Xəbərlər
26.10.2026, 21:47
Raqif NAZİMOĞLU : ÖLƏNDƏN SONRADI YAŞAMAĞIM DA - FOTO

Kimlər ürəyimdə mənim yurd salıb?
Kimlər əhvalımı qarışdırıbdı?
Dost var,düşmənlərə həmdəm kəsilib,
Dost var düşmənləri barışdırıbdı.
Dünən dostam deyən düşməndir bugün,
Bu gün dostam deyən dünənki düşmən.
Təzadlar qoynunda şığıyan ömrün,
Bir ucu ürəkdi,bir ucu Vətən.
Göz var işıq sevər,göz var qaranlıq,
Göz var Günəşdə də ləkələr gəzər.
Yamanlıqdan sonra gələn yaxşılıq,
Ölü uşaq doğan anaya bənzər.
Qəribə hikmətlə yaşayır zaman,
Nə yaxşılıq itər,nə pislik itər.
Bəzən kainatı dar bilən insan,
İynə ulduzuna sığışmaq istər.
Binadan işıqa astardı zülmət,
Zülmətin üzünə çəkilib işıq.
Dedim bir kök üstə ömr edir əlbət,
Xeyir şərə,şər xeyirə qarışıq.
Bir yol yapışmadım şər ətəyindən,
Seçib çeşidlədim yamanlıqları.
Zülmətin qoynuna sallandım ki mən,
İşıqa çıxarım qaranlıqları.
İşıqa inandım hələ uşaqkən,
Od-ocaq gəzdirib köksümdə ürək.
İşıq axtarmışam ürəklərdə mən,
Səmtim Günəş olub Günəbaxan tək.
İşıq etiqadım olub həmişə,
Nəslim-nəcabətim bağlıdır ona.
Torpağın fonunda baxıb Günəşə,
Torpağı sevmişəm Günəş fonunda.
Harda ocaq gördüm çiçəklər təki,
Çəkib nəfəsimə öpdüm doyunca.
Mən özüm odumu çoxaltmışam ki,
Günəşi gəzdirim torpağ boyunca.
Fikirimdə buludlar qaralan zaman,
Gözümdə şimşəyin açılmaqı var.
Günəş üfüqlərdə saralan zaman,
Könlümün gün kimi saçılmaqı var.
Gecəli,gündüzlü odla döyünən,
Könlüm nəğməsindən yorulan deyil.
Daşları əridən,dağları yenən,
Ocaq sinirlərim qırılan deyil.
Mən qurban demişəm şair ömrümü,
Odlu nəğmələrin işıq selinə.
Gərək bu selləri bazubənd kimi,
Keçirdəm torpağın sümbül telinə.
Qədəri var,qiyməti var sözümün,
Ocağımı bu torpağa bağladım.
Nə yaxşı ki,qarasında gözümün,
Bu torpağın ağ gününü saxladım.
Qorxmuram ölümün bir tufanından,
Torpaq çəkinərmi sönən şəfəqdən?!
Mənim üfüqlərim daralan zaman,
Qoy Vətən Günəş tək doğsun üfüqdən.
Nə vaxt öləcəyəm?Bilə bilmirəm,
Həd yoxdur xeyri danışmağımda.
Yaşaya-yaşaya ölə bilmərəm,
Öləndən sonradı yaşamaqım da.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


