Aprelin 4-ü görkəmli alim, professor Hüseyn Əhmədovun anım günüdür - FOTO

Misir Mərdanov,
AMEA-nın müxbir üzvü, professor
fizika riyaziyyat elmləri doktoru


Əziz dostlar, aprelin 4-ü görkəmli alim, professor Hüseyn Əhmədovun anım günüdür. Ömrünü Azərbaycanda elmin və təhsilin inkişafına həsr etmiş bu böyük insanın həyat yolunu Sizinlə bölüşmək istəyirəm.
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın işıqlı zəka sahiblərinin formalaşdırdığı maarifçilik hərəkatı keçən əsrin 20-ci illərində yeni pedaqoji mühitin yaranması ilə nəticələndi. Tədris və elmi-tədqiqat müəssisələri yarandı. Elmin digər sahələrində olduğu kimi, pedaqogika sahəsində də xeyli nailiyyətlər əldə edildi, yeni elmi-pedaqoji nəsil yetişdi.


Azərbaycan pedaqoji elminin akademik Mehdi Mehdizadə, professorlar Əhməd Seyidov, Mərdan Muradxanov pedaqogikanın nəzəriyyəsi və tarixi ilə bağlı ciddi elmi araşdırmaları, pedaqoji və elmi-pedaqoji kadr hazırlığındakı xidmətləri ilə keçmiş İttifaq miqyasında səlahiyyətli söz sahiblərinə çevrildilər. Onların bilavasitə diqqət və qayğısı ilə Azərbaycan pedaqoq alimlərinin ikinci nəsli yetişdi ki, onların da ən istedadlısı Hüseyn Əhmədov olmuşdur. O, ibtidai məktəb müəllimliyindən akademikliyədək pillə-pillə ucaldı, qəlbinin odunu və hərarətini, ömrünün qaynar və coşğun illərini millətin gələcəyi olan gəncliyin təhsil-tərbiyəsinə həsr etdi, orijinal proqram və dərsliklər hazırladı, Azərbaycanda və xarici ölkələrdə nəşr edilən fundamental əsərlər yazdı, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında peşəkarlığı və fədakarlığı ilə seçildi, geniş elmi erudisiyası, sadəliyi, xeyirxahlığı və insanpərvərliyi ilə ürəkləri fəth edərək adını millətin elm və təhsil tarixinə yazmağı bacardı. Ömrünün müdriklik çağında, 94 yaşında haqq dünyasına qovuşdu.

Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo (Çəmbərək) rayonunun Toxluca kəndində anadan olmuşdur. Kənd Dədə Qorqud qəhrəmanlarının sahillərində at çapdığı, qılınc oynatdığı Göyçə gölünün sahilində yerləşirdi. O, ilk təhsilini babası Molla Əhməddən alaraq “Qurani- Kərim”i mənimsəmiş, bir müddət sonra balaca Hüseyn ailəsi ilə birlikdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndində yaşamış (1936-1940), orada 7-ci sinfi, Kənkan kəndində isə 8-ci sinfi bitirmişdir. Atası İkinci Dünya Müharibəsində şəhid olduğundan ailənin bütün çətinlikləri onun üzərinə düşmüş, bir neçə il doğma kəndlərində ibtidai sinif müəllimi işləmişdir.
Hüseyn müəllim daha sonra təhsilini davam etdirmək məqsədilə Gəncə şəhərinə gəlmiş və buradakı Klara Setkin adına Pedaqoji Texnikumun III kursuna qəbul olunmuş, 1947-ci ildə oranı “əla” qiymətlərlə bitirmişdir.
1947-1951-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universitetində) tarix müəllimliyi ixtisası üzrə təhsil almış, 1952-ci ildə həmin institutun aspiranturasına daxil olan Hüseyn Əhmədov Zaqafqaziyada pedaqogika üzrə ilk alimlik dərəcəsi almış, professor Əhməd Seyidov, yaradıcı pedaqoq akademik Mehdi Mehdizadə, professor Mərdan Muradxanov və başqa görkəmli alimlərin fəaliyyət göstərdikləri kafedrada – əlverişli elmi mühitdə az vaxt içərisində çox şey öyrənmişdir.
Hüseyn Əhmədov 1958-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
O, bütün fəaliyyəti Azərbaycan təhsilinin tarixi, xüsusilə XIX–XX əsrlərdə məktəbin, təhsilin, pedaqoji ideyaların inkişafı ilə bağlayan vətəndaş alim kimi yaddaşlarda qalmışdır.
Hüseyn müəllim 1958-ci ildə Azərbaycan ETPEİ-də (indiki Təhsil İnstitutu) kiçik elmi işçi vəzifəsində işləmiş, 1958-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbayan Dövlət Pedaqoji Universiteti) Pedaqogika kafedrasında assistent, 1964-1977-ci illərdə dosent, 1977-2014-cü illərdə professor vəzifələrində çalışmışdır. 1974-1977-ci illərdə həmin institutun Orta məktəb direktorlarının ixtisasartırma fakültəsinin dekanı olmuş, 1977-ci ildə ona Pedaqogika kafedrası üzrə professor elmi adı verilmişdir. 1977-ci ildə ADPİ-nin Ümumi pedaqogika kafedrasına müdir vəzifəsinə seçilmiş, 2014-cü ilə kimi – 37 il həmin vəzifədə çalışmışdır.
O, Pedaqogika nəzəriyyəsi üzrə namizədlik dissertasiyası müdafiə etsə də, 1960-cı illərdən başlayaraq Azərbaycanda məktəb təhsilinin tarixini öyrənməyə başlayır. 1968-1970-ci illərdə elmi yaradıcılıq ezamiyyətinə gedən Hüseyn Əhmədov Moskva, Leninqrad, Tiflis, Bakı, Həştərxan, İrəvan dövlət arxivlərində çalışır, üstünü toz basmış xeyli sənədləri aşkara çıxarır, külli miqdarda material toplayır, sistemə salır və “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Həmin dissertasiyanın materialları əsasında nəşr etdirdiyi “XIX əsr Azərbaycan məktəbi” monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsidir. O, axtarışlarında, pedaqogika tarixçisi kimi, üstünlüyü milli pedaqogikanın incilərini üzə çıxarmağa vermişdi. Azərbaycan məktəb və pedaqoji fikir tarixi sahəsində apardığı ardıcıl və sistemli tədqiqatları onun çoxşaxəli elmi yaradıcılığının mərkəzində dayanır. O, Azərbaycan pedaqoji fikir klassiklərinin, maarifçilərinin ilk növbədə N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayevski, M.Ə.Elxanov, F.B.Köçərli, M.H.Ruşdiyyə, S.B.Vəlibəyov, C.Məmmədquluzadə, M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev, R.Əfəndizadə, Ə.Y.Seyidov və digərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb etmiş, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini aşkarlamış, pedaqoji fikrin qaynaqlarını üzə çıxarmış, gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini əsaslandırmış, bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüşdür.
O, Moskvada nəşr edilən 40 çap vərəqindən artıq olan “Azərbaycan pedaqoji fikir antologiyası” adlı iri həcmli monumental əsərin, SSRİ PEA tərəfindən çap olunan “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” adlı çox cildliyin I və IV cildlərinin (Moskva, 1989, 1991), 2 cildlik “Rus Pedaqoji Ensiklopediyası”nın, həmçinin, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının IV-X cildlərinin əsas müəlliflərindən biri olmuşdur. Moskva, Leninqrad, Kiyev, Daşkənd, Poltava, Penza, Səmərqənd, Ulyanovsk və digər şəhərlərdə keçirilən elmi konfrans və sessiyalarda fəal iştirak etmiş, nüfuzlu, kəsərli, orijinal fikirləri ilə həmkarlarının rəğbətini qazanmış, Orta Asiya respublikaları üçün pedaqoji kadr hazılığında məxsusi yeri olmuşdur.
Hüseyn Əhmədov təkcə Azərbaycanda deyil, həm də keçmiş İttifaqda yaxşı tanınan nüfuzlu təhsil tarixçilərindən biri olub. Məhz bunun nəticəsidir ki, o, 1990-cı il dekabrın 20-də SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.
O, 1998-ci ildə elmi-pedaqoji sahədəki yaradıcılıq uğurlarına, elmi-pedaqoji kadr hazırlığındakı xidmətlərinə görə Beynəlxalq Pedaqoji Akademiyanın “Y.Komenski adına Böyük Qızıl Medalı” ilə təltif olunmuş, 1999-cu ildə Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü seçilmiş, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası tərəfindən “Türk Dünyasına Hizmet” qızıl medalı ilə təltif olunmuşdur.
Professor Hüseyn Əhmədov “Azərbaycan SSR qabaqcıl maarif xadimi” (1973), “SSRİ maarif əlaçısı” (1977), Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı, “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” (1981) fəxri adına layiq görülmüşdür.
2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Hüseyn Əhmədov müharibə və əmək veteranı idi.
Akademik Hüseyn Əhmədov həm də müdrik müəllim kimi yaddaşlarda qalmışdır.
Ana dilli dərsliklərimizi milli sərvətimiz hesab edən akademik Hüseyn Əhmədovun vacib xidmətlərindən biri də XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Tiflisdə, Təbrizdə və Bakıda ərəb əlifbası ilə nəşr olunmuş dərsliklərimizi transliterasiya və faksimiliya yolu ilə yenidən nəşr etdirməsidir.
Hüseyn Əhmədovun dəfələrlə keçmiş SSRİ PEA-nın Rəyasət Heyətinin yığıncaqlarında dərin məzmunlu çıxışlarının necə heyrət doğurmasının şahidi olmuşam. Görkəmli pedaqogika tarixçiləri həmişə onunla razılaşırdılar.
Akademik Hüseyn Əhmədov Allahın ona lütf etdiyi ömrü şərəflə, ləyaqətlə və zəhmətlə yaşadı, adını millətin təhsil, mədəniyyət, insanlıq tarixinə yazmağı bacardı. Onun həyatı insanlar üçün mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Belə insanlar ölmür, sadəcə dünyalarını dəyişirlər.
O, 04 aprel 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.Allah rəhmət eləsin.

Son xəbərlər

Dünya Kubokunda iştirakçıların sayı artırıla bilər

Venesuelada zəlzələ qurbanlarının sayı 4490 nəfərə çatıb

PÜSTƏ RƏVAN : MƏNİ NEYLƏYİR - FOTO

TOVUZ DÖYÜŞLƏRİ 12 iyul 2020 - FOTO

Fransada üç atom elektrik stansiyası istilərə görə dayandırıldı

Britaniyanın məşhur nəşri Paşatəpədəki həmin tapıntıdan yazdı

AKADEMİK HÜSEYN ƏHMƏDOV VƏ NAXÇIVAN ELMİ - PEDAQOJİ MÜHİTİ

Ağ xalatın arxasındakı ürək - FOTOLAR

Kəlbəcərdə yeniyetmə çaya düşüb

Türkiyədə beşulduzlu hoteldə turistlər kütləvi zəhərləndi

UNEC-in tələbəsi dünyasını dəyişdi

Türkiyədən köçürlər

Gürcüstana səfər etmək istəyənlərin diqqətinə!

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

O da Burakın serialına çəkilir - FOTO

İnternet kabeli üstündə mübahisə qətllə nəticələndi

Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazandı

"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın

Azərbaycan millisinin futbolçusu karyerasını Latviyada davam etdirəcək

Qəbul imtahanında 12 nəfərdə mobil telefon aşkarlandı

Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb

Ot tayaları yandı, yük maşını yararsız hala düşdü - Fotolar

EYLƏYİRSƏN : EYLƏYİRSƏN - FOTO

İran ABŞ bazalarını atəşə tutdu

DÇ tarixində ilkə imza atdı

Boşanma uşağa necə deyilməlidir? – Psixoloqdan vacib TÖVSİYƏLƏR

"Dələduzluq halları azalacaq" - Kreditlərin verilməsi qaydasındakı dəyişikliklərin hansı faydaları olacaq?

Qətərin keçmiş əmiri vəfat etdi

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031