Xəbərlər
20.09.2026, 13:03
Zərifə Sufi Mikayılova - 65
Müəllimlik və Poeziya İşığında
Həyat elə bir məkandır ki, orada hər kəs öz izini qoyur. Amma elə insanlar var ki, onların qoyduğu iz sadəcə cığır deyil, gələcəyə işıq saçan bir magistral yoldur. Bu yolu öz zəhməti, fədakarlığı, göz nuru və qəlbinin sevgisi ilə inşa edənlərdən biri də dəyərli pedaqoq, tanınmış şairə və publisist Zərifə Dünyamalı qızı Mikayılovadır (Sufi). Bu il oktyabrın 10-da onun ömrünün 65-ci baharı – uca bir müdriklik zirvəsi tamam olur. Bu yubiley sadəcə təqvim dəyişikliyi deyil, millətin savadlanmasına, gənc nəslin yetişməsinə həsr olunmuş ləyaqətli bir ömrün təntənəsidir.
Zərifə müəllim 10 oktyabr 1961-ci ildə Gürcüstanın qədim Borçalı mahalının, Başkeçid (Dmanisi) rayonunun Yuxarı Qarabulaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. Doğma kəndində orta təhsilini tamamladıqdan sonra o, böyük maarifpərvər M.Ə.Sabir adına pedaqoji texnikuma daxil olur. Təhsilə, elmə olan böyük sevgisi onu daha uca zirvələrə səsləyir və o, V.I.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olunur. Zərifə xanım 1983-1988-ci illərdə təhsil aldığı bu ali ocağı fərqlənmə diplomu ilə bitirərək öz istedadını sübut edir. Onun elmi potensialı hələ gənc yaşlarından diqqəti cəlb edir. Elə həmin il institutun Filologiya fakültəsində "Azərbaycan dilçiliyi" kafedrasına müəllim təyin olunur və aspiranturaya daxil olur. Zərifə xanımın elmi rəhbəri, Azərbaycan dilçilik elminin görkəmli siması, rəhmətlik akademik Afad Qurbanov olur. 1989-1992-ci illərdə aspirantura illərində o, elmin çətin yollarında qətiyyətlə addımlayır və hələ 1989-cu ildə fəaliyyəti yüksək qiymətləndirilərək "Baş müəllim" adına layiq görülür.
Sonralar yaşayış yeri ilə əlaqədar olaraq Zərifə müəllim fəaliyyətini Bakı şəhəri 196 nömrəli tam orta məktəbdə davam etdirir. Bu günə qədər də o, müqəddəs müəllimlik peşəsini şərəflə, layiqincə yaşadır. Onun keçdiyi saysız-hesabsız respublika səviyyəli "Açıq dərslər", təşkil etdiyi tədbirlər hər zaman pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. O, sadəcə dərs demir, şagirdlərinin qəlbinə Vətən sevgisi, ana dili məhəbbəti sevdirir. Təsadüfi deyil ki, onun yetişdirdiyi şagirdlər arasında Respublika fənn olimpiadalarında qızıl medal qazanan uşaqlar da var. Müəllimlik fəaliyyətini o, öz şeirində belə vəsf edir
Ağac bar verəndə başını əyər
,İnsan yetişdirər, yanar müəllim.
Gözünün nurunu şagirdə verər,
Şagirddən məhəbbət umar müəllim.
Səhərlər hamıdan erkən oyanar,
Səsindən şəfəqlər nura boyanar,
Şagird şıltağına dözər, dayanar,
Gecəni gündüzə qatar müəllim.
"Quran"dır, Kəbədir müəllim sözü,
Başdan ayağadək dözümdür özü,
Yandırar ocağı, közərdər közü,
Əbədi məşəldir yanar müəllim.
Zərifə xanım həm də böyük yaradıcılıq yolunun yolçusudur. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olan Zərifə Sufinin bu günə qədər 8 möhtəşəm kitabı işıq üzü görüb. Oxucuların rəğbətini qazanmış "Ümid" (2003), "Qırxbulaq nağılı" (2013), "Gəl daha biz sevgidən danışmayaq" (2015), ardıcıllıq olmaqla "Həsrət" (2021) kitabları onun zəngin daxili dünyasının, fəlsəfi düşüncələrinin məhsuludur. Eyni zamanda respublika mətbuatında 30-dan çox elmi-metodik məqaləsi çap olunub. Onun yaradıcılığı dövlətimiz və ictimaiyyət tərəfindən hər zaman yüksək dəyərləndirilib. O, Prezident mükafatına, "Qızıl Qələm" və "Xurşudbanu Natəvan" mükafatlarına layiq görülüb. Zərifə Sufi poeziyasında dünya fəlsəfəsi, insanın mənəvi ucalığı ön plandadır:
Həyat yaranandan, bina olandan,
Olubsan zalıma arxa, a dünya.
Çətin olaylarda, qeylü-qallarda,
Dolandın tərsinə çarxa, a dünya.
Namərdə, nadana sən yoldaş oldun,
Çx sevib onları lap qardaş oldun,
Yaxşının yolunda qara daş oldun,
Sirrini özündə saxla, a dünya.
Buna baxmayaraq, şairə dünyadakı yaxşıların varlığına inanır, dostluğa, səmimiyyətə çağırır və öz şeirində gözəl duyğularını belə ifadə edir:
Deyirəm mən sənə, ay gözəl dostum,
Bağçada, budaqda gül inciməsin.
Könlünü oxşasın şirin kəlmələr,
Danışanda çalış dil inciməsin.
Ey Sufi, nə yaxşı bu yaxşılar var
,Dünyanı bəzəyən bu naxışlar var,
Ömürdə bahar var, ömürdə qış var,
Elə yaz, yazanda qol inciməsin.
Zərifə müəllimin yaradıcılığının şah damarı Vətəndir, doğma yurd yeridir. Hər bir borçalılı kimi onun da qəlbi doğulduğu Qarabulaq kəndinin havası, suyu ilə döyünür. Valideynlərinin əziz xatirəsi onun üçün ən müqəddəs and yeridir:
Sağ idi atam, anam, qayğısızdı hər anım,
Onlar idi dayağım, onlar idi həyanım.
Arzuları sinəmdə çiçəktək bəsləyərdim,
Xəyalımda onları sevib əzizləyirdim.
Şirindir ana yurdun doğma xatirələri,
Unutmaq olmaz bir an orda ötən illəri.
Ürəyimə köç edib Qarabulağım mənim,
Necə şirindir mənə doğma, əziz Vətənim.
Sufiyəm, sevmədim, dövləti, malı,
Vətəndən uzaqda qəlbim yaralı,
Vurğunam yurduma, olsam haralı,
Deyin, o yerləri necə sevməyim?
Bu gün Zərifə xanım arxaya boylanarkən fəxr ediləsi 45 illik rəsmi fəaliyyət və hesabat görür. Bu uğurlar onun həyatın çətin mübarizə meydanında, özünün halal zəhməti ilə qazandığı qələbələrdir. O, hər zaman qətiyyətlə vurğulayır: "Bu mənim ata-anamın ruhları qarşısında hesabatımdır. Allah onlara rəhmət etsin. Onlar mənə bu sənəti sevdirdiyi və miras verdikləri üçün ruhları qarşısında baş əyirəm. Bu qədər çətinliklərə, haqsızlıqlara baxmayaraq, həyata yenidən gəlsəm, yenə bu sənəti seçərdim". Budur əsl ziyalı böyüklüyü, budur əsl müəllim fədakarlığı! Əziz və dəyərli Zərifə müəllim! Tələbə yoldaşlarınız, yetirmələriniz və Sizi sevən hər kəs adından Sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik! Sizə cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi arzulayırıq. Yaxşı ki varsınız, yaxşı ki Azərbaycan təhsilini və poeziyasını öz varlığınızla bəzəyirsiniz.
Hüseyn İsaoğlu, yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





