir. Rus ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyatşünaslığa giriş, poetika, Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyatşünaslığın tarixi və metodologiyası kimi fənləri tədris edir. Mühazirə auditoriyası onun üçün yalnız bilik ötürülən məkan deyil, həm də düşüncənin, axtarışın, elmi mübahisənin və intellektual ünsiyyətin meydanına çevrilir.
1987-ci ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edən alim elmi axtarışlarını daha geniş miqyasda davam etdirir. Onun tədqiqatlarının səciyyəvi xüsusiyyəti müxtəlif ədəbi və mədəni hadisələrə kompleks yanaşması, bədii mətnin arxasında dayanan fəlsəfi, tarixi, mifoloji və etnik qatları üzə çıxarmaq cəhdidir. Asif Hacılı üçün ədəbiyyat yalnız sözlərin və obrazların məcmusu deyil. Ədəbiyyat həm də xalqın yaddaşı, insanın mənəvi təcrübəsi, tarixin bədii ifadəsi, zamanların bir-biri ilə dialoqudur.
Alimin elmi yaradıcılığında mifopoetik təfəkkürün fəlsəfi-estetik problemləri, rus ədəbiyyatının tarixi, müasir rus nəsrinin poetikası, rus ədəbiyyatında İslam və Şərq motivləri, Azərbaycan ədəbiyyatında bayatıların struktur-semiotik təhlili, mifologizm və folklorizm məsələləri mühüm yer tutur. O, türk epik ənənəsinin tarixi-poetik xüsusiyyətlərini, müasir ədəbi prosesdə mifoloji düşüncənin təzahürlərini, ədəbi mətnlərin etnopoetik və fəlsəfi qatlarını araşdırır. Bu araşdırmalarda bir tərəfdən nəzəri təhlilin dəqiqliyi, digər tərəfdən milli-mədəni mənbələrə həssas münasibət diqqəti cəlb edir.
Mifologiya, onun qənaətinə görə, yalnız qədim insanların dünyanı izah etmək cəhdi kimi keçmişdə qalmış hadisə deyil. Mifoloji düşüncə müxtəlif formalarda müasir insanın təfəkküründə, ədəbiyyatında, incəsənətində və mənəvi dünyasında yaşamaqda davam edir. Ədəbi əsərdəki bir obrazın, simvolun və ya süjetin arxasında bəzən bütöv bir xalqın minillik yaddaşı dayanır. Alimin tədqiqatlarının əhəmiyyəti də həmin görünməyən mənəvi qatları üzə çıxarmaq, bədii mətnlə tarixi-mədəni yaddaş arasındakı əlaqələri göstərmək cəhdindədir.
Professor Asif Hacılının yaradıcılığında xüsusi bir yer tutan istiqamət isə Borçalı və Axısqa türklərinin folklorunun, etnik tarixinin və mənəvi irsinin öyrənilməsidir. Bu sahədə onun fəaliyyəti 1986-cı ildən başlayır. O vaxtdan etibarən Borçalı və Axısqa türklərinin folklor nümunələrinin toplanması, tədqiqi və nəşri ilə ardıcıl məşğul olur. Bu işin arxasında təkcə elmi maraq deyil, həm də milli yaddaşa, tarixi köklərə və mənəvi sərvətlərə məsuliyyətli münasibət dayanır.
Folklor xalqın özünüifadə forması, tarixin yaddaş kitabı, nəsillərin bir-birinə ötürdüyü mənəvi əmanətdir. Bir bayatıda bir elin dərdi, bir dastanda xalqın qəhrəmanlıq yaddaşı, bir rəvayətdə əsrlərin təcrübəsi, bir mərasimdə isə qədim dünyagörüşünün izləri yaşayır. Xüsusilə Borçalı və Axısqa kimi zəngin tarixi-mədəni ənənələrə malik bölgələrin folklorunun toplanması və elmi dövriyyəyə daxil edilməsi böyük zəhmət və məsuliyyət tələb edir. Çünki zamanında qeydə alınmayan, yazıya köçürülməyən, elmi şəkildə araşdırılmayan folklor nümunələri zamanın yaddaşında itib-batmaq təhlükəsi ilə üzləşə bilər.

Asif Hacılı bu mənəvi sərvətlərin qorunmasını öz elmi fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevirib. Onun araşdırmalarında folklor nümunələri yalnız bədii mətn kimi deyil, mifologiya, etnik tarix və etnoqrafiya ilə bağlı mürəkkəb mədəni hadisə kimi öyrənilir. Bu yanaşma xalq yaradıcılığının daha geniş kontekstdə dərk edilməsinə imkan verir. Alim Borçalı və Axısqa türklərinin folklorunu araşdırmaqla həm də bu xalqların tarixi təcrübəsini, dünyagörüşünü, inanc sistemini və milli kimliyini yaşadan mənəvi yaddaşın elmi mənzərəsini yaratmağa çalışır.
Axısqa türklərinin tarixi isə bu baxımdan xüsusi həssaslıq tələb edən mövzulardandır. 1944-cü ilin sürgünü bu xalqın taleyində silinməz izlər buraxıb. Doğma yurdlarından qoparılan insanların ağrısı, vətən həsrəti, ayrılıq xatirələri, yeni məskunlaşma yerlərində milli kimliyi qorumaq mübarizəsi onların şifahi yaradıcılığında, ailə yaddaşında, inanclarında və folklorunda yaşamaqda davam edib. Bu yaddaşın toplanması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması yalnız elmi deyil, həm də mənəvi və tarixi əhəmiyyət daşıyır.
Asif Hacılının Axısqa türklərinin folkloruna və etnik mədəniyyətinə həsr etdiyi tədqiqatlar məhz bu zərurətdən doğan elmi axtarışların ifadəsidir. Onun bu sahədəki fəaliyyəti sürgün yaddaşının, xalqın mənəvi dünyasının və tarixi kimliyinin öyrənilməsinə xidmət edir. Axısqa türklərinin folklorunun toplanması və nəşri, onların inanc dünyasının, tarixi-mədəni xüsusiyyətlərinin araşdırılması bu xalqın mənəvi irsinin qorunmasına mühüm töhfədir. Alimin iki kitabının türk dünyasında az öyrənilmiş xristian türk xalqlarının tarixi və folkloruna həsr olunması da onun tədqiqat maraqlarının genişliyini göstərir.
Borçalıya münasibət isə Asif Hacılının elmi və ictimai fəaliyyətində ayrıca bir mənəvi xətt kimi görünür. Sarvanda dünyaya göz açmış bir alimin illər sonra Borçalı folklorunun toplanmasına, araşdırılmasına və təbliğinə xüsusi diqqət ayırması doğma yurda bağlılığın elmi fəaliyyətə çevrilməsinin nümunəsidir. Borçalı mahalının aşıq mühiti, el nəğmələri, bayatıları, rəvayətləri, adət-ənənələri və etnik yaddaşı Azərbaycan xalqının mənəvi sərvətinin ayrılmaz hissəsidir. Bu sərvətin öyrənilməsi həm bölgənin öz tarixinin, həm də ümumazərbaycan mədəniyyətinin daha dərindən dərk edilməsinə imkan yaradır.
Alimin elmi fəaliyyəti tədqiqatçılıqla məhdudlaşmır. O, uzun illər pedaqoji işlə yanaşı, ali təhsil müəssisəsinin idarəçiliyində də çalışıb. 2000-ci ilin may ayından 2014-cü ilin mart ayına qədər Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində fəaliyyət göstərib. 2014-cü ilin martından 2016-cı ilin iyununa qədər isə həmin universitetin rektoru olub. Bu illər onun həyatında elmi və təşkilati fəaliyyətin qovuşduğu mühüm mərhələ kimi yadda qalıb. Universitet rəhbərliyi məsuliyyət, geniş dünyagörüşü, təhsil prosesinin incəliklərini bilmək və müxtəlif elmi-pedaqoji kollektivlərlə işləmək bacarığı tələb edir. Asif Hacılı bu vəzifələrdə çalışarkən uzun illər ərzində qazandığı pedaqoji təcrübəni idarəçilik fəaliyyətində tətbiq edib. 2016-cı ildən Azərbaycan Universitetinin professorudur və elmi-pedaqoji fəaliyyətini burada davam etdirir.
Asif Hacılının elmi əsərləri müxtəlif ölkələrdə nəşr olunub. Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan və Gürcüstan kimi ölkələrdə çap olunan əsərləri onun tədqiqatlarının beynəlxalq elmi mühitə çıxışını təmin edib. Alimin 50-dən çox monoqrafiya, elmi məcmuə və dərsliyin müəllifi, redaktoru və ya rəyçisi kimi iştirakı, çoxsaylı elmi nəşrlərdə fəaliyyəti onun məhsuldar yaradıcılıq yolunun göstəricisidir. O, 30-a qədər dissertasiyanın müdafiəsində rəsmi opponent kimi iştirak edib, bir neçə doktorantın elmi rəhbəri olub. Bu faktlar onun yalnız fərdi tədqiqatçı kimi deyil, elmi mühitin formalaşmasına və gənc alimlərin yetişməsinə töhfə verən ziyalı kimi fəaliyyətini də səciyyələndirir.
Alimin elmi axtarışları onu müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslara, elmi simpoziumlara və müzakirələrə aparıb. Moskva, Kiyev, Ankara, İstanbul, Bursa, Astana, Daşkənd, Aşqabad, Düşənbə, Tbilisi, Minsk, Sankt-Peterburq, Varna və digər şəhərlərdə keçirilən elmi tədbirlərdə iştirak etməsi onun beynəlxalq elmi əlaqələrinin genişliyini göstərir. Bu görüşlərdə Azərbaycan ədəbiyyatının, türk folklorunun, etnik-mədəni irsin və ortaq türkoloji problemlərin müzakirəsi üçün imkanlar yaranıb. Beləliklə, onun elmi fəaliyyəti bir ölkənin akademik sərhədləri daxilində qalmayıb, daha geniş humanitar və mədəni əməkdaşlıq məkanına çıxıb.
Asif Hacılının fəaliyyəti yalnız universitet və elmi müəssisələrlə də məhdudlaşmır. O, müxtəlif elmi və ictimai təşkilatlarda təmsil olunur, türk xalqlarının mədəni əlaqələrinin inkişafına yönələn tədbirlərdə iştirak edir. Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultaylarının iştirakçısı olub, beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları istiqamətində fəaliyyət göstərib. Borçalı və Axısqa türklərinin problemləri, milli maarifçilik, mədəniyyət, repatriasiya və tarixi yaddaş məsələləri ilə bağlı müzakirələrdə iştirak edib. “Borçalı” və “Qarapapax” cəmiyyətlərinin idarə heyətində təmsil olunması, Axısqa türkləri ilə bağlı beynəlxalq qurultay və təşkilatların fəaliyyətinə qatılması onun ictimai mövqeyinin mühüm tərəflərini üzə çıxarır.
Onun elmi və ictimai fəaliyyətinə verilən qiymət müxtəlif təltiflərdə də əksini tapıb. Moskva Humanitar Pedaqoji İnstitutunun Elmi Şurasının 25 sentyabr 2006-cı il tarixli qərarı ilə Asif Hacılıya həmin institutun fəxri professoru adı verilib. 2014-cü ildə Rossotrudniçestvonun “Dostluq və əməkdaşlığa görə” fəxri nişanı və rus dilinin tədrisinə xidmətlərinə görə “Müəllim adına sədaqət” medalı ilə təltif olunub. 2015-ci ildə A. S. Puşkin medalına layiq görülüb. Qafqaz Universitetlər Birliyinin Elmi Şurasında təmsil olunması, müxtəlif elmi qurumlarla əməkdaşlığı da onun beynəlxalq akademik əlaqələrinin göstəricilərindəndir.
Asif Hacılının fəaliyyəti haqqında danışarkən onun elmi yaradıcılığının bir başqa mühüm cəhətini də unutmaq olmaz: o, elmi düşüncə ilə milli-mənəvi məsuliyyət arasında əlaqə yaradan ziyalılardandır. Çünki folkloru toplamaq, bir xalqın etnik tarixini araşdırmaq, sürgün yaddaşını öyrənmək, unudulmaq təhlükəsi ilə üzləşən mənəvi sərvətləri yazıya köçürmək yalnız akademik maraqdan doğmur. Bu işlərin arxasında həm də bir xalqın öz keçmişini tanımasına, öz kimliyini qorumasına və gələcək nəsillərə mənəvi miras ötürməsinə xidmət edən böyük məsuliyyət dayanır.
Alimin elmi portretində Borçalı ilə Azərbaycan, Axısqa ilə türk dünyası, folklorla müasir ədəbiyyat, mifoloji düşüncə ilə çağdaş elmi təhlil bir-birini tamamlayan xətlər kimi görünür. Onun araşdırmalarının əhatə dairəsi göstərir ki, milli mədəniyyətə münasibət yalnız keçmişə heyranlıqla məhdudlaşmamalıdır. Keçmişi öyrənmək, onu elmi təhlildən keçirmək, bu günün düşüncəsi ilə əlaqələndirmək və gələcəyə ötürmək lazımdır. Asif Hacılının uzun illərdir davam etdirdiyi elmi fəaliyyətin əsas məzmununda da bu ideya dayanır.
Bu gün Sarvandan başlayan həmin ömür yolu Azərbaycan elminin müxtəlif sahələrində, universitet auditoriyalarında, elmi nəşrlərdə, beynəlxalq konfranslarda və türk xalqlarının mədəni irsinin araşdırılmasında öz izini davam etdirir. Onun üçün Borçalı yalnız doğulduğu yer deyil, həm də mənəvi başlanğıc, elmi maraqlarının qaynağı, yaddaşına və taleyinə hopmuş bir vətən parçasıdır. Axısqa türklərinin folkloruna, sürgün yaddaşına və etnik mədəniyyətinə göstərdiyi diqqət isə bu mənəvi bağlılığın daha geniş türk dünyasına açılan ifadəsidir.
Hər bir alimin elmi irsi yazdığı əsərlərlə, apardığı tədqiqatlarla ölçülür. Lakin ziyalının mənəvi böyüklüyü onun hansı dəyərləri qorumasında, hansı yaddaşa sahib çıxmasında, öz bilik və təcrübəsini hansı məqsədə yönəltməsində də üzə çıxır. Professor Asif Hacılının ömür və yaradıcılıq yolu bu baxımdan elmə, sözə, təhsilə və milli-mədəni irsə xidmət nümunəsi kimi diqqəti cəlb edir. O, bir tərəfdən ədəbiyyatın nəzəri problemlərini araşdıran alim, digər tərəfdən xalq yaddaşının dərinliklərinə baş vuran folklorşünas, eyni zamanda universitet həyatında məsuliyyət daşıyan pedaqoq və türk xalqlarının mədəni irsinin qorunmasına töhfə verən ictimai xadimdir.
Borçalıdan başlayan bu elm yolunun ən mühüm mənası da elə bundadır: doğma torpağın yaddaşını elmin dili ilə yaşatmaq, xalqın mənəvi sərvətini gələcək nəsillərə çatdırmaq və sözün qüdrəti ilə tarixlə bu gün arasında körpü yaratmaq.
Professor Asif Hacılının zəngin elmi yaradıcılıq yolunun son illərdəki mühüm hadisələrindən biri də onun “Geopoetika” adlı yeni monoqrafiyasıdır. EXPO sərgisində uğurla təqdim olunan bu əsəri alimin uzun illər ərzində apardığı çoxşaxəli elmi araşdırmaların, nəzəri axtarışların və intellektual qənaətlərinin müəyyən mərhələdə ümumiləşdirilməsi, elmi fəaliyyətinin yeni bir zirvəsi kimi dəyərləndirmək olar. “Geopoetika” müəllifin elmi düşüncə üfüqlərinin genişliyini, ədəbiyyata, məkana, tarixə və mədəniyyətə kompleks yanaşma bacarığını nümayiş etdirir. Bu əsər, eyni zamanda, onun yaradıcılıq yolunun yekunu deyil, əksinə, yeni elmi axtarışlara açılan növbəti səhifə təsiri bağışlayır. Çünki həqiqi alim üçün elmi yolun son dayanacağı yoxdur; hər yeni əsər yeni suallar doğurur, yeni düşüncə üfüqləri açır. Asif Hacılının “Geopoetika”sı da məhz belə bir intellektual axtarışın, zəngin elmi təcrübənin və daim yenilənən tədqiqat həvəsinin ifadəsidir.
"Geopoetika”nı sadəcə alimin elmi yaradıcılığının növbəti əsəri deyil, Azərbaycan filologiyasında yeni metodoloji yanaşmanın formalaşmasına iddialı, nəzəri və konseptual əhəmiyyət daşıyan tədqiqat kimi təqdim etmək daha doğru olar.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı

Oxşar xəbərlər