Xəbərlər
28.09.2026, 13:57
Qəlbimizdə həmişəlik yaşayacaqsan...
İndicə ağır bir xəbər aldım. Amansız əcəl gözəl insan, dəyərli ziyalı, unudulmaz dost-Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Seymur Cəfərovu da aramızdan apardı.
Seymur Arif oğlu Cəfərov Sabirabadda çoxlarının sevdiyi və hörmət bəslədiyi insanlardan idi. Sözübütöv, təmiz, namuslu, dostluqda möhkəm və sədaqətli, olduqca xeyirxah insan kimi tanınırdı. Məhz bu şəxsi keyfiyyətləri onun həyat yolunun başlıca istiqamətverici mənbələrindən idi...
Seymur Cəfərov saf əqidəli, vicdanlı, əxlaqlı, təmiz və vicdanlı bir həkim idi. O, həkim peşəsinə sadəcə bir iş kimi deyil, insanlığa xidmət edən müqəddəs bir missiya kimi yanaşırdı. Onun üçün xəstənin sağlığı və rifahı hər cür maddi maraqdan üstün idi. Hər bir xəstəyə fərq qoymadan, eyni diqqət və qayğı ilə yanaşırdı. Maddi deyil, mənəvi dəyərlər onun həyat idealı idi. Xəstələrə yalnız bir pasiyent kimi deyil, doğma bir insan kimi münasibət bəsləyirdi. Onların ağrısını ürəkdən hiss edirdi. Həmişə xəstənin təkcə fiziki ağrısını deyil, həm də psixoloji vəziyyətini anlayır, ona təsəlli və güc verirdi. Onun ən böyük mükafatı sağaltdıqları xəstənin gözlərindəki sevinc və səmimi bir "çox sağ ol" sözü idi. Peşə fəaliyyətində hər zaman təmiz adını qorumuşdur.
Seymur həkimə dəfələrlə yüksək vəzifə təklif edilmişdi, lakin o, razı olmamışdı. Belə insanların buraxdığı xeyirxah izlər və qazandıqları dualar heç vaxt unudulmur...
Sən qəlbimizdə həmişəlik yaşayacaqsan...

Elçin NƏSİB
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


