Turaztv.az » Xəbərlər » YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olundu - FOTOLAR
Xəbərlər

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olundu - FOTOLAR

30.10.2026, 01:04 6

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının “İnşaatçılar prospekti 81” ünvanı üzrə (Dövlət Statistika Komitəsi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlət Statistika Komitəsinin birinci müavini Vahab Məmmədov bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir. Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr rəsmi statistika sisteminin modernləşdirilməsi, rəqəmsal məlumat bazalarının təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşma və obyektiv statistik təhlillərin aparılması istiqamətində qarşıya mühüm hədəflər qoyur.

Vahab Məmmədov qeyd edib ki, Dövlət Statistika Komitəsinin kollektivi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların dəstəklənməsində, eləcə də partiyanın ideoloji prinsiplərinin təbliğində fəal mövqe nümayiş etdirir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ideoloji-siyasi əhəmiyyətindən, rəsmi statistikanın dövlət idarəçiliyində və strateji qərarların qəbulunda rolundan, həmçinin ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələrdən bəhs edib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizdə siyasi sabitliyin, sosial-iqtisadi inkişafın və tarixi nailiyyətlərin əldə olunmasının mühüm amillərindən biri olub. Ulu Öndərin zəngin dövlətçilik irsini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək qüdrətli dövlətə çevrilib.

Bəxtiyar Nəbiyev vurğulayıb ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, Böyük Qayıdış proqramı və sosial-iqtisadi islahatlar dəqiq hesablamalara, statistik göstəricilərə və təhlillərə əsaslanır. Əldə olunan nailiyyətlər Azərbaycanın məqsədyönlü siyasi kursunun və xalq-iqtidar birliyinin nəticəsidir.

YAP Yasamal rayon təşkilatının sədri xüsusi olaraq qeyd edib ki, VIII Qurultayda müəyyənləşdirilən vəzifələr dövlət idarəçiliyi və analitik fəaliyyətlə məşğul olan qurumlarda fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işinin daha da təkmilləşdirilməsini tələb edir. Müasir dövrdə məlumatların dəqiqliyi, rəqəmsal şəffaflıq və statistik göstəricilərin operativliyi dövlət idarəçiliyinin, iqtisadi planlaşdırmanın və qərarların səmərəliliyinin mühüm şərtlərindəndir.

Bəxtiyar Nəbiyev Dövlət Statistika Komitəsinin yüksək intellektual və analitik potensiala malik kadrlarla təmsil olunduğunu qeyd edərək YAP Yasamal rayon təşkilatının Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması və partiya sıralarının keyfiyyətcə gücləndirilməsi istiqamətində Komitənin partiya fəalları ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.

Dövlət Statistika Komitəsinin “İnşaatçılar prospekti 81” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevda Süleymanova çıxışında Komitədə həyata keçirilən rəqəmsallaşma tədbirləri, statistik məlumatların toplanması və emalı prosesində tətbiq olunan müasir metodologiyalar, eləcə də ərazi partiya təşkilatının təşkilati və ideoloji fəaliyyəti barədə məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar hər bir əməkdaşın üzərinə mühüm məsuliyyət qoyur və peşəkar fəaliyyətin daha da təkmilləşdirilməsini təşviq edir. Sevda Süleymanova YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin fəaliyyətlərində əsas istiqamət kimi rəhbər tutulacağını və partiya ideallarının təbliğində fəal iştirakın davam etdiriləcəyini vurğulayıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.






Oxşar xəbərlər