Xəbərlər
"İncə fikirlər" layihəsinin növbəti qonağı yazıçı - şair Zəhra xanım Səfəralıqızıdır. (Məmmədova)
"İncə fikirlər" layihəsinin növbəti qonağı dəyərli ziyalımız AYB-nin və AJB-nin üzvü, "Yurd" jurnalının redaktoru, "Qızıl Qələm" mükafatı laureatı, yazıçı - şair Zəhra xanım Səfəralıqızıdır. (Məmmədova)
Zəhra xanım, ədəbiyyat sizin üçün nədir?
Salam əzizim.
Ədəbiyyat tək mənim üçün yox, bütün sayğılı yazarlar üçün ömrümüzün yaddaşı, qəlbimizin səsi, yaşadıqlarımızın və yaşaya bilmədiklərimizin ifadəsidir. Ədəbiyyat yaşadığımız ömrü sözə, sözün gücü ilə əbədiyyətə çevirmək cəhdidir.
Daha geniş desəm, unudulanları yaddaşlarda yaşatmaqdır. İnsanın ağrı- acısını,bir sözlə; duyğularını sözə çevirməkdir. Ana - ata həsrətini, yurd nisgilini, insan taleyini qələmə almaqdır. Haqqın- ədalətin, mənəviyyatın keşiyində dayanmaqdır. Bəzən bir cümlə, bir misra, bir bəndlə bir ömrü danışmaqdır!
Ədəbiyyat üçün nələri fəda etmisiniz?
Deməzdim ki, nə isə fəda etmişəm. Əksinə qazanmışam. Özümü, ruhumu yazılarımla ifadə etmişəm. Hər yazdığım seir, hekayə, povest, romandan sonra ruhuma rahatlıq gəlib. Ən böyük qazancım bu olub- ruhumun rahatlığı.
Şeir yazmaq xatirinə ədəbiyyata gəlmək istəyənlərə sözünüz.
Çox-çox təəssüf edirəm belə davranışa. İndi belələri çoxdu. Amma onlar bir sabun köpüyüdür, tez bir zamanda itib-batacaqlar.
Ədəbiyyat sahəsində tükəndiyiniz anlar olubmu?
Yazmaq istədiyimi yaza bilməyəndə özümü tükənmiş hiss edirəm. Bu da məni ağrıdır.
Şair kimi sözə bağlanmaq çətindir, yoxsa qopmaq?
Əgər bir şair və ya bir nasir sözə bağlanıbsa, heç zaman qopa bilməz, istəsə belə…
Yazmağa çətinlik çəkdiyiniz mövzular olubmu?
Elə mövzular var…
Şeirə olan bağlılığınızın səbəbi nədir?
Mənim nəsr sahəsində də yazılarım var. Söyləyim ki, bunları yazanda ədəbiyyatı nəzərdə tutub yazmışam desəm, bu qeyri- səmimi olar. Mən ruhumun istəyi ilə duyğularımı tərənnüm edirəm. Şeirlərimdə də, nəsr və yazılarımda da. 1-ci Qarabağ şəhidi Ramazan Cəbrayıl oğlu Məmmədovun həyat və döyüş yoluna həst etdiyim “Ramazan” povestim, qəhrəman qazilərimiz olan Ənvər Qarayev və onun oğlu 44 günlük müharibə iştirakçısı, yüksək mükafatlara layiq görülmüş, indi də hərb sahəsində önəmli vəzifələrdən birini icra edən qəhrəmanımız Asəf Ənvər oğlu Qarayev haqqındaki "QOŞA ÇİNAR” adlı romanım da qəlbimin səsi, bir vətəndaş yazar kimi, vəzifə borcu kimi hiss etdim və yazdım. Oxucularım və hörmətli tənqidçilər söyləyə bilər ki, mən ədəbiyyata xidmət etmişəm, ya yox.
Zəhra xanım, sizcə şair öz şeirini mütləq əzbər bilməlidirmi?
Şeirlərini əzbər bilmək bir şair üçün bacarıqdır. Bu, hamıda olmur. Şəxsən məndə bu bacarıq yoxdur. Bacaranlara əhsən deyirəm. Mənim düşüncəmə görə, bu vacib deyil. Əsası odur ki, gözəl bir əsər olsun. Oxucunun zövqünü, ruhunu oxşasın.
Yazılarınızın ilk oxucusu kim olur?
Özüm və şəxsiyyətinə, şairliyinə hörmət bəslədiyim dostum.
Sizcə oxucu ilə yazıçı, şair arasında olan körpünün möhkəmliyi nədən ibarət olmalıdır? Peşəkarlıqdan, yoxsa səmimiyyətdən?
Səmimiyyət incə, zərif bir nüasdır. Qəlblərdə yuva qurur. Əgər bir fikirdə bu yoxdursa, heç nə axıra qədər gedə bilməz.
Peşakarlıq isə adama yol açır, önünü göstərir, inamlı edir.
İkisi də lazımdır. Bu iki önəmli vərdiş bir- birinə dayaqdır !

Turan Yazarlar Birliyinin üzvü, "Əzizə Cəfərzadə" ödülü laureatı,
"Ədəbi ahəng" vizual ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru.









