Xəbərlər / Nesr
22.09.2026, 00:12
MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR
BU, İLLƏRİN İNSANLARA VERDİKLƏRİNİ DƏYƏRLƏ ÖLÇƏN PEDAQOQ ÇİNGİZ DADAŞOVUN PORTRETİDİR
İnsan haqqında danışmaq çətindir. Xüsusən də uzun illər tanıdığın, həyatının müxtəlif çağlarında onun müəllimliyinə, həmkarlığına, dostluğuna, qardaşlığına, ata qayğısına şahid olduğun bir insan haqqında. Çünki belə adamların ömrünü bir neçə cümləyə sığdırmaq olmur. Onları yalnız tutduqları vəzifələrlə, yazdıqları məqalələrlə, gördükləri işlərlə ifadə etmək mümkün deyil. İnsan haqqında ən doğru söz onun başqalarının həyatında buraxdığı izdir. Bu oçerkimizin qəhrəmanı Çingiz Zəbhulla oğlu Dadaşov haqqında düşünəndə də ilk olaraq bir vəzifə adamı yox, insan obrazı göz önünə gəlir: müəllim, valideyn, qardaş, həmkar, dost. Bu sözlərin hər biri onun həyatının ayrı bir tərəfini ifadə edir. Amma onları birləşdirən bir xüsusiyyət var: insana münasibət.
Çingiz müəllimin həyat yolu 1979-cu ildən başlayaraq uzun bir pedaqoji yol kimi qarşımızda dayanır. Ali təhsilini başa vurduqdan sonra təyinatla Şamaxıya göndərilib və öz doğma kəndi Zaratda səkkizillik məktəbdə ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb. Bəlkə də müəllim ömrü üçün bundan daha mənalı başlanğıc tapmaq çətindir: insanın öz doğma torpağına müəllim kimi qayıtması.
Dünən həmin kəndin küçələrində uşaq kimi gəzən insan bu dəfə məktəbə müəllim kimi daxil olur. Dünən ona dərs deyən müəllimlərin yanında dayanan şagird bu dəfə kəndin uşaqlarına dərs deyir.
HƏYATIN QƏRİBƏ DÖVRANI VAR
İnsan bir gün aldığı işığı başqasına ötürməyə başlayır. Çingiz müəllimin pedaqoji yolunun ilk illəri də məhz belə bir işıq ötürmək missiyası ilə başlayıb. 1982-1985-ci illərdə doğma kəndindəki məktəbin direktoru kimi fəaliyyət göstərməsi onun müəllimlik yolunda yeni mərhələ olub. Rəhbərlik etmək yalnız əmr vermək deyil. Əsl rəhbərlik insanların məsuliyyətini öz məsuliyyətin kimi daşımaqdır. Məktəbin müəllimi də, şagirdi də, valideyni də direktorun diqqət dairəsində olur. Bu baxımdan məktəb rəhbərliyi həm də insanlarla işləmək məktəbidir. Sonrakı illərdə Çingiz müəllimin yolu müxtəlif məktəblərdən keçib. 1986-1990-cı illərdə Laləzar kənd natamam orta məktəbində riyaziyyat müəllimi işləyib. 1990-1995-ci illərdə Çuxuryurd kənd tam orta məktəbində təşkilatçı müavin və dərs hissə müdiri vəzifələrində çalışıb. 1995-1996-cı illərdə isə Şamaxı şəhər 2 saylı, tədrisi rus dilində olan tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. Bu məktəblərin hər birində onun ömründən bir parça qalıb. Hər sinif otağında bir xatirə, hər şagirddə bir iz, hər həmkarda bir tanışlıq... Amma Çingiz müəllimin həyatının əsas səhifəsi yalnız müəllimlikdən ibarət deyil.
İnsanı tanımaq üçün bəzən onun sinifdə necə dərs dediyindən daha çox, insanlarla necə davrandığına baxmaq lazımdır. Bir insanın qardaşlığı çətin gündə üzə çıxır.
Qardaş olmaq yalnız qan bağlılığı deyil. Qardaşlıq həm də bir insanın sevincinə sevinmək, dərdinə şərik olmaq, ehtiyac duyduğu anda yanında dayanmaqdır. Bəzən bir telefon zəngi, bir “narahat olma, mən buradayam” sözü, vaxtında göstərilən kiçik bir kömək insan üçün böyük dayaq olur.
Çingiz müəllim haqqında danışarkən onun bu insani tərəfini xüsusi qeyd etmək lazımdır. İllər ərzində insanlarla ünsiyyətdə olan, müxtəlif kollektivlərdə çalışan insanın ətrafında yalnız həmkarlar deyil, həm də onu özünə yaxın bilən insanlar yaranır. Belə insanların dəyəri rəsmi vəzifələrindən kənarda görünür. Onlar kollektivdə yalnız öz işlərini görüb kənara çəkilən insanlardan olmurlar. Başqasının problemini öz problemi qədər ciddi qəbul edirlər. Bir həmkarın uğuruna öz uğurları kimi sevinirlər. Birinin çətinliyi olanda biganə qalmırlar. Qardaşlıq da elə budur: insanı tək qoymamaq!..
TƏHSİLƏ XİDMƏT...
İnsan ömrünün qiyməti bəzən neçə il yaşaması ilə deyil, neçə insanın həyatına toxunması ilə ölçülür. Müəllimin isə bu baxımdan məsuliyyəti daha böyükdür. Çünki onun qarşısından keçən hər tələbə bir gələcəyin başlanğıcıdır. Bunların ortaq nöqtəsi isə insana və təhsilə xidmətdir. Çox vaxt bir insanın gördüyü iş haqqında ən böyük söz uzun təriflər yox, onun adının qarşısında “müəllim” sözünün yazılması kifayətdir. Çünki müəllim adı hər şeydən əvvəl etimaddır: gələcəyə, insana, elm və təhsilə etimad.
Çingiz müəllimin həyat yoluna nəzər salanda isə bu etimadın illər boyu qorunduğunu görürük. Və illər sonra insan öz həyatına dönüb baxanda, bəlkə də ən böyük xoşbəxtliyi burada tapır: gördüyü işin kiməsə lazım olduğunu bilməkdə. Müəllim üçün bundan böyük xoşbəxtlik varmı?
Bir insanın ömründən illər gedir, amma onun yetişdirdiyi insanlar həyata doğru addımlayırlar. Deməli, müəllimin ömrü bitmir. O, tələbələrinin, şagirdlərinin, onların gördüyü işlərin içində davam edir. Çingiz Dadaşovun müəllimlik yolu da bu davam edən ömrün bir parçasıdır.
Bu gün Çingiz Dadaşovun adı həmin uzun pedaqoji yolun bir parçası kimi ADPU-nun Şamaxı filialının tarixində öz yerini tutur. Onun əmək fəaliyyəti, ictimai işi və elmi-pedaqoji çalışmaları bir müəllim ömrünün müxtəlif çalarlarını göstərir. Bəlkə də insanın gördüyü işlərin ən böyük mükafatı onun haqqında yazılan sözlər deyil, illər sonra bir tələbəsinin onu xatırlaması, “Mənim müəllimim olub” deməsidir. Çünki müəllim adı vəzifə deyil. Müəllim adı ömrə yazılan addır.
… İllər keçir, nəsillər dəyişir, auditoriyaların qapıları açılıb-bağlanır. Amma həqiqi müəllimin izi qalır. O iz bəzən bir elmi məqalədə, bəzən bir tələbənin uğurunda, bəzən kollektivdə söylənən xoş sözlərdə, bəzən də yaddaşlarda yaşayır.
Çingiz müəllimin 1995-ci ildən bu günə qədər uzanan əmək yolu da belə bir izdir - təhsilə bağlılığın, zəhmətin, peşəyə sədaqətin və insanlarla birlikdə yaşanan uzun illərin izi. Və bu iz, hər şeydən əvvəl, bir müəllim ömrünün izidir…
VALİDEYN OLMAQ HİSSİ…
İncə qəlbli insan Çingiz Dadaşovun 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyət göstərməsi də onun bu insani keyfiyyətlərini kollektiv müstəvidə göstərən mühüm amillərdəndir. Həmkarlar ittifaqı rəhbəri olmaq, əslində, insanlarla işləmək deməkdir. Burada sənə müraciət edən hər kəsin arxasında hansısa insan taleyi dayanır. Kimininsə ailə qayğısı, kimininsə sosial problemi, kimininsə sevinc və ya kədəri olur. Belə məqamlarda vəzifə sahibindən əvvəl insan olmaq lazımdır. Çünki insanın qarşısındakı insanın dərdini anlamadan onun problemini həll etmək mümkün deyil.
Çingiz müəllimin uzun illər bu sahədə fəaliyyət göstərməsi onun kollektivdə insan münasibətlərinə verdiyi əhəmiyyətin də göstəricisidir.
Amma onun portretinin daha bir mühüm tərəfi var: valideyn olmaq!
İnsan müəllim kimi yüzlərlə uşağın qarşısında dayanır, amma öz övladlarının qarşısında tamam başqa bir məsuliyyət daşıyır. Müəllimlikdə bilik vermək əsasdırsa, valideynlikdə həyat vermək, yol göstərmək, qorumaq, gözləmək, səbr etmək, övladının sevincini öz sevincin bilmək var. Valideyn üçün övlad heç vaxt böyümür.
Yaşının neçə olmasından asılı olmayaraq, ata üçün övlad yenə də qayğı göstərilməli, qorunmalı, arxasında dayanılmalı olan doğma insandır.
Çingiz müəllimi bir valideyn kimi xarakterizə edərkən məhz bu cəhəti - ailəsinə bağlılığı, övladlarının taleyinə məsuliyyət hissini, onların sevincini öz sevinci, qayğılarını öz qayğısı kimi qəbul etməsini ön plana çəkmək lazımdır. İnsanın xarakteri, ilk növbədə, ailədə görünür.
İş yerində hamı özünü müəyyən qədər idarə edə bilər. Lakin ailədə insan olduğu kimi görünür. Orada titul yoxdur, vəzifə yoxdur, yalnız ata, ana, övlad, qardaş var. İnsan ömrünün ən böyük sınağı da bəzən elə budur: ailəsinə necə münasibət göstərir?
Valideyn kimi necədir? Qardaş kimi necədir? Yaxınlarının yanında necə dayanır? Bu sualların cavabı insanın əsl portretini yaradır.
İNSAN OLMAĞIN DƏRSİ…
Çingiz müəllimin ömrünün müxtəlif mərhələlərinə baxanda onun üçün ailə, kollektiv və peşə anlayışlarının biri-birindən ayrı olmadığını görmək mümkündür. O, məktəbdə müəllim, kollektivdə həmkar və ictimai fəaliyyətində rəhbər olduğu kimi, ailəsində də ata və qardaşdır.
Bu rolların hər birində isə bir xüsusiyyət önə çıxır: məsuliyyət.
1979-cu ildə müəllim kimi işə başlayan bir insanın illər sonra da təhsildən ayrılmaması təsadüfi deyil. Deməli, bu peşə onun üçün sadəcə iş olmayıb. Müəllimlik onun həyat tərzinə çevrilib.
1995-ci ildən ADPU-nun əməkdaşı olması bu yolun yeni mərhələsi idi. Baş laborant, kabinet müdiri, müəllim, baş müəllim kimi vəzifələrdə çalışıb və hazırda baş müəllim kimi fəaliyyətini davam etdirir.
İllər ərzində vəzifələr dəyişib, amma insan dəyişməyib. Çünki insanı vəzifə yox, xarakter müəyyən edir. Çingiz müəllimin elmi fəaliyyəti də onun müəllimlik fəaliyyətinin başqa bir tərəfidir. Dörd tezis və beş elmi məqalə onun elmə və pedaqoji düşüncəyə marağını ifadə edir. Müəllim daim öyrənən insandır. O, yalnız başqalarına bilik vermir, özü də həyat boyu öyrənir. Bəlkə də yaxşı müəllimin ən böyük sirri budur.
O, özünü heç vaxt “artıq öyrənmişəm” nöqtəsində dayandırmır. Çünki həyat hər gün yeni dərs verir. Bir gün riyaziyyat dərsi keçirsən. Bir gün məktəb idarə edirsən. Bir gün həmkarının problemini dinləyirsən. Bir gün övladının qayğısına qalırsan. Bir gün qardaşının yanında olursan. Və bütün bunların hamısında əslində eyni dərsi keçirsən: insan olmağın dərsini.
Çingiz müəllimin həyatını yalnız əmək fəaliyyəti ilə ifadə etmək ona görə kifayət etmir ki, onun ömründə işdən daha böyük bir anlayış var – münasibər: insanlara, ailəyə, peşəyə, dostluğa və qardaşlığa, həmkarlara münasibət. Bu münasibətlərin hər biri insanın xarakterini tamamlayır.
Müəllimlik isə bütün bunların üzərinə daha bir məsuliyyət qoyur: gələcək nəsil sənin davranışından da öyrənir.
Bəzən müəllimin ən böyük dərsi onun söylədiyi söz deyil, öz həyatıdır.
Çingiz Dadaşovun həyatında 1979-cu ildən bu günə qədər uzanan pedaqoji yol bu mənada özü bir dərsdir. Doğma Zarat kəndində başlayan müəllimlik yolu müxtəlif kənd və şəhər məktəblərindən keçərək ADPU-nun Şamaxı filialına gəlib çatıb. Bu yolun hər mərhələsində bir insanın zəhməti var. Amma bu yolun arxasında həm də bir ailənin gözləntisi, övladların sevgisi, qardaşların bağlılığı, dostların etimadı, həmkarların hörməti dayanır.
İnsan tək yaşamır. Onun uğuru da təkcə onun uğuru, çəkdiyi zəhmət də yalnız onun zəhməti deyil. Hər insanın arxasında ona inanan, onu gözləyən, onun sevincini bölüşən insanlar olur. Çingiz müəllimin ömrünə də belə insanlar yoldaşlıq edir. Və bəlkə də bir insan haqqında ən gözəl söz budur: onun yanında özünü tək hiss etmirsən.
Müəllim kimi bilik verir. Ata kimi qoruyur. Qardaş kimi dayaq olur. Həmkar kimi bölüşür. İnsan kimi anlayır. Bu xüsusiyyətlər bir yerdə olanda artıq qarşımızda yalnız bir müəllim portreti dayanmır. Qarşımızda bir ömür portreti yaranır. Bu portretin rənglərini isə illər çəkib.
1979-cu ilin gənc müəllimi... Doğma Zarat məktəbinin müəllimi və direktoru... Laləzarın riyaziyyat müəllimi... Çuxuryurd məktəbinin təşkilatçı müavini və dərs hissə müdiri... Şamaxı şəhər 2 saylı məktəbin riyaziyyat müəllimi... Sonra ADPU-nun əməkdaşı... Baş laborant... Kabinet müdiri... Müəllim... Baş müəllim... 2003-cü ildən Həmkarlar İttifaqı Komitəsinin sədri... Və bütün bu adların arxasında dəyişməyən bir insan: Çingiz Dadaşov.
İnsan ömrü bir gün tamamlanır. Vəzifələr bitir, məktəblərin qapıları bağlanır, dərs zəngləri susur. Amma insanın qoyduğu iz qalır.
Bir tələbənin yaddaşında.
Bir şagirdin uğurunda.
Bir həmkarın xoş sözündə.
Bir qardaşın xatirəsində.
Bir övladın ürəyində.
Bəlkə də müəllim üçün ən böyük ömür elə budur.
Sən gedirsən, amma öyrətdiklərin qalır. Sən qocalırsan, amma yetişdirdiklərin gənc qalır. Sənin saçına ağ düşür, amma bir vaxtlar dərs dediyin uşaqlar həyatın müxtəlif yollarında öz gələcəklərini qururlar. Bir gün də onlar geri dönüb deyirlər: “Bizim müəllimimiz idi.”
Valideyn üçün isə daha başqa bir cümlə var: “Bizim atamızdır.”
Qardaş üçün: “Bizim qardaşımızdır.” Həmkar üçün: “Bizim Çingiz müəllimimizdir.” Bu sözlərin hər biri bir ömrün ayrı-ayrı tərəflərini ifadə edir. Hamısının altında da eyni həqiqət dayanır: yaxşı insan olmaq! Çünki yaxşı müəllim olmaq üçün əvvəlcə yaxşı insan olmaq lazımdır.
Çingiz Zəbhulla oğlu Dadaşovun uzun illərdən keçən həyat yolu da məhz bu həqiqətin işığında daha aydın görünür.
Bir ömrün ən böyük qazancı nə vəzifədir, nə titul, nə də yazılan rəsmi sətirlər. Ən böyük qazanc odur ki, insan özündən sonra yaxşı xatirə qoysun.
Övladının qəlbində ata sevgisi. Qardaşının yaddaşında doğmalıq. Həmkarının düşüncəsində etibar. Tələbəsinin yaddaşında müəllim. Bunların fövqündə, sadəcə, yaxşı insan adı…
Çingiz müəllimin 69 illik ömrünə baxanda insanın içindən belə bir fikir keçir: bəzi insanlar yaşadıqları illəri saymırlar. Onlar illəri insanlara verdikləri dəyərlə ölçürlər. Belə ömür isə heç vaxt qısa olmur, heç vaxt itmir, özündən sonra davam edir…
Bəli, sentyabrın 28-də onun doğum günüdür. Ömür nərdivanının 70-ci pilləsinə qədəm qoymaq ərəfəsindədir. Qardaşı Turaz.tv saytının rəhbəri Cəmil Dadaşovla birlikdə ona möhkəm cansağlığı, ailə səadəti, təhsil, maariflənmə yolunda böyük uğurlar arzulayırıq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













