Xəbərlər
28.08.2026, 21:09
YADA DÜŞƏN İŞIQLI XATİRƏLƏR

Səhəri gün hamımız həyəcan və ehtiramla onun yolunu gözləyirdik. Qapı açıldı və İsmayıl Şıxlı özünəməxsus vüqarla, qoltuğunda dəri qovluğu (papkası) auditoriyaya daxil oldu.
Onun gəlişi ilə otağa sanki müdrik bir nur çökdü. Bizimlə çox səmimi, doğma bir şəkildə salamlaşdı. Qrup nümayəndələrinə yaxınlaşıb öz tövsiyələrini, tapşırıqlarını verdi. Davamiyyətə diqqət etməyi tapşırıb: "Jurnalları vaxtı-vaxtında yazıb mənə məlumat verərsiniz", – dedi. Sözünü bitirdikdən sonra duruxdu, bir anlıq mehriban nəzərlərlə hamımızı süzdü və üzünü auditoriyaya tutub bir qədər də xəcalətli, təvazökar bir səslə dilləndi:
– Uşaqlar, sizə bir söz deməyi unutdum. Mən şəkər xəstəsiyəm, danışanda dilim-dodağım quruyur. Ona görə də özümlə balaca bir termosda su götürürəm. Hərdən bir qurtum su içməli oluram. Buna görə əvvəlcədən sizdən üzr istəyirəm, məni bağışlayın...
Böyük yazıçının gənc tələbələr qarşısında göstərdiyi bu nəzakət, bu böyüklük hər birimizin qəlbinə toxundu, ona olan hörmətimizi qat-qat artırdı. O, icazə alıb mühazirəsinə başladı. Artıq bir neçə gün idi ki, Qədim və antik ədəbiyyatın tilsimli dünyasına İsmayıl müəllimin o sehrli, məlahətli səsi ilə səyahət edirdik. Onun mühazirələri dərs yox, sanki bir mənəviyyat məktəbi idi. Günlərin bir günü İsmayıl müəllim dərsə gəlmədi. Dekanlıqda işləyən Məsmə xanım yanında başqa bir müəllimlə auditoriyaya daxil oldu. Hamımızın ürəyinə bir nigaranlıq düşmüşdü. Məsmə xanım sanki bu nigaranlığı hiss edib dedi: "Uşaqlar, İsmayıl müəllim bir az xəstələndiyi üçün bir neçə günlüyə dərsləri gələnə qədər onu BDU-nin müəllimi Məmmədbağır Həyatzadə əvəz edəcək". Bu sözləri deyib auditoriyanı tərk etdi.
BDU- nin tanınmış müəllimlərindən olan Məmmədbağır müəllim kürsüyə keçdi. Bizim gərginliyimizi azaltmaq üçün gülümsəyərək söhbətə başladı:
– Biz İsmayıl müəllimlə çox möhkəm, yaxın dostuq. Dünən axşam mənə zəng edib bildirdi ki, bəs bir-iki günlük APİ-də məni əvəz edəsən. Mən ona həmişə hörmətlə "mirzə" deyə müraciət edirəm. Dedim, baş üstə, mirzə, sən dincəl, gözün arxada qalmasın.
Məmmədbağır müəllim də sağ olsun, iki gün ərzində dərslərimizi boş qoymadı, maraqlı mühazirələr keçdi. Lakin hamımızın gözü qapıda idi, ustadın sağalıb qayıtmasını gözləyirdik.
İki gündən sonra İsmayıl Şıxlı yenidən doğma auditoriyaya daxil oldu. Biz onu böyük sevinclə qarşıladıq. Müəllimimiz yenicə mühazirəsinə başlamışdı ki, qəfildən auditoriyanın qapısı ehtiyatla döyüldü.
İsmayıl müəllim danışığını kəsib: "Buyurun", – deyərək qapıya tərəf çevrildi.
Qapı açılanda hamımız təəccübləndik. Auditoriyaya ağ xalatlı bir neçə gənc qız daxil oldu. Onların filologiya fakültəsinə və bu dərsə aidiyyəti yox idi. İsmayıl müəllim təmkinlə dilləndi:– Buyurun, qızlarım, eşidirik sizi.
Qızlar bir az utancaq, bir az da həyəcanlı səslə müraciət etdilər:– İsmayıl müəllim, bizi bağışlayın, biz Tibb İnstitutunun tələbələriyik. Eşitmişik ki, burada mühazirə keçirsiniz. İcazə versəniz, bu iki saatı biz də arxa sıralarda oturub sizin mühazirənizi dinləyərik...
İsmayıl müəllimin simasına o atalara məxsus nurani təbəssüm qondu. Heç bir tərəddüd etmədən, böyük bir məmnuniyyətlə: "Əlbəttə, buyurun, keçin, boş oturacaqlarda əyləşin", – dedi.Tibb tələbələri sevinə-sevinə boş yerlərdə əyləşdilər. O gün iki qoşa saat (dörd yarımqrup) ərzində tibb işçiləri də bizim qədər filoloq oldular. İsmayıl Şıxlının hər kəlməsini can-başla, böyük bir heyranlıqla dinlədilər. Dərs bitəndə onlar auditoriyadan böyük bir fərəh və coşqu ilə çıxırdılar. Dəhlizdə bir-birlərinə pıçıldadıqları o sözlər isə ömrüm boyu yaddaşımdan silinmədi:– Çox şükürlər olsun, bu həyatda bizə İsmayıl Şıxlını canlı-canlı dinləmək, onun o müdrik səsini eşitmək qismət oldu!
Bəli, İsmayıl Şıxlı təkcə filoloqların yox, bütün Azərbaycan gəncliyinin, bütöv bir xalqın qəlbinə yol tapan unudulmaz bir şəxsiyyət idi. Bu gün o illərdən çox uzun zaman keçsə də, onun dərslərinin istisi hələ də ruhumuzu isidir.
Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








