Xəbərlər
28.09.2026, 22:02
TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)
Bu evdə bir sükut yatır gecələr,
Mayılın nəfəsi gəlir yuxuna.
Gözlərin qapıda, yolun intizar,
Dərdinə necə döz, ay Tofiq kişi?
Bir ata oğlunu torpağa verdi,
Torpaq da oğlunu qoynuna aldı.
Mayılın adıyla kövrəldi dağlar,
Bu dərdi kim çəkər, ay Tofiq kişi?
Hər səhər ümidlə açdın qapını,
Axşam da gözlərin yollarda qaldı.
Bir oğul dərdini daşımaq çətin,
Bu necə imtahan, ay Tofiq kişi?
Bayraq dalğalanır, Mayıl görünür,
Şəhidin adıyla ucalır Vətən.
Sən oğul deyəndə səsin titrəyir,
Ürəyin də yanır, ay Tofiq kişi.
Mayılın şəklinə baxıb susursan,
Sözlər boğazında düyünə dönür.
Bir ata dərdini kim anlayacaq?
Bu dərdi kim bilər, ay Tofiq kişi?
Babadağla Niyal şahiddir buna,
Bir oğul Vətənin yolunda getdi.
Atanın saçına tez qar gətirdi,
Mayılın həsrəti, ay Tofiq kişi.
Daşdəmir deyir ki, bu el içində,
Qoy ruhu nur olsun Vətən göyündə.
Sənin ağrın bizə əmanət qalsın,
Başın uca olsun, ay Tofiq kişi.
Daşdəmir ƏJDƏROĞLU
27.09.2026-cı il
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


