Xəbərlər
28.09.2026, 13:07
NƏ YAXŞI Kİ... - FOTO
O gün dəyərli dostum, qardaşım, fədakar mətbuat işçisi Cəmil müəllimin bir telefon zəngi məni xeyli kövrəltdi.
Dayandım...
Bir neçə saniyənin içində neçə illər gözlərimin önündən keçdi. Bir vaxtlar yaşadığımız günlər, görüşlər, söhbətlər, gülüşlər, doğma məclislər bir-birini əvəz edərək yaddaşımın qapısını döydü.
1989–1990-cı illər idi...
Abşeron rayonunun Xırdalan qəsəbəsində, 28-ci məhəllədə yaşayırdım. Yaşadığım qəsəbədə “Günay” kabel studiyası yaratmışdım. Artıq on bir çoxmərtəbəli yaşayış binasına kabel xətləri çəkdirmiş, min nəfərdən artıq abonent toplamışdım.
Həmin illərdə mən həm də Abşeron rayon Dairə Seçki Komissiyasının sədri idim.
Seçkilər ərəfəsində təbliğat-təşviqat kampaniyaları zamanı, eləcə də adi günlərdə gələcəkdə abonenttim olacaq bir qəsəbə sakini kimi onunla tez-tez rastlaşır, görüşür, söhbətləşirdim. Hətta bəzən zarafatla deyirdim, sizin binaya kabel çəkən kimi, ilk abonentim sən olacaqsan...
Söhbət Qəzənfər Qara oğlu Hüseynovdan — özünün şəstlə “QQ” adlandırdığı Qəzənfər müəllimdən gedir.
Olduqca savadlı, ziyalı, dünyagörüşlü, eyni zamanda çox zarafatcıl, baməzə və bədahətən söz tapmağı bacaran bir insan idi. Özünü təqdim edəndə və ya məntiqli, düşündürücü, aforizm təsiri bağışlayan bir fikir söyləyəndə gülümsəyərək:
— QQ... Qəzənfər Qara oğlu Hüseynov, — deyərdi.
Bu üç hərfin arxasında isə bütöv bir şəxsiyyət dayanırdı.
O vaxtlar Abbas Abbasov Abşeron rayon Partiya Komitəsinin birinci katibi idi. Məni rayon Dairə Seçki Komissiyasının sədri kimi yanına çağırtırmışdı. Qəbul zamanı təhsilimlə maraqlandı, orta təhsilli olduğumu dedim. Bundan sonra Abbas müəllim bir neçə ali məktəbin adını çəkdi və ali təhsil almağımı tövsiyə etdi.
Sonda Xırdalan qəsəbəsində yerləşən Plan-Uçot Texnikumunun direktoru Bilman Vəliyevə zəng edib dedi:
— Yanınıza bir dostumuzu göndərirəm. Özü də Əfqanıstan müharibəsi veteranıdır. Elə et ki, yuxarı kurslara qəbul ola bilsin.
Doğrusu, yuxarı kurs məsələsi alınmadı. Mən də bütün məzunlar kimi imtahan verib texnikuma qəbul oldum.
Və elə ilk gündən QQ — Qəzənfər müəllimlə birbaşa təmasda oldum.
Orada onun tələbələrə necə böyük sevgi və qayğı ilə yanaşdığının şahidi oldum.
Texnikumda oxuduğum illəri bu gün də ömrümün ən gözəl illərindən biri hesab edirəm. Çünki orada yalnız peşə öyrənmədik. Həyatın özündən dərs aldıq. Gözəl insanlarla, dəyərli ziyalılarla, sözün əsl mənasında müəllim adını daşıyan müəllimlərlə tanış olduq.
Qəzənfər müəllimin öz fənnini yüksək səviyyədə tədris etməsi isə ayrıca bir məktəb idi.
Müəllim–tələbə münasibətimiz zaman keçdikcə daha da istiləşdi. Sonrakı illərdə bu münasibət, demək olar ki, 2020-ci illərə qədər davam etdi.
Bəzən elə olurdu ki, sanki hər gün görüşür, saatlarla ictimai-siyasi və sosial vəziyyətdən, insanlardan, həyatdan, insanlıqdan danışırdıq.
Elə bu görüşlərimizin birində öyrəndim ki, Cəmil müəllim də məndən bir neçə il əvvəl Qəzənfər müəllimin tələbələrindən biri olub.
Beləcə, bir müəllimin ətrafında illərin araya gətirdiyi tələbələrdən, dostlardan böyük bir məclis yarandı.
Daşdəmir müəllim, Rahib müəllim, Arif kişi, Vidadi bəy və başqa dostlarla birlikdə saatlarla, bəzən günlərlə davam edən söhbətlər edərdik.
Heç kimin belə məclisdən tez durub getmək fikri olmazdı.
Çünki Qəzənfər müəllim olan məclis adi məclis deyildi.
Hamı ilə dil tapa bilən, hər kəsin sözünə cavab verən, vəziyyətə uyğun bədahətən misralar qoşan, bir anda hamını güldürə bilən Qəzənfər müəllim məclisin özünə də bir başqa ruh gətirərdi.
Onun bir cümləsi söhbəti dəyişər, bir misrası gülüş doğurar, bir fikri isə adamı düşündürərdi.
Belə məclisi necə yarımçıq qoyub gedə bilərdin?..
Pandemiyadan sonra onunla cəmi bir neçə dəfə görüşə bildik. Ailəsi Qəzənfər müəllimi çox qoruyurdu. Sonralar isə yaş öz sözünü deməyə başladı.
Son görüşlərimizdə səhhətində ağrıların olduğunu hiss edirdik.
Görüşlərimizin sayı bir-ikiyə düşmüşdü. Bəzən bir ay belə görüşə bilmirdik.
Amma hər birimiz ayrı-ayrılıqda zəng edib halını, kefini soruşur, ürəyinin nə istədiyini öyrənməyə çalışırdıq.
O isə:
— Heç nə lazım deyil, — deyib, sadəcə zəng etməyimizə sevindiyini bildirirdi.
Sonralar hiss etdik ki, telefon zənglərinə də əvvəlki kimi cavab verməkdə çətinlik çəkir. Onu yormamaq üçün biz də daha gec-gec zəng etməyə başladıq.
Bir neçə ay bundan əvvəl Cəmil müəllim dedi:
— Qəzənfər müəllimə zəng edirəm, cavab vermir. Bəlkə sən zəng edəsən?
Zəng etdim.
Telefonu nəvəsi götürdü. Zəng edənin biz olduğumuzu biləndən sonra telefonu babasına apardı.
Qəzənfər müəllimin səsindəki kövrəkliyi o andaca hiss etdik.
Hətta bizdən gizlətməyə çalışdığı hıçqırtısını da eşitdik...
Dedi:
— Havalar bir az sərinləşsin, gələcəyəm, 20 Yanvarda sizinlə görüşəcəyəm...
Dostlarını soruşdu.
Öz ağrısından isə heç nə danışmadı.
Bəlkə də insanın böyüklüyü elə bundadır — özü ağrı içində ola-ola dostlarını düşünmək...
Bu gün Cəmil müəllim Qəzənfər müəllimin dünyasını dəyişdiyini deyəndə içimdən qəribə bir hiss keçdi.
Sanki illərdir yaddaşımda yaşayan bir səs birdən susdu.
Amma həmin sükutun içində başqa bir səs də vardı.
Bir təsəlli...
Çünki sonuncu zəngimizə qədər “Uman yerdən küsərlər” deyildiyi kimi, o məndən, mən də ondan küsmüşdüm.
Sonuncu zəngimizdə isə barışdıq.
Bunu onun kövrək səsindən hiss etmişdik.
Bəli...
O kövrəkliyi mən o gün də yaşadım, bu gün də yaşayıram.
Amma bu gün həmin kövrəkliyin içində bir rahatlıq da var.
Nə yaxşı ki...
Nə yaxşı ki, illər boyu ən səmimi münasibətdə olduğum, həm müəllimim, həm də gözəl insan kimi yaddaşıma həkk olunan Qəzənfər müəllimlə sonuncu dəfə də olsa barışdıq.
Nə yaxşı ki, son sözümüz küskünlük olmadı.
Nə yaxşı ki, son səsimiz bir-birimizə çatdı.
Nə yaxşı ki...
Bəzən insanın ömründə bir telefon zəngi illərin yükünü götürüb aparır.
Bəzən bir “alo” insanın içində illərlə bağlı qalan bir qapını açır.
Bəzən də bir insan dünyadan köçür, amma onun səsi, gülüşü, sözü, zarafatı, öyrətdikləri və xatirəsi uzun illər bizimlə yaşamağa davam edir.
Qəzənfər müəllim də belə insanlardan idi.
O, yalnız bizim müəllimimiz deyildi.
O, həyatımızın müəyyən bir dövrünün özü idi.
Bir məktəb idi.
Bir dost məclisinin nəfəsi idi.
Bir neçə nəslin yaddaşında izi qalan ziyalı idi.
Bu gün o, aramızda yoxdur.
Amma inanıram ki, Qəzənfər müəllim haqqında danışdıqca, onu xatırladıqca, onunla bağlı xatirələrimizi yaşatdıqca o, bizim aramızda yaşamaqda davam edəcək.
Allahın rəhməti üzərində olsun, gözəl insan, dəyərli ziyalımız, hörmətli müəllimimiz Qəzənfər müəllim!
Məkanın cənnət, ruhun şad olsun!
Səni sevən və unutmayan dostların səni həmişə xoş xatirələrlə anacaq.
Arif ağsaqqalın, Daşdəmir Əjdəroğlu-Tağıyevin, Cəmil Zəbhulla Dadaşovun, Vidadi qardaşımızın və öz adımdan —
Elxas Comərd
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






