RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ
ADPU-nun Ümumi Pedaqogika kafedrasının professoru,
pedaqoji elmlər doktoru, Əməkdar Müəllim.

E:mail.prof.rufat@gmail.com
ID:Orcid: 0000-0002-8558-5858


Akademik Hüseyn Əhmədov haqqında çox yazılmış, çox deyilmişdir. Lakin, Hüseyn Əhmədov və Naxçıvan elmi – pedaqoji mühiti haqqında az yazılmış və az deyilmişdir.

Akademik Hüseyn Əhmədovun elmi - pedaqoji fəaliyyətinin mühüm bir hissəsi qədim Naxçıvan diyarı ilə bağlı olmuş, o mütəmadi olaraq Naxçıvan Dövlət Universitetinə dəvət edilmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixinə dair mühazirələr söyləmiş, Naxçıvanda elmi və pedaqoji kadrların hazırlığında, Naxçıvan məktəblərinin tarixinin araşdırılmasında, Qədim və erkən orta əsr, xüsusilə XIX - XX əsr Naxçıvan pedaqoji mühitinin, pedaqoji fikrinin araşdırılmasında, öyrənilməsində mühüm xidmətlər göstərmişdir. Bu cəhətdən Hüseyn Əhmədov və Naxçıvan elmi- pedaqoji mühitini 4 hissəyə bölmək olar.
1. Hüseyn Əhmədov və Naxçıvanda pedaqoji kadr hazırlığı
2. Hüseyn Əhmədov və Naxçıvanda elmi kadr hazırlığı
3. Hüseyn Əhmədov və Naxçıvan məktəb tarixinin araşdırılması
4. Hüseyn Əhmədov və Naxçıvan təhsil və pedaqoji fikir tarixinin tədqiqi

Hüseyn Əhmədovun tədqiqatlarında əsas ağırlıq XIX əsr Azərbaycan məktəb və pedaqoji fikir tarixi olsa da akademik Azərbaycan məktəb və pedaqoji fikir tarixinin demək olar ki, bütün dövrləri – qədim və orta əsrlər dövrü, sonrakı dövrlər müasir dövr onun tədqiqatlarında ətraflı və geniş tədqiq edilmiş və bu barədə o çox dəyərli əsərlər yazmış, yeni orijinal məlumatlar, tariximiz üçün qiymətli, qürurverici pedaqoji faktlar üzə çıxarmışdır.
Ulu öndər Heydər Əliyev deyirdi ki,. təhsil tariximiz öyrənilməlidir, təhsilimizin hər dövrü, hər mərhələsi dəyərli və şərəfliidr. Təhsil tarixi mütləq yazılmalıdır....“Nəslimiz öz milli-mənəvi dəyərlərini öyrəndiкcə öz кеçmişindən qürur duyur və оnlаrdа öz sоyunа, кöкünə, millətinə bаğlılıq dаhа dа möhкəmlənir”. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev təhsil taiximizə çox yüksək qiymət verərək demişdir: “ Azərbaycanın təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərlə zəngindir.
Bəli, кеçmişi unutmаq оlmаz, çünкi о gələcəyin müəllimidir. Böyüк dеmокrаt yаzıçı Cəlil Məmmədquluzаdə də dеyirdi кi, biz tаriхimizi оnа görə öyrəniriк кi, gələcəкdə səhvlər еtməyəк.
Professor Hüseyn Əhmədovun təşəbbüsü və müəllifliyi ilə hələ keçən əsrin 70 - ci illərində “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı xüsusi kursun proqramı hazırlanmışdır. Bu kursun öyrənilməsi, tədrisi heç də asanlıqla başa gəlməmiş, onu ali məktəblərin proqramına daxil etmək çox çətin olmuşdur. Bu kurs Sovet dövlətinin, kommunizmin tüğyan etdiyi bir dövrdə Azərbaycan məktəb tariximizin, milli pedaqoji fikrimizin öyrənilməsini, araşdırılmasını tələb edirdi. Sovet dövründə isə tariximizin öyrənilməsi, araşdırılması arzuedilməz olmuşdur. Buna görə də bu kursun öyrənilməsi üçün müxtəlif bəhanələr, maneələr yaradılmış, sınaqdan çıxarmalar, təcrübələr tələb edilmişdir. Elə buna görə də bu kursun ilk sınaq yeri, ilk tədris-təcrübə yeri tarixi ənənələrə, milli – mənəvi dəyərlərə həmişə sadiq qalan, bəşəriyyətin ilk təhsil məkanı olan qədim Naxçıvan diyarı olmuşdur. Bəli, apardığımız tədqiqatlardan və etibarlı mənbələrdən məlum olmuşdur ki, ilk təhsil ocağı - “Skale” adında ilk məktəb Naxçıvanda- Gəmiqayada yaranmışdır. “Skale” - qədim latın sözü olub - mənəvi, ruhi yüksəliş, mərhələli təhsil ocağı – “pillə”. “pilləkan” mənasını verir. Məhz burada - Naxçıvanda pilləli, dərəcəli məktəb, bəşəriyyətin ilk təlim-tərbiyə ocağı, təhsil məkanı, mənəvi yüksəliş mərkəzi yaradılmışdır. “Skale” sözünün “İskələ” kəlməsi ilə uyğunluğunu və eyni məna daşıdığını da deyə bilərik. Türk dilində böyük gəmilərin dayandığı yerə bu gün də “İskele” deyilir ki, bu da gəmiyə və ya quruya çıxmaq üçün pilləkəndır. Rus dilində “qaya” mənasını verən, “Skala”, həmçinin “dərəcə”, “pillə”, “mərhələ” mənasını verən “Şkala” sözləri də “Skale”dən yaranmışdır.
Müasir dillərdə məktəb mənasını verən-ingilis dilində “Skul”, türkcə “Okul”, fransızca “Lekol”, almanca “Şule”, italyanca- Ckoula, İspanca - Eskuela, yunanca- Sxole, gürcücə “Skola”, rusca, belarusca, ukrayınca “Şkola” sözləri də kökü "İskəle", “Skale" sözlərindən meydana gəlmişdir.
Belə bir məkanda ilk dəfə olaraq milli məktəb və milli pedaqoji fikir tarixinin öyrənilməsi və bu barədə xüsusi kursun, proqramın müzakirəsi, müdafiəsi təbii hal sayılmalıdır. Burada bu dəyərli və təməl proqram öz həqiqi varisləri tərəfindən müdafiə edilmiş, bəyənilmiş, dəstəklənmiş və tədrisinin lazımlı və gərəkli olduğu bildirilmişdir ki, buradan da genişlənərək bütün respublikaya yayılmışdır.
1970 –ci illərdə ”Azərbaycan məktəb və pedaqoji fikir tarixi”ndən mühazirələr oxumaq üçün Hüseyn Əhmədov akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna dəvət edilmişdir(Bugünkü Naxçıvan Dövlət Universiteti). Hüseyn Əhmədov bir neçə il burada”Azərbaycan məktəb və pedaqoji fikir tarixi” fənnini tədris etmiş, Naxçıvan məktəblərinin tarixini öyrənmişdir. Proqram ilk dəfə burada, daha sonra isə respublikanın digər ali pedaqoji məktəblərində, habelə Respublikadan kənarda A.S.Puşkin adına Tbilisi Pedaqoji İnstitutunda tədris edilmiş, ardııcıl olaraq təcrübə və sınaqlardan keçirilmişdir.
“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” proqramı ən qədim dövrlərdən başlayaraq zəmanəmizə qədər Azərbaycanda təlim, tərbiyə, məktəb təhsilinin meydana gəlməsi və inkişafı, görkəmli maarifpərvərlərin, klassik pedaqoqların pedaqoji fikirlərinin sistemli tədrisi üçün çox mühüm pedaqoji bir sənəd olmuş və bu gün də olmaqdadır. İlk dəyərli mənbə və əsas istiqamət olaraq bu qiymətli proqramdan irəli gələrərək pedaqoq almlərimiz, tədqiqatçılarımız təhsil və pedaqoji fikir tariximizin öyrənilməsinə dair qiymətli monoqrafiyalar yazmış, dəyərli əsərlər nəşr etdirmiş və uğurlu dissertasiyalar müdafiə etmişlər.
Gələcək pedaqoji kadrlarının ixtisaslaşmasında, onların səriştəli, peşəkar müəllim kimi hazırlığında xüsusi əhəmiyyəti olan bu təməl proqram bir neçə dəfə yenilənmiş, 1984, 1992, 1996, 2010-cu illərdə yenidən işlənmiş, təkmilləşmiş və nəşr olunmuşdur.
Yeniləşmiş və təkmilləşmiş “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” kursunun proqramının tərtibi, Azərbaycan məktəb tarixinə, tərbiyə və təhsilimizin, pedaqoji fikrimizin inkişaf tarixinə yeni baxış, yeni təfəkkür və yeni yanaşma tərzindən irəli gəlmiş və bu tarix daha da zənginləşdirilmiş, daha da təkmilləşdirilmişdir ki, bu əsasda da H.M. Əhmədovun müəllifliyi ilə “Azərbaycan məktəb pedaqoji fikir tarixi” (2014) dərsliyi yazılmışdır (1).
Bu gün ali pedaqoji məktəb və kolleclərimzidə, pedaqoji təmayüllü ali təhsil müəssisələrimizdə, xüsusilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Pedaqogika kafedrasında – kafedra müdiri dos. Fəridə Xudiyevanın rəhbərliyində bu təməl proqram özünə möhkəm yer tutmuş, yenilənmiş və “Pedaqogika” proqramının mühüm bir bölməsi olaraq təhsil və pedaqoji fikir tarixi uğurla tədris olunmaqdadır.
Proqramın yenidən hazırlanmasında tarixi keçmişimizə, xüsusilə Azərbaycan məktəb və pedaqoji fikir tariximizə müstəqillik dövrümüzün prizmasından, yeni pedaqoji təfəkkür baxışından, bu günümüzün yeni tələbləri baxımından yanaşılmışdır.
Təqdirəlayiq cəhət budur ki, Hüseyn Əhmədov Naxçıvanda məktəb və pedaqoji fikir tarixini tədris və tədqiq etməklə kifayətlənməmiş, müəyyənləşdirdiyi faktları, gəldiyi elmi qənaətləri və nəticələri həm geniş şəkildə təbliğ etmiş, həm də əməli işdə tətbiqi ilə fəal məşğul olmuş və bu kursu kütləviləşdirmək üçün, tədrisini asanlaşdırmaq və fəallaşdırmaq üçün dərslik və dərs vəsaiti də yazmışıdr. Bütün bunlar Hüseyn Əhmədovun uzun illik axtarışlarının, prinsipiallığının, təşəbbüskarlığının nəticəsi olmaqla yanaşı, həm də milli təəssübkeşliyin bəhrəsi idi. Beləliklə Hüseyn Əhmədovun hələ 1970 - ci illərdə məktəb və pedaqoji fikir tariximizin öyrənilməsi ideyasını irəli sürməsi və ona o dövrdə nail olması, 1990-cı illərdə isə bu kursun genişliyi ilə respublikamızda tədris edilməsi Hüseyn Əhmədovun adı ilə bağlı olmuş, onun elmi-pedaqoji yaradıcılığının mühüm və uğurlu sahələrindən biri hesab edilmişdir.
Hüseyn Əhmədov humanist pedaqoq, qayğıkeş müəllim, yorulmaz tədqiqatçı olmaqla yanaşı, həm də respublikamız üçün, o cümlədən Naxçıvan Respublikası üçün elmi, pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişdir. Akademik Hüseyn Əhmədov pedaqoji elmlərin bir çox elmi sirlərinə bələd olan geniş erudisiyalı müdrik bir alim kimi dəyərli məsləhətləri ilə elmin yollarında ilk addımlarını atan gənc tədqiqatçılara çox böyük köməkliklər göstərmişdir.
Onun rəhbərliyi, elmi məsləhətçiliyi və opponentliyi ilə xeyli naxçıvanlı tədqiqatçı alimlik elmi dərəcəsini almışdır. Qeyd edək ki, Hüseyn Əhmədov bu sətirlərin müəllifi Rüfət Hüseynzadənin “Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir”(VII-XI əsrlər) mövzusunda doktorluq dissertasiyasının birinci rəsmi opponenti olmuş və o rəyində belə yazmışdır: “...Azərbaycan pеdaqоji fiкrinin ХII əsrdən başlayan dövrü müəyyən dərəcədə işlənib tədqiq еdilsə də ХII əsrdən əvvəlкi dövr – хüsusilə VII-ХI əsrlər кifayət qədər öyrənilməmişdir. Bu baхımdan R.L.Hüsеynzadənin еrкən оrta əsrlər dövründə (VII-ХI əsrlər) Azərbaycanda məкtəb və pеdaqоji fiкir tariхinin öyrənilməsinə həsr еtdiyi dокtоrluq dissеrtasiyası yеni, aкtual və çox əhəmiyyətlidir. ... Tədqiq еdilən dövr ən çətin və ən mürəккəb bir dövr оlmasına baхmayaraq, müəllif tədqiqatını uğurla işləyib başa çatdırmış pedaqoji fikir tariximiz üçün maraqlı, məzmunlu, еlmi-nəzəri və praкtiк əhəmiyyətə maliк dокtоrluq dissеrtasiyası оrtaya qоymuş və bununla da Azərbaycan pеdaqоji fiкir tariхimizdəкi bu sahədəкi bоşluğu dоldurmuşdur.... Çох yaхşı haldır кi, məкtəb və pеdaqоji fiкir tariхimizlə bağlı çохdan gözlənilən bеlə bir mürəkkəb mövzunun işlənməsi pеdaqоji ictimaiyyətimiz arasında yaхşı bir tədqiqatçı, pеdaqоq alim кimi tanınan, yüкsəк pеdaqоji biliyə, mədəniyyətə, yüksək ziyalı кеyfiyyətlərinə maliк Rüfət Hüsеynzadə tərəfindən araşdırlımşdır. О hələ tələbəliк illərində məкtəb və pеdaqоji fiкir, əlifba tariхimizlə bağlı institutun “Gənc müəllim” qəzetində dəyərli məqalələrlə çıхış еtmişdir. Оnun pеdaqоji fiкir, əlifba tariхimizlə bağlı araşdırmaları hələ o zaman diqqətiimi cəlb еtmiş və mən öz кitablarımda оnun apardığı tədqiqatların əhəmiyyətini qеyd еtmişəm... R.Hüseynzadənin dissertasiyası bütövlükdə pedaqoji fikir tariximizi zənginləşdirən, yüksək elmi-nəzəri və praktik əhəmiyyətə malik dəyərli bir tədqiqat əsəridir...”
2008-ci ildə 106 yaşında dünyasını dəyişmiş “İstiqlаl” оrdеnli, “Əməкdаr müəllim”, dosent, şərqşünаs, ədəbiyatşünas аlim, yоrulmаz tədqiqаtçı, dörd ictimai-siyasi dövrdə - Çar Rusiyası, AXC dövrü, Sovet dövrü və Müstəqillik dövrlərində yaşamış, mollaxana və mədrəsə təhsili görmüş, Naxçıvanda Yeni üsullu “Rüşdiyyə” dünyəvi məktəbində oxumuş və burada İstanbulda təhsil almış Hüseyn Caviddən türk dili və ədəbiyyatı, Tehranda, Nəcəfdə təhsil almış onun böyük qardaşı Şeyx Məhəmməd Rasizadədən ərəb dili, Qori Müəllimlər Seminariyasından məzun olmuş kiçik qardaşı Əlirza Rasizadədən rus dili dərsi almış, 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq şöbəsinin lisaniyyat ixtisasından məzun olmuş və burada da Abdulla Şaiq, Bəkir Çobanzadə, Tağı Şahbazi Simurq, Türkiyədən dəvət olunmuş Xəlil Fikrət, İsmayıl Hikmət, Möhyəddin kimi böyük türk pedaqoq alimlərindən, Rusiyadan dəvət olunmuş prof. B.B.Komarovski, prof. A.Makovelski, akademik Marr, prof. Seredinski kimi görkəmli alimlərdən dərs almış, uzun illər boyu maarif və mədəniyyətimizin inkişafında xidmətlər göstərmiş, təhsilimizin müxtəlif pillələrində şərəflə xidmət etmiş “Prеzidеnt təqаüdçüsü” olmuş аtаm Lətif Hüsеynzаdədən miras qalan zəngin ev kitabxanmız, ailə arxivimiz, Şərq ədəbiyyаt və mədəniyyətinə dаir qiymətli əlyаzmаlаr, qədim tarixi кitаblаr, nаdir əl yazma nüsхələri, qədim və orta əsrlər dövrünün təhsilinə dair dəyərli sənədlər və daim özündən də dəyərli məsləhətlət almağımız, həmçinin özümüzün də fаrs dilini bilməyimiz qədim və orta əsrlər dövrünün pеdаqоji fiкrini, təlim və tərbiyəsini, təhsilini öyrənməyə, tədqiqat aparmağa və dissertsiya yazmağa əlverişli imkanlar yaratmışdır.
Akad. Hüseyn Əhmədov pedaqogikanın - tərbiyəşünaslıq, didaktika kimi nəzəri məsələlərinə dair də bir çox tədqiqat işlərinə rəhbərlik etmiş, dəyərli məsləhətlər vermişdir. Hüseyn Əhmədovun rəhbərliyi ilə tədqiqat aparan müəlliflərin aldıqları nəticələr, pedaqogika elminə gətirdikləri yeniliklər həm nəzəri və həm də praktik cəhətdən böyük əhəmiyyət kəsb edir.
Naxçıvanda və digər yerlərdə 100 ildən artıq yaşı olan və ya yubilyar məktəblərin tarixinin araşdırılması Hüseyn Əhmədovun tədqiqatlarında xüsusi yer tutur. Onun “100 yaşlı Yuxarı Salahlı kənd məktəbi”, “100 yaşlı Qarğabazar məktəbi”, “100 yaşlı Vəndam məktəbi”, “150 yaşlı Şəki məktəbi” və s . bu kimi dəyərli əsərlərin davamı kimi Naxçıvan məktəblərinin tarixinin araşdırlması Hüseyn müəllimin yaradıcılığında xüsusi yer tutur. Onun “170 yaşlı Naxçıvan məktəbi” adlı məqaləsi məktəb tariximizin yeni bir səhifəsinin yazılması deməkdir. Prof. H.Əhmədov yazır: “Bu gün bütövlükdə müstəqil Azərbaycan Respublikasında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da məktəb təhsilinin inkişaf tempi qonşu ölkələrin bir çoxundan yüksəkdir. Bu gün Naxçıvanda məktəb quruculuğu və təhsil sahəsində böyük islahatlar həyata keçirilir. Bu da təsadüfi deyil. Çünki Naxçıvanın bugünkü inkişafı həm də onun qədim və zəngin məktəb və təhsil tarixinə malik olması ilə izah olunur... Naxçıvan şəhər məktəbində təhsil alan azərbaycanlılar (170 yaşlı məktəb bu gün Naxçıvan şəhər 1 №-li məktəbidir ki mən də bu məktəbin məzunuyam R.H. ) ...sonralar İrəvan və Qori Müəllimlər Seminariyasına, Rusiya və Avropanın bir sıra universitetlərinə qəbul olunmuş və bu təhsil müəssisələrini bitirdikdən sonra vətənə qayıdaraq təhsilin, xalq maarifinin, elm, ədəbiyyat və mətbuatın sonrakı inkişafında unudulmaz xidmətlər göstərmişlər” (170 yaşlı məktəb. “Azərbaycan Müəllimi” 12 aprel 2007-ci il)
Hüseyn Əhmədov yazır ki, Naxçıvan şəhərində ilk dövlət qəza məktəblərinin meydana gəlməsi XIX yüzilliyin 30-cu illərinin sonlarına təsadüf edir. Rusiya imperiyası işğal etdiyi yerlərdə öz siyasətini, maraq və məqsədlərini həyata keçirmək üçün təhsildən də istifadə edir, rus məktəbləri açır, rus dilini bütün məktəblərdə əsas fənn kimi öyrədilməsini nəzərdə tuturdu. Belə məktəblərdən ilki qəza məktəbləri adlanırdı. “1837-ci ilin martın 15-də Naxçıvanda qəza məktəbi adlı ilk dövlət məktəbi fəaliyyətə başladı. Burada şəriət, rus dili, coğrafiya, tarix, rəsm, hesab və s. dərslər tədris olunurdu”(1, s.69).
Naxçıvan pedaqoji fikir tarixinin araşdırılmasında Hüseyn Əhmədovun xidmətləri böyük olmuş və tədqiqat sahəsi də geniş olmuşdur. Belə ki, onun tədqiqatlarında Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi, Məhəmməd Ağa Şahtaxtlı, Eynəlibəy Sultanov kimi görkəmli şəxsiyyətlərin, maarifpərvərlərin, müəllim və ziyalıların pedaqoji fikir və pedaqoji görüşləri Hüseyn Əhmədov tədqiqatlarında geniş intişar tapmış və ilk dəfə olaraq onların əsərlərinin pedaqoji yönlü təhlili, pedaqoji əhəmiyyəti göstərilmişdir.
Bütün bunlar isə ilkin dəyərli pedaqoji mənbələr kimi, daha sonralar pedaqoq tədqiqatçılar tərəfindən daha da inkişaf etdirilmiş, zənginləşdirilmiş, yeni tədqiqatlar aparılmış və dissertasiyalar müdafiə edilərək yeni pedaqoq alimlər nəslinin yetişməsinə kömək etmişdir.

“İstıqlal” ordenli, Əməkdar müəllim, dos. Lətif Hüseynzadə görkəmili pedaqoq və psixoloqlar akad. Hüseyn Əhmədov və prof. Əbdül Əlizadə ilə birlikdə

Pedaqoji kadrların hazırlanmasında Qori Müəllimlər Seminariyasının fəaliyyəti Hüseyn Əhmədovun tədqiqatlarında mühüm yer tutmuş və bu münasibətlə də 1979-cu ildə “Qori Müəllimlər Seminariyasının 100 illiyi”nə həsr edilmiş böyük konfrans da təşkil etmişdir. Qori Müəllimlər Seminariyasının naxçıvanlı məzunları Hüseyn Əhmədovu xüsusilə maraqlandırmış və ciddi düşündürmüşdür. Bu məzunların bir qismi haqqında Hüseyn müəllim özü ətraflı yazmışdır... Amma, o yaxşı bilirdi ki, daha başqaları da vardır... Onların araşdırılmasını və axtarıb tapılmasını mənə tapşıranda həm sevindim, həm də bir qədər düşündüm. Axı, bu barədə çox yazılmış, çox deyilmişdir... Buna baxmayaraq axtarışlara başladım, arxivlərdə oldum, Təhsil Muzeyinin arxivi ilə tanış oldum, xatirələr oxudum və s . xeyli maraqlı və yeni faktlar əldə etdim. Seminariyanın bir çox yeni naxçıvanlı məzunlarının adlarına da rast gəldim, onların fəaliyyətləri ilə tanış oldum. Beləliklə, seminariyanın naxçıvanlı məzunları arasında Mirzə Əliməmməd Xəlilov, Mirzə Ələkbər Süleymanov, Ələsgər Şeyxhəsənov, Cəlil Məmmədquluzadə, Heydər Muradəsilov, Mirzə Əbülqasım Sultanov, Ələkbər Məmmədxanov, Kərimbəy Əsəd oğlu İsmayılov, Məmmədəli Sidqi Səfərov (M.T. Sidqinin oğlu), Əlirza Rasizadə (Hüseyn Cavidin qardaşı) Rəhim Kazımbəyov, Məmmədhüseyn Mirzə Tağı oğlu Xəlilov, Xəlil İsmayıl oğlu Hacılarov, Ələkbər Tağı oğlu Abbasov, (Ələkbər Qərib), Əli Səbri Qasımov, Qurban Həsənov olduğunu dəqiq müəyyənləşdirdik. Bu Hüseyn Əhmədovun Naxçıvanla bağlı tədqiqatlara diqqət və qayğısının parlaq təzahürü idi.
Pedaqogika üzrə elmlər doktoru, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyanın, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü olmuş Hüseyn Əhmədov Azərbaycan məktəb və pedaqoji fikir tarixinin görkəmli tədqiqatçısı və mahir təbliğatçısı oolmuşdur. O Mockvada nəşr edilən “Azərbaycan pedaqoji fikir antologiyası” adlı monumental əsərin, “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər”in, “Rus pedaqoji ensiklopediyası”nın, həmçinin on cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın əsas müəlliflərindən biridir. Əsərləri Azərbaycan, rus, ingilis, türk, gürcü, özbək dillərində müxtəlif nəşriyyatlarda və mətbuat orqanlarında çap olunmuş 500 –ə yaxın monoqrafiya, kitab, kitabça, dərs vəsaiti, metodik tövsiyə və silsilə məqalələrin müəllifidir. Hüseyn Əhmədov respublikamızda və beynəlxalq aləmdə tanınmış pedaqoq alim olmuşdur. Prof. Fərrux Rüstəmov “Akademik Hüseyn Əhmədov və yetirmələri” adlı kitabında H.Əhmədovun həyatı, elmi-pedaqoji fəaliyyəti, tədqiqat sahələri, yetirmələri haqqında geniş və ətraflı məlumat vermişdir (2). Bunu da xüsusi olaraq qeyd edək ki, akademik Hüseyn Əhmədovun ən yaxşı tədqiqatçısı, araşdırıcısı, əsərlərinin biblioqrafiyasının toplayıcısı, tərtibatçisi, həmçinin akademikin nəşr etdirdiyi əsərləri, elmi-pedaqoji, tədris-metodiki xarakterli məqalələri, konfranslardakı çıxışlarının tezisləri, habelə redaktə etdiyi əsərlər, tədris-metodiki ədəbiyyat, eyni zamanda onun rəhbərlik və rəsmi opponentlik etdiyi dissertasiyalar haqqında məlumatların müəllifi habelə, haqqında çoxsaylı məqalələrin müəllifi, alimə həsr edilmiş tədbirlərin-o cümlədən Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr edilmiş elmi konfransın əsas təşkilatçısı prof. Fərrux Rüstəmovdur (3).
Akademik Hüseyn Əhmədov ömrünü gənc nəslin milli - mənəvi ruhda tərbiyəsinə, Azərbaycan məktəb və pedaqoji fikir tarixinin araşdırılmasına, vətənimizə layiqli pedaqoji kadr və dəyərli elmi pedaqoji kadrların hazırlığına həsr etmiş, ibtidai sinif müəllimliyindən akademikliyədək yüksəlmiş, mənalı və şərəfli həyat yolu keçmiş, həyatını gəncliyin təlim və tərbiyəsinə həsr etmiş, dəyərli əsərləri ilə pedaqoji cameəmizdə, elm dünyamızda silinməz izlər buraxaraq 2020 - ci ildə dünyasını dəyişmişdir.

Ədəbiyyat

1. Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Dərslik. Bakı: Elm və təhsil, 2014, 432 səh.
2. Fərrux Rüstəmov. Akademik Hüseyn Əhmədov və yetirmələri. Bakı:Təhsil, 2004, 202 səh.
3. Rüfət Hüseynzadə. Akademik Hüseyn Əhmədov və yetirmələri. F.Rüstəmovun eyni adlı əsəri haqqında. ”Təhsil və zaman” qəzeti. 17 may, 2005 – cil il

Xülasə:

AKADEMİK Hüseyn Əhmədov və Naxçıvan ELMİ - pedaqojİ mühİtİ
Rüfət LƏTİF OĞLU HÜSEYNZADƏ


Akademik Hüseyn Əhmədovun elmi - pedaqoji fəaliyyətinin mühüm bir hissəsi qədim Naxçıvan diyarı ilə bağlı olmuş, o mütəmadi olaraq Naxçıvan Dövlət Universitetinə dəvət edilmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixinə dair mühazirələr söyləmiş, Naxçıvanda elmi və pedaqoji kadrların hazırlığında, Naxçıvan məktəblərinin tarixinin araşdırılmasında, Qədim və erkən orta əsr, xüsusilə XIX - XX əsr Naxçıvan pedaqoji mühitinihn, pedaqoji fikrinin araşdırılmasında, öyrənilməsində mühüm xidmətlər göstərmişddir. Bu cəhətdən Hüseyn Əhmədov və Naxçıvan elmi- pedaqoji mühitini 4 hissəyə bölmək olar: 1)Hüseyn Əhmədov və Naxçıvanda pedaqoji kadr hazırlığı; 2) Hüseyn Əhmədov və Naxçıvanda elmi kadr hazırlığı;3)Hüseyn Əhmədov və Naxçıvan məktəb tarixinin araşdırılması; 4) Hüseyn Əhmədov və Naxçıvan təhsil və pedaqoji fikir tarixinin tədqiqi

Açar sözlər: Hüseyn Əhmədov, Naxçıvan mühiti, elmi əsərlər, Azərbaycan məktəb tarixi, Azərbaycan pedaqoji fikir tarixi.
Summary:

ACADEMICIAN HUSEYN AHMEDOV AND THE NAKHCHIVAN SCIENTIFIC - PEDAGOGICAL ENVIRONMENT
RUFAT LATIF OGLU HUSEYNZADE


An important part of the scientific and pedagogical activity of Academician Huseyn Ahmadov was connected with the ancient Nakhchivan land, he was regularly invited to Nakhchivan State University, gave lectures on the history of Azerbaijani schools and pedagogical thought, rendered important services in the training of scientific and pedagogical personnel in Nakhchivan, in the study of the history of Nakhchivan schools, in the study and study of the ancient and early medieval, especially the 19th - 20th century Nakhchivan pedagogical environment and pedagogical thought. In this respect, Huseyn Ahmadov and the Nakhchivan scientific and pedagogical environment can be divided into 4 parts: 1) Huseyn Ahmadov and the training of pedagogical personnel in Nakhchivan; 2) Huseyn Ahmadov and the training of scientific personnel in Nakhchivan;3) Huseyn Ahmadov and the study of the history of Nakhchivan schools; 4) Huseyn Ahmadov and the study of the history of Nakhchivan education and pedagogical thought

Keywords: Huseyn Ahmadov, Nakhchivan environment, scientific works, Azerbaijani school history, Azerbaijani pedagogical thought history.

Prof. Rüfət Hüseynzadə

Son xəbərlər

TOVUZ DÖYÜŞLƏRİ 12 iyul 2020 - FOTO

Fransada üç atom elektrik stansiyası istilərə görə dayandırıldı

Britaniyanın məşhur nəşri Paşatəpədəki həmin tapıntıdan yazdı

AKADEMİK HÜSEYN ƏHMƏDOV VƏ NAXÇIVAN ELMİ - PEDAQOJİ MÜHİTİ

Ağ xalatın arxasındakı ürək - FOTOLAR

Kəlbəcərdə yeniyetmə çaya düşüb

Türkiyədə beşulduzlu hoteldə turistlər kütləvi zəhərləndi

UNEC-in tələbəsi dünyasını dəyişdi

Türkiyədən köçürlər

Gürcüstana səfər etmək istəyənlərin diqqətinə!

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

O da Burakın serialına çəkilir - FOTO

İnternet kabeli üstündə mübahisə qətllə nəticələndi

Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı

"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın

Azərbaycan millisinin futbolçusu karyerasını Latviyada davam etdirəcək

Qəbul imtahanında 12 nəfərdə mobil telefon aşkarlandı

Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb

Ot tayaları yandı, yük maşını yararsız hala düşdü - Fotolar

EYLƏYİRSƏN : EYLƏYİRSƏN - FOTO

İran ABŞ bazalarını atəşə tutdu

DÇ tarixində ilkə imza atdı

Boşanma uşağa necə deyilməlidir? – Psixoloqdan vacib TÖVSİYƏLƏR

"Dələduzluq halları azalacaq" - Kreditlərin verilməsi qaydasındakı dəyişikliklərin hansı faydaları olacaq?

Qətərin keçmiş əmiri vəfat etdi

Bu gün imtahan var

Faktiki hava açıqlandı

RƏQƏMLƏRİN DİLİNİ ANLAYAN İNSAN - FOTOLAR

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031