
Xəbərlər
29.08.2023, 00:53
90 İLİN SƏMİMİYYƏTİ VƏ SƏDAQƏTİ - FOTOLAR
90 İLİN SƏMİMİYYƏTİ VƏ SƏDAQƏTİ
AXTƏR CABBAR OĞLU QULİYEV HƏQİQƏTƏN XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ OLUB
Uca dağların əzəmətini onun ətəklərindən hiss etmək mümkün deyildir. Dağdan uzaqlaşdıqca qüdrəti, möhtəşəmliyi daha aydın göründüyü kimi, yaşca daha böyük insanları da zaman bizdən uzaqlaşdırdıqca onların nəhəng silueti gözümüz önündə daha tam cizgilərlə canlanır.
Azərbaycan torpağı, Azərbaycan təbiəti və Azərbaycan xalqı uzunömürlü, zəhmətkeş insanları ilə daim öyünüb, bu məkanın adı müəyyən üstünlüklərə görə fərqlənib. Axtər əmi kimi tanıyıb, bu formada da müraciət etdiyim Axtər Quliyev də sadə, zəhmətkeş, imanlı, ibadətli bir ağsaqqaldır. Ağsaqqal ona görə deyirəm ki, bu yaxınlarda onun 90 yaşı haqlamasını bilmişəm. “Azərbaycan” nəşriyyatının dəhlizində özünün qəzetini çıxartmağa gəlmiş Əlişah Nağıyev söylədi ki, dövr, zaman çox ağır gəlib. Qəzeti güc-bəla çıxardığını narahatlıqla bildirdi. Bir çox problem onun da qəzetindən yan keçməyib. Sözarası vurğuladı ki, Axtər əminin 90 yaşı tamam olur, onun haqqında təbrikini yazıb. Elə bil bu sözlə məni ayıltdı. Atamın ən yaxın dostlarından biri olmuş Axtər əminin doğrudanmı 90 yaşı olur? Bu sualı ona verəndə təəccübləndiyimin səbəbi ilə maraqlandı. Əlişah Nağıyevə dedim ki, zəhmət onu belə saxlayıb, torpaq onun ömrünü uzatsa da, həmin rəqəmdən cavan görünür. Duzlu, məzəli danışığı olan Əlişah qardaşım da Axtər əmiyə nəsillərinin ağsaqqalı, böyüyü kimi baxır, onun bir sözünü iki eləmir. İstədim orada onun yanında yığıb Axtər əmini təbrik edim, amma bir anlığa dayandım. Fikirləşdim ki, Axtər əmiyə ən böyük hədiyyəm və əsas da sürprizim yazacağım bu yazı olsun.
Son günlərin bərk istiləri məni fikirləşməyə, kompüterdə bir sətir belə yazmağa imkan vermirdi. Daha doğrusu, həmin istilər bütün həvəsimi, marağımı əlimdən almışdı. Budur, havalar bir az sərinləyib...
Həyat Axtər Quliyevi çox bərkə-boşa salıb, çox sınaqdan çıxarıb. Ömrü boyu çalışmağına, zəhmətkeşliyinə, buna rəğmən el-obadakı hörmətinə, doğulub boya başa çatdığı Basqalda bu yaşda da çevikliyinə, zirəkliyinə ətrafındakı insanların qibtə etdikləri, həsəd apardıqları ağsaqqal hamımıza örnək ola biləcək bir məktəbdir, mübarizələrlə dolu mənalı bir həyat yaşayıb.
Bütün kənd uşaqları kimi A.Quliyevin də təbiətlə təması çox erkən başlayıb. Özünün söhbətlərində qeyd etdiyi kimi o, 6-7 yaşında ikən babası ilə əkin-biçin sahələrini gəzib, otlaqlarda, bostan yerlərində, kənd ətrafı meşəliklərdə olub, “İsitmə”ni, “Əmrəki”ni, “Qartopulu”nu, ətraf kəndləri bir uşaq marağı ilə müşahidə edib, qədim Şirvanın bir parçası olan Basqal təbiətinin əsrarəngiz gözəlliyinə heyran olub. Yer şumlayan, taxıl, kartof əkən, zəmi biçən, amma əsasən də dəmirçiliklə məşğul olan babasına, sonra da atası Cabbar babaya öz uşaq qüvvəsinin imkan verdiyi qədər kömək edən - boyunduruqda oturub, öküzləri haylayan, yerə tökülmüş sünbülləri yığan, toxumluq kartofu şırımlara düzən balaca Axtər Quliyev bu böyüklərin təbiət haqqında, ağaclar, otlar, qarışqalar, quşlar, heyvanlar barəsində söhbətlərini sonsuz bir maraqla dinləyib. O, uşaqlıqdan dərin müşahidə qabiliyyəti ilə seçilib, təpənin, yamacın, yarğanın, dərənin, bulağın, otun, çiçəyin, kolun, ağacın və sairin təbiətdə yeri, əhəmiyyəti, xüsusiyyətləri barədə düşünüb, onu maraqlandıran sonsuz suallara babasından, ata-anasından cavab almağa çalışıb.
Ən başlıcası isə, səmimi insandır, sədaqətli dostdur. Atamla uzun müddət dost olub, bir-birilə sirlərini bölüşüb, bir-birinə tez-tez gedib gəliblər. Təmənnasız dostdur, bir üzü olan kişidir, dəqiqdir, düzgünlüyü sevən və qiymətləndirəndir, dost üçün lazım olsa varından, canından belə keçməyə hazır olandır. Gücü çatmayan işə söz verməz, söz verdisə, mütləq yerinə yetirər. Atam həmişə onun haqqında belə deyirdi: “Bir insan kimi ürəyi böyükdür, sinəsi genişdir, içində xılt yoxdu, başdan-başa nurdu, işıqdı”.
Mən dəfələrlə Şirvan, onun ağır ellərindən olan Basqal və bu yerlərin yetirdiyi tanınmış şəxsiyyətlər haqqında müxtəlif janrlarda yazmışam. Daha çox da yaranışdan qismətinə “kişilikdən pay” düşən Basqal, bu elin dəyərli oğul və qızlarından söz açmışam. Və mən bir daha o fikirdəyəm ki, hər biri böyük zəhmətin məhsulu olan bu yazılar yaradıcılığımın əsas qayəsini təşkil edir və ömrüm çatsa, bu yazılar kitablaşacaq. Bu haqda söz düşəndə həmişə belə deyirəm: “Dünyanın yaxşı-yamanını bildiyim andan mənim üçün ata, ana kəlmələri ilə yanaşı bir də Basqal kəlməsi əziz olub. Odundan od aldığım, böyük ziyalılarının, alimlərinin, yazıçı və şairlərinin istisinə isindiyim Basqal - böyük Vətənin kiçik, amma mənim üçün dünyalarca əziz olan bir parçası, ulu Şirvanımızın qeyrət qalası”. Və böyüyüb yaşa dolduqca Basqal bir az da böyüyüb, inkişaf edib gözlərimdə. Axtər Quliyev də bu yurdun Niyaldağından, Fit dağından dözümlülük, mətanət, Əmrəkisinin zirvəsindəki qardan saflıq, təmizlik alıb, yapıncılı, başı çalmalı dağlarında “Cəngi” çalan bulaqların büllur suyundan içib durulub.
Belə insanların əsl dəyəri və qiyməti onların fiziki ömürlərindən çox-çox sonra, özü də sıravi insanlar tərəfindən deyil, cənabi-haqq və əlahəzrət zaman tərəfindən verilir. Ölməz o adamdır ki, ondan sonra öz vətəninə və xalqına böyük yadigarlar qalır. Ölməz o adamdır ki, öz ömrünü, ağlını, zəhmətini sakini olduğu yurdunun abadlığına, insanlarının xoşbəxtliyinə, öz Vətəninin tərəqqisinə həsr edir. Ölməz o adamdır ki, öz xalqına xidmət etmək yolunda bütün çətinlikləri dəf edə bilir, əngəlləri qıra bilir, namərdlərlə döyüşdə belə mərdcəsinə mübarizə aparır və qalib gələ bilir.
90 yaşlı Axtər Quliyev şəxsiyyətinin həmişəyaşarlılığını şərtləndirən amillərdən biri də budur.
Axtər əmi ilə görüşəndə həmişə belə deyir:
- İnsanlar da ağac kimidir, hansı insanlar ki, yurdun ocağını isti saxlayır, torpağı və xalqı qoruyur, zənginləşdirir, onlar yaddaşlarda yaşayır, müqəddəsləşirlər.
Onun bu kimi müdrik kəlamları peyğəmbər duası kimi qulaqlarımda səslənir. - O vaxtdan harada işləmişəmsə, qapım həmişə insanların üzünə açıq olub, insanları ayaq üstündə qarşılamışam, Allahın salamını ayaq üstündə almışam. Bir xeyli kolxoz işlərində çalışmışam, hər bir işin çətinliyini dərk etmişəm, ailəmi, uşaqlarımı ağ günə çıxartmışam. Bu gün nəvə-nəticələrimlə fəxr edirəm, - deyir Axtər əmi.
Bu böyük insanın, el ağsaqqalının Basqalda hər evə gəlişi əsl toy-bayrama çevrilir. Basqalın ayağında da, başında da camaat ən əziz adamını qarşılayırmış kimi sevinir, Basqalın Bazar meydanında da, qəsəbənin düz ortasından keçən çayın üstündəki Körpüyə yaxın məsafədə yerləşən, qəsəbənin girəcəyində camaatın əsas toplaşdığı məkanda da onu hər gün gülərüzlə qarşılayır, salamlayır, hal-əhval tuturlar. Axtər əmi də onların problemlərini, çətinliklərini soruşur, yaşayışları, sağlamlıqları, ehtiyacları ilə maraqlanır.
O, xeyirxahlığı həmin insanın qohum-əqrəba, dost-tanış, yerli olduğuna görə etməyib, Sulutdan, Mücüdən, Xankəndidən, Tağlabiyandan, Kəlfərəcdən olduğuna görə etməyib. O, ismayıllılıya qarşı necə olubsa, göyçaylıya qarşı da elə olub, qarabağlıya qarşı necə münasibət göstəribsə, naxçıvanlıya qarşı da elə olub, zaqatalalıya necə yanaşıbsa, bakılıya qarşı da eləcə olub. Onun üçün Azərbaycan övladının bölgə coğrafiyası olmayıb, təki bu xalqın oğlu düz adam olsun, halal adam olsun, namuslu, qabiliyyətli, ağıllı adam olsun, - yaramaz, haramzada, oğru, əyri, rüşvətxor olmasın. Axtər əmi dara düşən hər bir insana əl uzadıb. Xeyirxahlıq bu böyük insanın taleyi, tarixi missiyası olub. Axtər Cabbar oğlu Quliyev həqiqətən də, xeyirxahlıq mücəssəməsi olub! Basqallılar bu gün özünün ixtiyar yaşını yaşayan Axtər əmini belə tanıyıblar, öz doğmaları kimi seviblər. Və sonda əzizimiz, sevimlimiz, Basqalımızın dəyərli ağsaqqalı Axtər əmini bağrıma basır, ona cansağlığı, cansağlığı və yenə cansağlığı arzulayıram.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














