Turaztv.az » Xəbərlər » Bələdiyyələr və onların fəaliyyəti haqqında.
Xəbərlər

Bələdiyyələr və onların fəaliyyəti haqqında.

12.11.2026, 23:25 3
Bələdiyyələr və onların fəaliyyəti haqqında.
Tarixi inkişaf prosesi sürətləndikcə insanların həyat tərzi də dəyişir. Belə ki, əhalinin sayının artması, sənayenin, təsərrüfatların inkişafı idarəetmə sistemi sahəsində müəyyən islahatların aparılması zərurətini yaradır. Bələdiyyələrin yaranması da məhz belə zərurətdən irəli gəlmişdir. Bələdiyyələr, onların güc strukturu, xalqa xidməti ilə bağlı Vəndam qəsəbə bələdiyyəsinin sədri Asif Həşimovla müsahibə aparmışıq. Həmin müsahibə ilə oxucularımızı da tanış etmək istərdik.

- Asif müəllim, bələdiyyələr və onların yaranması tarixi haqda oxucularımıza qısa bir arayış kimi nə deyə bilərsiniz?

- Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində vətəndaşların yerli əhəmiyyətli məsələləri sərbəst həyata keçirilməsini təmin edən yerli özünüidarəetmə formasıdır. Azərbaycanda bələdiyyələrin hüquqi statusu Azərbaycan Respublikası Konstitusiyası və 1999-cu ildə qəbul edilmiş
“Bələdiyyələrin statusu haqqında” Qanun ilə tənzimlənir.

1877-ci ildə Bakı şəhərində ilk dəfə yerli özünüidarəetmə orqanı olan Bakı şəhər dumasına seçkilər keçirilir. 1892-ci ildə qəbul edilmiş yeni şəhər əsasnaməsi ilə ölkəmizin bir çox bölgələrində tam (Gəncə) və məhdud səlahiyyətli yerli özünüidarətmə orqanları fəaliyyətə başlayır. 1918-ci ilin aprelində bolşeviklərin şəhər dumasını buraxır və bu orqan öz fəaliyyətini dayandırır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bələdiyyələr daha müstəqil fəaliyyət göstərməyə başlayırlar.

Bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində Heydər Əliyevin dövründə 1995-ci il 12 noyabrda qəbul edilmişdir.

Bələdiyyələr seçkilər əsasında yaradılır.

- Bələdiyyə torpaqlarının sənədləşdirilməsi necə aparılır?

- Bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi və sənədləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ardıcıl qaydada həyata keçirilir. Bələdiyyə torpaqlarının ayrılması və sə-nədləşdirilməsi ayrı-ayrı mərhələlərlə öz təsdiqini tapır. 1.Müraciətə baxılması 2.İcra hakimiyyətinin rəyi 3.Alqı-satqı müqaviləsi 4.Ödəniş müddəti 5.Məhdudiyyət

Əsas qanunvericilik aktları - Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanundur. Bu qanun torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını tənzimləyir:

Bələdiyyə torpaqlarının ayrılmasına dair Əsasnamə: sənədlərin hazırlanması və dövlət orqanları ilə razılaşdırma mexanizmini müəyyən edir.

- Asif müəllim, bələdiyyə torpaqlarının satışı qaydası haqda nə deyə bilərsiniz?

- Ölkəmizdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı ancaq açıq hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilir. Bələdiyyələrin birbaşa qərarla torpaq satmaq səlahiyyəti yoxdur.

- Bələdiyyə torpaqlarının hərraca çıxarılması və bu torpaqlara çıxarışın alınmasında hansı qaydalar mövcuddur?

- İlk növbədə onu xatırladım ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunu vardır. Bu qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla, mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. Bələdiyyə torpaqlarının idarə olunması dövlətin qanunvericiliyi əsasında həyata keçirilir.
Bu torpaqların mülkiyyətə və ya icarəyə verilməsi qanunvericiliyə əsasən mütləq şəkildə açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməlidir.

Hərrac keçirilmədən birbaşa bələdiyyə qərarı ilə satılan torpaqlar hüquqi cəhətdən etibarsız sayılır və onlara dövlət reyestrindən çıxarış (kupça) verilmir.

Torpaq sahəsinin hərraca çıxarılması prosesi həm bələdiyyənin öz təşəbbüsü həm də fiziki (hüquqi) şəxslərin müraciəti əsasında başlanıla bilər. İlkin sənədləşdirmə zamanı: bələdiyyə hərraca çıxarmaq istədiyi torpaq sahəsi üzərində öz mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmalıdır. Daha sonra kordinatların müəyyənləşdirilməsi, elanın verilməsi, hərracın keçirilməsi, nəticənin rəsmiləşdirilməsi (müddət nəzərə alınmalıdır) həyata keçirilməlidir.

Onu da qeyd edək ki, (istisna) hərracsız bələdiyyə torpağı - bələdiyyə ərazisində ən azı 5 il daimi qeydiyyatda olan və orada yaşayan vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün hərrac keçirilmədən, birbaşa bələdiyyə qərarı ilə topraq (müəyyən olunmuş limit daxilində) ayrıla bilər.
Bələdiyyə torpağına çıxarışın (kupça) alınması qaydası-hərracda qalib gəldikdən sonra torpağa mülkiyyət hüququnu rəsmiləşdirmək üçün Asan xidmət mərkəzlərinə müraciət edilməlidir.

- Asif müəllim, bələdiyyə torpaqlarının vergisinin toplanılmasında çətinliklər ilə qarşılaşmısınızmı? Vergi ödənilməsində kimlər güzəştlidir?

- Azərbaycan Respublikasında bələdiyyə torpaq vergisinin toplanması, ödənilməsi və tətbiq olunan güzəştlər Vergi Məcəlləsi və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun ilə tənzimlənir.
Bələdiyyə torpaq vergisi yalnız fiziki şəxslərdən (vətəndaşlardan) toplanıla bilər. Hüquqi şəxslərin torpaq vergisi isə birbaşa Dövlət Vergi Xidməti tərəfindən yığılır.

Qanunvericilikdə vətəndaşların bəzi kateqoriyaları üçün birbaşa və ya bələdiyyənin xüsusi qərarı ilə tətbiq olunan güzəştlər nəzərdə tutulur. Müharibə iştirakçıları və veteranları, Çernobel qəzası zamanı zərərçəkənlər I və II dərəcə əlilliyi olan şəxslər güzəştli sayılırlar. Həmçinin sahibkarlıq fəaliyyəti üzrə, investisiya təşviqi sənədi olanlar üçün də müəyyən güzəştlər vardır.

Bələdiyyələrin öz qərarı ilə verilən güzəştlər də vardır ki, bunlar aztəminatlı ailələr, pensiyaçılar üçün (müəyyən kateqoriyalara görə) nəzərdə tutulmuşdur.

Çətinliklərə gəldikdə isə hər işdə bəzi çətinliklərlə qarşılaşmaq olur və çalışırıq ki, çətinlikləri hüquqi qaydada aradan qaldıraq.

- Torpaqlar nə vaxt özəlləşdirilə bilər?

- Torpaq sahələrinin özəlləşdirilməsi sənədlər vasitəsilə həll olunur. Torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb edilən sənədlər:

“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun” 10-cu maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlər tələb edilir:

İcra hakimiyyətinin torpağın ayrılmasına dair müvafiq qərarı, bələdiyyənin qərarı və alqı-satqı müqaviləsi, hərrac protokolu, planı və ölçüsü torpağın texniki pasportu, plan-çizgisi, dövlət rüsumunun ödənilməsi haqda sənəd. Bütün sənədlər toplandıqdan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin müvafiq ərazi idarəsinə və yaxud Əmlak Xidmətləri Məkanına müraciət etməlidir.

- Asif müəllim, bələdiyyələrə sanksiyaların qoyulma səbəbləri və onların nə zaman ləğv olunması haqda da oxucularımızı məlumatlandıra bilərsinizmi?

- Bələdiyyələrə sanksiyalar (maliyyə sanksiyaları, inzibati cərimələr və ya digər məhdudiyyətlər Qanunvericiliyin, maliyyə intizamının pozulması və yerli özünüidarə orqanlarının öz vəzifələrini yerinə yetirməsi səbəblərindən tətbiq olunur.
Bələdiyyələrə tətbiq olunan sanksiyaların ləğv edilməsi onun növündən və tətbiq edilmə əsasından asılıdır: Qanun pozuntusu aradan qaldırıldıqda bu sanksiyalar ləğv edilir.

- Vəndam qəsəbə bələdiyyə sədri kimi görülən və görüləcək işlər haqda nə deyə bilərsiniz?

- Vəndam qəsəbə bələdiyyəsi qəsəbənin və ətraf kəndlərin (Seyidqışlaq kəndi) sosial-iqtisadi inkişafı, həmçinin yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində müxtəlif sahələrdə fəaliyyət göstərir. Bu fəaliyyət aşağıdakı istiqamətlərdə aparılır:

Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə bələdiyyənin xətti ilə bir çox mərkəzi küçələrə (məsələn, Hacı Zeynalabdin Tağıyev, Dursun Hüseynov, İmam Səfərov) yeni asfalt örtüyü çəkilib, sakinlərin is-tifadəsinə verilib.
Ekoloji tətbiqlər və iməciliklər: qəsəbədə belə iməciliklər keçirilir və bu zaman ərazilər pərakəndə atılmış məişət tullantılarından təmizlənir.
Çay kənarlarının mühafizəsi- Ərazidən keçən Qaraçay və Dəstəmaz çaylarının ətrafına tullantıların atılmasınln qarşısını almaq, ekoloji qaydalara riayət olunması istiqamətində nəzarət tədbirləri həyata keçirilir.

Sosial-mədəni tədbirlər keçirilir, milli-mənəvi dəyərlərimiz həmişə diqqət mərkəzində saxlanılır.

Ərazidə 3 mindən çox təsərrüfat var. Vəndam qəsəbəsində 10 min 600, Seyidqışlaq kəndində 600 nəfərədək əhali yaşayır. Qəsəbənin ümumi ərazisi 6 min hektara yaxındır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və meyvəçilikdir. Həmçinin, son illər ailə turizmi ilə də məşğul olanların sayı çoxalır. Bu da əhalinin yaşayış səviyyəsinə müsbət təsir edir.

Qəsəbəmizin mərkəzindən respublika əhəmiyyətli magistiral yol keçdiyi üçün bələdiyyə tərəfindən ərazinin abadlaşdırılmasına, təmiz saxlanılmasına, yaşıllıqların qorunmasına, yeni yaşıllıq zolaqlarının salınmasına diqqət yetirilir.

Yol infrastrukturunun yenilənməsi və sakinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə növbəti abadlıq işi uğurla həyata keçirilir. Bu bələdiyyə - vətəndaş əməkdaşlığının və birgə səylərin bariz nümunəsidir. Məqsədimiz daha abad və müasir Vəndam qurmaqdır!

- Müsahibəyə görə çox sağ olun, Asif müəllim!

BIBIXANIM İSAYEVA.

Oxşar xəbərlər