Turaztv.az » Xəbərlər » Milli iradənin və xalqın öz taleyinə sahib çıxmasının təntənəsi ŞƏRH
Xəbərlər

Milli iradənin və xalqın öz taleyinə sahib çıxmasının təntənəsi ŞƏRH

08.11.2026, 15:39 3

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifələrindən biridir. Bu tarix xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun misilsiz qəhrəmanlığının təntənəsidir. Bu, sadəcə hərbi qələbə deyil, otuz ilə yaxın davam edən ədalətsizliyə, işğala və tarixi haqsızlığa verilən möhtəşəm cavabdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.


Onun sözlərinə görə, Azərbaycan xalqı uzun illər doğma torpaqlarından ayrı yaşamağın ağrısını, yurd həsrətini yaşadı. Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün taleyi ilə üzləşdi. Şəhərlərimiz, kəndlərimiz dağıdıldı, tarixi və mədəni irsimizə qarşı vandalizm törədildi. Lakin xalqımızın qəlbində bir inam yaşayırdı: Azərbaycan öz torpaqlarını mütləq azad edəcək! Bu inamın arxasında güclü dövlətçilik strategiyası, qətiyyətli siyasi iradə dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu, iqtisadi inkişaf və beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi. Azərbaycan müasir ordu yaratdı. Beynəlxalq danışıqlar nəticə vermədikdə öz taleyini özü həll etmək əzmini nümayiş etdirdi.

“Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başladı. Tariximizin yeni mərhələsi – Vətən müharibəsi başlandı! 44 gün ərzində Azərbaycan əsgəri yalnız düşmənlə deyil, otuzillik işğalla, tarixi ədalətsizliklə, xalqımızın yarımçıq qalmış arzuları ilə mübarizə apardı. Hər gün yeni bir qələbə xəbəri gəldi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrimiz azad edildi. Azərbaycan Ordusu öz peşəkarlığı, döyüş ruhu və müasir hərbi taktikası ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Nəhayət, 2020-ci il noyabrın 8-də Şuşa azad edildi. Bu müharibə bir daha sübut etdi ki, xalqın iradəsi ilə dövlətin qətiyyəti birləşəndə qarşısında heç bir qüvvə dayana bilməz”, - deyə deputat qeyd edib.

Milli iradənin və sarsılmaz dövlətçiliyin rəmzi

Şuşanın azad olunmasının Zəfərimizin zirvəsi, milli qürurumuzun təntənəsi olduğunu deyən J.Əliyeva bildirib ki, Şuşa təkcə bir şəhər deyil, Azərbaycan xalqının ruhu, milli kimliyimizin, mədəniyyətimizin və mənəviyyatımızın rəmzidir. Bu şəhərin azad edilməsi ilə xalqımızın qüruru özünə qaytarıldı. Prezident İlham Əliyevin Şuşanın azad olunmasını xalqımıza çatdırarkən səsləndirdiyi “Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq! Şuşa, biz səni dirçəldəcəyik!” sözləri hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu. Bu sözlərdə həm Qələbənin sevinci, həm böyük bir tarixi missiyanın başa çatması, həm də gələcəyə ünvanlanan quruculuq əzmi var idi. Şuşa Zəfəri Azərbaycan xalqının mübarizə əzminin, ordumuzun qəhrəmanlığının və Ali Baş Komandanın qətiyyətinin rəmzinə çevrildi.

“Bu tarixi Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı bahasına qazanıldı. Onların hər biri qarşısında baş əyirik. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Vətən müharibəsindəki Qələbə yalnız cəbhədə qazanılmadı. Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr, Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırması, informasiya müharibəsində nümayiş etdirdiyi qətiyyət də bu Zəfərin mühüm tərkib hissəsi idi. Azərbaycan həm döyüş meydanında, həm diplomatik müstəvidə öz sözünü dedi.

Ən mühüm məqamlardan biri isə xalqımızın nümayiş etdirdiyi misilsiz birlik idi. Müharibə dövründə Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşdi. Ölkə daxilində və xaricində yaşayan soydaşlarımız, müxtəlif siyasi baxışlara malik vətəndaşlarımız, bütün etnik və dini mənsubiyyətlərdən olan insanlarımız Vətənin müdafiəsi naminə həmrəylik nümayiş etdirdilər. “Dəmir yumruq” məhz bu birliyin, milli iradənin və sarsılmaz dövlətçiliyin rəmzinə çevrildi. Lakin Azərbaycanın tarixi Zəfəri bununla yekunlaşmadı. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin dövlət suverenliyi tam bərpa edildi. Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması dövlətçilik tariximizin ən möhtəşəm hadisələrindən biri oldu. Artıq Azərbaycan öz ərazisində suveren hüquqlarını tam təmin edən qüdrətli dövlətdir”, - deyə o əlavə edib.

Hər birimizin vətəndaşlıq borcu


Deputat bildirib ki, bu gün biz Zəfərin yalnız hərbi deyil, həm də quruculuq nəticələrini görürük. Bir zamanlar xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir. Şəhərlərimiz, kəndlərimiz bərpa olunur, yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri tikilir. Şuşa, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və digər yurd yerlərimizə həyat qayıdır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdır, ailələr yenidən ata-baba ocaqlarında məskunlaşır. Bu gün Qarabağda uşaqların gülüşü eşidilir, məktəblərdə dərs zəngi çalınır, yeni iş yerləri yaradılır. Bir vaxtlar həsrətə çevrilmiş doğma torpaqlarımızda həyat yenidən başlayır. Dövlətimizin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı da Zəfər siyasətinin mühüm tərkib hissəsidir. Onların sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, mənzil və reabilitasiya vasitələri ilə təminatı istiqamətində həyata keçirilən tədbirlər dövlətin öz qəhrəmanlarına sədaqətinin ifadəsidir. Zəfər Günü bizə həm də böyük məsuliyyət xatırladır. Bu qələbəni qorumaq, dövlətimizi daha da gücləndirmək, milli birliyimizi möhkəmləndirmək və azad edilmiş torpaqlarımızı inkişaf edən, müasir həyat məkanlarına çevirmək hər birimizin vətəndaşlıq borcudur.

“Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Azərbaycanın irəli sürdüyü sülh gündəliyi, beynəlxalq mövqelərinin güclənməsi və regionda yeni kommunikasiya imkanlarının yaradılması Zəfərdən doğan siyasi reallıqların məntiqi davamıdır. Əminliklə deyə bilərik ki, 8 Noyabr Azərbaycan xalqının tarixində əbədi yaşayacaq. Çünki bu Qələbə bir xalqın öz taleyinə sahib çıxmasının, öz gücünə inanmasının və milli iradəsini bütün dünyaya nümayiş etdirməsinin təntənəsidir”, - deyə J.Əliyeva vurğulayıb.

Oxşar xəbərlər