Xəbərlər
16.09.2026, 22:20
Bir ömür boyu uzanan yardım əli — Firuzə xanım
Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin veteranı, “Tərəqqi” medallı, “Florence Nightingale” medallı Firuzə Əliyevanın 79 yaşı tamam olur.79 il...
Bu rəqəmin arxasında nə qədər yol, nə qədər insan, nə qədər ağrı və nə qədər fədakarlıq olduğunu yalnız Firuzə xanımın ömrünü yaxından tanıyanlar bilər.
Onun əmək kitabçasında bircə ünvan var:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Ağdam rayon bölməsi.
Bir ömür – bir ünvan.
Bir ömür – bir amal.
İnsana kömək etmək.
O, bu yola tibb bacısı kimi başlayıb. İxtisası feldşer-mamadır. Sonralar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinə sədr təyin olunub. Və 50 ildən artıq bir müddətdə həmin vəzifədə çalışıb.
Amma Firuzə xanım üçün bu, heç vaxt sadəcə vəzifə olmayıb. O, insanların dərdinə öz dərdi kimi yanaşıb. Ağdamın ən ağır günlərində isə onun həyatında daha bir tarix başlayıb.
1993-cü ildən sonra...
Ağdamın işğalından sonra... Onun fəaliyyəti cəbhə bölgəsinin ağrıları ilə iç-içə keçib.
İtkinlərin axtarışı...
Yaralılara yardım...
Şəhid ailələrinin qapısını döymək...
Dərdli anaların yanında olmaq...
Ümidini itirənlərə ümid vermək...
Və bütün bunların içində özünün də bir itkin ağrısı olub.
Firuzə xanımın həyat yoldaşı itkin düşüb.
İllər keçib...
Onilliklər keçib...
Amma bu günə qədər ondan bir xəbər yoxdur.
Təsəvvür edin: insan illərlə başqalarının itkinlərini axtarır, başqalarının ailələrinə təsəlli verir, başqalarının yarasına məlhəm olmağa çalışır... Halbuki öz ürəyində cavabsız qalan bir sual yaşayır:
“Görəsən, mənim itkinim haradadır?”
Bəlkə də Firuzə xanımın böyüklüyü elə bundadır.
Öz ağrısının içində belə başqasının ağrısını unutmayıb.
Öz yarası sağalmadığı halda başqalarının yarasına sarğı olub.
Həyat ona çox şey verib demək çətindir.
Amma o, həyata çox şey verib.
Bu gün 79 yaşındadır.
Təqaüddədir.
Amma yenə də Qızıl Ayparadadır.
Yenə insanların arasındadır.
Yenə əlindən gələn köməyi edir.
Yenə gənclərlə mehriban danışır, onları dinləyir, onlara yol göstərir.
Bəlkə də gənclərin ondan öyrənməli olduğu ən böyük dərs budur:
İnsan olmaq üçün böyük sözlərə ehtiyac yoxdur. Bir insanın yanında olmaq kifayətdir.
Firuzə xanımın medalları var.
“Tərəqqi” medalı...
“Florence Nightingale” medalı...
Amma onun ən böyük medalı, məncə, insanların qəlbində qazandığı yerdir.
Çünki mükafatlar zamanla rəngini itirə bilər.
Amma yaxşılıq unudulmur.
Firuzə xanım Azərbaycan Qızıl Aypara Cəmiyyətinin t canlı əfsanəsidir. Bu Cəmiyyətin ağrılı, şərəfli və fədakar yolunun bir parçasıdır.
O, Ayparaçılar üçün doğma bir insandır.
Səmimi dostdur.
Etibarlı həmkardır.
Hər kəsin sevə bildiyi, yanında rahatlıq hiss etdiyi bir xanımdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov haqqında danışarkən də gözlərində xüsusi bir rəğbət hiss olunur. Həmişə böyük səmimiyyətlə deyir:
“Novruz müəllim bu Cəmiyyətə rəhbər gələndən sonra işimizdə dönüş yaranıb.”
Bu sözlərdə onun Cəmiyyətə olan sevgisi də var, illərin zəhmətinə olan bağlılığı da...
Əziz Firuzə xanım!
Bu gün Sizin doğum gününüzdür.
Amma əslində bu gün insanlığa xidmət edən bir ömrün qarşısında baş əymək günüdür.
Siz ömrünüzün ən gözəl illərini insanların xidmətinə vermisiniz.
Ağdamın ağrısını çiyninizdə daşımısınız.
Şəhid ailələrinin yanında olmusunuz.
Yaralıların əlindən tutmusunuz.
Və bütün bunları edərkən öz dərdinizi ürəyinizdə səssizcə daşımısınız.
Allah Sizə bundan sonrakı ömrünüzdə illərdir gözlədiyiniz o xəbəri eşitməyi nəsib etsin.
Qoy ürəyinizə uzun illərdən sonra rahatlıq dolsun.
Qoy gözləriniz daha çox sevincdən yaşarsın.
Qoy bundan sonrakı yolunuz Ağdamın nisgilindən çox, qovuşmaların, xoş xəbərlərin və gözəl günlərin yolu olsun.
Sizin əlləriniz illərlə insanlara yardım əlini uzadıb.
İndi həyatın özü Sizə öz yardım əlini uzatsın...
Doğum gününüz mübarək, əziz Firuzə xanım!
Siz çoxlarının həyatında iz qoymusunuz.
Yaxşı ki, varsınız.
Yaxşı ki, Ayparadasınız.
Yaxşı ki, bu böyük humanizm yolunun canlı şahidlərindənsiniz.
Yeni yaşınız mübarək!
Sevgilərimlə,
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist
16.09.2026 Bakı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




