Xəbərlər
Soyuq hava qocalmanı ləngidə bilər? - Alimlər yeni mexanizm aşkarladılar
Köln Universitetinin alimləri mülayim soyuğun ömrü uzada biləcəyini göstərən bioloji mexanizmi müəyyən ediblər.
Tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Tədqiqatçılar "Caenorhabditis elegans" növünə aid nematod qurdları üzərində araşdırma aparıblar. Onlar müəyyən ediblər ki, mülayim aşağı temperatur (15°C) bu canlıların əzələlərində CAT-4 fermentinin istehsalını stimullaşdırır. Həmin ferment dihidrobiopterinin (BH2) əmələ gəlməsində iştirak edir.
Daha sonra BH2 bağırsaq və sinir sistemi də daxil olmaqla, digər toxumalara keçir və orada tetrahidrobiopterinə (BH4) çevrilir. Bu maddə tirozin amin turşusunun sintezində iştirak edən fermentin fəaliyyəti üçün vacibdir. Alimlər müəyyən ediblər ki, bu bioloji mexanizmin pozulması soyuğun ömrü uzatmaq təsirini azaldır.
Bununla yanaşı, tədqiqatçılar əzələlərdə BH2 istehsalının artırılmasının hətta normal və ya yüksək temperatur şəraitində də ömrü uzatdığını aşkar ediblər.
İnsan hüceyrələri üzərində aparılan ayrıca təcrübələrdə isə BH2 və ya tirozin əlavə edilməsinin Hantinqton xəstəliyi və amiotrofik lateral sklerozla əlaqəli dəyişilmiş zülalların toplanmasını azaltdığı müəyyən edilib.
Bununla belə, alimlər vurğulayırlar ki, tədqiqat insanların ömrünün uzadılmasının mümkünlüyünü sübut etmir və soyuqla bağlı prosedurların effektivliyini təsdiqləmir.















