Xəbərlər
İNSAN GEDƏR,ƏMƏLLƏRİ QALAR

Hacı İsaq Həsənzadənin əziz xatirəsinə.
Bəzi insanlar bu dünyadan köçəndə yalnız doğmalarının, yaxınlarının deyil, bütöv bir elin ürəyində boşluq yaranır. Onların yoxluğu ilə bir insanın ömrü sona çatsa da, xeyirxah əməlləri, insanlara bəxş etdiyi yaxşılıqlar, qəlblərdə qazandığı hörmət və ehtiram yaşayır. Belə insanlar ömürlərini illərlə deyil, başqalarının həyatında qoyduqları izlərlə ölçülən bir mənəvi sərvətə çevirirlər.
Gədəbəyin ziyalısı, el-obanın hörmətini qazanmış, xeyirxahlığı ilə seçilmiş dostum, qardaşım Hacı İsaq Həsənzadə haqq dünyasına qovuşması xəbərini böyük kədərlə qarşıladım. Onun mərasimində iştirak edərkən gördüyüm mənzərə məni dərindən duyğulandırdı. Maşınların əlindən yollarda hərəkət etmək çətinləşmişdi.Heydər Əliyev Məscidinin Mərasim evinin zalları dolub-boşalır, insan axını kəsilmək bilmirdi. Hər kəs Hacı İsaqın ailəsinə başsağlığı verməyə, öz ehtiramını bildirməyə gəlirdi. Çünki hər kəs özündə bir mənəvi borc hiss edir,bu xeyirxah insanın xatirəsi qarşısında baş əyməyə, onun doğmalarının dərdinə şərik olmağa gəlirdilər.
Hacı İsaq evdən deyil eldən,obadan getmişdi.
Ağlayırdım,amma göz yaşlarım qəlbimə axırdı.Çünki onun yaxşı əməlləri bir-bir kino lenti kimi gözlərim önündə canlanır,hər zaman insanların dualarını qazanan belə bir insanın ölümünə inana bilmirdim.O gün Bakı səması da Gədəbəyin səmasına bənzəyirdi.Sanki göy üzündəki ağ topa buludlar da Hacı ilə vidalaşmaq üçün göy üzünə səpələnmişdi...
Məsciddən çıxanda qəlbimdə bir-birinə qarışmış duyğular vardı. Həm əziz bir insanın itkisinə üzülürdüm, həm də onun sağlığında qazandığı hörmətin, insanların qəlbində tutduğu yerin böyüklüyü qarşısında heyrətə gəlirdim. Düşünürdüm ki, bu dəyərli insan nə qədər hörmət qazanıbmış... Necə yaşamaq lazımdır ki, bu dünyadan köçəndə arxanca belə bir insan seli gəlsin, səni tanıyanlar, yaxşılığını görənlər, adını eşidənlər ailənin dərdinə şərik olmaq üçün bir araya toplansınlar.
Hacı İsaqın necə zəngin insan olduğunu düşündüm. Bəli, mənə elə gəlir ki, Hacı İsaq Həsəzadə dünyanın ən zəngin adamlarından biri imiş, amma mən onun maddi sərvətindən danışmıram. Mənim nəzərdə tutduğum zənginlik pulun, var-dövlətin ölçə bilmədiyi mənəvi zənginlikdir. İnsan dostları ilə, xeyirxah əməlləri ilə, əl tutduğu insanların duası ilə, könüllərdə qurduğu taxtla zəngin olur. Hacı İsaq bu zənginliyi özü qazanmışdı.
Onunla bağlı xatirələrim məni illər öncəsinə aparır.
Hacı İsaq haqqında əvvəllər çox eşitmişdim, ancaq əyani tanışlığımız 2005-ci ildə, hər ikimizin 104 saylı Gədəbəy–Tovuz seçki dairəsindən Milli Məclisə namizədliyimizi irəli sürdüyümüz vaxt baş tutmuşdu. Biz seçki mübarizəsində rəqib idik. Lakin rəqabətimiz qarşılıqlı hörmətimizə, bir-birimizə göstərdiyimiz ehtirama kölgə salmadı. Əksinə, münasibətlərimiz səmimiyyət üzərində quruldu. Zəngləşər, hal-əhval tutar, bir-birimizin vəziyyəti ilə maraqlanardıq.
Həmin vaxt aramızda xoş bir niyyət də vardı ki, hansımız Milli Məclisə deputat seçilsək, digəri onu təbrik edəcəkdi. Təəssüf ki, bu arzumuz heç birimizə qismət olmadı. Ancaq illər keçdikcə anladım ki, insanın həyatda qazandığı ən böyük qələbələr həmişə seçki nəticələri ilə ölçülmür. Bəzən bir insanın qəlbində hörmət qazanmaq, onunla səmimi münasibət qurmaq hər hansı vəzifədən daha qiymətli olur.
Təxminən 2009–2010-cu illər olardı. Bir gün Hacı İsaq mənə zəng vuraraq görüşmək istədiyini bildirdi. Görüşümüzün səbəbini isə heç ağlıma gətirməzdim.
Mən polkovnik Cahangir Rüstəmov haqqında kitab yazmışdım. Vətən torpağı uğrunda canından keçmiş bir insanın həyatını, mübarizəsini, qəhrəmanlığını sözə çevirmişdim. Ancaq kitabım yeddi il idi ki, masamın üstündə nəşrini gözləyirdi. Maddi imkanım olmadığına görə onu çap etdirə bilmirdim. Ətrafımda çoxlu ziyalılar, hətta mətbəə işində çalışan insanlar da vardı. Lakin kitabın nəşrini gerçəkləşdirmək üçün heç kimdən belə bir təklif almamışdım.
Hacı İsaq görüşümüz zamanı məndən soruşdu:
— Ay mənim şair bacım, o kitabınızı çap etdirə bilmisinizmi
Dedim:
— Yox, hələ də çap etdirə bilməmişəm.
Heç tərəddüd etmədən dedi:
— Otur maşına, gedək!
Soruşdum:
— Hara?
Cavab verdi:
— Gedərik, görərsən.
Məni heç tanımadığım bir mətbəəyə apardı, kitabımın nəşr qiymətini və tirajını özümün danışmağımı istədi. Çox sevindim Beləcə, yeddi il nəşrini gözləyən «Dağlardan boylanan Günəş» kitabımın çapına yol açıldı. Hacı İsaq kitabın min nüsxə tirajla nəşr olunmasına maddi dəstək verdi.
Onun həmin vaxt dediyi sözləri heç vaxt unutmuram:
«Bir yazıçının alın təri ilə ürəyini qoyduğu bu kitab masa üzərində qalmamalıdır. Əgər bu gün mən bunu elətdirə bilirəmsə, xoşbəxt adamam».
Bu sözlər mənim üçün adi bir yardımın ifadəsi deyildi. Bu, ziyalının əməyinə verilən qiymət, sözə göstərilən ehtiram, Vətən uğrunda canından keçmiş bir insanın xatirəsinə hörmət idi. Hacı İsaq mənim kitabımın nəşrinə kömək etməklə yalnız bir yazıçının sevincinə səbəb olmadı. O, yeddi il ərzində masamın üstündə gözləyən bir əməyin oxucuya çatmasına imkan yaratdı.
Bəzən bir insanın etdiyi yaxşılıq təkcə bir nəfərin deyil, bir əsərin, bir qəhrəmanın, tarixi yaddaşın da taleyinə təsir edir. Hacı İsaq bunu öz əməli ilə göstərdi. Onun mənə etdiyi bu yaxşılığı ömrümün sonuna qədər unutmayacağam.
Amma onun xeyirxahlığı yalnız mənim kitabımla bitmirdi.
Birinci Qarabağ müharibəsinin ağır günlərində, ordumuzun geyimə, ərzağa və digər zəruri ləvazimata ehtiyac duyduğu vaxtlarda Hacı İsaü əsgərlərimizə də yardım göstərirdi. Vətənin müdafiəsində dayananların ehtiyacını öz ehtiyacı kimi qəbul edirdi. Onun üçün Vətən sevgisi yalnız sözdə deyil, xeyirxah əməllərində yaşamalı olan bir duyğu idi.
Hətta qonşu kəndlərin də qəbiristanlıqlarının hasarsız qaldığını, mal-qaranın məzarlıqlara girdiyini görəndə buna biganəqala bilmir,könül rahatlığı ilə ordan keçmirdi. Həmin yerlərin abadlaşdırılmasını üzərinə götürür,maddi dəstək olurdu,dünyasını dəyişənlərin xatirəsinə ehtiram göstərirdi. Kənd yollarının dağıldığını, insanların əziyyət çəkdiyini görəndə də kənara çəkilmirdi,öz maddi imkanları hesabına yolların düzəldilməsinə yardım edirdi.
Hacı İsaqın xeyirxahlığının ən yaddaqalan cəhətlərindən biri də onun olduqca sadəliyi idi. Yol gedərkən kasıb, ehtiyacı olan bir insanla rastlaşanda maşınını saxlayar, düşüb onunla görüşər, halını soruşar, cibinə pul qoyardı. Onun bu hərəkət adi bir yardım kimi görünə bilər,lakin ehtiyac içində olan insanın qürurunu sındırmadan, onu alçaltmadan, səmimi münasibətlə edilən köməyin özündə böyük bir mərhəmət var.
O, etdiyi yaxşılıqları reklam etməyi sevmirdi. Xeyirxahlığını dillərə salmaq, özünü insanlara göstərmək onun xüsusiyyətinə yad idi.Etdiyi yaxşılığı səssizcə edər,ehtiyacı olanın əlindən tutmağı, çətinliyə düşənin köməyinə çatmağı özünə mənəvi borc bilərdi.
Bu gün onun haqqında danışarkən düşünürəm ki,insanın imkanları nə üçündür? Əgər o imkanlar bir dərdin azalmasına, bir ümidin yaşamasına, bir zəhmətin bəhrəsini görməyə xidmət etmirsə.Hacı İsaq öz imkanlarını insanların xeyrinə sərf etməklə bu suala əməli ilə cavab verirdi.
Onun haqqında danışılan xatirələr, gördüyü işlər və insanların ona göstərdiyi ehtiram bir həqiqəti təsdiqləyir.İnsanın böyüklüyü yalnız özünə qurduğu həyatla deyil, başqalarının həyatına bəxş etdiyi yaxşılıqlarla ölçülür.
Bu gün Heydər məscidində gördüyüm izdiham da həmin yaxşılıqların səssiz cavabı idi. İnsanlar onun var-dövlətinə görə deyil, yaddaşlarında qoyduğu izə, ona olan hörmətlərinə, gördükləri yaxşılıqlara görə gəlmişdilər. Hər kəsin qəlbində Hacı İsaq ilə bağlı bir xatirə, bir minnətdarlıq duyğusu vardı. Mənə elə gəlirdi ki, oradakı hər bir insan onun bu dünyada qoyduğu xoş xatirələrin bir parçasını özü ilə daşıyırdı.
Bəlkə də, biz sağlığımızda maddi sərvətin, şöhrətin, vəzifənin ardınca çox qaçırıq, ancaq insan bu dünyadan köçəndə bütün bunların heç biri onun yerini tuta bilmir. O zaman insanın əməlləri danışır. Bir yazıçının kitabına sahib çıxan əl, bir əsgərin ehtiyacını qarşılayan yardım, bir kəndin yoluna çəkilən zəhmət, abadlaşdırılan qəbiristanlıq, ehtiyac sahibinə uzanan əl danışır.
Hacı İsaq bu dünyadan köçdü, amma onun əməllərinin səsi susmadı.
Bu gün mən onu yalnız Gədəbəyin hörmətli ziyalısı kimi deyil, mənim həyatımda da silinməz iz qoymuş dostum və qardaşım kimi xatırlayıram. Mənə etdiyi yaxşılıq onun xeyirxahlığının kiçik bir nümunəsi olsa da, mənim üçün böyük mənəvi dəyər daşıyır. Çünki o, çətinliyimi görmüş, kitabımın nəşrinə yol açmış, illərlə gözlədiyim bir arzunun gerçəkləşməsinə kömək etmişdi.
Mən bunu heç vaxt unutmayacağam.
Hacı İsaq getdi... Amma mənim ürəyimdə taxt qurub. Mən bu dünyada yaşadığım müddətdə onun yaxşılığını, dostluğumuzu, mənə göstərdiyi ehtiramı və kitabımla bağlı unudulmaz köməyini xatırlayacağam. Bəzi insanlar insanın həyatından keçib getmirlər, onun yaddaşında, düşüncəsində, mənəvi dünyasında yaşayırlar. Hacı İsaq mənim üçün belə insanlardan biridir.
Bu gün bir daha əmin oldum ki, insanın böyüklüyü nə qədər yaşamasında deyil, necə yaşamasındadır. Əsl zənginlik nə qədər var toplamaqda deyil, neçə insana yaxşılıq etməkdədir. Əsl hörmət isə insanın özü haqqında dediklərindən deyil, onun yoxluğunda başqalarının ürəyindən gələn sözlərdən yaranır.
Hacı İsa Həsənzadə, mənim dəyərli dostum,qardaşım,elimin sayılıb-seçilən ziyalısı siz bu dünyadan köçdünüz, amma qəlblərdəki yerinizi özünüzlə aparmadınız. Siz o yeri xeyirxahlığınızla, insanlığınızla, təmənnasız yaxşılıqlarınızla qazandınız. Bu gün arxanızca gələn insanların izdihamı, haqqınızda deyilən xoş sözlər, unudulmayan əməllər bunun canlı sübutudur.
Bəli, əziz dostum və qardaşım, mənə elə gəlir ki, siz cənnətinizi bu dünyada qazandınız. Çünki bu dünyada insanların qəlbində özünüzə yer qazandınız. Sizin mənə və el-obaya bəxş etdiyiniz xeyirxahlıqlar yaddaşlarda yaşayacaq.
Allah sizə rəhmət eləsin! Məkanınız cənnət, ruhunuz şad olsun! Doğmalarınıza, yaxınlarınıza və sizi sevən hər kəsə səbir diləyirəm.
İnsan gedər, əməlləri qalar. Bədən torpağa qovuşar, amma xeyirxahlıqla qurulan taxt insan qəlbində əbədi yaşayar. Hacı İsaq Həsənzadə də mənim ürəyimdə həmişə yaşlayacaq.
Aybəniz Qafarlı







