Xəbərlər
26.10.2026, 22:06
QƏBİRİSTANLIQ — ÖLÜMÜN DİLİ İLƏ HƏYATIN DƏRSİ - FOTO
Rəşad Əhmədlinin poeziyasında həyat dərsi...
Oxuduqlarımdan, öyrəndiklərimdən və müşahidələrim zamanı keçirdiklərimdən məntiqi bir nəticəyə gəlmişəm: bəşəriyyət mövcud olduğu gündən insanın həyatında müqəddəs dəyərlər həmişə önəmli yer tutub, onlara ehtiram göstərilib, bəzən isə bu ehtiram bütləşdirmə səviyyəsinə yüksəlib.
Dünyanın müxtəlif guşələrində yaşayan xalqlar üçün ən müqəddəs məkanlar, adətən, böyük dinlərin mərkəzləri, mənəvi təmizlənmə ilə bağlı ziyarətgahlar, tarixi hadisələrin baş verdiyi yerlər, eləcə də dövlətlərin müqəddəs rəmzləri və atributlarıdır. Bütün bunlar yalnız coğrafi məkanlar və ya rəsmi simvollar deyil, həm də insanın daxili aləmini, inancını, mənəvi dünyasını və bəşəri dəyərlərə münasibətini formalaşdıran anlayışlardır.
Mənə elə gəlir ki, bu müqəddəs məkanlar sırasında xüsusi ehtiramla yanaşılmalı olan yerlərdən biri də qəbiristanlıqlardır. Çünki orada uyuyan hər bir insanın bir vaxtlar qurduğu planları, yarımçıq qalmış arzuları, gerçəkləşməyən niyyətləri, bəlkə də deməyə macal tapmadığı sözləri vardı. Hər məzar bir ömrün hekayəsini, hər qəbir daşı isə bir insanın bu dünyadakı varlığından qalan izləri özündə yaşadır.
Qəbiristanlıq həm də həyatını davam etdirən insan üçün bir ibrət və düşüncə məkanıdır. Xalq müdrikliyində deyildiyi kimi: "Ən böyük vaiz ölümdür". Qəbiristanlıq isə bu nəsihətin sükuta bürünmüş, daşlara həkk olunmuş ünvanıdır.
İnsan qəbiristanlığa dünyasını dəyişmiş doğmalarını yad etmək, onların xatirəsi qarşısında ehtiramla baş əymək üçün gedir. Lakin oradan yalnız xatirələrlə deyil, həm də həyatın gerçək mənası haqqında düşüncələrlə qayıdır. Bəzən insanın ruhu orada durulur, düşüncələri saflaşır, həyatın ötəriliyi qarşısında özünü sorğu-suala tutmaq, keçdiyi yola nəzər salmaq ehtiyacı yaranır.
Qəbiristanlıqların bu ibrətamiz mahiyyəti ədəbiyyatımızda və fəlsəfi düşüncəmizdə də özünəməxsus yer tutur. Çünki qəbiristanlıq insana zamanın qədrini bilməyi, ömrü mənasız yerə sərf etməməyi, hər anın dəyərini duyaraq yaşamağı öyrədən səssiz, lakin təsirli bir müəllimdir.
Bura insanın öz həyatını təftiş etdiyi, keçmişinə nəzər saldığı, səhvlərini dərk etdiyi mənəvi hesabat məkanıdır. İnsan burada öz davranışlarını, münasibətlərini, başqalarına qarşı rəftarını düşünür. Bəlkə də vaxtında düzəldə bilmədiyi səhvləri xatırlayır, qəlb qırmağın, kin saxlamağın, yaxşılığı təxirə salmağın nə qədər mənasız olduğunu daha dərindən anlayır.
Qəbiristanlıq insanı mənəvi silkələnməyə, pis vərdişlərdən uzaqlaşmağa, səhvlərindən nəticə çıxarmağa və daha yaxşı insan olmağa çağırır.
Bəlkə də qəbiristanlığın ən böyük hikməti elə bundadır: o, insana ölümün həqiqətini göstərməklə həyatın qədrini bilməyi öyrədir.
Mənim bu günki məqsədim dəyərli şairimiz Rəşad Əhmədlinin "BAXIRSAN HƏRƏDƏN BİRİ BURDADIR" şeiri üzərində düşüncələrimi dəyərli dostlarla bölüməkdir. Məqsədim heç də, ölüm haqqında danışmaqdan daha çox, ölümün qarşısında dayanaraq həyatı, insanlığı və yaşadığımız ömrün məsuliyyətini dərk etmək anlamını bizə ərmağan edən İlahi qüvvənin, Rəşad şeirinin notları üstündə danışmaqdır.
Rəşad Əhmədlinin bu şeiri ilk baxışda qəbiristanlıq, ölüm və fanilik haqqında yazılmış bir əsər təsiri bağışlasa da, onun məna qatlarına vardıqca görürük ki, şairin demək istədiyi bundan daha genişdir. Burada ölümün dili ilə həyatın həqiqətləri danışılır, insanın özünü dərk etməsinə, dünyaya və mənəvi dəyərlərə münasibətinə çağırış edilir.
İNSAN VƏ FANİLİK
Şeirin ana xətti insan ömrünün keçiciliyi, dünya malının müvəqqətiliyi və ölüm qarşısında bütün insanların bərabərliyi fikri üzərində qurulub.
Şair ilk bənddən oxucunu düşündürən mənzərə yaradır:
"Burda saysız igid, oğul, ər yatır,
Arzusu gözündə qalanlar yatır,
Faciə, qəm, kədər, dərd, qübar yatır,
Xəzan vurmuş bağın barı burdadır."
Arzusu gözündə qalanlar yatır,
Faciə, qəm, kədər, dərd, qübar yatır,
Xəzan vurmuş bağın barı burdadır."
Burada qəbiristanlıq sadəcə ölülərin uyuduğu məkan deyil. O, yarımçıq qalmış arzuların, yaşanmış faciələrin, deyilməmiş sözlərin və sona çatmış ömürlərin yaddaş məkanına çevrilir.
“Arzusu gözündə qalanlar” ifadəsi xüsusilə təsirlidir. Çünki insanın ölümü yalnız onun fiziki yoxluğu deyil, həm də gerçəkləşməyən arzularının, yarımçıq qalan ümidlərinin sona çatmasıdır.
“Xəzan vurmuş bağın barı” misrası isə təbiət obrazı vasitəsilə insan ömrünün sonunu canlandırır. Necə ki, payız bağın barını, yarpağını soldurur, zaman da insan ömrünün son nöqtəsinə aparır.
Burada bir incə məqam da var: şair qəbiristanlığı yalnız kədər məkanı kimi təqdim etmir; onu həyatın bütün həqiqətlərinin toplandığı bir yerə çevirir.
KEÇMİŞİN ŞÖHRƏTİ VƏ BU GÜNÜN İBRƏTİ
"Bir odla min qazan qaynadan burda,
Bir zaman atını oynadan burda,
Gəlib dərs götürsün, qoy nadan burda,
Qaranlıq dünyanın nuru burdadır."
Bir zaman atını oynadan burda,
Gəlib dərs götürsün, qoy nadan burda,
Qaranlıq dünyanın nuru burdadır."
Bu bənddə şair keçmişdə güclü, nüfuzlu, zəhmətkeş və cəsarətli olmuş insanların artıq torpaq altında yatdığını xatırladır.
“Bir odla min qazan qaynadan” ifadəsi mənim fikrimcə, həm bir ailəni, həm də böyük bir çevrəni dolandıran, zəhməti ilə çoxlarına dayaq olan insanı nəzərdə tuta bilər. Həmdə, cəmiyyətin indiki durumuna söykənən, hiylə, fırıldaq, aldatma kimi insanları da nəzərdə tuta bilər. “Atını oynadan” isə qüdrət, igidlik, cəsarət və həyat eşqinin rəmzi kimi görünür.
Ancaq bu insanların heç biri dünyanın faniliyindən kənarda qala bilməyib.
Şairin:
“Gəlib dərs götürsün, qoy nadan burda”
çağırışı artıq təsvirin hüdudlarını aşır və birbaşa cəmiyyətə ünvanlanmış ibrət dərsinə çevrilir.
Ən maraqlı fikir isə son misradadır:
“Qaranlıq dünyanın nuru burdadır.”
Bu, zahirən paradoksal ifadədir: qaranlıq məkan necə nur mənbəyi ola bilər? Şair burada qəbiristanlığın insana həyatın mənasını anlatdığını, ölümün düşünən insan üçün mənəvi oyanışa çevrildiyini bildirir. Yəni qəbiristanlığın qaranlığı insanın düşüncəsinə işıq sala bilər.
“Qananlar” sözü burada dərk edən, həyatın mahiyyətini anlayan insanlar mənasında işlənir. Belə insanlar mal-dövlətə bağlanmır, haramdan uzaq durur, mənəvi sərhədlərini qoruyurlar.
“Ölü saymamışam mən hər ölünü” misrası isə şeirin ideya mərkəzlərindən biridir.
Şair fiziki ölüm ilə mənəvi ölümü bir-birindən ayırır. İnsan dünyasını dəyişsə də, onun yaxşı əməlləri, xatirəsi, insanlara verdiyi fayda yaşayır. Əksinə, fiziki cəhətdən sağ olan bir insan mənəviyyatını, vicdanını və insanlığını itiribsə, mənəvi baxımdan ölü sayıla bilər.
Bu fikir Azərbaycan ədəbiyyatında və ümumən Şərq fəlsəfi düşüncəsində geniş köklərə malikdir.
Beləliklə, şair oxucuya düşündürücü bir sual verir: Əsas məsələ nə qədər yaşamağımızdır, yoxsa necə yaşamağımız?
ƏSL DİRİLİK NƏDİR?
"Qananlar bağlamaz vara belini,
Gen durar haramdan, çəkər əlini,
Ölü saymamışam mən hər ölünü,
Ölsə də yaşayan diri burdadır."
Gen durar haramdan, çəkər əlini,
Ölü saymamışam mən hər ölünü,
Ölsə də yaşayan diri burdadır."
Məncə, şeirin fəlsəfi baxımdan ən əhəmiyyətli bəndlərindən biri budur.
Şair insanın həqiqi dəyərini var-dövlətlə deyil, onun mənəviyyatı, halal yaşaması və başqalarına münasibəti ilə ölçür.
Bu bənddə şair ümumiləşdirmədən fərdi talelərə keçir. “Daş olmuş kam” ifadəsi gerçəkləşməyən arzu, qırılmış istək, yarımçıq qalmış sevinc kimi yozula bilər. “Tez sönən şam” isə vaxtsız bitmiş ömrün obrazıdır.
Hər məzarın altında ayrıca bir insanın taleyi yatır. Birinin arzusu yarımçıq qalıb, biri həyatın baharında dünyadan köçüb, digəri uzun bir ömür yaşayıb. Onların hər biri fərqli həyat yolu keçsə də, son məkan eynidir: “Bir an elə bildim hamı burdadır” misrası güclü emosional ümumiləşdirmə yaradır. İnsan qəbiristanlığa baxanda elə bilir ki, bütün dünya buraya toplaşıb. Çünki hər bir insanın, hər bir ailənin, hər bir nəslin bu məkanda bir xatirəsi var.
Təkrar olunan “Baxırsan, hərədən biri burdadır” misrası isə şeirin həm əsas fikrini, həm də yadda qalan poetik ifadəsini möhkəmləndirir.
"Birinin daş olmuş kamı burdadır,
Birinin tez sönən şamı burdadır,
Bir an elə bildim hamı burdadır,
Baxırsan hərədən biri burdadır."
Birinin tez sönən şamı burdadır,
Bir an elə bildim hamı burdadır,
Baxırsan hərədən biri burdadır."
Şeirin bu bəndində “Daş olmuş kam” ifadəsi gerçəkləşməyən arzu, qırılmış istək, yarımçıq qalmış sevinc kimi yozulursa, “Tez sönən şam” isə vaxtsız bitmiş ömrün obrazıdır.
Çünki, hər məzarın altında ayrıca bir insanın taleyi yatır. Birinin arzusu yarımçıq qalıb, biri həyatın baharında dünyadan köçüb, digəri uzun bir ömür yaşayıb. Onların hər biri fərqli həyat yolu keçsə də, son məkan eynidir.
"Bir an elə bildim hamı burdadır” misrası güclü emosional ümumiləşdirmə yaradır. İnsan qəbiristanlığa baxanda elə bilir ki, bütün dünya buraya toplaşıb. Çünki hər bir insanın, hər bir ailənin, hər bir nəslin bu məkanda bir xatirəsi var.
Təkrar olunan “Baxırsan, hərədən biri burdadır” misrası isə şeirin həm əsas fikrini, həm də yadda qalan poetik ifadəsini möhkəmləndirir.
İNSANA BİRBAŞA MÜRACİƏT
"Qəflət yuxusundan oyan ay adam,
Özünü ölümsüz sayan ay adam,
Saxla ayağını, dayan ay adam,
Sonda hər bir kəsin yeri burdadır."
Özünü ölümsüz sayan ay adam,
Saxla ayağını, dayan ay adam,
Sonda hər bir kəsin yeri burdadır."
Şairin səsi bu bənddə daha qətiyyətli və bir növ insana çağırışlı səslənir.
“Qəflət yuxusu” insanın öz faniliyini unutması, həyatın əsl dəyərlərindən uzaqlaşması, dünyanın müvəqqəti nemətlərinə həddindən artıq bağlanması deməkdir.
“Özünü ölümsüz sayan” adama şairin, “Saxla ayağını, dayan” çağırışı insanı bir anlıq öz həyatına nəzər salmağa səsləyir. Sanki şair deyir: dayan, bir düşün — nə üçün yaşayırsan, kimə zərər verirsən, arxanda nə qoyacaqsan?
Burada ölüm qorxutmaq vasitəsi deyil, insanı mənəvi məsuliyyətə çağıran bir həqiqətdir.
ŞAİRİN, ŞƏXSİ MÜŞAHİDƏSİNDƏN İCTİMAİ ÇAĞIRIŞA
"Rəşad haray salıb oyat cahanı,
Dünya malı üçün tökməsin qanı,
Neyləsən, nə etsən buradır sonu,
Dünyanın qurdları, şiri burdadır,
Baxırsan hərədən biri burdadır."
Dünya malı üçün tökməsin qanı,
Neyləsən, nə etsən buradır sonu,
Dünyanın qurdları, şiri burdadır,
Baxırsan hərədən biri burdadır."
Burada şairin düşüncəsi fərdi insan talelərinə çıxıb, bütün dünyaya yönəlir. “Dünya malı üçün tökməsin qanı” misrası şeirin humanist məzmununu açıq şəkildə ifadə edir. Var-dövlət, şöhrət və hakimiyyət uğrunda insanın insana qənim kəsilməsi, qan tökülməsi şairin etiraz etdiyi mənəvi gerçəkliklərdir.
“Dünyanın qurdları, şiri burdadır” ifadəsində isə qəbiristanlıqda müxtəlif xarakterli insanların uyuduğu fikri var. Burada “qurd” və “şir” obrazları güc, sərtlik, hökmranlıq, qorxmazlıq və bəzən də amansızlıq mənalarını yada salır. Ölüm qarşısında onların heç biri öz üstünlüyünü qoruyub saxlaya bilmir.
Burada şairin öz adını çəkməsi də diqqətəlayiqdir: “Rəşad haray salıb oyat cahanı”. Bu, poetik özünümüraciət kimi qəbul oluna bilər. Amma, Rəşad sanki özünü bir söz adamı, insanları oyatmağa çalışan bir çağırışçı kimi təqdim edir.
Bununla belə, son bənddəki “qurdlar” və “şir” obrazlarının mənası bir qədər açıq qalır. Oxucu onları müxtəlif cür yozmağa qadirdir. Bu, bədii ifadənin yozuma imkan verən xüsusiyyətidir, lakin şair istəsə, həmin obrazların məna istiqamətini daha da dəqiqləşdirə bilər.
Mənim qənaətimə görə, şeirin ən güclü tərəfi onun aydın ideyası, səmimi çağırışı və oxucuda düşüncə oyatmaq bacarığıdır. Şairin mürəkkəb fəlsəfi fikirləri anlaşıqlı xalq dilində çatdırmağa çalışır. Xüsusilə “Ölsə də yaşayan diri burdadır” misrası yadda qalan, müstəqil şəkildə də düşüncə doğuran poetik ifadədir.
Ümumiyyətlə şeirin oxucuya ünvanladığı əsas fikir belə ümumiləşdirilə bilər:
İnsan dünyaya nə qədər sahib olmasından daha çox, dünyada necə insan olması ilə qiymət qazanar. Bədən torpağa qovuşar, amma yaxşılıq, vicdan və insanlıq yaddaşlarda yaşamağa davam edər.
Burada şairin əsas qayəsi hər bir insan övladına qəbiristanlığa baxmağa deyil, öz ömrünə, öz əməllərinə və arxasında qoyacağı mənəvi izə baxmağa çağırmasıdır.
P. S: Bu şeiri 3 il bundan əvvəl Rəşad Əhmədlinin səhifəsindən götürüb, öz Facebooko səhifəmdə paylaşmışdım. Bir neçə gün öncə, "Xatirələrim" bölümündə qarşıma çıxdı. O vaxtlar necə diyğulandırmışdı, bu səfərdə elə diyğulandırdı. Düşüncəmi yenidən misralara, fikirlərə köklədi. Sanki bir neçə gün bunun təsirindən çıxa bilmədim...
Bu kiçik yazı ilə şeirin hər misrasını gücüm çatdığı qədər öz düşüncə sücgəcimdən keçirdim. Şeirin mənə yaşatdığı duyğudan bir az rahatlıq tapıb, dəyərli şairimiz Rəşad Əhmədliyə bu yazı ilə can sağlığı, uzun ömür, sevincli günlər və gözəl yaradıcılıq uğurları arzulayıram.
Böyük səmimiyyətlə,

AYB-nin üzvü,
Şair-publisist.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






