Turaztv.az » Xəbərlər » Vahid ÇƏMƏNLİ : Şair və bazar - FOTO
Xəbərlər

Vahid ÇƏMƏNLİ : Şair və bazar - FOTO

02.11.2026, 06:52 30
Eşitdim, bazara düşüb güzərin,
Bir işin vardımı, heyrət adamı?
Bahalaşan nədi, ucuzlaşan nə?
Yenə dişləyirmi qiymət adamı?

Aldığın o ətin çıxmaz kababı...
Barı doldurdumu bir piti qabı?
Kişmiş, xurma, nabat, noğul, innabı,
Torbana doldumu, qismət adamı?

Fırlanır, dayanmır fələyin çarxı,
Qum basır çəməni, lil basır arxı..
Bazarçı keyfindın qaldırıb nırxı,
Bir səmər buldumu sərvət adamı?

Getməyə pulun yox kafeyə, bara.
Şor – çörək yeməkdən gəlmisən zara...
Götür, söz boğçanı sürü bazara,
Görsün izzətini ləzzət adamı.

Ticarət milləti salıb azara,
Hərə öz matahın çəkir bazara.
Üzümü döyürəm, bəlkə qızara,
Uzaqdan tanıdır surət adamı.

Yoxdu bu bazarda şairi sayan,
Köhnə səbətinə çürük qoz qoyan...
Ay Vahid, vaxt gəlib, qəflətdən oyan,
Vallahi, sıxır bu töhmət adamı.

Oxşar xəbərlər