Xəbərlər
SÖZÜN QÜDRƏTİ

Söz mənim ruhumla olanda həmdəm,
Ya dünyam yıxılar, ya dünyam gülər.
Sözlərə köklənən əhvalım hər dəm,
Sevincdən uçunar, ya da üzülər.
Sözlə İlham alar, sözlə dil açar,
Qəlbimin ən zərif, incə telləri.
Söz də günəş kimi nur-işıq saçar,
Uzadar ömrümdə ayı, illəri.
Deyilən xoş sözlər xəzinədirsə,
Olmaz gözlərimdə nə dövlət, və var.
Söylənən sözlərdə məna nədirsə,
Ya könlüm şad olar, ya da tarimar.
Bir sözdən sevinib xoşhal olaram,
Dönərəm kamana, dönərəm neyə.
Bəzən yaralanıb, elə dolaram,
Ahım duman olar səmaya, göyə.
Bir sözdən dərdlənib dağa çıxaram,
O an qarışaram dumana, çənə.
Bir sözdən dünyaya elə baxaram,
Dünya cənnət kimi görünər mənə.
Sözün hikmətilə yazılır hər an,
Hər şeir, hər roman, hekayə, nağıl.
Ağzından sözünü çıxaran zaman,
Lazımdır düşüncə, bir də ki, ağıl.
BELA ZƏNGİBASARLI
10.11.2026.









