Xəbərlər
27.10.2026, 22:18
Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbəb ola bilər. Xüsusilə, qablaşdırmada göstərilən çəki ilə məhsulun faktiki çəkisi arasında fərqin olması alıcı hüquqları və marketlərə olan etimad baxımından ciddi suallar yaradır.
Bəs, marketlərdə tətbiq olunan endirim və təqdimat üsulları istehlakçıların seçimlərinə necə təsir edir? Qablaşdırmada göstərilən çəki ilə faktiki çəkinin fərqlənməsi hansı hüquqi nəticələrə səbəb ola bilər və marketlər müştəri etimadını qorumaq üçün hansı prinsiplərə əməl etməlidirlər?
Mövzu ilə bağlı açıqlama verən Korporativ Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib ki, marketlərdə endirim kampaniyaları, diqqətçəkən qiymət etiketləri və məhsulların xüsusi yerləşdirilməsi müasir marketinqin standart alətləridir.
"Bu üsullar düzgün tətbiq edildikdə istehlakçıya seçim imkanı yaradır, alış prosesini asanlaşdırır və satışları stimullaşdırır. Lakin marketinqin məqsədi müştərinin qərarını manipulyasiya etmək deyil, onun qərarına təsir edən məlumatları daha aydın və əlçatan etmək olmalıdır. Ancaq unutmamaq lazımdır ki, Endirim müştərini cəlb edə bilər, etimadı isə şəffaflıq qoruyur. Böyük şriftlə göstərilən endirim faizi, əvvəlki qiymətin süni şəkildə qabardılması, məhsulun real dəyərini əks etdirməyən müqayisələr və vahid çəkiyə düşən qiymətin gizli qalması istehlakçıda məhsulun daha sərfəli olması təəssüratını yarada bilər. Əvvəlki qiymət yüksək göstərildikdə yeni qiymət daha sərfəli görünməsi, "son fürsət", "yalnız bu gün" kimi ismarıclar və diqqətçəkən etiketlər məhsulun qiymətini ön plana çıxararaq onun çəkisi, keyfiyyəti və vahid qiyməti kimi digər vacib məlumatları ikinci plana keçirən yanaşma istehlakçı qərarlarını yönləndirə bilir.
Qablaşmada göstərilən çəki ilə faktiki çəki arasındakı fərq sadəcə istehlakçı narazılığı deyil. Fərqin real, təkrarlanan və ya sistemli olması halında məsələ istehlakçı hüquqları, məhsulun uyğunluğu, satış etikasının qorunması və brend reputasiyası müstəvisinə keçir. İstehlakçı məhsulu alarkən yalnız onun görünüşünə və qiymətinə deyil, qablaşdırmada göstərilən çəkiyə də etibar edir. Məsələn, 500 qram kimi təqdim edilən məhsulun faktiki xalis çəkisi 450 qramdırsa, istehlakçı gözlədiyindən 10% az məhsul almış olur. Eyni qiymət müqabilində onun hər kiloqrama düşən faktiki xərci də təxminən 11,1% artır".
Ekspert bildirib ki, qablaşdırmada göstərilən nominal çəki ilə faktiki çəki arasındakı hər fərq avtomatik olaraq qəsdən aldatma demək deyil:
"Ölçmə xətaları, istehsal prosesinin xüsusiyyətləri və qanunvericilikdə nəzərdə tutulan yol verilən kənarlaşmalar ayrıca qiymətləndirilməlidir. Lakin normativ tələblərin pozulması və ya istehlakçının bilərəkdən yanlış məlumatlandırılması ciddi məsələdir.
Digər tərəfdən, məhsulun istehsalçısı ilə marketin məsuliyyəti də eyniləşdirilməməlidir. Market qablaşdırılmış məhsulu satırsa, onun faktiki çəkisinin yaranmasına həmişə birbaşa nəzarət etmir. Bununla belə, məhsulun təqdimatı, qiymət məlumatlarının düzgünlüyü, təchizatçıların seçilməsi və aşkar uyğunsuzluqlara reaksiyası satış şəbəkəsinin etibarlılığına birbaşa təsir edir. Marketinq yalnız bugünkü satış göstəricisi ilə ölçülməməlidir. Müştərinin bir dəfə daha çox məhsul alması ilə onun həmin marketə növbəti dəfə də etibar edərək qayıtması fərqli nəticələrdir. Şəffaflıq, dürüst qiymət siyasəti, müqaisə edil bilən qiymətlər, keyfiyyətə nəzarət sistemi, operati v vədalətli reaksiyanın verilməsi və etimdın ölçülməsi prinsipi ilə hərəkət edən şirkətlər istehlakçının seçim səbətində ən üst sırada yerləşdirlər. Şəffaf olmayan satış siyasəti qısamüddətli gəlir yarada bilər. Lakin istehlakçı uyğunsuzluğu aşkar etdikdə narazılıq sosial şəbəkələrdə yayıla, media gündəminə çevrilə və ayrı-ayrı məhsullarla bağlı problem bütövlükdə satış şəbəkəsinin reputasiyasına zərər vura bilər".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





