Sabah 27 sentyabrdır. Təqvim yenə həmin günün üstünə gələcək.

Altı il əvvəl səhər açılmışdı. Evlərdə həyat öz adi axarı ilə gedirdi: bir ana oğluna süfrə hazırlayırdı, bir ata övladının üzünə baxırdı, bir uşaq atasının boynuna sarılırdı, bir qız nişanlısının yolunu gözləyirdi. Sonra Vətən çağırdı və neçə-neçə evin qapısı açıldı. O qapılardan oğullar çıxdı. Kimisi anasının əlindən öpdü, kimisi atasını qucaqladı, kimisi körpəsinin saçını sığalladı, kimisi telefonda “qayıdacağam” söylədi.
Bəlkə sən də belə getdin, şəhidim. Bəlkə qapıdan çıxanda bir dəfə geri çevrilib evinə baxdın. Qayıdanda yarım qalan işlərini tamamlayacağını düşündün. Anana verəcəyin söz, atanla edəcəyin söhbət, sevdiyin insana deyəcəyin cümlə, övladına alacağın balaca bir hədiyyə vardı. Sənin də sabahın vardı. Sənin də “gələn il” dediyin vaxt vardı. Yaşamaq istədiyin günlər, çatmaq istədiyin ünvanlar, qurmaq istədiyin bir ömür vardı.
İndi mən həmin günlərin içində yaşayıram.

Bax, buna görə ürəyimdən hər dəfə eyni söz keçir: Bağışla məni, şəhidim... Mən sənin yerinə də yaşayıram.
Sənin görə bilmədiyin səhərlərə oyanıram, sənin gedə bilmədiyin yollarla gedirəm, sənin yaşamalı olduğun illərin içindən keçirəm.Mənim saçlarıma hər il bir az da ağ düşür, sənin şəklində isə hər şey olduğu kimi qalır. Anan qocalır, atan yaş alır, övladın böyüyür, dostların dəyişir. Sən bir çərçivənin içində gənc qalırsan. Bəlkə şəhidliyin insan qəlbinə ən ağır toxunan tərəfi elə budur: dünya yaşlanır, şəhidlər gənc qalır.
Mən hər səhər gözümü açanda bunu düşünmürəm. Həyat məni öz qayğılarına aparır. İşə tələsirəm, telefona baxıram, plan qururam, nəyəsə sevinirəm, nəyəsə üzülürəm. Bəzən xırda bir sözə görə günümü ağırlaşdırıram.
Sonra sənin ömrün düşür yadıma, şəhidim. Sənin yaşaya bilmədiyin bir günün içində mən nə qədər xırda şeyə görə yoruluram... Mənim adi hesab etdiyim səhər sənin görə bilmədiyin səhərdir. Mənim “sonra edərəm” dediyim iş sənin çata bilmədiyin sonradır. Mənim “vaxtım var” dediyim zaman sənin yarım qalan zamanındır. Mənim rahatca evə döndüyüm axşam bir ananın illərdir qapıda gözlədiyi axşamdır.
Elə o zaman insan öz həyatından bir az utanır. Yaşadığı günlərin qədrini az bildiyi üçün, böyük nemətləri kiçik qayğıların altında unutduğu üçün... Və ürəyindən yenə həmin söz keçir: Bağışla məni, şəhidim... Mən sənin yerinə də yaşayıram.
Sənin ananı düşünürəm. Bəlkə otağına girir, köynəyinə toxunur, şəklini əlinə alır. Bəlkə gündəlik şeylərdən danışır: “Bu gün hava soyuqdur, oğlum”, “balan böyüyüb”, “hamı səni xatırlayır”. Ana ürəyi təqvimlə yaşamır. Övladının getdiyi gün onun üçün köhnəlmir; hər səhər bir az yenidən başlayır, hər axşam bir az yenidən göynəyir.
Bir ana oğlunu dünyaya gətirəndə onun saçına ağ düşəcəyini görəcəyini düşünür. Sonra illər keçir, ananın özü qocalır, oğlunun üzü isə divardakı şəkildə gənc qalır. Ana hər il oğlundan bir yaş da böyük görünür. Oğul isə həmişə getdiyi yaşdadır.
Bu necə ağır ayrılıqdır, şəhidim...
Sənin atanı düşünürəm. Kişilər dərdlərini içində daşımağa öyrəşib. Sakit görünürlər, söhbət edir, insanların arasında dayanırlar. Amma bir ata oğlunun şəkli ilə tək qalanda necə baxır, bunu yalnız o otağın divarları bilir. Bəlkə əlini çərçivənin üstünə qoyub bircə söz söyləyir: “Oğlum...”
İki heca.
Bir ömür boyda ağrı.
Sənin övladını düşünürəm. Bəlkə məktəbdə uşaqlar atalarından danışanda sakitcə qulaq asır. Bəlkə kimsə ona “atana çox oxşayırsan” söyləyəndə evə gedib güzgünün qarşısında uzun-uzadı öz üzünə baxır. Qaşlarında səni axtarır, gözlərində səni, gülüşündə səni, yeriyəndə addımlarında səni.
Bir uşaq atasını öz simasında axtarır, şəhidim...
Bəlkə gecə şəklini sinəsinə sıxıb yatır. Yuxuda səni görür. Səhər sevincəklə anasına danışır: “Ana, atamı gördüm...” Ana gülümsəyir. Sonra uşaq otaqdan çıxanda üzünü başqa tərəfə çevirir. Sən balanın yuxusuna gəlirsən, balan isə sənin qucağına yuxuda çatır.
Bağışla məni, şəhidim...
Mən öz balamı qucaqlayıram, sənin övladının atasına uzanan əllərini düşünürəm. Mən anamın səsini eşidirəm, sənin səsini gözləyən ananı düşünürəm. Mən evimə rahat qayıdıram, sənin yolunu gözləyən atanı düşünürəm. Mən sevdiklərimlə süfrə arxasında otururam, bir evdə sənin yerinə qalan boşluğu düşünürəm.
Bir gün sənin canından pay verdiyin torpaqlara da getdim. Ayağımı torpağa asta basdım. Hər addımımda ürəyim titrəyirdi. Düşündüm ki, bəlkə bu daşın yanından sən keçib, bəlkə bu torpaqda ayaq izin qalıb, bəlkə üzümə toxunan külək bir vaxt sənin də üzünə toxunub.
Hər ayaq basdıqca gözüm doldu.
Bəlkə elə ayağımı qoyduğum yerdə sənin qanından bir damla torpağa qarışıb. Bəlkə bu dağ sənin son səsini eşidib. Bəlkə bu səma sənin son baxışını yaddaşında saxlayıb. Bəlkə bir daşın arxasında ananı düşünüb, bir neçə saniyəlik övladının üzünü gözünün önünə gətirib, sonra yenidən “irəli” deyib getmisən.
Əyilib bir ovuc torpaq götürdüm. Ovcumda torpaq vardı, ürəyimdə isə ölçüyə gəlməyən bir haqq. Həmin an Vətən sözünün niyə bəzən göz yaşının içindən səsləndiyini anladım.
O torpağı geri qoyanda əllərim titrədi.
İçimdən bircə söz keçdi: Halal et, şəhidim...
Sonra mən evimə qayıtdım. Qapımı açdım, övladlarımı gördüm, süfrə arxasında çörək kəsdim. Elə həmin anda bütün bu adi görünən şeylərin qiyməti dəyişdi. Mənim rahat evimdə sənin payın vardı, uşağın gülüşündə sənin payın vardı, azad torpaqda atdığım addımda sənin payın vardı.
Sən öz ömrünü yarıda qoyub bizi ömrümüzə qaytardın.
Bu cümlənin ağırlığı məni hər dəfə susdurur.
Mən çörək kəsirəm və düşünürəm: bəlkə sənin günlərlə həsrət qaldığın bir tikə çörəyin haqqı mənim süfrəmdə yaşayır. Su içirəm, sənin susuz qaldığın günləri xatırlayıram. Gecə rahat yatağıma uzanıram, sənin səngərdə keçən gecələrini düşünürəm. Səhər balamın üzünü görürəm, sənin görə bilmədiyin böyüyən övlad gözümün önünə gəlir.
İnsan bir tikə çörəyə də kövrələ bilərmiş, şəhidim. Bir stəkan suya da. Evin qapısının açılmasına da. Övladının “ana” deməsinə də. Çünki sən getdikdən sonra bizim adi saydığımız nə varsa, hamısının içində bir şəhid haqqı görünür.
Sənin də toyun ola bilərdi. Anan qol götürüb oynayardı, atan bir kənarda dayanıb sevincindən gözlərini silərdi, sevdiyin insan əlindən tutardı. Bir eviniz olardı. Bir körpənin ilk səsi o evə dolardı. Sən gecə oyanıb üstünü örtərdin. İlk addımını görərdin. Məktəbə aparardın. İllər keçər, saçlarına ağ düşərdi. Bir gün balaca bir nəvə boynuna sarılıb sənə “baba” deyərdi.
Nə çox “bəlkə” qalıb sənin ömründən sonra, şəhidim...
Bəlkə bir insanın yarım qalan ömrü elə onun yaşaya bilmədiyi “bəlkə”lərin cəmidir.
Biz isə arzularımızın dalınca qaçırıq. Gələcək üçün planlar qururuq. Uşaqlarımızın sabahını düşünürük. Bir ev, bir uğur, bir səfər, bir sevinc arzulayırıq. Mən də arzulayıram. Mən də yaşamaq, sevinmək, övladlarımın xoş günlərini görmək istəyirəm.
Sonra sən düşürsən yadıma.Sənin də bütün bunları istəməyə haqqın vardı.
Ona görə bəzən yaşamaq mənə ağır bir borc kimi gəlir. Mən sənin yerinə də yaşayıram. Sənin görə bilmədiyin baharları görürəm, sənin çata bilmədiyin yaşlara çatmağa davam edirəm, sənin yarım qalan arzularının kölgəsində öz arzularımı böyüdürəm.
Bir gün toyda “Vağzalı” çalınacaq. Bəlkə övladımın, nəvəmin xoş günündə oynayacağam. Ürəkdən sevinəcəyəm. Sonra bir anlıq sən keçəcəksən içimdən.Bəlkə sənin toyunda da “Vağzalı” çalınacaqdı. Bəlkə anan həmin gün ömrünün ən xoşbəxt qadını olacaqdı. İndi “Vağzalı” səsi gələndə kimsə sevinir, kimsə oğlunun yarım qalan toyunu xatırlayır.
Həyatın qəribə tərəfi budur, şəhidim: bir evdə çalınan musiqi başqa bir evin yarasını oyada bilir.Bəlkə buna görə hər sevincimizin içində sizə ayrılmış kiçik bir sükut olmalıdır.
Bir gün mən də qocalacağam. Saçlarım tam ağaracaq, əllərim əsəcək, addımlarım yavaşlayacaq. Ömrün axşamına çatanda geriyə dönüb yaşadıqlarıma baxacağam. O zaman özümə bircə sual verəcəyəm: “Sənin yerinə də yaşadığım bu ömrə layiq ola bildimmi, şəhidim?”
Kaş həmin gün cavab verməyə üzüm olsun. Kaş böyütdüyüm övladlarda vicdan, gördüyüm işlərdə ləyaqət, Vətənə münasibətimdə məsuliyyət qalsın. Kaş bir şəhid anasının gözünün içinə baxanda başımı uca tuta bilim. Kaş atasını şəkildən tanıyan bir uşağın baxışları qarşısında vicdanım məni incitməsin.
Sabah 27 sentyabrdır. Yenə bir ana şəklə toxunacaq. Bir ata oğlunun adını ürəyində səsləndirəcək. Bir övlad atasının üzünü çərçivədən oxuyacaq.Bir evdə boş qalan yer bütün dolu otaqdan daha çox görünəcək. Bir telefonda illər əvvəl yazılmış mesaj açılacaq. Kimsə bir səs yazısını dinləyib telefonu sinəsinə sıxacaq.
Azərbaycan bir dəqiqəlik sükuta qərq olacaq. Ancaq şəhid qarşısında bizim sükutumuz bir dəqiqəyə sığacaq qədər kiçik ola bilməz. O sükut bir xalqın yaddaşı qədər uzun, bir ananın ömrü qədər ağır, bir övladın həsrəti qədər dərin olmalıdır.
Çünki siz bizə bir ömür qoyub getdiniz.
Öz ömrünüzü...
İndi anlayıram, şəhidim: sən torpağa düşəndə yalnız bir insan ömrü yarım qalmadı. Bir ana oğlunun gələcəyini, bir ata qocalığında söykənəcəyi çiyni, bir övlad atasının əlini, bir sevdiyin insan quracağı evi itirdi. Amma həmin yarım qalan ömürdən bir Vətən bütövləşdi.
Mən buna görə hər sevincimin qarşısında bir an susacağam. Hər uğurumun içində sənin haqqını görəcəyəm. Övladımı qucaqlayanda atasına həsrət böyüyən uşaqları xatırlayacağam. Anamın səsini eşidəndə bir daha oğlunun səsini eşitməyəcək anaları düşünəcəyəm. Evimin qapısını açanda illərlə açılmasını gözləyən qapıları yad edəcəyəm.Və hər dəfə yaşamaq mənə çox adi görünəndə özümə sənin ömrünü xatırladacağam.
Çünki mənim bu günüm sənin çata bilmədiyin sabahdır.Mənim yaşım sənin yaşaya bilmədiyin illərdir.Mənim uşağımın gülüşü sənin qoruduğun Vətənin səsidir.Mənim rahat nəfəsim sənin bizə qoyduğun əmanətdir.
Bağışla məni, şəhidim... Mən sənin yerinə də yaşayıram. Sənin yarım qalan arzularının içindən keçib öz arzularımın dalınca gedirəm. Sənin görə bilmədiyin sabahlara oyanıram. Sənin qucaqlaya bilmədiyin həyatı qucaqlayıram.
Amma bundan sonra hər səhəri bir az da sənin üçün yaşayacağam. Hər yaxşı işimdə sənin haqqından bir zərrə qaytarmağa çalışacağam. Övladlarıma Vətənin yalnız xəritədə çəkilmiş sərhəd olmadığını, bəzən bir ananın ömür boyu saxladığı şəkil, bir atanın susduğu otaq, bir uşağın “ata” deyib cavab gözlədiyi boşluq olduğunu danışacağam.
Bir gün mən də bu dünyadan köçəcəyəm. Adım unudula bilər, yazdıqlarım saralmış qəzet səhifələrində qala bilər. Amma sən bu torpağın yaddaşında qalacaqsan. Çünki bəzi adlar daşda yazıldığı üçün yaşamır; bir xalqın azad nəfəsində yaşadığı üçün əbədiləşir.
Sən öz sabahından keçib bizə sabah verdin.İndi hər açılan səhər sənin adından bizə verilmiş bir əmanətdir.Ona görə bu Vətəndə bir uşaq güldükcə, bir ana oğlunu qucaqladıqca, bir evdə işıq yandıqca, bir məktəbdə zəng çalındıqca, bir toyda “Vağzalı” səsləndikcə, bir bayraq göyə qalxdıqca sənin ömrünün davamı da yaşayacaq.Sən yarım qalan ömrünü bizə verdin, şəhidim.Biz o ömrü yaşadığımız hər günün ləyaqəti ilə tamamlamalıyıq.
Və bir gün tarix bizdən soruşanda ki, “Sizə əmanət edilən bu Vətənlə nə etdiniz?”, kaş cavabımız sənin adının qarşısında başımızı aşağı salmasın.
Haqqını halal et, şəhidim...
Sən getdiyin gün bir evin çırağı söndü, amma bir Vətənin səhəri açıldı.İndi o səhərin işığında yaşayırıq.Sənin yarım qalan ömrünün işığında...

Son xəbərlər

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB

Deputat Novruzəli Aslanov gənc Avropa çempionu ilə görüşüb -Foto

Aygül Bağırova : Bağışla məni, şəhidim...

Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Ət bazarı üçün yeni risk var

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

İşdən çıxarılan icra başçısı nazir təyin edildi

Milli 1-0 məğlub olduğu üçün istefa verdi

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Hacıməmməd Məmmədov : Xoş iz buraxmaq istəyən insan - FOTO

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930