Xəbərlər
14.10.2026, 01:26
QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...
(Ustad Zülfi Vellidağın ikinci şeir kitabının təqdimatı)
Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndələrindən, eyni halda Azərbaycan ədəbi mühitində yarım əsrdən çox faydalı və nümunəvi əməyi olan ədiblərdən biri də Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGYTB Məsləhət Şurasının üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, TYB-nin xüsusi ödülü, "Turan Ödülü" və "Əsrin yazarı" medalı laureatı, Turan Xalq şairi, veteran pedaqoq, ədəbi təhlilçi və tənqidçi, ədəbiyyatşünas, şair Ustad Zülfi Vellidağdır.
Zülfi müəllimin indiyədək bədii ədəbiyyat sahəsində iki qiymətli əsəri işıq üzü görmüşdür. Onlardan biri 2015-ci ildə nəşr olunmuş "Sükutun dili" adlı şeirlər toplusudur. Onun işıq üzü görmüş sayca ikinci kitabı isə "Qəlbimdən gələn səslər" adlı daha böyük həcmli şeirlər toplusudur. Burada həmin kitab barədə ümumi təqdimatla tanış oluruq:
Kitabın əsas məlumatları:
Kitabın adı: "Qəlbimdən gələn səslər" (Şeirlər)
Müəllif: Zülfi Vellidağ
Redaktor: Dr. Nərgiz Cabbarlı
Naşir: Elm və təhsil nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60x84 1/16
Tiraj: 300 ədəd
Səhifə sayı: 420 səhifə.
Kitab barədə:
Ziyalı pedaqoq və dəyərli şəxsiyyət Ustad Zülfi müəllimin 420 səhifəlik və 300 tirajla işıq üzü görən "Qəlbimdən gələn səslər" adlı şeirlər toplsu 2026-cı ildə Bakı şəhərində nəfis şəkildə nəşr edilmişdir.
Bu kitab Beynəlxalq "ALAŞ" Ədəbiyyat mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, DGTYB-nin qurucu-başqanı *(1998-2013), nasir, publisist, şair Əkbər Qoşalının "Səmimiyyət estetikası" (sözün nəfəsi, yaddaşın işığı) başlıqlı ön sözü ilə başlamışdır.
Ardınca Ustad Zülfi Vellidağın müxtəlif illərdə və müxtəlif mövzuarda, eyni zamanda müxtəlif janr və formalarda qələmə aldığı bir-birindən gözəl və dərinmənalı, bəzən də fəlsəfi şeirləri aşağıda göstərilən başlıqlar altında təqdim edilmişdir:
- Bayatılar;
- Qəzəllər;
- Mənzum hekayələr;
- Təmsillər;
- Poema;
- Şeirlər...
Zülfi Dədənin poeziya dünyası sadəliklə yanaşı, həm də dərin düşüncə və fəlsəfi baxışlarla zəngindir. Şeirlərində sünilik, ötəri və faydasız beyt və msiraya rast gəlmək mümkün deyil. O, öz milli kimliyi, milli-mənəvi dəyərlər, el-oba, yurd, vətən, insanı dəyərlər, etika, mədəniyyət və dövlətçiliyə olan sadiq sevgisi və bağlılıgını xüsusi məharətlə qələmə almağı və beləliklə də bunu dəyərləri oxuculara ustalıqla ötürməyi bacaran peşəkar ustaddır.
Kitabın şeirlər bölməsində (səh: 142-də) Ustad şairimizin "Həməşəra" mətbu orqanının 10 yaşına ithaf" adlı şeiri də yer almışdır. Ustad Zülfi Vellidağ 29.11.2025 tarixində qələmə aldığı həmin ithaf və ya yubiley şeirində belə yazır:
"Həməşəra" mətbu orqanının 10 yaşına ithaf!
Gecələrin bağrın yaran,
Səhərlərin vurğunusan.
Dəyərliyə dəyər verən,
Dəyərlərin vurğunusan.
Çətinlik əbədi deyil,
Oddan-alovdan keçəcək.
"Həməşəra" insanlığa,
Gözəllikdən don biçəcək.
Uç, qanadlan zirvələrə,
Ucalardan gəlsin səsin.
Haqq yolunun carçısı ol,
Gur nəfəsin təngiməsin.
İlhamlansın yeni nəsil,
İstəyindən, amalından.
Ucal göylər aləminə,
Mələklər öpsün alnından.
Qərinələr ötüb keçsə,
"Həməşəra" yaşıyacaq.
Cəlilabadın qədim adın,
O, şərəflə daşıyacaq.
Bu şeriin özü Ustad şairimizin gənc nəsilə göstərdiyi diqqətin, elinə və vətəninə bağlılığın, eyni halda saf və səmimi ürəyinin bariz nümunəsidir.
Bir insanın kimliyi və mahiyyətini aydınlaşdırmaq üçün onun yazılarını nəzərdən keçirmək də kafidir. Ustad Zülfi Vellidağın şeirlərini diqqətlə oxuduqda, bu şeirlərin kiminsə xətrinə və nəyəsə görə deyil, elə sözün həqiqi mənasında qəlbindən gələn ülvi hislər, sarsılmaz əqidə və insani dəyərlər əsasında qələmə alındığını aydın şəkildə təsbit etmək mümkündür. Bu baxımdan, kitaba verilmiş "Qəlbimdən gələn səslər" adı tam mənada onun içindəkiləri və mahiyyəti ilə üst-üstə düşür.
Ümumiyyətlə, məlum kitabı Ustad Zülfi Vellidağın həm peşəkar şairlik və ədiblik sübutu, həm də indiyədək işıq üzü görmüş sayca ikinci böyük hikmət xəzinəsi saymaq olar...
Arzu və diləklər:
Bu kitabın nəşri və ərsəyə gəlməsində ustad şairimizin əziz və ləyaqətli oğlu, öz milli kimliyi, vətəni və dövlətçiliyinə bağlı olan insan, Azərbaycan Respublikasının qardaş Türkiyədəki Səfirliyinin müşaviri, Beynəlxalq Türk Akademiyasının keçmiş vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, diplomat, Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının üzvü Füzuli Məcidlinin də zəhmətləri unudulmamalıdır. Bu baxımdan, dəyərlimiz Füzuli müəllimə səmimi təşəkkürümü bildirir, həyatda həmişə sağlam, uğurlu və məsud olmasını arzulayıram!
Sonda Ulu Tanrıdan Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, hər zaman öz milli kimliyi, milli-mənəvi dəyərləri və dövlətçiliyə sadiq olan dəyərli ustadımız Zülfi Vellidağ müəllimə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!
İlqar İsmayılzadə
(Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru,
AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
13.10.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




