
Xəbərlər
2.07.2026, 15:02
TORPAĞA SƏCDƏ BÖYÜKLÜKDÜR - FOTOLAR
UZUN İLLƏRİN HƏSRƏTINDƏN SONRA QARABAĞ TORPAĞINDA ARZUMU GERÇƏKLƏŞDİRDİM
Torpaq istəyinin doğurduğu xoş təəssüratlar – insanın uzunmüddətli yurd həsrətindən sonra doğma torpağına qovuşarkən qəlbində baş qaldıran mənəvi rahatlıq, qürur, sevinc və daxili bütövlük hissləridir. Bu təəssüratlar, sadəcə, fərdi bir coğrafi məkana qayıdış deyil, insanın öz kimliyini, köklərini və tarixi mənliyini yenidən tapmasının səmimi təzahürüdür. Torpaq istəyinin reallığa çevrilməsi insan ruhunda aşağıdakı unudulmaz və xoş təəssüratları yaradır.
İnsan doğma torpağına ayaq basdığı ilk andan etibarən çiyinlərindən ağır bir yükün götürüldüyünü hiss edir. İllərlə yaddan çıxmayan o doğma cığırlar, ağaclar və qayalar insanı sanki səmimi bir ana ağuşu kimi qarşılayır.
İllər boyu xəyallarımızda canlandırdığımız doğma yurdun havasını ciyərimizə çəkmək, onun torpağını qoxlamaq insana heç bir maddi nemətlə ölçülməyən ali bir hüzur və mənəvi dinclik bəxş edir.
Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarına qayıdan insanların keçirdiyi ən güclü təəssürat qürurdur. Torpaq istəyinin zəfərlə taclanması insanda dövlətinə, ordusuna və millətinə qarşı sarsılmaz bir güvən hissi formalaşdırır.
Torpaq istəyinin sevinci
Torpaq istəyinin doğurduğu ən xoş təəssüratlardan biri də insanda yaranan yaşamaq və yaratmaq eşqidir. Bu gün (2026-cı ildə) "Böyük qayıdış" proqramı çərçivəsində doğma yurdlarına köçən insanların gözlərindəki sevinc bunun əyani sübutudur. Doğma bağında yeni bir fidan əkmək, tarlaya toxum səpmək, evinin bərpa olunmasında iştirak etmək insana öz əməyinin bəhrəsini görmək bəxtiyarlığı bəxş edir. Bu, peşə sevincləri ilə vətən sevgisinin səmimi bir vəhdətidir.
Torpaq istəyinin doğurduğu xoş təəssüratlar məni mənən ucaldan, öz kökümə və millətimə daha sıx bağlayan müqəddəs duyğulardır. Bu təəssüratlar mənim hər zaman yaddaşımda ən parlaq, müsbət enerjili və zəfər ruhlu mövzu olaraq qalacaq.
İnsan həyatı boyu fərqli yollardan keçir, uzaq şəhərlər kəşf edir, bəzən dünyanın ən füsunkar, dəbdəbəli guşələrində özünə məskən salır. Lakin insanın harada olmasından, hansı zirvələri fəth etməsindən asılı olmayaraq, qəlbinin gizli bir küncündə hər zaman bir səs pıçıldayır. O səs insanı ilk addımlarını atdığı, havasını ciyərlərinə çəkdiyi, torpağına toxunduğu ilk məkana – doğma yurduna çağırır.
Doğma yurda bağlılıq
sadəcə, bir coğrafi məkana bəslənən arzu yox, insan ruhunun öz lövbərini tapdığı yeganə müqəddəs limandır. Yurd bağlılığı insanın genetik yaddaşına, ruhunun ən dərin qatlarına elə bir səmimi sevgi ilə hopur ki, onu zamanın rüzgarları da sovura bilmir. Hər şey ananın laylası, uşaqlıq xatirələrinin canlandığı o dar cığırlar, həyətdəki qocaman ağacın kölgəsi və baba ocağından ucalan tüstü ilə başlayır. Bu xatirələr insanın mənəvi pasportudur. İnsan uzaqlarda olanda, həyatın çətinlikləri və fırtınaları ilə üz-üzə qalanda məhz həmin ocağın istisinə, doğma yurdunun səmimiyyətinə sığınaraq yenidən mənəvi güc tapır. Torpaq qoxusu insanı keçmişinə bənd edən, onun bu qloballaşan dünyada yadlaşmasının qarşısını alan ən güclü qüvvədir. Biz bir millət kimi bu bağlılığın nə qədər sarsılmazlığına və müqəddəsliyinə Qarabağ və Şərqi Zəngəzur həsrətində şahid olduq. Otuz ilə yaxın zaman kəsiyində yurdundan didərgin düşən, lakin bir an belə doğma kəndinin adını, oradakı bulağın dadını unutmayan insanların iradəsi bəşəriyyət üçün unikal bir sevgi dastanıdır. Jurnalistlərimiz, veteran publisistlərimiz illərlə qəzet səhifələrində bu sönməyən nisgili, bu sarsılmaz yurd inamını səmimi bir fədakarlıqla qələmə aldılar.
Həmin qələm sahiblərindən biri də mənəm. Hələ vaxtilə çalışdığım “Ədalət”, sonra isə “Qarabağ”, daha sonra isə müxtəlif qəzetlərdə bu mövzu ilə bağlı ağrılı, sızıltılı məqalələr yazıb çap etdirmişəm. Yaxşı yadımdadır, “Qarabağ” qəzetində çalışarkən mərhum baş redaktor Çingiz Tofiq oğlu İsmayılov qəzetin əməkdaşları kimi, mərhum Sarvan Ağayevlə mənim yazılarımı diqqətlə oxuyur, sonra imzalayıb çapa verirdi. Biz ikimiz də sərt yazdığımızdan, erməniləri tənqid etdiyimizdən, bu anormal siyasəti aparanları və dəstəkləyənləri günahlandırdığımızdan yazılarımız “daxili senzura” altında idi. Bu vərdiş haradasa bizə də səliqəli və nizamlı yazmağı təlqin edirdi. Elə bu ruhda və formada da işlərimizi davam etdirirdik.
Mənim mövzularım əsasən viranə qalmış, xarabazarlığa çevrilmiş yurd yerlərimizin taleyi, aqibəti idi, bu barədə xeyli düşünürdüm. İçimi yurdsuzluq, günahsızlıq insanların köçkünlük həyatı, çadırlarda yurd-yuva salmış binəvaların heç vaxt barışa bilmədiyim mövcud vəziyyətləri didib parçalayırdı. Özüm qarabağlı olmasam da, məni tanıyan qarabağlılar mənə “Qarabağın fəxri vətəndaşı” (Bu ifadə mənim ağdamlı dostum, şəhid Sənanımızın qürurlu atası Əkbər Rüstəmova məxsusdur. Yeri gəlmişkən, onunla söhbətlərimiz zamanı mən Qarabağı daha yaxşı görür, əvvəlki durumu ilə müharibə dövründəki durumu arasındakı fərqi sezirdim. Deyirdi ki, inşəAllah, torpaqlarımız alınanda məni Qarabağa aparacaq, o müqəddəs yurdda gəzdirəcək, döyüşdüyü səngərlərlə, qarış-qarış gəzdiyi Vətən torpaqları ilə tanış edəcək.) adlandırmışdılar. Bu sözü hər dəfə mənə elə iftixarla, qürurla söyləyirdi ki, mən də özümü elə o formada QARABAĞlı hesab edirdim.
Arzular gerçəkləşəndə...
Məni Qarabağa aparmağı bir çox qarabağlı dostum söz vermişdi. Hətta yuxularımda belə onlarla o torpaqları gəzirdim. Sadəcə, bir xəyal, röya idi. Mən isə onların gerçəkləşməsini səbirsizliklə gözləyirdim. Müzəffər Ordumuz Qarabağı qanı bahasına alandan sonra da bu istək qüvvəsində qalmışdı. Mən gözləyirdim ki, bir-bir Qarabağa gedən dostlarım nə vaxtsa məni də özləri ilə aparacaqlar. Gözləməkdə idim...
Amma bu arzumu qarabağlılar yox, çalışdığım “Azərbaycan” qəzeti, daha doğrusu, baş redaktorumuz hörmətli Bəxtiyar Sadıqov gerçəkləşdirdi. Biz ildə bir dəfə istirahət günü kimi rayonlarımızdan birinə səyahət etmişik. Bu dəfə isə ünvanımız QARABAĞ oldu. Bu səyahətimizin müəllifi isə qeyd etdiyim kimi, kollektivimizin rəhbəri idi. Hamımız böyük məmnunluq hissilə səfərə hazırlaşdıq. Səfərimiz Milli Ordumuzun bayramı gününə - iyunun 26-na təsadüf etdi. Möhtəşəm Qələbəmizi bizə yaşadan Ordumuzun bayramı idi. Bu günü bayram kimi elə Qarabağ torpaqlarında qeyd etdik.
İlk olaraq Ağdamla sərhəd keçid məntəqəsində dayandıq. Yolboyu bizə tanışlıq verən həmkarlarımız Zəkurə Quliyeva ilə Elşən Qəniyev fəxarətlə dilləndilər ki, bura Qarabağ torpağıdır. Zəkurə Quliyevanın bizə “Xoş gəlmisiniz Qarabağ torpağına” sözləri elə bil məni ayıltdı. Yoxlama məntəqəsində polislər bizi yoxlayan anlarda avtobusdan düşüb yerə əyildim, qumsallı torpağa səcdə etdim, öpüb gözlərimin üstünə qoydum. Mənim üçün fərqi yox idi, torpaq olsun, ya qumluq. Söz vermişdim, əhd eləmişdim, hansı torpağa ilk dəfə qədəm qoysam, oranı öpəcəyəm. Həm arzumun həyata keçdiyi, həm də Qarabağ torpağına ilk dəfə qədəm qoyduğum üçün sevincimin həddi-hüdudu yox idi, özümü dünyanın ən bəxtəvəri hesab edirdim. Sən demə, kənardan məni müşahidə edən polislər də, həmkarlarım da bu mənzərəni görəndə çox kövrəliblərmiş. Hətta bu məqamları fotomüxbirimiz İlham Babayev fotoaparat, iş yoldaşlarım isə telefon vasitəsilə tarixləşdiriblərmiş.
Mən İsmayıllı rayonunun qədim, füsunkar Basqal kəndindənəm. Mənim üçün yerlipərəstlilik məfhumu yoxdur. Mənim üçün Azərbaycanın hər bir bölgəsi doğmadır, əzizdir. O cümlədən Qarabağ torpaqları da. Qeyd etdiyim kimi, uzun müddət bu torpaqların, yurd yerlərinin kimsəsizliyindən, ah-naləsindən yazmışam. Nə vaxtsa o yerlərin həsrətində olmuşam. Budur, artıq sahibi olan o torpaqlardayam. Yolboyu diqqətlə baxıram hər bir məkana. Xarabalıqlar köksümü didib-dağıdır. Yolboyu, həmişə olduğu kimi, erməniləri lənətləyirəm, ünvanlarına hətta söyüşlər belə yağdırıram. İllər boyu itirilmiş mülklərin, itirilmiş ruhun – Şuşanın, Xankəndinin, Cəbrayılın, Zəngilanın, Laçının, Qubadlının, Kəlbəcərin, Füzulinin, Ağdamın,... ermənilərin və onların havadarlarının yersiz, ağılasığmaz siyasətlərinin nəticəsində bu acınacaqlı, ürəkağrıdıcı səhnələri gördükcə ümumi inkişafdan geri qalmaları barədə düşünmüşəm. 2020-ci ilin 44 günlük müharibəsi göstərdi ki, vətənruhlu oğullarımız o torpaqlara bağlıdırlar ki, onların hünərlərini, cəsarətlərini, döyüşkənliklərini, sadəcə, sözlə ifadə etmək mənimçün çətindir. Bi hissləri qələm yoldaşım, 40 illik dostum Elşən Qəniyev obrazlı formada canlandırıb: “... Biz isə pəncərədən görünən Ağdam mənzərələrini sükut və dəhşət içində seyr edirdik. Yolboyu gözümüzə dəyən viranə qalmış yurd yerləri, dağıdılmış evlərin qalıqları, ömrü yarımçıq qalmış həyətlər illərlə bu torpağın yaşadığı ağrını səssizcə "danışırdı". Bəzi divarlar hələ də ayaqda idi, amma onların da susqunluğu sanki "burada bir zamanlar həyat vardı" deyirdi. Sən demə, düşmən təkcə evləri dağıtmayıb, insanların xatirələrini, uşaqlıq səslərini, ocaqların istiliyini də yerlə yeksan etməyə çalışıb! Amma bacarmayıb! Çünki Vətənin ruhunu dağıtmaq mümkün deyil. Bu gün həmin xarabalıqların yanında yüksələn yeni tikililər, çəkilən yollar və davam edən quruculuq işləri göstərir ki, Qarabağ yenidən dirçəlir, öz doğma nəfəsini geri qaytarır. Xarabalıqlar keçmişin acı həqiqətini xatırladırdısa, ucalan yeni binalar gələcəyin ümidini müjdələyir”.
Yurd sevincinin, sevgisinin zirvəsinə ucalanlar...
Bu bağlılıq elə bir böyük qüvvəyə çevrildi ki, Qarabağ adlı məmləkətimizin torpaqları uğrunda vuruşan gənclərimizi cəbhədə şəhadət zirvəsinə ucaltdı, xalqı tək bir yumruq kimi birləşdirdi. Artıq bu məqamlar, yaşantılar tarixə çevrilib, tarixin şərəfli səhifələrinə həkk edilib. Bu gün, 2026-cı ildə, bu sarsılmaz bağlılıq özünün ən gözəl, xoş təəssüratlı dövrünü yaşayır. "Böyük qayıdış" karvanları ilə doğma yurdlarına köçən insanların gözlərindəki səmimi sevinc, torpağa diz çöküb onu öpən ağsaqqalların, ağbircəklərin göz yaşları bu sevginin ölməzliyini bəyan edir. İndi həmin torpaqlarda yeni fidanlar əkilir, tarlalara toxum səpilir, qədim evlərin bünövrəsi yenidən qurulur. Ən fərəhlisi isə odur ki, o yurdları görməyən, yalnız ata-babalarının səmimi xatirələri ilə böyüyən gənc nəsil də eyni vətənpərvərlik və böyük eşqlə doğma torpağa bağlanır. Doğma yurda bağlılıq insanı mənən bütövləşdirən, ona başıucalıq və mənəvi asiman bəxş edən ən uca duyğudur. Yurdunu sevən, onun keçmişinə vəfalı qalan insan hər zaman dövlətinin və millətinin gələcəyi üçün qurub-yaratmaq eşqi ilə yaşayır. Çünki insan yalnız öz doğma torpağında tam mənada nəfəs alır, yalnız öz yurdunda əsl xoşbəxtliyin və yurd sevincinin, sevgisinin zirvəsinə ucalır.
Elşən Qəniyevin bu hissləri də maraqlı və dolğundur: “Yolboyu eyni duyğu hər birimizi müşayiət edirdi: bəzən tarix insana elə anlar yaşadır ki, onları təsadüf adlandırmaq doğru olmur. Zəfəri bizə bəxş edən Müzəffər Azərbaycan Ordusunun şərəfinə qeyd etdiyimiz bu əziz gündə Qarabağa yol almaq qəhrəmanlıqla yoğrulmuş torpağa ehtiramla baş əymək, azadlığın qoxusunu ciyərlərinə çəkmək, hər daşında, qayasında, havasında Zəfərin izini duymaq demək idi. Bizi Qarabağa aparan avtobusun pəncərəsindən baxarkən gözlərimiz önündə tamam başqa bir Qarabağ açılırdı. Sıldırım qayaların sinəsini yararaq uzanan müasir magistrallar, xarabalıqlar üzərində salınan yaşayış məntəqələri, yenidən nəfəs alan kəndlər, yüksələn şəhərlər, üfüqə qədər uzanan tikinti meydançaları bir həqiqəti bütün əzəməti ilə təsdiqləyirdi: bu torpaqlarda artıq müharibənin yox, quruculuğun səsi eşidilir”.
Bu səfər bir səyahət deyil, mənim öz kimliyimə qayıdışımdır
Yolda avtobusun salonunda sakitlik görmədim (hərçənd ki, həmin gecə iş yoldaşlarım Dönməz Abasov, Rüstəm Babayev, Şamil Kərimov, bir də növbətçi əməkdaşımız Vahid Məhərrəmovla eyni iş növbəsini bölüşmüşdük. Səhər tezdən, yəni saat 5-də avtobusumuz iş yerimizin qarşısından yola düşməli idi. Biz isə hər cəhdlə çalışırdıq ki, qəzetimizin çapı ləngiməsin. Beləliklə, bütün var qüvvəmizlə 24 səhifə həcmində, A-2 formatda qəzetimizi 5-in yarısında “Azərbaycan” nəşriyyatına çapa göndərib, hər şeydən arxayın olub həyətə düşdük. Gözlərimizdən yuxu axırdı. Amma biz təmkinlilik nümayiş etdirdik, dözümlülüyümüzü göstərdik, yorğunluğumuzu iş yoldaşlarımıza bildirmədik və böyük həvəslə onlara qoşulduq. Azı Qarabağa gedirdik. Bu yolda hər əzaba qatlaşmalı idik.), hər kəs öz xatirələrini bölüşürdü. Qarabağın ilk dayanacağı olan Ağdama daxil olanda bu torpaqların insanı özünə çəkməsi diqqətimi cəlb etdi. Havanın səmimi qoxusunu içimə çəkəndən sonra bircə məqamı vurğulaya biləyəm: Torpaq sanki nəfəs alır, bizi qəbul edir. Bu andakı xoş təəssüratları heç bir maddi nemətlə ölçmək mümkün deyil. Gözlərimin önünə otuz il çətinlik çəkən insanların bu gün özlərini tam mənada bütöv və mənən rahat hiss etmələrini gətirdim. Mən o qumsallı torpağı öpəndə də, gözlərim üstünə qoyanda da bu hiss məni rahat buraxmadı. Çünki mən Ağdamı görməmişdim, amma dostlarımın, qarabağlı həmkarlarımın, xüsusən də Zəkurə xanımla Təranə xanımın söhbətlərindən o torpağın hər cığırını tanıyırdım. Bu, sadəcə, bir səyahət deyil, mənim öz kimliyimə qayıdışımdır. Bu mənzərə çox heyranedici oldu: sıfırdan ucalan müasir yaşayış kompleksləri, hamar yollar və bərəkətli Qarabağ düzənliyi...
Ağdam-Xocalı-Əsgəran-Şuşa-Xankəndi...
Avtobus asfalt yoldan torpaq yola keçdi, üzü Ağdama doğru. Ağdam məscidinin həyətində düşdük. Elə bu məqamlarda azan verildi. İbadətlilərimiz məscidə daxil olub lazımi ayinləri icra etdilər. Sonra məscidin həyətində kollektiv fotoşəkil çəkdirdik...
Yolboyu Ağdamdan Əsgərana doğru doğru irəlilədikcə torpaq istəyinin necə böyük bir yaradıcılıq enerjisinə çevrildiyini görürük. Hər tərəfdə tikinti, abadlıq işləri gedir. Artıq özünün həyətinə daxil olan sakinlər yeni fidanlar əkib, qurub-yaradıblar. Zəhmət və yurd sevincləri burada vətən sevgisi ilə səmimi bir vəhdət təşkil edir. İnsanlar illərlə gizli qalan daxili enerjilərini indi torpaqları qanla suvarılmış doğma yurdlarını çiçəkləndirməyə həsr edirlər. Gənclər hərbi və mülki quruculuqda fəallıq göstərir. Yaşlı nəsil isə öz adət-ənənələrini yenidən ocaq başında canlandırır.
Yolboyu, vurğuladığım kimi, Zəkurə xanım da, Elşən qardaşım da təyin olunmuş qrafik üzrə keçdiyimiz yerlər haqqında maraqlı məlumat verdi, ermənilərin at oynatdıqları, keçilməz səngərlər qurduqları məkanlarımızdan qəlbağrıdıcı faktlar söylədilər. Ağdam-Xocalı-Əsgəran-Şuşa-Xankəndi istiqaməti üzrə səfərimizin sonluğu Xankəndidə bitdi. Biz Şuşada olduq, burada Vaqifin məqbərəsini ziyarət etdik, Şuşanın mərkəzini gəzdik, Şuşa qalasının önündə (burada bir daha əyilib torpağı öpdüm) fotoşəkillər çəkdirdik, vaxt azlığından İsa bulağına baş çəkə bilmədik. Xankəndidə nahar etməli olduq. Narın-narın yağan yağış güclənərək leysana çevrildi (Bu səbəbdən də biz Xankəndini əməlli-başlı gəzə bilmədik. Bu gəzintiləri sonrakı səfərlərimizə saxladıq).
Qarabağ torpağında əsl təbiət mənzərələri
ilə rastlaşdıq, təbiət möcüzələrinə şahidlik etdik. Ömrümdə rast gəlmədiyim Xarı bülbülü, əsgərlərimizin dırnaqları ilə cırmaqlaya-cırmaqlaya qalxdıqları Şuşa qalasını gördük. Bütün bunlar mənim yaddaşıma əbədi həkk edildi. Yaddaşıma daxil olan isə əsas Qarabağ torpağının ətridir. Bu torpağın ətri, sadəcə, təbiətin bir qoxusu deyil, insanın yaradılışına, keçmişinə və gələcəyinə bağlanan ən dərin mənəvi körpüdür. Bu ətir hər bir insan üçün doğmalıq, hər bir millət üçün isə mənlik və vətən deməkdir. Elm adamlarının "petrikor" adlandırdıqları, yağışdan sonra torpaqdan yüksələn o sehrli qoxu ruhumuza bəşəriyyətin ən qədim xatirələrini pıçıldayır...
Bu hissləri yaşaya-yaşaya Qarabağa hələlik əlvida dedik. Yazımın bu hissəsində - sonluğunda həmkarlarım Züleyxa Əliyeva ilə Elşən Qəniyevin sözləri yadıma düşdü: “Biz Qarabağdan xoş təəssürat və rahatlıqla ayrıldıq. Çünki ürəyimizdə bir əminlik vardı, bu şəhər artıq yalnız tarixini yaşamır, həm də öz gələcəyini qurur. O gələcəyin adı isə güclü Azərbaycan, əbədi suverenlik və sarsılmaz dövlətçilikdir! ”
Müqəddəs Qarabağdan geriyə – Bakıya doğru qayıdarkən başa düşdük ki, doğma yurda bağlılıq, sadəcə, insan hissi deyil, milləti və dövləti ayaqda saxlayan ən uca qüvvədir. İnsanların gözlərindəki o səmimi parıltı, torpağa bəslənən o sarsılmaz sevgi sübut edir ki, Azərbaycanın başının tacı olan Qarabağ artıq tam mənada öz sahiblərinin ruhu ilə döyünür. Bu qayıdış sadəcə bir köç deyil, mənəvi asimanın və tarixi ədalətin əbədi zəfəridir.
Bu da sonu... Amma son deyil...
Qarabağ səfərimizdən haradasa bir həftə keçir. Amma orada gördüklərimiz, yaşadıqlarımız, keçirdiyimiz hisslər bizi rahat buraxmır. Düşünürəm, insan oğlu var olduğu gündən bəri torpağa bağlıdır. Biz torpaqdan gəlmişik və ömrümüzün sonunda yenə ona dönəcəyik. Bəlkə də buna görədir ki, torpağın ətri bizə anamızın qucağı qədər isti, doğma və hüzurlu gəlir. Xüsusilə uzun sürən quraqlıqdan sonra yağan ilk yağış damlalarının torpaqla qovuşduğu o an... Havaya yayılan o təmiz, saf qoxu insanın daxilindəki bütün yorğunluğu, kədəri yuyub aparır. O ətir bizə yenidən doğulmağı, ümidi və yaşamaq sevincini aşılayır. Torpağın ətri həm də əməyin, zəhmətin qoxusudur. Alnının tərini torpağa tökən əkinçinin, bağbanın əllərindən gələn qoxudur o. Torpaq elə bir xəzinədir ki, ona sevgiylə toxunanda, onu becərəndə sənə bərəkət verir, öz ətrini yetirdiyi bar-bəhərə, hər bir gülə-çiçəyə hopdurur. Təndirdən təzə çıxmış isti çörəyin qoxusunda belə əslində torpağın, buğda zəmilərinin ətri gizlənib.Lakin bir millət üçün torpağın ətri həm də müqəddəslik və azadlıq deməkdir. Sıravi bir torpaq parçası yalnız uğrunda qan töküləndə Vətən olur. Bu gün bizim üçün torpaq ətri həm də Qarabağın, Şuşanın, Kəlbəcərin otuz illik həsrətdən sonra qovuşduğumuz o müqəddəs qoxusudur. O torpaqların ətrində həm şəhidlərimizin əbədi xatirəsi, həm də doğma yurduna qayıdan insanların sevinci yaşayır. Vətən torpağının ətri dünyanın ən bahalı ətirlərindən daha dəyərlidir, çünki onun tərkibində azadlıq, qürur və fəxarət var. Yekun olaraq, torpağın ətri bizə kim olduğumuzu nümayiş etdirir. O, bizə köklərimizi xatırladır, bizi torpağa sahib çıxmağa, onu qorumağa və sevməyə səsləyir. Nə qədər ki o ətri hiss edirik, deməli, həyat davam edir, ümidlərimiz yaşayır və gələcəyə doğru addımlayırıq.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay































